26 Ekim 2017 Perşembe

Orxan Fikrətoğlu. "Yazı yazılmayanda" yazısından :)))))


Картинки по запросу orxan fikrətoğlu

Seçmə aforizmlər
- yük qatarı kimi icim yüklüdü;
- qabaq acı sözü də şirin söz kimi həzm edə bilirdim. İndi şirin söz belə mənə acı gəlir;
- dəymiş xurma kimisən, əl vursam, budaqdan yerə düşəcəksən;
- fikrini mənə kişi kimi çatdır;
- yadlaşmaq asan deyil. Doğmalara yad olmaq səndən güc tələb edir;
- səhər açılan kimi gecə düşür;
- külfətimin əsiriyəm, miniblər belimə;
- elə düşünürlər ki, tramvay kimi relsdən çıxan deyiləm;
- adi, evdar kiçik qəhrəman!
- uşaqlarının onun dəvə olmasından xəbəri belə yoxdur;
- elə insanlar var ki, onlar sənin ömrünə düzəlişlər etsin deyə gəlirlər;
- uşağın adını nənəsi qoymuşdu. Ona görə də qocaydı;
- insan qurda ikiüzlü olmadığı üçün hörmət edir;
- insan dünyada yaşayım deyən gündən aciz olub;
- mən qurd kimi ölümü tanısam da, insan kimi ondan qorxuram;
- mətn insanı dəyişmir, duruldur. İçini yuyur...

(tam mətn: Ədəbiyyat qəzeti, 07.10.2017)

NARGİS-dən çox lirik bir payız essesi. "Sen"tyabr tənhalığı

"Ədəbiyyat" qəzeti, 07.10.2017


Картинки по запросу Nargis Ədəbiyyat qəzeti

Gözlərimizi uzaqlara zilləyib gəlməyini gözləmək kimidir çox vaxt həyat.
Bir fincan qəhvə hazırlayıb, kofein dadında "sən"tyabr sübhündən boylanıram yenə keçmişə.
Bütün gələcəklər yenə keçmiş rəngindədir. Bütün keçmişlər isə günahkardır.
Sənlə dolu xoşbəxtliklərimin yaşandığı keçmişlər bir az qaranlıqdır, bir az da bədbəxtdir, əzizim.
Təcrid olunmuş sevgilər sahibsiz və yarımçıq qalmağa məhkummuş.
Öyrəndim artıq...
Yenə bir "sən"tyabr başladı ömür səhifəmdə. Yenə solacaq çiçəklər, töküləcək bütün yarpaqlarımız. Çılpaq ağac tək güclü görünməyə çaslışacağıq, çılpaq ağac tək ümidli...
Bütün sentyabrlar kimi  bu sentyabr da solğun sənlərlə dolub-daşacaq.
Qəhvə qoxusu hopmuş xatirələrdə yaşayırsan, əzizim.
Nimdaş mənsizliklərimdə bir ovuc peşmanlıq qırıntıcı.
Mən sarılıb peşmanlıqlarıma, özümü həbs edirəm bir vaxt sən dolu otağıma.
Mənim monoton təkliklərim, sənin neologizmlərlə dolu xoşbəxtliklərin...
İroniyalarla dolu  qəhqəhələrimi unuduram köhnə kitab rəfində...
Geyinib yolka rəngində yağmurluğumu.
Açmadan çətirimi.
Addımlayıram neft qoxuyan şəhərin gülümsəməyən insanlarının gəzişdiyi küçələrdə...
Bu "sən"tyabrın nə istədiyini bilməyən  şımarıq yağışlarında unutmaq istəyirəm ikimizi...
Nifrət etmək istəyirəm,
yaşanan bütün yarımçıqlıqlarımıza...



19 Mayıs 2017 Cuma

Ana və uşaq (esse)



İşdən çıxıb piyada metroya qədər getmək qərarına gəldi. Xeyli yoldu, düşünürdü ki, piyada gəzməklə, uğuldayan beynini bir az sakitləşdirə bilər. Şəhərin səs-küyü, avtomobil siqnalları, yolun kənarındakı taksi karvanlarından eşidilən sürücü şərhləri (“aaa canı yanmış özünü gör necə əsdirir... Qoyasan buna...) və bu kimi qıcıqlar gərilmiş sinirlərini sanki elə bu an qırıb tökəcəkdi.
Stansiyaya enib perronda dayandı. Yerin üstündəki kimi olmasa da, burada – yerin altında da müəyyən, özünə məxsus səs-küy vardı – qatarların uğultusu, sərnişin addımlarının parıltılı mərmər üzərində xışıltısı, cib telefonlarının cingiltisi... Elə bil hansısa xəyali bir dünyadaydı, və bu dünyaya kənardan, şüşə arxasından baxırdı sanki.

