16 Mayıs 2010 Pazar

Aritmik fikirlər


Sətirlərin aritmiyasında
iynə üstündə
ayaqyalın gəzmək duyğusu.
Bu gün rahat qayğısız.
Sabah - boşluğa iki addım.
Yalanla dolu dünyada
hələ də
inandığın
gecə-gündüz axtardığın
balıq kimi sürüşkən xoşbəxtliyi
ikiəlli tutmaq arzusu.
Əvəzində -
kürəyinə vurulan acı yumruqlar.

Saxta hislərin
yeni tarifi -
üç quruşa beş küftə...

3 Mayıs 2010 Pazartesi

Hisslərin qəzəbi


Nəfsinin əsiri olmuş kişi
bir gün
xışmalayıb erkəkliyini
fahişə
qəhbə
ləçər
sözlərini
ovuc-ovuc çırpar qadına
qəlp hislərlə kirlənmiş mələk
fahişə
qəhbə
ləçər damğasıyla yanan içini
ovundurmaq üçün
gəzər
şəhərin küçələrini
eşidər hər pəncərədən
fahişə
qəhbə
ləçər sözləini
hətta
ağacların quru budaqları
pıçıldar o sözləri
ffffff........
yəqin
hər mələyin alnına yazılıb
nə vaxtsa
inandığı
xəyalıyla yatıb-oyandığı
kişidən
fahişə
qəhbə
ləçər sözlərini eşitmək
eşidib üşünmək
üşünüb ağlamaq
darmadağın olmaq...

2 Mayıs 2010 Pazar

Fikirlər kələfi


Чу-Ар, Ар-Чу - Помни Бога, Помни, что ты Бог.

Deyirlər ki, nə vaxtsa, lap qədimlərdə insanlar bir-birini bu sözlərlə salamlayıblar. Qədim insan həyatının hər anında Allahı xatirlayıb, özünün ilahi təbiətini daim yadında saxlayıb. Müasir insan isə öz ilahi təbiətindən coooooooox kənarda qalıbdır. Biz köləyik - yazılmamış ictimi qanunların, yanlış təsəvvürlərin, qeyri-səmimi münasibətlərin, saxta fikirlərin köləsiyik. Uşaqları da bele kölə psixologiyasında tərbiyə edirik, çünki başqa təsəvvürlərimiz yox. Biz inana bilmirik ki, insan başqa cür ola bilər - sevgisində azad, fikirlərində səmimi, davranışında dürüst... Riyakarlıqla, nadanlıqla, xəbisliklə o qədər rastlaşırıq ki, artıq bu, bizə təəccüblü görünmür, halbuki bunlar bizi sarsıtmalı, şaşırtmalı, çəkindirməlidir. Etiraz səsimiz o qədər zəif ki, eşidilmir...
Minillər keçsə də - inqilablar olsa da, imperiyalar çöksə də - insan öz əzablarından qurtarmır. Nə texniki tərəqqi, nə ictimai-sosial dəyişiliklər insanı xoşbəxt edə bilmir. Bəlkə ona görə ki, kölə xoşbəxtliyin nə olduğunu, nədə olduğunu anlamır, anlamaq istəmir. Bəlkə nə vaxtsa biz dərk edəcəyik ki, həqiqətən içimizdə bir ilahi nur var, onu başqaları ilə paylaşmaq gərək. Və məhz bu nurun paylaşma anından etibarən köləlik də əriyib yox olar...

Помни Бога, Помни, что ты Бог.


(http://tk-mu.ru saytının materialına əsasən)