Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
30 Ocak 2019 Çarşamba
Yazı artefaktları
Səmərəli yazı "dopinqləri" mövzusuna əlavə olaraq bəzi məqamları qeyd etmək istədim. Nəsə sosiumda belə bir fikir var ki, bədii mətn yazmaq üçün mütləq bir təkan, impuls olmalı, çiyninə ilham pərisi qonmalıdır :) Halbuki bütün yazı təlimçiləri və peşəkar yazarlar iddia edirlər ki, yazı yazmaq (söhbət ədəbi-bədii yaradıcılıqdan gedir) - bir vərdişdir. Bu fikirlə razıyam. Hansısa kitabda məsləhət oxumuşdum ki, yuxudan oyanan kimi kağız-qələmi götürüb yazmaq lazımdır. Nə haqda yazırsan yaz, əhəmiyyətli deyil, bu səhər yazıları sadəcə beyin məşqidir, nəticədə maraqlı bir mətn alınarsa - əla; alınmazsa, fikir axını, qarmaqarışıq hisslər, obrazlar, assosiasiyalar nə vaxtsa gələcək mətnlərin kərpiclərinə çevrilə bilər. Düzdür, mənim üçün səhər oyanıb yazı yazmaq hələki ağlasığmaz görünür, yəqin, bütün həyatını yazarlığa sərf edənlər və yazarlıqdan qazananlar hər səhər, yuxudan oyanan kimi, nəsə yaza bilər. Mənim qazancım, çörək pulum başqa sahədir, ona görə günümün çox hissəsini ona sərf edirəm, yazıya ancaq gecə saatları qalır.
Yazı artefaktı - mətn yazmağa ruhlandıran əşyalar, və ya fəaliyyətdir. Bu mövzunu araşdırarkən, öyrəndim ki, yazı halətinin artefaktları əksər insanlarda (qadın yazarlardan söhbət gedir, kişilərdə bəlkə nəsə fərqli ola bilər; anlayıram ki, gender ayrı-seçkiliyi edirəm, amma fərqli ruh və psixologiyamız olduğunu danmayaq) oxşardır. Bunlara aiddir:
- sevdiyin insanla ünsiyyət
- gəzinti - təbiətin qoynunda, gecə gəzintisi, qarda-yağışda və s.
- təklik, susqunluq
- ətirlər
- şərab, çay, qəhvə içmək
- musiqi (dinləmək, rəqs etmək, mahnı oxumaq)
- şirniyyat - unlu bişmələr, şokolad və s.
- maraqlı kitablar, filmlər
- idmanla məşğul olmaq
- səyahət etmək
- suyun, dənizin səsi
- hava şəraiti - günəşli gün, yağış, külək və s.
- ən əsası isə bəyəndiyin, sevdiyin insanı qucaqlayıb öpmək, onun istisini, ətrini duymaq.
- aşıq olmaq, sevdiyin insanla intim əlaqə.
Yuxarıda sadalananlar yazarı yazmağa şövq edir, həm enerji verir, həm fikirləri nizamlayır, həm orqanizmin tonusunu bərpa edir - razılaşın ki, mətn yazmaq insandan təşkillənməyi, nizamı, enerjini tələb edir. Bəs sizin yazı artefaktlarınız hansılardır?
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder