18 Aralık 2018 Salı

18 dekabr - Yumrulanmaq günüdür :)

Картинки по запросу человек спит свернувшись в клубочек

Sən demə, yumrulanmaq günü vardır. Və dekabr ayının 18-də bütün pozitiv və bəzən tənbəlliyin tələsinə düşən insanlar onu qeyd edir. Yumrulanıb yatmaq istəyəndə,  kəkotulu məxməri çay, isti yorğan, yun corablar, evdəki sakitlik və maraqlı bir sevgi filmi ani olaraq fikrindən keçir. Belə rahatlıq, qayğılardan uzaq mikro-dünya nəyə desən dəyər... Dekabr yağışı da bu arada sürətlə pəncərələri döyəcləyir, qonaq olmaq istəyir...
Pişik necə yumrulanıb yatırsa, bəzi insanlar da yumrulanıb yatmağı sevir. Bəlkə də bu, dölün ana bətnindəki vəziyyətindən irəli gəlir. Hələ dünyaya göz açmayan uşaq ana bətninin qaranlıq və isti dünyasında yumrulanaraq yaşayır, böyüyür, doğulmağa hazırlaşır. Və həyatının mürəkkəb dövrlərində insan yumrulanıb yatmaqla, sanki ana bətnindəki müdafiəni, sıx bədən təmasını və qırılmaz əlaqəni, təhlükəsizliyi, mənəvi dəstəyi yenidən duymağa çalışır.

17 Aralık 2018 Pazartesi

Cek London. Yazıçılığın həyat fəlsəfəsi haqqında (1899)



Картинки по запросу Cek London. “Yazıçılıq həyat fəlsəfəsi

https://philologist.livejournal.com/8119076.html

*

Ədəbiyyat sənətbazı, ömrünün sonuna qədər yararsız mətnlərlə məşğul olmaq istəyən adam qoy bu məqaləni oxumasın, o, boşuna vaxtını itirəcək və əhvalını pozacaqdır. Məqalədə əlyazmanı necə soxuşdurmaq, materialı necə işləmək haqqında məsləhətlər,  redaktor qələminin ərköyünlüyünün təhlilinə və nitq hissələrinin əbədi məkrinə dair qeydlər də yoxdur. İslahedilməz  qrafomanlar, məqalə sizlik deyil! Bu məqalə hələ də orta məhsul yaradan, lakin idealları olan yazara ünvanlanmışdır, elə bir yazara ki, əsil sənətə can atır və gələcəkdə kənd təsərrüfatı qəzettlərinin və ya “ailəvi” jurnalların kəndarına bir daha ayaq basmayacağı zamanları  xəyal edir.   

Günün əksi - 3

Картинки по запросу шары девочка

Axşamçağı evə gedirdim. Yorğun adamlar qarşımca irəliləyirdilər. Kimisi yolboyu düzülmüş dükanlara daxil olur, kimisi avtobus dayanacağına tələsirdi.  Qara geyinmişdi əksəri - qara paltolar, gödəkçələr, papaqlar adamın ovqatına bədbinlik qatırdı. Adamlar sırası seyrələndə, qarşımda, məndən  irəlidə yeriyən bir gənc qız gördüm, əlində 5-10 qırmızı şar tutmuşdu. Şarların əlindən qopub uçmaması üçün onların bağını biləyinə bərk-bərk dolamışdı. Qız sürətlə irəli yeridikcə, şarlar havada rəqs edir, qızın saçları astaca dalğalanırdı. Hardansa peyda olmuş  10-12 yaşlı qara dilənçi qız şarlı qızın dalınca düşərək, "pul ver də, mənə pul ver!" tələb etdi. Şarlı qız dilənçiyə məhəl qoymadan sürətlə yoluna davam edirdi. Amma dilənçı qız da az aşın duzu deyildi ha, şarlı qızdan əl çəkmirdi, qara adamlar arasında qırmızı şarlı, sevincli addımlarla irəliləyən qızı, yəqin, sədəqəçi sayaraq, onu təqib edirdi.
Qarşıdan gələn bir gənc oğlan qızların sezilməyən mübarizəsini duyub, dilənçi qızın yolunu kəsərək, "mane olma, bəsdi diləndin" - dedi, qollarını geniş açaraq, dilənçinin yolunu əngəllədi. Şarlı qız: "Çox sağ ol" - deyib gülümsündü və sürətini azaltmadan yoluna davam etdi, dilənçi qız isə məyus halda geri dönərək, qara adamların arasında gözdən itdi...

