28 Aralık 2020 Pazartesi

"Coker" (ssenarinin tərcüməsi, son)

 

113.     Rejissor otağı. 4B studiyası

Rejissor monitora baxır.

REJİSSOR – O indicə Volt-Stritdən olan üç gənci öldürdüyünü etiraf etdi?

TEXNİKİ DİREKTOR (qorxu içində) – Bəli. O edib bunu.

KÖMƏKÇİ (rejissora tərəf) – O edib.

REJİSSOR – Aman Tanrım (mikrofona) Üçüncü kamera, yaxınlaşdırın.

Kamera Cokerin üzünə yaxınlaşır.

114.     Tok-şou meydançası, səhnə

Cin Urfand kürsüdən qalxır ki, söhbəti yekunlaşdırsın. Mürrey başını tərpədir. Bu etiraf televiziyada sensasiya ola bilər.

M.FRANKLİN (Cokerə tərəf) – Sən ciddi deyirsən? O gəncləri sən öldürmüsən? Sənə niyə inanmalıyıq ki?

COKER (çiyinlərini sıxaraq) – Artıq vecimə deyil, Mürrey. Daha heç nə məni incidə bilməz. Mənim taleyim belədir, həyatım başdan ayağa komediyadır.

115.     Sofinin mənzili, qonaq otağı

Sofi divanda əyləşərək, şouya baxır. Cici onun yanında yatıbdır. Açıq zərf və pullar kişik masanın üzərindədir. Güllər görünmür...

M.FRANKLİN (televizorda) – Gəl aydınlaşdıraq. Sən düşünürsən ki, o üç gəncin qətli gülməlidir?

COKER (televizorda) – Hə. Komediya həmişə subyektivdir, məgər belə deyilmir həmişə? Nə baş verdisə, yaxşı olub. Siz hamınız bir sistemsiniz, hər şeyi bilirsiz, siz qərar verirsiz - nə doğrudur, nə yanlış. Nə gerçəkdir, nə uydurma. Həmçinin siz qərar verirsiniz - nə gülməlidir, nə yox.

Sofi divanın kənarında əyləşib, üzündə razılıq ifadəsi var.

116.     Tok-şou meydançası, səhnə, 4B studiyası

Çəkiliş meydançasına qayıdırıq – Mürrey Cokerlə diqqətlə, ləng söhbət edir, yəqin düşünür ki, bu verilişə görə mükafat alacaq.

M.FRANKLİN – Yaxşı, anladım. Sən bunu ona görə etdin ki, hərəkat, rəmz yaradasan.

COKER – Yox e, Mürrey, mən hərəkat yarada bilən klouna oxşayıram? Mən o gəncləri öldürdüm, çünki onlar dəhşətli idilər. Bizim zəmanədə hər şey dəhşətdir. Bu kifayətdir ki, adam dəli olsun.

M.FRANKLİN – Həəəə belə de... Sən dəli olmusan. O gəncləri öldürdüyünə görə bəraət qazanırsan? Çünki onlar sənə qarşı qəddar olublar?

COKER – Yox. Onlar mahnı oxuyanda xoruz buraxdılar, buna görə yaşamağa haqları yoxdu.

Zaldan narazı səslər eşidilir.

COKER – Niyə o adamlar üçün bu qədər məyussunuz? Bəlkə ona görə ki, Tomas Veyn o gənclərin ölümünə təəssüflənmişdi?

M.FRANKLİN – Sənin Tomas Veynlə də problemin var?

COKER – Hə. Özü də necə... Onun üçün hər şey asandır.

M.FRANKLİN – Nə olub ki?

COKER -  Mürrey, siz küçələrdə nə baş verdiyini görmüsünüzmü? Siz öz studiyanızdan eşiyə çıxırsınızmı? Küçədə hamı bir-birinə bağırır. Bir zərrə mədəniyyət yoxdur. Heç kim başqasını düşünmür. Tomas Veyn kimiləri mənim kimi gəncləri düşünürmü? Hə? Kim olursansa ol, amma özün olma. (Başını tərpədir, səsini ucaldır) Heç kim düşünmür. Onlar elə bilirlər ki, biz oturub onlara dözəcəyik, sözəbaxan uşaqlar kimi... Bu isə sizin üçündür.

