25 Ekim 2019 Cuma

"Əli bəy Hüseynzadə" mükafatının 13 laureatı

"Ədəbiyyat qəzetində mütəmadi dərc olunan qələm sahibləri "Əli bəy Hüseynzadə" mükafatına layiq görülmüşlər. Kimdir onlar? 😊

Cavanşir Yusifli, tənqidçi
Səlim Babullaoğlu, şair
Hədiyyə Şəfaqət, şair
Elxan Zal Qaraxanlı, şair
Ümid Nəccari, şair
Varis, yazıçı
Orxan Fikrətoğlu, yazıçı
Əlabbas, yazıçı
Mübariz Örən, yazıçı
SərdarAmin, yazıçı
Yaşar Bünyad, yazıçı
Samirə Əşrəf, publisist
Sevda Sultanova, sənətşünas.

Təbriklər!


Картинки по запросу приз

"Ədəbiyyat qəzeti", 19 okt 2019.

Sevinc Elsevərdən misralar

Картинки по запросу sevinc elsever

İngilisdilli

Ucqar bir kənddə
ingilis dili müəllimiydi
yad dili öyrətdiyi uşaqlar
qatar-qatar uçub getdilər
bir kimsə qalmadı
sevdiyi dildə kəlmə kəsməyə...

Bir ömür keçdi
ömrünün köhnə gəmisi
heç bir yad sahilə yan almadı
bapbalaca bir kafeye gedib
bir fincan qəhvə belə
ismarlamadı həvəslə
ömrünü öyrənməyə həsr elədiyi dildə...

Halbuki
dünyanı gəzmək, görmək arzusu vardı
uzaq gənclik illərində
ingilis dilinə sevgisi də ondandı...

Hərdən öz-özünə danışdı
ağaclara danışdı
quşlara danışdı
amma kəndinin
nə ağacları
nə quşları
sevimli dili bilmirdilər
susub cavab vermirdilər...
***
Vatsapda rəfiqəsinə
dərdini anladır dərdli qadın
gözüyaşlı baş şəkilləriylə
bəzəyə-bəzəyə dərdlərini

durğu işarələrinə
nöqtəyə, vergülə
bütün dil qaydalarına dəqiqliklə
yerli-yerində əməl eləyən rəfiqəsisə
onun fonetik, qrammatik səhvlərini
hər şeydən əvvəl görür...
***
Evindən uzaqda
azdırılmış pişik kimi
bir tək quyruğumla dərdləşirəm artıq.


19 Ekim 2019 Cumartesi

Günün əksi - 8.

Bu ilin oktyabr ayının əvvəllərində açıq kosmosa çıxmış ilk kosmonavt Aleksey Leonov 85 yaşında vəfat etmişdir.
12 dəqiqə ərzində, sərhədsiz kosmik zülmətdə Kainatla baş-başa qalmış Leonov kosmonavtikada və Kainatın tədqiqatında nəhəng və təkraredilməz addım atmışdır.
1975-ci ildə Leonovla birgə "Soyuz-Apollon" layihəsində iştirak etmiş Amerika astronavtı Tomas Stafford məsləkdaşı ilə vida mərasiminə özünü çatdırıb. 89 yaşlı Stafford: "Mən səni unutmayacağam, Aleksey" - vida nitqində deyib.
Belə ahıl yaşda başqaları evdən qırağa çıxa bilmir, Stafford isə minlərlə km qət edərək, okeanın o tayından Rusiyaya uçaraq, dostuna, məsləkdaşına, zəmanəmizin qəhrəmanına hörmət və izzətini bildirmişdir. Eyni şəhərdə yaşayan dost-tanış illərlə bir-birini axtarmır, qocaman astronavt isə okeanın o tayından uçub gəlməyi özünə borc bilmişdir.
Siyasət, sərhədlər, ictimai quruluş, sosial-iqtisadi durum və daha nələr, nələr əsil dostluğa əngəl ola bilməz...
Həqiqətən, belə böyük ürəkli insanları formalaşdıran nədir? Xasiyyətmi? Dünyagörüşümü? İş birliyimi? Tərəfdaşlıqmı?

Tomas Stafford
Просто уважение Алексей Леонов, Космонавты, Астронавт, Уважение, Длиннопост, Валентина Терешкова, Томас Стаффорд

21 Haziran 2019 Cuma

Günün əksi - 7.

Картинки по запросу жизнь прошла

Yay günlərində işə tələsmək lazım gəlmir, bu səbəbdən səhər evdən rahat çıxıb, rahat-rahat piyada gedirəm. Xoşdur bu cür gəzinti - küçələrə dolan səs-küy, əli torbalı-zənbilli evdar qadınlar, uşaqları arxalarıyca dartan gənc analar, avtomobillər, binalar, buludlar, ağaclar, quşlar - hər şey, hər şey həyatla dolu.

Qarşıma bir yaşlı qadın çıxır. Bədəni, ayaqları, qolları, qaməti yaşlı olduğunu göstərir, qadın yaxınlaşdıqca, üzündəki qırışları və baxışlarını görürəm - baxışları da bədəni kimi yaşlanmış, qocalmış... Qadının əynində parlaq çəhrayı kofta, ətəyi dizlərindən xeyli yuxarıda olan cins yubka var. Muncuqlu yay başmaqlarını tap-tap-tap asfalta vuraraq, yanımdan keçib gedir.

Nə qədər tragizm vardı bu görünüşdə... Sanki yanımdan bir insan tarixçəsi sivişib gözdən itdi. Qadın çəhrayı koftası, qısaətəkli yubkası ilə yaşına, həyatına üsyan edirdi - bu, yaşanmamış qadınlığın, sevilməmiş qadının üsyanı idi, gerçəkliklə, amansız zaman dəyişmələriylə barızmazlığı idi, yoxsa qoca bədənə gömülmüş gənclik ruhu və sevgi aclığı çəhrayı kofta və qısa yubkada təzahür etməzdi...


11 Mayıs 2019 Cumartesi

Günün əksi - 6.

Картинки по запросу пишем рассказ
Bu arada FB-də yazı fleşmobu təşkil etmək istədim. Özüm rusdilli FB məkanında keçirilən bir neçə yazarlıq (yazı sənəti) marafonunda iştirak etmişdim, bağlı yazar qruplarında iştirakçıların hamısı müəyyən mövzularda yazır, bir-birlərinin mətnlərini oxuyur, şərh edirdilər. Konstruktiv təhlil də vardı, tənqid isə yoxdu. Moderatorlar yazı sənətinə qədəm qoymuşlarla təcrübəli, peşəkar mətnçiləri heç nə ilə bir-birindən fərqləndirmirdilər, əsas meyar - yazılan mətn idi. Buna görə tənqid, mənfi şərhlər yasaqlanmışdı.

Çox gözəl ab-hava vardı bu marafonlarda. Virtual yazarlar sanki doğmalaşmışdı, hərəmiz bir ölkədən qatılmışdıq, marafonçular arasında Rusiyada, Azərbaycanda, İspaniya, Yunanıstanda, Fransada, Polşada, Macarıstanda yaşayanlar vardı, amma bizim hamımızı bir həvəs - yazmaq, mətn yaratmaq və bunun bir xoş nəticəsi kimi həyatımıza rəng qatmaq idi. Üstəlik, özgüvən də artırdı ☺
İştirak etdiyim marafonlardan ruhlanaraq, mən də yazı fleşmobu təşkil etmək coşqusu ilə FB-dəki səhifəmdə elan yerləşdirdim, iş haqqında müəyyən məlumat verdim. Güman edirdim ki, tez bir zamanda arzu edənlərdən ibarət fleşmob qrupu yarada biləcəm və başlayacağıq...

Lakin, təəssüf ki, bi ideyam gerçəkləşmədi, maraq doğurmadı. Ya mətn yazanların hamısı artıq öyrənmə limitinə çatmışdılar və öyrəniləsi və bölüşəcəyi heç nələri qalmamışdı, ya da mənim təqdimatım çiy və uğursuz idi. Hər halda, ikinci fikri üstün tuturam :)

Yazı marafonları, fleşmobları nə üçün səmərəli və lazımlıdır?

Nə qədər yazı yazsaq da, mətn tərtib etsək də, bəzən düşüncə və duyğu çərçivələrimizi genişləndirməyə ehtiyac yaranır. Həyat dinamikdir, mətnlər də həyatdan qaynaqlandığı üçün dinamik olmalı, yeniləşməlidir. İştirak etdiyim qruplarda ilk mətnini həmin marafonda yazanlar da vardı, bir neçə kitab nəşr etdirmiş müəlliflər də, amma hamı yeni nəsə öyrənməyə çalışırdı, çünki hər kəsin yeni nəfəsə, yeni baxışa, yeni ruhsal vəziyyətə, hələlik görmədiyi yeni üfüqlərə ehtiyacı vardı.
Bizim yazi sosiumunda isə bu ehtiyac hələ yaranmamışdır, düşünürəm.