16 Aralık 2018 Pazar

Yolka (hekayə)

Картинки по запросу ветка `елка

Fatimə yenə də gözünü qapıya zilləmişdi, atasını gözləyirdi. Atası söz vermişdi ki, gələndə ona yolka gətirəcək. Əvvəllər evdə sintetik yolka bəzədilərdi, Fatimə anası ilə birgə parıltılı plastik oyuncaqları həmin yolkadan asar, atası da kənarda əyləşib yolka bəzəmə prosesini müşahidə edərdi. Bir gün ana dedi ki, dekabrın axırına az qalıb, bəlkə yolkanı quraq?
Yolka söhbəti şam yeməyindən sonra açılmışdı. Ata Fatiməyə tərəf dönüb soruşdu:
- Hə, qızım, nə deyirsən, yolkanı quraq?
- Əlbəttə! - Fatimə sevincək əl çaldı. Yolka! Yolka qurulacaq, otağa xüsusi gözəllik verəcəkdi! Gecə isə Şaxta Baba yolkanın altında hədiyyə gizlədəcəkdi!
Ata gülümsədi. Özünün uşaqlıq xatirələrindən danışdı, o zamanlar hər evdə yolka qurmazdılar. Yolkalar baha idi, az satılırdı.  Amma atanın atası həmişə əsil yolka alıb gətirərdi. Sonra uşaqlar yolkadan konfet, qoz, peçenye, kağız qarcıqlar asardılar. Yolkanın ətri evə dolardı...
Ata elə maraqla danışırdı ki, Fatimə də əsil yolka istədi.
- O yolka üçün oyuncaqlarımız yoxdu, - ana dedi.
- Eybi yox, oyuncaqsız olsun, atacan, yolka alarsan?
Ata vəd etdi. Həmin gündən Fatimə hər gün yolkanı gözlədi, amma ata evə yolkasız gəlirdi. Gileylənirdi ki, yaxşı yolkalar yoxdu, ya da hamısını alırlar, ataya yolka qalmır.

Kilkələr

Картинки по запросу килька

90-cı illərdə Mehmanın 12 yaşı olardı. 
Ata-anası məktəbdə müəllim işləyirdi. Sosializm quruluşu dağılırdı, xeyli insanın taleyində möhtəşəm mənfi dəyişikliklər baş verirdi. Mehmanın ziyalı valideynləri çörək pulu qazanmaq, ailəni aclıqdan qorumaq üçün gecələr də işləyirdilər. Ana hansısa sex üçün bazar zənbilləri, yataq ağları tikirdi, ata köhnə "Moskviçi" ilə taksi sürücüsü işləyirdi, xəcalətdən (amandı, şagirdlər görməsin) maşını şəhərin elə yerində saxlayırdı ki, kimsə onun sürücülük etdiyini bilməsin.
Mehman ata-anasının nə qədər əziyyət çəkdiyini görürdü. Yuxusuzluqdan və yorğunluqdan atanın gözlərinin altı qaralmış, üzünün qırışları artmışdı. Anası da sanki 10 il qocalmışdı. Amma Mehman ata-anasının dilindən şikayət, giley eşitmirdi. Bəlkə də öz aralarında nəsə danışıb bölüşürdülər, amma Mehmanın yanında heç vaxt heç nəyi müzakirə etməzdilər.
Mehmanın 12 yaşı vardı, özünü böyük oğlan sayırdı. Kasıbçılığın nə olduğunu yaxşı bilirdi. Bəzən şam yeməyi bir tikə boz çörəkdən və soğançadan ibarət olurdu. Bir qaşıq günəbaxan yağında qovrulmuş sarı-qızılı soğanla dolu tavanı ana süfrəyə verəndə, hamı əlindəki çörəyi tavaya batırıb yeyərdi, şam yeməyinin sonuna qədər heç kim başını qaldırıb baxmaz, hamı susardı...
Mehman dostu Əli ilə səhər tezdən limana gedərdi, balaca gəmiləri gözləyərdi. Hər səhər limanda dənizçilər kilkə balığı satardılar. Balıq az, alıcı çox olardı, bəzən alverçilər adi adamlara kilkə almağa imkan vermirdilər - eləcə  kilkəni tonla alıb aparır, məyus və ac alıcıları veclərinə də almırdılar. Amma bəzən bir neçə adam alverçiləri qabaqlaya bilirdi,  cibindəki pul 3-5 kilo kilkə almağa çatardı.  Mehman aldığı boz, sürüşkən kilkələri neylon torbaya doldurub, sevincək halda evə qayıdırdı, bəlkə də mamontu ovlamış ibtidai insanın sevinci bu qədər olmazdı...
Barmaq boyda kilkə balığı böyük bir sərvətə çevrilmişdi. Kim kilkə ala bilsəydi, evində  bir neçə gün bayram olurdu - kilkədən kotlet, şorba bişirirdilər, kilkəni qızardırdılar, kilkəni ocaqda şişə çəkirdilər və bu çəlimsiz, 5-10 qramlıq əti olan balıq dünyanın ən ləziz neməti idi ac adamlar üçün...

Mətbəx yazıları. 90-cı illər...

90-cı illərdə sosializmin sabit görünən və əlverişli kimi anlanan iqtisadiyyatı birdən-birə çökəndə, əhali səfalətlə üz-üzə qaldı. Zirək tərpənmiş işbazlar iqtisadi xaosdan yararlanaraq, xeyli əmlakı ələ keçirə bilmiş, ucuz alıb baha sataraq, sürətlə milyonçu olmuşdular. 
Yadımdadır, gənc qız idim, sadə ailənin qızıydım, səfalətin nəfəsi bizim ailəmizə də arabir toxunurdu. O zamanlar hər addımda göbələk kimi peyda olmuş bakaliyyə mağazalarındakı görünməmiş mallara heyranlıqla baxardım, hər şey gözəldi, dəbli idi, qiyməti astronomikdi, çeşidi coxdu, amma boş ciblə yalnız tamaşa edə bilərdim bunlara... Qıcıqlandıran o idi ki, mən bu malların heç birini ala bilməzdim, amma dükanlardakı alıcı sıxlığı,  ovuc-ovuc piştaxtaya atılan pulların xışıltısı, neylon torbalara yığılan xarici mallar mənim bu kastaya aid olmadığıma və olmayacağıma aydın işarə edirdi. Dəbpərəst, əşyapərəst deyildim, amma hansı qız, qadın gözəl görünmək istəməz ki... Özü də gənc yaşlarında... 
Amma evə çörək və ya un almaq daha zəruri idi, aclıq hər an qapımızı döyə bilərdi. Mən o yaşıma qədər aclıq görməmişdim, aclığın nə olduğunu bilmirdim, təsəvvürüm yox idi,  məhsulların talonla alındığı dövr, uzun növbələr yaxşı yadımdadı, qıtlıq vardı, amma aclıq yoxdu, ən azından bazara gedib göyərti-tərəvəz alıb adi şorba bişirmək mümkündü. Amma 90-cılarda bəsit olduğu qədər də zəruri olan pul, əskinaslar adi bir kağız parçasına çevrilmişdi, aylıq maaşın cörəyə də çatmırdı, çünki sən maaşı alana qədər iqtisadiyyat daha da dərin uçuruma yuvarlanır, dağılırdı...
Qonşu ilə müştərək divardan gecələr qadın qışqırığı gələrdi: "Cəhənnəmə pulun yoxdur! Kişisən, get qazan! Evə pul gətir!!" Və səhər qonşu kişinin başını aşağı salaraq sürətlə pilləkəndən düşməsi... Sanki gecə qışqırıqlarından yaranan xəcaləti ört-basdır etmək istəyirdi... 

Günün əksi - 2.

Nə zamandır ki, bloqumda aktiv yazmaq fikrindəyəm, di gəl ki, bu qərarımı gerçəkləşdirməyə motivasiyam çatmır ☺. Günlərim elə də rəngarəng, hadisələrlə dolu deyil, amma bura nəsə yazmağa da ərinirəm. FB-nin də fəal istifadəçisi deyiləm, hərçənd internetdəki maraqlı forumları izləyirəm.
Hə, yadıma düşdü ki, yazarlara məsləhət verən kitablarda hər gün yazmaq təklif edilir, özü də səhər tezdən, yuxudan oyanan kimi. Bəlkə burjuazlara (ah,  sovet ideologiyasından qalmış bu söz də yaddaşımın hansı dərin guşəsindən bu an peyda oldu ☺)  bu təklifə əməl etmək asandır, amma mənim kimi çörək pulu qazanmaq üçün hər gün evdən çıxan insanlara əlverişli deyil. Səhər bilmirsən necə edəsən ki, evdən vaxtında çıxasan, işə gecikməyəsən ki, müdiriyyətin tənbehinə tuş gəlməyəsən. Səhər-səhər hansı yazıdan söhbət gedə bilər ki?
Amma gecələr... başqa məsələ))) Hamı yatandan sonra musiqinin zümzüməsi, və ya divarlar üçün kino göstərən TV səsi altında gün ərzində beynimdə dolaşan, dalaşan, bir-birinə sarılan, qırılan, bir-birini qovan, yaxalayan fikirləri nizamlamağa cəhd etmək olar ☺.
Bu dəfəki cəhdim beyin hüceyrələrini fəallaşdırmağa yönələn tapşırıqdır. Bəzən onu yerinə yetirirəm, bloknotuma, ya əlimin altında olan hansısa kağız parçasına yazıb, qısa müddətə sözlər dünyasına qərq oluram. Və bəzən çox poetik cümlələr yaranır.
Tapşırığın məğzi odur ki, eyni hərflə başlanan sözlərdən ibarət cümlə qurursan. Barmağımı istənilən kitabın istənilən səhifəsinə basıb, hərfi seçirəm və... söz oyunu başlayır))).

Y - Yaz yağışı yasəmənin yaşıl yarpaqlarını yudu.

B - Baba bostanda balqabaq becərərkən, balaca Binyamin bağdakı bayrama baxırdı.

S - Saat səkkizdə Saatlıdakı "Sərin" sarayında salatlar soyuqda saxlanırdı.

Ə - Əli əlindəki əlcəklə əncir əkirdi.

H - Həsən hündür hasarı hörərkən, Həlimə hirsindən hönkürürdü.

Q - Qayadakı qalaya qaçan Qəhrəmanın  qılıncı qırıldı. Qara qarışqa qozayla qaçdı.

Картинки по запросу smaylik

Günün əksi - 1.

Dekabr ayının soyuq və sakit, küləksiz bir günündə səhər işə getməyə hazırlaşırdım. Bir stəkan təzə dəmlənmiş tünd çay içib, yun şərfimi boğazıma dolayıb evdən çıxdım. Pillələri sürətlə düşdüm, düşündüm ki, nə yaxşı dikdaban ayaqqabı geyinmədim, yoxsa taqqıltıdan qonşular oyanacaqdı. Blokun qapısından çıxarkən qarşıdan gələn bir qadını gördüm, kimdi, nəçidi, harda yaşayır - bilmirəm, onu ilk dəfəydi görürdüm. Qadın qara paltosunun üstündən güllü yun şal salmışdı, çiynindən asdığı əl çantası, qadın yeridikcə, böyrünə dəyirdi. Qadının qucağına basdığı sarımtıl kağız torbasından təndir çörəyinin kənarı görünürdü. Bu soyuq sakit havada isti təndir çörəyinin xırçıldayan kənarlarından qoparıb yeyə-yeyə gedən bu qadında ifadə edilməyən bir poeziya vardı...