Coker canavar kimi  ulayır və çox qəribə, əcayib görünür.

117.     Növbətçi bölmə - 7-ci bölmə

Zabitlər və detektivlər hərəkətə başlayırlar – onlar balaca ağ-qara televizordan kənardadırlar.

POLİS LEYTENANTİ (kadr arxasında) – Bu əclaf  birbaşa yayımda indicə etiraf etdi ki, Vol-Stritdən o üç gənci öldürüb!

Kamera balaca televizoru göstərir, Coker Mürreyə baxır.

M.FRANKLİN (televizorda) – Artur, siz özünüzə elə acıyırsınız ki... Sanki o üç gənci öldürdüyünə görə bəraət qazandırırsan özünə. Bütün insanlar alçaq deyil.

                118. Tok-şou meydançası, səhnə, 4B studiyası – davamı

Çəkiliş meydançası. Coker düz Mürreyə baxır.

COKER – Siz dəhşətsiniz, Mürrey.

Heç kim daha gülmür. Publika diqqətlə söhbəti izləyir.

M.FRANKLİN – Mən? Mən niyə dəhşətəm ki?

COKER – Mənim videomu qoydunuz, məni şouya dəvət etdiniz, siz sadəcə məni ələ salmaq istəmisiniz. Frankenşteynə gülmək asandır, deyilmi? Siz də başqaları kimisiniz, Mürrey. Sizin üçün də hər şey asandır.

M.FRANKLİN (özünü müdafiə edərək) – Sən mənim barəmdə heç nə bilmirsən. Gör nə etmisən, Artur... Gör nələr baş verib sənə görə... Şəhərdə iğtişaşlar var. İki polis indi ölümcül haldadır, bü gün kimisə öldürüblər.

Coker təsdiqlə başını tərpədir.

COKER - Daha bir zarafat istəyirsinizmi, Mürrey? Siz təhna bir ruhi xəstəni onu inkar edən sistemlə qarşı-qarşıya qoyanda, onunla zibil kimi rəftar edəndə, nəyi əldə edirsiniz?

Mürrey Cokeri dinləmədən vəziyyətin nə qədər ciddi olduğunu dərk edir. O, kameraya tərəf dönür.

COKER (tapançanı çıxararaq) – Mən deyərəm, nəyi əldə edirsən. Nəyə layiqsən, onu da alırsan!

Mürrey Cokerə tərəf dönəndə, Coker onu başından güllə ilə vurur.

Dekorasiyanın arxa tərəfi qana batır. Cokerin üzündə qan damlaları var. Publika dəhşətdən bağırır. Doktor Salli yerə yıxılır.

               119. Sofinin mənzili, qonaq otağı

Sofi qışqırıb ayağa qalxır. Cici oyanıb, televizorda gördüyündən,  ağlayır.

Ekranda Coker ayaq üstədir, gözlərini düz kameraya zilləyib. Onun ağ üzü qanlıdır. Publika qışqırır, ətrafda hər şey səs-küydən dağılır.

COKER (televizorda, düz kameraya baxaraq, Mürreyin həmişəki ifadəsini qışqırır) – Gecəniz xeyrə qalsın!Və unutmayın –  həyat budur!

Coker əl edib auditoriya ilə vidalaşanda, şou kəsilir, yazı görünür – “Xahiş edirik, bizimlə qalın!”

Fonda musiqi səslənir.

                            120. Tok-şou meydançası, səhnə

Studiyaya qayıdırıq.

İki mühafizəçi və bir neçə fəhlə Cokeri itələyir, hələ də tamaşaçıların dəhşətli qışqırığı eşidilir.

Coker azsürətli çəkilişdə olduğu kimi, yavaş-yavaş parlayan döşəməyə üzü üstə yıxılır. Fortepiano səsi eşidilir.

                            121. Hotemin patrul maşını, Hotemin küçələri – gecə.

Coker pəncərədən şəhərin küçələrində baş verən qəddarlığa və dəliliyə baxır. Biz onu yalnız şüşə əksində görürük...

Ətrafda yanğınlar.. küçələrdə adamlar... Coker əli qandallı halda, patrul maşınının arxa oturacağındadır, maşın asta sürətlə kütlənin arasından keçir, siqnal səsləri... qırmızı işıqlar...

Cokerin üzü qanlıdır.  Kamera Cokerin üzünü göstərir. Polis rasiyası ilə Kloun maskaları taxmış iğtişaşçılardan xəbər verilir, onlar vitrinləri dağıdır, dükanları qarət edirlər.

Pəncərədəki əkslər, maşın sürətləndikcə, sürətlənir.

1-Cİ POLİS (kadr arxasında) – Buna bax, gör nə etdin, əclaf, bütün şəhər sənə görə dağılır.

COKER var gücüylə başını polad barmaqlığa vurur – BAMM!

2-Cİ POLİS (kadr arxasında) – Hə, elə də davam et, gicbəsər. Gör bölmədə sənin başına nə oyun açılacaq.

Coker yenə başını dəmirə vurur. Bam.Bam. Alnında qan damlası görünür.

1-Cİ POLİS (kadr arxasında, geriyə baxıb qışqırır) - Sakit ol, əclaf! Onsuz da işlərin xarabdı!

Sükan arxasındakı polis arxaya dönüb baxanda, kiminsə ya nəyinsə kölgə kimi patrul maşınının qarşısından qaçdığını ani görürük.

İri plan – Maşın yoldan dönərkən, Coker qapını döyür.

Traaaaktttt! Patrul maşını yolun kənarındakı avtomobilə zərblə dəyib, çevrilir və yolda sürüşür.

                      122. Patrul maşını (sürüşən), küçə

Qığılcımlar uçur, nəhayət, polis maşını sürüşüb dayanır. Tüstü qalxır. Piano səsi eşidilir.

Ön oturacaqdadkı hər iki polis ya ölüb, ya da huşsuzdurlar. Arxa oturacaqda bir hərəkət sezirik, bilinmir, içəridə nə baş verir. Qəfildən arxa qapı açılır, Coker özünü yerə salır, bir əli azaddır, o birisindən qandal sallanır. Uzaqdan həyəcan səsi eşidilir.

Coker kürəyini maşına söykəyir, üzü qan içindədir, bədəni qəzada bərk əzilib. Onun ətrafında yanğın, xaos görünür. Coker bir şüşə qırığını götürüb, dərindən nəfəs alır, şüşəli əlini dizi üztə qoyub. Həyəcan səsi yaxınlaşır, daha ucadan eşidilir.

Coker sanki damarını kəsməyə hazırlaşır...

                                    123.  Kinoteatr, küçə - davamı

Yaxşı geyinmiş, təminatlı təbəqədən olan adamlar kinoteatrdan çıxırlar, iğtişaşlar bura, şəhərin abadlı yerinə də gəlib çıxıb...

Həyəcan səsləri eşidilir, bir dəstə pank Kloun maskalarında qaçaraq, avtomobillərin şüşələrini qırır və onları yandırır...

İşıqlı lövhədə filmlərin adı görünür – “Biyabırçı səhv”, “Zorro – mavi bıçaq”. Klounlar haqqında mahnı eşidilir. Arxada, küçənin qaranlıq yerində sürətlə pilləkənləri düşən cütlük və uşağın silueti görünür, onlar tələsik döngəyə tərəf dönürlər ki, xaosdan qurtulsunlar. Kloun maskalı pank onların arxasınca gedir, tapançanı çıxarır.

                                 124. Patrul avtomobili (çevrilmiş), küçə

Coker  qandalı yellədərək, iti şüşə qırığını qaldırır. Biləyindən yan keçirir. Və ağzının kənarını kəsməyə başlayır və təbəssümü daha uzun və geniş olur. Qan onun üzü, əli ilə axır.

Coker ağzının digər küncünü də şüşə ilə çərtir, qan axır, qandal yellənir...

Cokerin başı üzərində həyəcan səsi eşidilir, yanıb-sönən qırmızı işıqlar Cokerin üzündə əks edilir.

Coker daha ağzını kəsmir, qanlı şüşə qırığını aşağı endirib. Başını patrul avtomobilinə söykəyir və qanlı gözlərini yumur.

Artıq Artur yoxdu. Coker var.

                                  125. Döngə, kinoteatr

Qaranlıqda gedən ailə görür ki, əlində tapança tutmuş pankın gözləri maska altında necə genişlənir, musiqi səsi gərginləşir.

PANK (bağırır) – Sən elə bilirsən ki, biz murdar klounuq?

Pank kişiyə atəş açır, sonra əlini uzadıb qadının boynundan  nəsə qırıb qoparır və sonra onu öldürür. Ər-arvad yerə yıxılırlar. Uşağın ölmüş ata-anası yanında dayandığını görürük.

İri planla – 8 yaşlı Brüs Veyn. Qan onun üzünə sıçradığı üçün o, gözlərini yumub. Gözlərini açanda Kloun maskasındakı adamın qorxu dolu gözlərini görür, bu adam uşağın ata-anasını – Tomas və Marta Veyni öldürüb. Klounlar haqqında mahni bitir.

Uzunmüddətli ritm.

Qəhqəhə eşidilir. Bu, tamamılə sınmış və sındırılmış insanın səsidir.

                         126. Arkhem dövlət xəstəxanası, dindirilmə otağı – səhər

İri planda – Coker. Qəhqəhə çəkməkdən gözləri yaşarıb. O bu qəhqəhəsindən həzz alır, onu nəzarətə götürmür. Cokerin saçı qırxılıb, elə görünür ki, sanki dərman təsiri altındadır və ya lobotomiya əməliyyatından sonradır. Əynində ağ xüsusi geyim var.

Onun yeni təbəssümü tikilmişdir, ağzının küncləri dərin kəsilərək, daha uzun, “xoşbəxt” gülüşü yaradır.

Coker yorğun həkimin (afro-amerakalı qadın, 50 yaşında) qarşısında əyləşmişdir. Bu otaq sanki 30 il əvvəl Penninin dindirildiyi otaqdır. Otaq və həkim birinci səhnədəki sosial işçini və onun ofisini də azacıq xatırladır.

Həkim sakitcə gözləyir ki, Coker gülüşünü bitirsin. Masa üzərində Cokerin köhnə bloknotu var. Nəhayət, gülüş kəsilir.

HƏKİM – Gülməli nə var?

O, dərindən nəfəs alır, gözləri tutqundur. Səsi kobuddur.

COKER – Heç... bir zarafat yadıma düşdü.

HƏKİM – Mənə deyə bilərsinizmi?

COKER – Yox.

HƏKİM – Elə bilirsiz, zarafatı anlamaram?

COKER – Bu çox şəxsidir, mənimlə ona aiddir.

HƏKİM – Yaxşı. Dərmanlar kömək edirmi? Yuxunuz varmı?

Coker baş ilə təsdiqləyir.

HƏKİM – Özünüzü necə hiss edirsiniz?

COKER – Yaxşı. Artıq yaxşıyam.

HƏKİM – Gündəliyiniz yazırsınız?

Coker başı ilə təsdiqləyir.

HƏKİM – Əla. Mən əmin olmaq istəyirəm ki, siz öhdəsindən gəlirsiniz.

COKER – Bəli.

HƏKİM – O hadisə haqqında yazmısınız? Baş verənlər haqqında...

COKER – Xatırladığım qədər yazmışam.

HƏKİM – Baxmaq olar?

Coker gündəliyini həkimə tərəf itələyir. Qadın gündəliyi götürüb vərəqləyir.

Kamera bloknotu göstərir – səhifələr boşdur.... Heç nə yoxdu. Həkim şaşqın vəziyyətdə Cokerə baxır.

Kamera Cokerə -  o, gülümsəyir. Və biz “Bu həyatdır” ("That's Life", Frenk Sinatra) mahnısını eşidirik.

                                 127. Arkhem dövlət xəstəxanası – səhər

Cokeri kürəyindən görürük – o, digər ruhi xəstələrin yanından, ayaqlarını sürüyərək dəhlizdə gedir, yanında sanitar var. Sinatra oxuyur.

Coker musiqi altında sürüşən bir addım atır, sanki o, bu musiqini eşidir, hoppanıb yenə də sürüşən addım atır, fırlanır və rəqs edə-edə qürub şüaları altında dəhlizlə gedir...

“Bu həyatdır!” mahnısı titrlərdə səslənir.

-------------

Çevirdi - Sima

Hiç yorum yok:

Yorum Gönder