İşin sonu olduğu üçün qatarlar insanlarla dolu gəlirdi.

21 Mart 2017 Salı

Zəki Mürən (Türkiyə). Şeirlər


Alın yazım

Allah atanın
yaşılı, ağı
qələmimi sınmışdı,
mürəkkəbimi qurumuşdu
alın yazımı yazarkən?
Yoxsa sənin adın
belə asan gəldi ona?
Bəlkə beş hərfli imiş əlifba?
bəlkə elə beş hərf bilirmiş elə, Allah ata?
Beşi də qapqara?
Yox idimi
yaşılı, ağı, masmavisi?
***
Ovcumdakı dua

Ovcumdakı dua
barmaqlarımın
arasından süzüldü,
Sənə şam düzəltdim
ürəyimin yağından.
Yenə gözlərində dəfn olundum -
məzarsız ölülər,
ölüsüz məzarlar...
Səni dəfnə yarpağında
gicitkəndə,
günəbaxan çiçəyində aradım.
Səhərə yaxın doğan
solğun Ay kimi
üşütdün içimi...

Gəl, dağların başı, gəl,
Gəl, dəli könlümün dəli yoldaşı, gəl,
Gəl, ayaqqabıların başı açılmış, gəl,
Gəl, saçların islaq gəl,
Mənim əllərimdə dua...
Sən də əllərində dua, gəl...

Hazırlamışdır: Dilsuz
Ədəbiyyat qəzeti, 04.02.2017

Xuraman Hüseynzadə. Dekabr ayı


Yeni fəsil gəlib
Yeni ay
Və yepyeni gün...
Təkcə günəş köhnədir.

Bizim evdə saat yatır
Təqvim dünəni göstərir
Divar kağızımız köhnə...

Günəşin istisi keçmiş şüalarını
Silirəm pəncərədən
Hava boz üzünü göstərir...

Divar kağızlarının solğun bənizinə
Baxaraq anlayıram:
Bu dünyada
Köhnə tarixli təqvim
Və yatmış saat qədər

Kədərli heç nə yoxdu...

3 Mart 2017 Cuma

Könül Arifdən bir şeir. PENCƏK


Bir qadın vardı -
Havalıydı.
Axşamlar oğrun-oğrun
Zəmidəki müqəvvaya
Yemək aparırdı.
Demə,
müqəvvanın çiyninə
İtkin oğlunun pencəyi salınmışdı.

Qadını görcək zəmidəki qarğalar
Qoynuna sıxıb yavrularını
Elə hey
Üzüyuxarı baxırdı.
Ağlayırdı qarğalar qadına,
Qarğa dilində ağlayırdı...

Sükut edirdi sünbüllər hər axşamçağı,
Qucurdu zəmi torpağı
Sinəsinə düşüb unudulan
Əzik-üzük buğdaları...

Ötürürdü küləklər bir-birinə,
Öpürdü küləklər cümlə-cümlə
Ana laylasını:
"Bu tikəni də ye, balam,
Ye ki, rahat yatasan.
Ağlayır, bax, qarğalar -
hamısı da acdı ha,
Ye! Qalmasın onlara...".

13 Şubat 2017 Pazartesi

Niyazi Mehdidən möhtəşəm bir postmodernist söhbət-təhlil!

Image result for Niyazi Mehdi

(məqalədən seçmə fikirlər)

Postmodernizmdən öncəki tarixi dönəmlərdə olurdu ki, çirkinliyə mənfi baxış birdən-birə zəifləyirdi.
Ancaq bütün hallarda bu orijinalliq mədəniyyətdə  periferik, marginal qalırdı. Postmodernizmdə isə  artıq periferiyaya sıxışdırılası olaylar  yoxdur.


Bir də deyirəm, yasaq olunanların birdən sənətə, davranışa buraxılması həmişə olub. İndi isə, yəni postmodernizm  dönəmində bu, adi hala çevrilib. 

Öncəki mədəniyyət tiplərində düz və yanlış vardı.  Düzə substansionallıqla yaxşı bağlanmışdı, o birisinə - yaman.

6 Şubat 2017 Pazartesi

Şahnaz Şahin. Mənə xəbər yolla



Mənə xəbər yolla...
Ağ dumanın o üzündən,
boz dalğanın səsindən,
atəşlərin soyuq busəsindən danış...
Görüm, nə var, nə yox...
Tənha gecələrin tellərini dara,
saçlarını hör.
Günəşin təbəssümünü iç,
nəfəsini dər...
Danış,
görüm, nə var, nə yox...
Tanrıdan giley etmə,
taleyini bir də yoxla...
Mənə xəbər yolla, gəlim.
Ən adi şeylərdən,
qısqanc mələklərdən danışaq...
Gündüzmü, gecəmi...
Mənsiz necəydin,
bilim...