1 Şubat 2019 Cuma

Miskin düsüncələrin meydanı


Картинки по запросу запутанные мысли
Bu arada İnterneti, və nadir hallarda yerli TV-kanalları izləyərkən, miskin düsüncənin qalib gəldiyini görürəm. Miskin düşüncəlilər vəzifəsindən, savad səviyyəsindən, sənətindən asılı olmayaraq, ortada meydan sulayırlar. Həmişə özünü, öz davranışını, fikirlərini, münasibətini dəyişməyi ağlına gətirməyən, fəqət ətraf mühiti özünün bəsit qəlibinə, arşınına uyğunlaşdırmaq (əslində "soxmaq" sözünü yazmaq keçir könlümdən ☺) istəyən insanlar məni mat qoymuşlar. Elələri həqiqətən özünün hər sözünün doğru, hər fikrinin danılmaz olduğunu sanır.

O gün bir səhnə işbazı TV-kanallarının birində İnterneti ləğv etmək fikrini elə bir coşqu ilə müdafiə edirdi ki, sanki bununla milli qəhrəman olacaq, adını tarixə salacaqdı. Adamın zahiri görkəmindən yemək-içmək iyi gəlirdi sanki, özünün də haqlı olduğuna yüz faiz əmindi. Onun fikrincə, əgər İnternet ləğv edilsə, ailələrdəki xəyanətlər azalacaq, insanları ailəsindən, mətbəxindən, qazanından yayındıracaq bir şey olmayacaqdı.

Nə üçün İnternet bəziləri üçün əxlaqsızlıq yuvasına, insanı çirkaba çəkən bir məkana çevrilmişdir? Bəlkə səbəb həmin çirkaba meyilli olan insanlardadır? Nədən İnternetin verdiyi möhtəşəm imkanlardan (ödənişsiz öyrədici kurslar, elektron kitab-qəzetlər, maraqlı filmlər və daha nələr-nələr) yararlanmaq əvəzinə, çirkab daha cəlbedicidir bəzilərinə? Miskin düşüncəlilər anlamır ki, İnternet olmasaydı da, çirkabsevərlər o çirkabı axtarıb-tapmağa davam edəcəkdilər, çünki bu, onların həyat fəlsəfəsi, dünyagörüşü, insanın maraq dairəsidir. Yeri gəlmişkən, gərək telefonları, TV-kanalları da ləğv edək bəlkə, çünki onlar da kimisə xəyanətə sövq edə bilər☺.

Bu arada neyroelm və psixolinqvistika sahəsinin rus sovet alimi, biologiya elmləri doktoru, professor Tatyana Çerniqovskaya (hər halda, bu nüfuzlu alimin fikirləri ilə razılaşmamaq olmaz) İnternetin ləğvi haqqında görək nə deyir:
“Biz tamamilə başqa dünyaya düşmüşük. Rəqəmsal gerçəklik artıq sosiumda seçilməyin əlamətidir. Əgər xəyal etsək ki, hansısa bir ölkə rəqəmsal dünyaya daxil ola bilmir, o zaman hesab etmək olar ki, o ölkə heç mövcud deyil, yoxdur. Həmin ölkədə insanlar səbət toxuyaraq, yaşaya  bilərlər, lakin onlar ümumi dünya fəaliyyətinin iştirakçıları ola bilməzlər”.

Yəni, dünya inkişaf edəcək, yeni elmlər, texnologiyalar, yeni müalicə üsulları, yeni avtomobillər, gəmilər və raketlər, yeni musiqi və ədəbiyyat yaranacaq, amma İnternetdən məhrum olmuşlar ibtidai insan səviyyəsində qalaraq, öz qazanı yanında səbət toxumaqla məşğul olacaqlar ki, təki kiminsə gözü kiminsə yatağında olmasın...

Hiç yorum yok:

Yorum Gönder