Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
17 Aralık 2018 Pazartesi
Günün əksi - 3
Axşamçağı evə gedirdim. Yorğun adamlar qarşımca irəliləyirdilər. Kimisi yolboyu düzülmüş dükanlara daxil olur, kimisi avtobus dayanacağına tələsirdi. Qara geyinmişdi əksəri - qara paltolar, gödəkçələr, papaqlar adamın ovqatına bədbinlik qatırdı. Adamlar sırası seyrələndə, qarşımda, məndən irəlidə yeriyən bir gənc qız gördüm, əlində 5-10 qırmızı şar tutmuşdu. Şarların əlindən qopub uçmaması üçün onların bağını biləyinə bərk-bərk dolamışdı. Qız sürətlə irəli yeridikcə, şarlar havada rəqs edir, qızın saçları astaca dalğalanırdı. Hardansa peyda olmuş 10-12 yaşlı qara dilənçi qız şarlı qızın dalınca düşərək, "pul ver də, mənə pul ver!" tələb etdi. Şarlı qız dilənçiyə məhəl qoymadan sürətlə yoluna davam edirdi. Amma dilənçı qız da az aşın duzu deyildi ha, şarlı qızdan əl çəkmirdi, qara adamlar arasında qırmızı şarlı, sevincli addımlarla irəliləyən qızı, yəqin, sədəqəçi sayaraq, onu təqib edirdi.
Qarşıdan gələn bir gənc oğlan qızların sezilməyən mübarizəsini duyub, dilənçi qızın yolunu kəsərək, "mane olma, bəsdi diləndin" - dedi, qollarını geniş açaraq, dilənçinin yolunu əngəllədi. Şarlı qız: "Çox sağ ol" - deyib gülümsündü və sürətini azaltmadan yoluna davam etdi, dilənçi qız isə məyus halda geri dönərək, qara adamların arasında gözdən itdi...
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder