20 Şubat 2010 Cumartesi

21 fevral Beynəlxalq ana dili günüdür


Fevralın 23-də Azərbaycanda Beynəlxalq Ana dili günü keçiriləcək. YUNESKO-nun Baş konfransının 1999-cu ilin noyabrında elan etdiyi Beynəlxalq Ana dili günü dil və mədəni müxtəlifliyə kömək üçün 2000-ci ilin fevralından etibarən hər il qeyd olunur.
Dillər maddi-mənəvi irsin qorumağın və inkişaf etdirməyin ən səmərəli vasitəsidir. YUNESKO-nun hesablamalarına görə, dünyadakı altı min dilin yarısı yaxın vaxtlarda son daşıyıcılarını itirə bilər.

("Ədəbiyyat" qəzeti, N 7, 2010)

Hamı öz dilini qorumalı, müdafiə etməli və sevməlidir!

Ovucda bir parça günəş


Metro vaqonu işdən qayıdan, sifətləri gündəlik qayğılardan və əbədi yorğunluqdan tutqunlaşmış insanlarla doludur. Qara rəng dolub vaqona. Qara saçlar, papaqlar, gödəkçələr, paltolar, çəkmələr, çantalar... Nədənsə bizim insanlar qara rəngi çox sevirlər; yay-qış əyinlərindən qara libaslar əskik olmaz. Deyirlər ki, rəng – insan ruhunun güzgüsüdür. Sağlam ruh gözoxşayan, parlaq rəngləri seçir, xəstə ruh – bozu, qaranı. Biz xəstəyikmi? Ruhumuzmu xəstə, əqlimizmi xəstə...
Dayanacaqda vaqona 4-5 yaşlı, artıq peşəkar sayıla biləcək dilənçi uşaq mindi. Qız idi. Balaca bir qız. Əynində çirkli, rəngi bilinməyən nimdaş paltar, onun üstündən – ilmələri süzülmüş toxunma cemper, ayaqlarında palçığı qurumuş köhnə çəkmələr. Və səs. Cirkli əlləri ilə adamları itələyib keçən qızcığaz soyuqdan kallaşmış səslə “allah xatrinə, nolar, kömək edin...” deyirdi. Səsində nə xahiş, üzündə nə ümid vardı, qız sadəcə iş başında idi. Vaqonboyu gəzişərək, əksərən, kişilərə yaxınlaşır, burnunun altında könülsüz halda nəsə mızıldanırdı. Kimsə ona məhəl qoymurdu. Mənə elə gəldi ki, dilənçi qızın çirkdən qartmaq bağlamış üzünə təbəssüm, çöhrəsinə uşaq məsumluğu yaddır, heç vaxt da olmayıb. Bu uşaq elə qoca doğulub – ruhsuz, ümidsiz, sevgisiz bir qoca...
Bu vaqondan qazanc əldə etməyən qız (yəqin, ürəyində hamını lənətləyirmiş...) boş ovuclarını irəli uzadıb dayanmışdı. Artıq heç nə istəmirdi, heç kimdən heç nə gözləmirdi. Yalnız bu simic vaqondan tez düşüb başqasına minmək istəyirdi. Başqa arzusu yoxdu. Nə istəyə bilərdi ki? Nə arzulaya bilərdi? Bu qızın hər günü o birisindən heç nə ilə fərqlənmirdi, zorən həyatın çirkabına atılmış bu uşaq üçün sabah da, o birisi gün də, bir ay sonra da belə olacaqdı – yenə də metro vaqonları, yenə də laqeyd sərnişinlər, yenə də vaxtından əvvəl qocalmış, qaralmış deyingən ananın tənələri...
Dilənçi qız yenə hərəkət etdi, bu dəfə oturacaqlarda bir-birinə sıxılmış sərnişinlərə yanaşdı. Heç nə demədi. Susdu. Sadəcə çirkli ovuclarını açdı. Bu zaman kimsə cibindən bir narıncı portağal çıxarıb (bəlkə də öz uşağına aparırdı...) ehtiyatla dilənçi qızın ovcuna qoydu, sanki bir günəş doğdu, vaqona işıq saldı. Xırda barmaqlar portağalı bərk-bərk ovuca sıxdı. Qız gözlərini ovcundakı günəş parçasından çəkə bilmirdi, inanmırdı bu möcüzəyə... Portağalı burnuna tutub zərif şirin ətri içinə çəkdi, ayazdan çat-çat olmuş qansız, solğun dodaqları gülümsədi.
Tez vaqondan düşüb qaçdı.
Günəşi özüylə apardı.

18 Şubat 2010 Perşembe

Poeziya və Zen


(qaynaq: http://stupeni.irk.ru)

Poeziya və Zen - əksəriyyət üçün birmənalı görünmür, Poeziya zərif, anlaşılmayandır, Zen – qavrayış üçün mürəkkəbdir. Bir qədər sadələşdirmək üçün, gəlin, poeziya barəsində şüurun azad edilməsi baxımından, daha dəqiq desək, şüurun inkişafı baxımından danışaq.
“Şüur” terminini aydınlaşdıraq. Ətraf mühit var və biz, ayrı-ayrı varlıqlar varıq. Bütün dünya hər birimizin təsəvvüründə inikas olunur. Varlıq mürəkkəb sistemdir, onun dünyanı qavrayan, yəni kənardan daxil olan informasiyanı emal edən, qərar qəbul edən və bu qərarlara görə fəaliyyət göstərən daxili sistemlərindən birini şüur adlandıraq. İnformasiyanın qəbulu və emalı fərqli ola bilər, lakin onların hamısı şüurun elementləridir. Şüurun qeyri-azadlığı – informasiya qəbulunun və emal metodlarının hansısa xarici, kənar qanunlara tabe olması deməkdir. Belə qanunlara, məsələn, cəmiyyətin müxtəlif norma və qaydaları, dəyərləri, yəni mədəniyyəti aiddir. Dini və ya elmi mülahizələr və fikirlər, dövlət ideologiyası və s. də bura daxildir.Bütün bunlar, yəni əxlaqi çərçivələr şüurun başqa varlıqlara ziyan gətirə biləcək qərarlarının qarşısını almaq üçündür. Şüur öz inkişafında elə səviyyəyə çata bilər ki, artıq kiməsə zərərverən qərarlar qəbul etmək onun “ağlına gəlməz”. Bu zaman şüur onu tənzimləyən xarici qanunlardan azad olar, çünki bu qanunlar şüurun inkişafına mane olmağa başlayar.
Mədəniyyətin elementlərindən biri dildir. Adətən fikirlərimiz dilin elementləri – sözlər vasitəsilə çatdırılır, lakin sözlərin sayı dildə məhdud olduğundan, şüur, informasiyanın daxil olduğu andan məhdudlaşır, yəni, daxil olan məlumatları tam qavramağa və emal etməyə söz çatmadığına görə, informasiyanın müəyyən hissəsi itir.
Bununla əlaqədar, poeziyanı dilin “genişlənməsi” vasitəsi kimi təsəvvür etmək olar, yəni yeni termin və yeni anlayışlar yaratmadan, sadəcə onların qarışığından törəmiş yeni elementlər vasitəsilə şüur inikas etdiyi informasiyanı emal edə bilir. Poeziyanın öz qanunları var, amma bu qanunların təbiəti başqadır. Belə çıxır ki, ədəbi əsərin əsasında söz deyil, informasiya dayanmalıdır, elə bir informasiya ki, onu sadəcə sözlə ifadə etmək çətindir, ya da mümkün deyil. Əgər əsərdə belə informasiya yoxdursa, demək, əsər də yoxdur, sadəcə söz toplusu var. Bütün ədəbi fəndlər (üsullar) vasitədir, əsla əsərin məqsədi deyil, lakin bu vasitə oxucunu məcbur edir ki, ona təklif edilən informasiyanı dərk etmək üçün müəyyən halətə düşsün.
Yaradıcılığın məqsədi əsər deyil. Əsər nəticə deyil. Nəticə - şüurun genişlənməsidir, yəni ətraf dünyanı az da olsa, daha yaxşı anlamaq, dərk etməkdir, ətrafda baş verən prosesləri daha “incə duymaqdır”.
Və burda həqiqətən yaxşı əsəri hər cür cəfəngiyyatdan ayırmaq üçün bir neçə meyar yaranır. Birinci meyar – əsərdə başqa üsulla ötürülə bilməyəcək informasiyanın olması. Əgər şeiri başqa sözlərlə nəql etmək mümkündürsə, onda o şeir nəyə lazımdır? Əgər informasiya elə təqdim edilir ki, oxucu onu oxumadan yan keçə bilmir, demək, qarşımızdakı əsl şeir nümunəsidir.
Burda çox incə məqam var. Fərqli inkişaf mərhələsində şüur, eyni informasiyanı fərqli qavrayır, emal edir. “Mədəni” qanunlarla məhdudlaşan şüurun informasiya qəbulu bu qanunlarla məhdudlaşdırılır. Konkret şüur bu “mədəni” qanunları nəzərə almayacaq dərəcədə inkişaf etməyincə, azad olmayınca, o yalnız dünyanın bir parçasını görəcək, özü də şüur üçün təhlükəsiz parçasını.
Bəzən deyirlər ki, “bu əsər məni tutur, cəlb edir”. Bu o deməkdir ki, informasiyanın bir qismi şüur üçün artıq təhlükəsiz olub və həmin məlumat mədəni qanunlar səddindən “hoppanıb” keçsə də, bunu bütün əsərə aid etmək olmur. “Əsər məni cəlb edir” – bu yanaşma əsəri qiymətləndirməyə yaramır, lakin mədəni qanunlar məngənəsində olan şüur üçün başqa meyar yoxdur.
Olur ki, müəllifin özü “mədəni” qanunların əsiridir, bu çərçivədə onun yazdığı və yazacağı nə varsa, mədəni qanunlarla məhdudlaşır, istənilən əsərin məğzi sayılan informasiya natamam, naqis olur, informasiya mədəniyyətin sərt çərçivələrində dondurulur və yalnız “kimisə cəlb etməsi” ilə maraqlıdır. Bu, çıxılmaz vəziyyətdir. Bu, öz keçmişinə, xatirələrdən həzzə qayıdışdır. Bu, poetik əsərin oxucu şüurunun inkişafı baxımından deyil, əyləncə baxımından qavranmasıdır. Bu baxımdan, belə şeir – poeziya deyil.
Özünüzə sual verin: şeiri oxuyarkən, nə əldə etmək istəyirsiz? Vaxt öldürürsüz, xoş emosiyalar duyursuz (özü də bu emosiyalar hansısa xarici qanunların icazə verdiyi emosiyalardır, və demək ki, sizin deyil)? Əgər siz şeir oxumağı öyrənmək və yeni informasiya gətirən şeiri başa düşmək istəyirsinizsə, sadəcə bunu dərindən istəmək lazımdır...
Çevirdi: Sima Ənnağı

