27 Ocak 2010 Çarşamba

Paint əyləncələri









bir gün boş vaxtım olarkən, birdən-birə Paint proqramında şəkil çəkmək həvəsi gəldi mənə (hərçənd o vaxta qədər rəsm çəkmək mənimcün əlçatmaz arzu idi və hələ də, təəssüf ki, elə qalır)- amma Paint-də əyləncələrim müəyyən nəticə verdi, hər halda mən belə düşünürəm (diletant bundan artıq nə deyə bilər ki...:)) yaratdığım tablolar sadəcə və sadəcə intuitiv rəsmlər...
Burda sol tərəfdə yerləşdirdiyim rəsm Səslər adlanır. Qalan rəsmlər isə sadəcə abstraksiyalardır...

Zen kəlamları


***
iqtisadi böhran zamanı qiymətlər artır, amma insan həyatının qiyməti dəyişməzdir - ölüm. Kim bunu anlamırsa, qiyməti baha sayır, amma ödəniş cəmi bir dəfədir, özü də heç kim əvvəldən həmin qiyməti vermir.
***
keçmiş - yaddaş, gələcək isə yalnız ehtimaldır. Keçmişlə gələcəyin görüşdüyü nöqtə indiki andır. Və məhz həmin nöqtədə biz varıq. Ünvanımız - əbədi indidir.
***
xəbərlər var - yaxşı və pis. Pis xəbər: yaxşı xəbərlər yoxdur. Yaxşı xəbər: pis xəbərləri eşitməyə məcbur deyilik.
***
Zen Tanrını və ya Buddanı vacib saymır, çünki Zenin məğzi insanın şəxsi təcrübəsində cəmlənir. Allahın zəhləsini tökməyin. Onun öz problemləri var, o nəyi yaradırsa, həmin varlıq ölür...
***
keçmiş ona görə qiymətlidir ki, həyat təcrübəsi və xoş xatirələr sizi müdrikləşdirir. Qalan nə varsa, artıq yükdür və bu yük sizə inkişafda mane olur. Dünənki ağrı, iztirab və problemlər bu gün aktual deyil, siz onları daşımağa məcbur deyilsiz.
***
intihara meyilli birisi müdrik qocadan soruşdu:
- Mən intihar etmək istəyirəmsə, buna haqqım varmı?
- Hər kəs istədiyini edə bilər, lakin hər kəsin də haqqı var ki, buna etiraz etsin.
- Siz intiharı əxlaqi addım sayırsız?
- Əgər heç kimə zərər dəymirsə,hər addımı əxlaqi saymaq olar. Amma mən hesab edirəm ki, intihar özünə çox ciddi yanaşanların alətidir.

Kamden Benares. Ustadsız Zen kitabından

23 Ocak 2010 Cumartesi

OŞO deyir ki...


***
Bəzi şeylər yalnız reallıqla poetik əlaqədə açılır, bunu isə yalnız şairlər bilir.
Şairi avam sayırlar, hesab edirlər ki, o, həyatda yerini tapa bilmir, yaşamağın qaydasından xəbərsizdir. Şair heç vaxt nə böyük pullar qazana bilir, nə də hakimiyyət. Onun zənginliyi başqa sahədədir.

Şair hesab edir ki, sevgi var, hesab edir ki, Allah var. Həyatda kiçik şeylərdən zövq ala biləcək qədər sadəlövh olan insan anlaya bilir ki, Allah mövcuddur, çünki Tanrı xırdalıqlarda özünü biruzə verir - o, yediyimiz ərzaqlarda, getdiyimiz yollardadır. Allah sevgidədir - sizin sevgilinizə duyduğunuz sevgidə, dostluqda, əlaqəniz olduğu insanda... Allah kilsələrdə deyil. Kilsələr poeziya ilə deyil, siyasətlə məşğuldur.

Qoy hər birinizin içində poeziya olsun, bunun üçün sevgidən yoğrulmuş daxili təməl, kifayət qədər mətinlik lazımdır ki, bu dünyada sadəlövh qalasan, amma için poetik olsun. Poetiklik - şeir yazmaq demık deyil; poetiklik şeir yazmağın kiçik bir hissəsidir. Bir misralıq şeir yazmamaş adam da şair ola bilər. Ya da minlərlə şeir yazar, amma şair olmaz.

Şair olmaq həyat tərzidir. Bu, həyatı sevmək, ona səcdə etmək, ürəyindən gələn hisslə həyata bağlanmaq deməkdir.

21 Ocak 2010 Perşembe

Zamanın paradoksları


***
Biz elə zəmanədə yaşayırıq ki:

avtobanlar genişlənir, təfəkkür daralır;
binalar ucalır, dözüm qısalır;
çox xərcləyirik, amma az əldə edirik;
evlərimiz böyüyür, ailələr kiçilir;
elmi adlar artır, fikirlər azalır;
dərmanlar çoxdur, sağlamlıq azdır;
malımız, maddi sərvətimiz artır, dəyərlər azalır;
çox danışırıq, çox nifrət edirik, az sevirik;
çox qazanmağı öyrənsək də, xərcləməyi öyrənməmişik;
pul qazanmağı bacarırıq, yaşamağı - yox;
Aya uçub qayıtmışıq, amma qonşumuzu tanımırıq;
xarici aləmi öyrənmişik, iç dünyamızdan xəbərimiz yox;
havanı təmizləyirik, ruhumuzu kirlədirik;
bizim zəmanəmizdə dünya sükunətdədir, ailələr - müharibədə;
əyləncələr çoxdur, sevinc azdır.


Tərcümə: www.basik.ru

20 Ocak 2010 Çarşamba

OŞO-dan kiçik bir tövsiyə


***
İnsanlar deyirlər ki, xoşbəxt olmaq istəyirlər, əslində isə onlar bunu istəmirlər. Onlar özlərini xoşbəxtlikdə itirməkdən qorxurlar.
Nəyi isə tam dərk edəndə, siz ondan ayrı olursuz; əgər xoşbəxtsinizsə, siz ayrısız, xoşbəxtlik - ayrı. Deməli, həqiqi mənada xoşbəxt olmaq - xoşbəxtliyin özü olmaqdır, "xoşbəxt olmaq" demək deyil. Siz sanki əriyirsiz, tədricən itirsiz. Bədbəxt olanda, siz həddən artıq çox olursuz. Bədbəxt insanın diqqətində yalnız öz Eqosudur. Ona görə eqoist adamlar bədbəxtdir, bədbəxtlər isə eqoistdir. Bu, əlaqəlidir.

Eqoist olmaq istəyirsinizsə, bədbəxt olmalısınız. Bədbəxtlik fonunda Eqo aydın, tam olaraq özünü göstərir. Xoşbəxt olduqca, adamın özündən daha az qalır, ona görə insanlar xoşbəxt olmaq istəsələr də, bundan çəkinirlər, xoşbəxt olmaq istəmirlər. Onlar xoşbəxtlikdə özlərini itirməkdən qorxurlar, çünki Eqo və xoşbəxtlik birgə ola bilməz. Xoşbəxt olduqca, sizin özünüzdən bir az azalır və elə an gəlir ki, siz tamam yox olursuz, yalnız xoşbəxtlik qalır.