1 Şubat 2019 Cuma

Miskin düsüncələrin meydanı


Картинки по запросу запутанные мысли
Bu arada İnterneti, və nadir hallarda yerli TV-kanalları izləyərkən, miskin düsüncənin qalib gəldiyini görürəm. Miskin düşüncəlilər vəzifəsindən, savad səviyyəsindən, sənətindən asılı olmayaraq, ortada meydan sulayırlar. Həmişə özünü, öz davranışını, fikirlərini, münasibətini dəyişməyi ağlına gətirməyən, fəqət ətraf mühiti özünün bəsit qəlibinə, arşınına uyğunlaşdırmaq (əslində "soxmaq" sözünü yazmaq keçir könlümdən ☺) istəyən insanlar məni mat qoymuşlar. Elələri həqiqətən özünün hər sözünün doğru, hər fikrinin danılmaz olduğunu sanır.

O gün bir səhnə işbazı TV-kanallarının birində İnterneti ləğv etmək fikrini elə bir coşqu ilə müdafiə edirdi ki, sanki bununla milli qəhrəman olacaq, adını tarixə salacaqdı. Adamın zahiri görkəmindən yemək-içmək iyi gəlirdi sanki, özünün də haqlı olduğuna yüz faiz əmindi. Onun fikrincə, əgər İnternet ləğv edilsə, ailələrdəki xəyanətlər azalacaq, insanları ailəsindən, mətbəxindən, qazanından yayındıracaq bir şey olmayacaqdı.

Nə üçün İnternet bəziləri üçün əxlaqsızlıq yuvasına, insanı çirkaba çəkən bir məkana çevrilmişdir? Bəlkə səbəb həmin çirkaba meyilli olan insanlardadır? Nədən İnternetin verdiyi möhtəşəm imkanlardan (ödənişsiz öyrədici kurslar, elektron kitab-qəzetlər, maraqlı filmlər və daha nələr-nələr) yararlanmaq əvəzinə, çirkab daha cəlbedicidir bəzilərinə? Miskin düşüncəlilər anlamır ki, İnternet olmasaydı da, çirkabsevərlər o çirkabı axtarıb-tapmağa davam edəcəkdilər, çünki bu, onların həyat fəlsəfəsi, dünyagörüşü, insanın maraq dairəsidir. Yeri gəlmişkən, gərək telefonları, TV-kanalları da ləğv edək bəlkə, çünki onlar da kimisə xəyanətə sövq edə bilər☺.

Bu arada neyroelm və psixolinqvistika sahəsinin rus sovet alimi, biologiya elmləri doktoru, professor Tatyana Çerniqovskaya (hər halda, bu nüfuzlu alimin fikirləri ilə razılaşmamaq olmaz) İnternetin ləğvi haqqında görək nə deyir:
“Biz tamamilə başqa dünyaya düşmüşük. Rəqəmsal gerçəklik artıq sosiumda seçilməyin əlamətidir. Əgər xəyal etsək ki, hansısa bir ölkə rəqəmsal dünyaya daxil ola bilmir, o zaman hesab etmək olar ki, o ölkə heç mövcud deyil, yoxdur. Həmin ölkədə insanlar səbət toxuyaraq, yaşaya  bilərlər, lakin onlar ümumi dünya fəaliyyətinin iştirakçıları ola bilməzlər”.

Yəni, dünya inkişaf edəcək, yeni elmlər, texnologiyalar, yeni müalicə üsulları, yeni avtomobillər, gəmilər və raketlər, yeni musiqi və ədəbiyyat yaranacaq, amma İnternetdən məhrum olmuşlar ibtidai insan səviyyəsində qalaraq, öz qazanı yanında səbət toxumaqla məşğul olacaqlar ki, təki kiminsə gözü kiminsə yatağında olmasın...

Səssiz fəryadlar (şeir)


Картинки по запросу страдания
Uşaqkən, ağrı hissini
Fəryadla, qışqırıqla bildiririk,
Kömək diləyirik böyüklərdən,
Inanırıq – ağrımızın çarəsi onlardadır.
Böyüdükcə, ağrımızı içimizə salırıq,
Içimizdə fəryad edib, bağırırıq,
Səsimiz çıxmır.
Daxilimizdəki təlatümdən,
Bizi əzən iblislərdən
Heç kimin xəbəri olmur.
Öyrəşirik içi fəryadlı yaşamağa –
Üzümüzdə təbəssüm,
Içimizdə - heç kimin eşitmədiyi qışqırtı...

Sima

Günün əksi - 5.

FB səhifələrində gəzişərkən, müəyyən mövzuda sorğularla, fikir bölüşməsi ilə rastlaşıram. Onların birində "Həyatda ən ağır itkiniz nə olub?" sualı verilmişdi. Cavab verənlər qadınlardı. Hərəsi öz ağrısı, acısı ilə virtual məkana gəlmiş, illərlə ürəklərində saxladıqları nisgili, kədəri statuslarda yazmışlar. Oxuduqca, sarsılıram...
*
4 il bundan qabaq anamı itirmişəm.
*
Əmimi, ondan öncə sevdiyimi həmişəlik itirmişəm.
*
Atamı, bir il sonra bacımı, 5 il sonra anamı itirmişəm.
*
Atamı itirəndə, həyat dayandı, sanmışdım.
*
Anamı itirdim, iki əlil qardaşım qaldı ortalıqda.
*
Atamı itirdim, 8 aydı inanmağım gəlmir hələ.
*
Anamı itirdim, dəfninə çatmadım, hələ də elə bilirəm ki, hardasa qarşıma çıxacaq, sən gəldin, deyəcək...
*
9 yaşlı uşağımın qan xərçəngi olduğunu bildim, həyat daha bir zərbə vurdu mənə.
*
Təxminən bir il əvvəl özümü itirmişdim, başqa birisiydim, bu zaman ərzində  ən saf hisslərim heyif oldu, artıq həyata başqa cür yanaşıram, həyat mənim üçün davam edir.
*
3 il əvvəl həyatımın 14 ilini itirdiyimi anladım.
*
10 yaşım vardı, atama çox bağlı idim, gözümün qabağında xəstəxanaya apardılar, geri  sağ dönmədi.
*
Atamı, anamı, qardaşlarımı, qohumlarımı itirdim, sonda hər şeyimi - canımı, qanımı, həyatımı, hər şeyimi, hərşeyim həyat yoldaşımı gənc yaşlarında itirdim. Bu zaman həyat bitdi mənümçün, dedim, amma bitmədi... Daha dözümlü oldum, çünki 3 yadigarı qalmışdı mənə, onları böyütməli idim...
*
Uşaqkən bibimə verildim. Beş yaşımda anam bildiyim bibim öldü,nənəm böyütdü məni. Sonra əsil ata-anamı tanıdım, onları da itirdim, nişanlandım - itirdim, şəhid oldu. Bacımı avtomobil qəzasında itirdim. Həyat nə qədər mənə zərbələr vurmuş...
*
7 yaşım olanda, böyük qardaşımı itirdim, 40 il keçib üstündən, hələ də o gün gözümün qabağındadır.
*
Özümdən kiçik qardaşımla əsirlikdə bir həftə qaldıq, 1990-cı ildə...

Картинки по запросу удары судьбы

30 Ocak 2019 Çarşamba

Günün şüarı

İstənilən xatirə kağıza yazılmağa layiqdir.
Rey Bredberi

Картинки по запросу творческий поток

Yazı artefaktları

Картинки по запросу творческий поток

Səmərəli yazı "dopinqləri" mövzusuna əlavə olaraq bəzi məqamları qeyd etmək istədim. Nəsə sosiumda belə bir fikir var ki, bədii mətn yazmaq üçün mütləq bir təkan, impuls olmalı, çiyninə ilham pərisi qonmalıdır :) Halbuki bütün yazı təlimçiləri və peşəkar yazarlar iddia edirlər ki, yazı yazmaq (söhbət ədəbi-bədii yaradıcılıqdan gedir) - bir vərdişdir. Bu fikirlə razıyam. Hansısa kitabda məsləhət oxumuşdum ki, yuxudan oyanan kimi kağız-qələmi götürüb yazmaq lazımdır. Nə haqda yazırsan yaz, əhəmiyyətli deyil, bu səhər yazıları sadəcə beyin məşqidir, nəticədə maraqlı bir mətn alınarsa - əla; alınmazsa, fikir axını, qarmaqarışıq hisslər, obrazlar, assosiasiyalar nə vaxtsa gələcək mətnlərin kərpiclərinə çevrilə bilər. Düzdür, mənim üçün səhər oyanıb yazı yazmaq hələki ağlasığmaz görünür, yəqin, bütün həyatını yazarlığa sərf edənlər və yazarlıqdan qazananlar hər səhər, yuxudan oyanan kimi, nəsə yaza bilər. Mənim qazancım, çörək pulum başqa sahədir, ona görə günümün çox hissəsini ona sərf edirəm, yazıya ancaq gecə saatları qalır.

Yazı artefaktı - mətn yazmağa ruhlandıran əşyalar, və ya fəaliyyətdir. Bu mövzunu araşdırarkən, öyrəndim ki, yazı halətinin artefaktları əksər insanlarda (qadın yazarlardan söhbət gedir, kişilərdə bəlkə nəsə fərqli ola bilər; anlayıram ki, gender ayrı-seçkiliyi edirəm, amma fərqli ruh və psixologiyamız olduğunu danmayaq) oxşardır. Bunlara aiddir:
- sevdiyin insanla ünsiyyət
- gəzinti - təbiətin qoynunda, gecə gəzintisi, qarda-yağışda və s.
- təklik, susqunluq
- ətirlər
- şərab, çay, qəhvə içmək
- musiqi (dinləmək, rəqs etmək, mahnı oxumaq)
- şirniyyat - unlu bişmələr, şokolad və s.
- maraqlı kitablar, filmlər
- idmanla məşğul olmaq
- səyahət etmək
- suyun, dənizin səsi
- hava şəraiti - günəşli gün, yağış, külək və s.
- ən əsası isə bəyəndiyin, sevdiyin insanı qucaqlayıb öpmək, onun istisini, ətrini duymaq.
- aşıq olmaq, sevdiyin insanla intim əlaqə.

Yuxarıda sadalananlar yazarı yazmağa şövq edir, həm enerji verir, həm fikirləri nizamlayır, həm orqanizmin tonusunu bərpa edir - razılaşın ki, mətn yazmaq insandan təşkillənməyi, nizamı, enerjini tələb edir. Bəs sizin yazı artefaktlarınız hansılardır?

Səmərəli yazı "dopinqləri"

Картинки по запросу творческий поток

Dopinq - fəaliyyəti gücləndirən maddələrdir. Təbii ki, mən tibbi dopinqlərdən, hansısa kimya dolu enerji içkilərindən danışmıram. Mənim dediyim "dopinq" - yazı fəaliyyətinə müsbət təsir edən vasitələrdir. Hər kəsin öz vərdişi və dəyər verdiyi nələrsə vardır ki, onlar olmasa, yazı (və ümumilikdə orqanizmin) enerjisini bərpa etmək çətin olur. Öz təcrübəmdən deyim ki, yazı yazarkən, prosesə elə aludə oluram ki, sanki gerçəklikdən çıxıram, yəni cismani gerçəklikdəyəmsə, xəyalən, ruhən - yazımın içindəyəm. Yaradıcı axına qərq olduğumu bəzi əlamətlərdən yaxşı anlayıram:
- barmaqlar sürətlə çap edir, fikri qaçırtmamaq, itirməmək üçün tələsir;
- yazı müəyyən ritmdə yazılır, özüm də fərq etdiyim bir halətdə (bəlkə də bunu ilhamlanmaq, cuşa gəlmək adlandırardım) oluram;
- dəqiqələr, saatlar bir an içində, göz qırpımında keçir;
- aclıq, yuxusuzluq hissi olmur;
- yazı prosesində yorulmursan;
- sanki qanadlanıb uçursan... :)

Bəs enerji tükənəndə, nə etməli? Axı orqanizmin resursları tükənməz deyil. Uzunmüddət yazmaq üçün enerji və orqanizmin özü bərpa olunmalıdır. Hər kəs müəyyən, ona xoş olan nələrdənsə ilhamlanır, enerji balansını bərpa edir, yorğunluğunu çıxarır. Mənim üçün enerjimin bərpasında önəmli olanlar bunlardır: etnik musiqi (zərb alətlərinin səsini sevirəm); təzə dəmlənmiş çay və ya qəhvə, yuxu, sakitlik, piyada gəzinti, təbiət mənzərələrinin fotosunu çəkmək, mənə xoş olan, sevdiyim insanlarla üz-üzə oturub söhbət etmək.