14 Şubat 2010 Pazar

"Ən yeni ədəbiyyat" təqdimatından fotolar





“Ən yeni ədəbiyyatın” yenilikləri


Dünən (13.02.2010) “Etüd” kitab və rəsm salonunda “Qanun” çap evinin, və məxsusi olaraq, naşir Şahbaz Xuduoğlunun təşkil etdiyi kitab təqdimatı mərasimi baş tutdu. Tədbir haqqında Kultaz saytında elan verilmişdi (sağ olsun Zahir). Mən, həm çoxunu virtual tanıdığım sənət arxadaşlarımı görmək, həm də yeni kitablarla tanış olmaq məqsədiylə “Etüdə” yollandım.
“Etüd” kitab və rəsm salonunun ikinci mərtəbəsində yerləşən kiçik zalında toplaşmış sənətkarlar bir-biri ilə mehribancasına hal-əhval tutub, sohbət edərkən, mən əlimdə fotoaparat divardakı tabloları, masa üstündəki kitab nümunələrinin fotosunu çəkirdim (içəri bir az qaranlıq olduğuna görə, fotolar keyfiyyətli alınmayıb).
Tədbirin rəsmi hissəsini hörmətli naşir, “Ən yeni ədəbiyyat” seriyasının təşəbbüskarı Şahbaz Xuduoğlu açdı, aldı görək nə dedi. Dedi ki, “Ən yeni ədəbiyyat” seriyasının məqsədi çağdaş ədəbiyyatımızın yeni adları ilə oxucuları daha yaxından tanış etmək, ədəbiyyatımızın inkişafını dəstəkləməkdir. Kitablar rəsmi zallarda deyil, kitab dükanlarında müzakirə olunmalı, oxucu ilə yazar arasında canlı, emosional təmas qurulmalıdır.
Sonra kitabları “isti-isti tipoqrafiya təndirindən” çıxmış gənc yazarlar – Sevinc, Aqşin, Pərviz öz kitabları haqqında (Aqşin Yeniseyin “Cənnətdə terror aksiyası”, Pərviz Cəbrayılın “Yad dildə”, Sevinc Pərvanənin “Şəhər”) məlumat verdilər. Rasim Qaraca, Seymur Baycan, Əli Əkbər də ədəbiyyat haqqında öz fikirlərini söylədilər. Əli Əkbər Kultura.az saytının hazırladığı, özünün (Ə.Əkbərin) tərtib etdiyi “Fikirlərin rəngarəngliyi” (rusca) kitabı ilə hamını tanış etdi. Qeyd edim ki, ümumi ab-havadan insanların səmimi, doğru sözə; səmimi, doğru ədəbiyyata nə qədər ehtiyacları olduğu duyulurdu.
Qeyri-rəsmi hissədə Şahbaz bəy “Ən yeni ədəbiyyat” şərabından dadmağı təklif etdi (ki, yeni kitabların dadı damaqdan qaçmasın :) ). Hamı ayaqüstə kəmşirin şərabdan dadıb, xırda buterbrodlardan nuş edib, səmimi şəkildə söhbətləşirdi. Kitabları təqdim olunan gənc yazarlar isə aşağıda, salonun birinci mərtəbəsində TV-yə müsahibə verirdilər. Davamlı olsun!

Fürsətdən istifadə edərək, belə isti ab-havalı tədbirin təşkilində böyük əməyi olmuş Şahbaz Xuduoğlunu, “Etüd” salonunun sahibəsi Jaləni, onun təvazökar işçilərini xoşməramlı təşəbbüsə görə alqışlamaq istəyirəm.

Hamı “Etüd” salonuna! :)
Kitablar sizi gözləyir!

P.S. Tədbirdə qədəhini və şərabını mənimlə bölüşmüş, adını bilmədiyim gözəlürəkli insana da ayrıca təşəkkürlər!