1 Şubat 2019 Cuma

Miskin düsüncələrin meydanı


Картинки по запросу запутанные мысли
Bu arada İnterneti, və nadir hallarda yerli TV-kanalları izləyərkən, miskin düsüncənin qalib gəldiyini görürəm. Miskin düşüncəlilər vəzifəsindən, savad səviyyəsindən, sənətindən asılı olmayaraq, ortada meydan sulayırlar. Həmişə özünü, öz davranışını, fikirlərini, münasibətini dəyişməyi ağlına gətirməyən, fəqət ətraf mühiti özünün bəsit qəlibinə, arşınına uyğunlaşdırmaq (əslində "soxmaq" sözünü yazmaq keçir könlümdən ☺) istəyən insanlar məni mat qoymuşlar. Elələri həqiqətən özünün hər sözünün doğru, hər fikrinin danılmaz olduğunu sanır.

O gün bir səhnə işbazı TV-kanallarının birində İnterneti ləğv etmək fikrini elə bir coşqu ilə müdafiə edirdi ki, sanki bununla milli qəhrəman olacaq, adını tarixə salacaqdı. Adamın zahiri görkəmindən yemək-içmək iyi gəlirdi sanki, özünün də haqlı olduğuna yüz faiz əmindi. Onun fikrincə, əgər İnternet ləğv edilsə, ailələrdəki xəyanətlər azalacaq, insanları ailəsindən, mətbəxindən, qazanından yayındıracaq bir şey olmayacaqdı.

Nə üçün İnternet bəziləri üçün əxlaqsızlıq yuvasına, insanı çirkaba çəkən bir məkana çevrilmişdir? Bəlkə səbəb həmin çirkaba meyilli olan insanlardadır? Nədən İnternetin verdiyi möhtəşəm imkanlardan (ödənişsiz öyrədici kurslar, elektron kitab-qəzetlər, maraqlı filmlər və daha nələr-nələr) yararlanmaq əvəzinə, çirkab daha cəlbedicidir bəzilərinə? Miskin düşüncəlilər anlamır ki, İnternet olmasaydı da, çirkabsevərlər o çirkabı axtarıb-tapmağa davam edəcəkdilər, çünki bu, onların həyat fəlsəfəsi, dünyagörüşü, insanın maraq dairəsidir. Yeri gəlmişkən, gərək telefonları, TV-kanalları da ləğv edək bəlkə, çünki onlar da kimisə xəyanətə sövq edə bilər☺.

Bu arada neyroelm və psixolinqvistika sahəsinin rus sovet alimi, biologiya elmləri doktoru, professor Tatyana Çerniqovskaya (hər halda, bu nüfuzlu alimin fikirləri ilə razılaşmamaq olmaz) İnternetin ləğvi haqqında görək nə deyir:
“Biz tamamilə başqa dünyaya düşmüşük. Rəqəmsal gerçəklik artıq sosiumda seçilməyin əlamətidir. Əgər xəyal etsək ki, hansısa bir ölkə rəqəmsal dünyaya daxil ola bilmir, o zaman hesab etmək olar ki, o ölkə heç mövcud deyil, yoxdur. Həmin ölkədə insanlar səbət toxuyaraq, yaşaya  bilərlər, lakin onlar ümumi dünya fəaliyyətinin iştirakçıları ola bilməzlər”.

Yəni, dünya inkişaf edəcək, yeni elmlər, texnologiyalar, yeni müalicə üsulları, yeni avtomobillər, gəmilər və raketlər, yeni musiqi və ədəbiyyat yaranacaq, amma İnternetdən məhrum olmuşlar ibtidai insan səviyyəsində qalaraq, öz qazanı yanında səbət toxumaqla məşğul olacaqlar ki, təki kiminsə gözü kiminsə yatağında olmasın...

Səssiz fəryadlar (şeir)


Картинки по запросу страдания
Uşaqkən, ağrı hissini
Fəryadla, qışqırıqla bildiririk,
Kömək diləyirik böyüklərdən,
Inanırıq – ağrımızın çarəsi onlardadır.
Böyüdükcə, ağrımızı içimizə salırıq,
Içimizdə fəryad edib, bağırırıq,
Səsimiz çıxmır.
Daxilimizdəki təlatümdən,
Bizi əzən iblislərdən
Heç kimin xəbəri olmur.
Öyrəşirik içi fəryadlı yaşamağa –
Üzümüzdə təbəssüm,
Içimizdə - heç kimin eşitmədiyi qışqırtı...

Sima

Günün əksi - 5.

FB səhifələrində gəzişərkən, müəyyən mövzuda sorğularla, fikir bölüşməsi ilə rastlaşıram. Onların birində "Həyatda ən ağır itkiniz nə olub?" sualı verilmişdi. Cavab verənlər qadınlardı. Hərəsi öz ağrısı, acısı ilə virtual məkana gəlmiş, illərlə ürəklərində saxladıqları nisgili, kədəri statuslarda yazmışlar. Oxuduqca, sarsılıram...
*
4 il bundan qabaq anamı itirmişəm.
*
Əmimi, ondan öncə sevdiyimi həmişəlik itirmişəm.
*
Atamı, bir il sonra bacımı, 5 il sonra anamı itirmişəm.
*
Atamı itirəndə, həyat dayandı, sanmışdım.
*
Anamı itirdim, iki əlil qardaşım qaldı ortalıqda.
*
Atamı itirdim, 8 aydı inanmağım gəlmir hələ.
*
Anamı itirdim, dəfninə çatmadım, hələ də elə bilirəm ki, hardasa qarşıma çıxacaq, sən gəldin, deyəcək...
*
9 yaşlı uşağımın qan xərçəngi olduğunu bildim, həyat daha bir zərbə vurdu mənə.
*
Təxminən bir il əvvəl özümü itirmişdim, başqa birisiydim, bu zaman ərzində  ən saf hisslərim heyif oldu, artıq həyata başqa cür yanaşıram, həyat mənim üçün davam edir.
*
3 il əvvəl həyatımın 14 ilini itirdiyimi anladım.
*
10 yaşım vardı, atama çox bağlı idim, gözümün qabağında xəstəxanaya apardılar, geri  sağ dönmədi.
*
Atamı, anamı, qardaşlarımı, qohumlarımı itirdim, sonda hər şeyimi - canımı, qanımı, həyatımı, hər şeyimi, hərşeyim həyat yoldaşımı gənc yaşlarında itirdim. Bu zaman həyat bitdi mənümçün, dedim, amma bitmədi... Daha dözümlü oldum, çünki 3 yadigarı qalmışdı mənə, onları böyütməli idim...
*
Uşaqkən bibimə verildim. Beş yaşımda anam bildiyim bibim öldü,nənəm böyütdü məni. Sonra əsil ata-anamı tanıdım, onları da itirdim, nişanlandım - itirdim, şəhid oldu. Bacımı avtomobil qəzasında itirdim. Həyat nə qədər mənə zərbələr vurmuş...
*
7 yaşım olanda, böyük qardaşımı itirdim, 40 il keçib üstündən, hələ də o gün gözümün qabağındadır.
*
Özümdən kiçik qardaşımla əsirlikdə bir həftə qaldıq, 1990-cı ildə...

Картинки по запросу удары судьбы