17 Haziran 2022 Cuma

Ümid Nəccarinin tərcüməsində Füruğ Fərruxzaddan (İran) bir şeir

 

Bir payız olaydım kaş,

payız təki həzin və sönük.

Arzu yarpaqlarım bir-bir saralmış,

Gözlərimin günəşi soyuq,

Sinəmin göyü dərddən dolu...

Birdən kədər fırtınası salaydı canıma caynağını

Göz yaşlarım yağmur kimi rəngləyərdi ətəyimi.

Ah... nə gözəldir,

əgər payız olsaydım...

Sevinc Elsevərdən bir şeir. Qarışqalar

 


Kədərli evlərə

hücum çəkər qarışqalar,

kədərli və yoxsul evləri işğal edərlər.

Kədərli uşaqların şəkərlərinə daraşarlar

tənha və yorğun qocaların

sandığına doluşarlar.

Xəstələrin yuxusuna

unudulmuş ölülərin,

qəriblərin məzarına

yığışarlar.

Şirini sevməkləri yalandır

dərdi, acını axtarıb taparlar hər yerdə qarışqalar...

16 Haziran 2022 Perşembe

Günün əksi


 "Neftçilər"dən gəlirdim. İnsanlar laqeyd halda dükanlar arasında gedirdilər, hərənin öz dərdi-səri vardı. Arxamdan bir səs eşitdim:

- Bura haradır? Mən bazara getməliyəm! Haradır, deyin də!

Arxama dönüb baxdım - bazara getmək istəyən ağbaş qoca kişinin gözündə qara eynək, əlində kor çubuğu vardı. Kişi qamətini düz saxlamağa çalışaraq, əlindəki çubuqla asfaltı döyəcləyə-döyəcləyə irəliləyirdi.

- Bazar uzaqdadır, piyada gedə bilməyəcəksiniz, - dedim.

- Avtobusla gedərəm! - Hər ikimiz yolumuza davam edə-edə danışırdıq, mən bir az irəlidə, kişiyə tərəf yarıdönmüş halda, kişi - məndən arxada, inamlı addımlarla.

- Avtobusa minmək üçün gərək metro keçidiylə yolun o biri tərəfinə keçəsiniz.

- Metroda nə işim var! Yolun üstü ilə keçəcəm!

- Necə keçərsiz? Maşın sizi vuracaq!

- Cəhənnəmə vursun! Bəlkə canım bu həyatdan qurtardı! İki faiz görürəm, lənətə gəlmiş həkimlər məni kor etdi!

Kişi çubuğunu yerə vura-vura gedirdi...


Müşahidə etdi: Sima

Tərcüməm. Patrik Züskind. Qumru (davamı)

 


Günün ikinci yarısını İonatan dərd və qəzəb içində keçirtdi.  O, bankın qarşısında, ən yuxarı pillədə, sütuna yaxın yerdə dayanmışdı, amma sütuna söykənmirdi, zəifliyinə tabe olmaq istəmirdi.  Sütuna söykənmək çətin idi, bunun üçün gərək əllərini arxada cütləyəsən, bu da mümkün deyildi, çünki İonatanın sol əli deşikli budundan aşağı sallanıb deşiyi gizlədirdi. Müvazinətini saxlamaq üçün o, ayaqlarını çox aralı açmışdı, gənc mühafizəçilərin duruşu kimi nifrət etdiyi şəkildə dayanmalı olmuşdu. Hiss etdi ki, onurğası əyilir, dik və sərbəst saxladığı boynu isə çiyinləri arasına düşür, başı papaqla bərabər aşağı enir və günlük altından baxışı qəzəbli və şübhəli görünür, üzündə digər gözətçilərdə nifrət etdiyi qaraqabaq ifadə yaranır. İonatana elə gəlirdi ki, şikəstdir, gözətçiyə karikaturadır, özünün təhrif olunmuş təsviridir. O, bu saat özünə nifrət edirdi. Özü-özünə nifrəti elə aşıb-daşırdı ki, dərisindən çıxmağa hazır idi, çünki hər yeri qaşınırdı, dərisinin hər məsaməsindən tər axırdı, geyimi bədəninə ikinci dəri kimi yapışırdı. Geyimin bədənə yapışmadığı yerdə də, dəri ilə paltarı arasında bir az hava olan yerlərdə: baldırlarında, qoltuq altında, hülqumunun altındakı çökəklikdə...dəhşətli qaşınma vardı, çünki tər iri damlalarla çökəklikdən axırdı, məhz buranı İonatan qaşımaq istəmirdi, özünə yüngüllük gətirmək istəmirdi, çünki bu, onun ümumi dərdinə kömək edə bilməyəcəkdi, əksinə, gülünc vəziyyətə salacaqdı. İndi İonatan dərd çəkmək istəyirdi. Nə qədər dərdi böyük olsaydı, daha yaxşı idi. Dərd onun nifrətini və qəzəbini gücləndirirdi və onlara bəraət qazandırırdı, eyni zamanda nifrət və qəzəb dərdini artırırdı, çünki onlar qanı həyəcanlandırır və dəridən yeni tər dalğalarını sıxışdırıb çıxarırdı. İonatanın üzü islanmışdı, çənəsindən və saçlarından tər damırdı, papağının kənarı şişmiş alnını kəsirdi. Lakin o, bir anlıq da papağı çıxartmaq istəmirdi. Papaq buxar qazanının qapağı kimi, İonatanın başında qalmalı, başı partlayana qədər dəmir halqa kimi gicgahlarını sıxmalıdır. İztirablarını azaltmaq üçün heç nə etmək istəmirdi. O, tərpənməz halda saatlarla dayandı. Yalnız hiss edirdi ki, onurğası, çiyinləri, boynu və başı necə əyilir, bədəni iyrənc  şəkildə necə bükülür.

Tərcüməm. Patrik Züskind. Qumru (davamı)

 

Düz saat 8-15-də İonatan bankda peyda oldu, - direktor müavini müsyö Vilman və baş xəzinədar madam Rokdan beş dəqiqə əvvəl. Onlar əsas portalı birgə açdılar: İonatan açılıb-yığılan xarici barmaqlığı, madam Rok – xarici zirehli şüşə qapını, müsyö Vilman – daxili zirehli şüşə qapını. Sonra İonatan və müsyö Vilman  siqnal sistemini söndürdülər, İonatan və madam Rok zirzəmi mərtəbəsinin odadavamlı ikiqat qapısını açdılar, madam Rok və müsyö Vilman zirzəmiyə düşüb bir-birini əvəz edən açarlarla saxlanc yerini açdılar. Ayaqyolu yanındakı  tikilidə çamadanı, çətiri və qış paltosunu artıq gizlətmiş İonatan daxili zirehli şüşə qapının yanında dayanıb işə gələn işçiləri  içəri buraxırdı, iki düyməni növbə ilə basırdı, onlardan biri avtomatik şəkildə xarici, o birisi isə daxili zirehli şüşə qapını açırdı. 8-45-də bütün işçilər gəlmişdilər, hər kəs pəncərə önündə, kassa zalında və ya kabinetlərdəki iş yerində idi, İonatan bankdan çıxıb əsas portalın qarşısındakı mərmər pillələrdə öz yerini tutdu. Onun əsas işi elə bu idi.  

Tərcüməm. Patrik Züskind. Qumru (davamı)

 


Pillələri düşə-düşə İonatan sakitləşirdi. Üçüncü mərtəbənin meydançasında, tər axıda-axıda birdən ağlına gəldi ki, hələ də əynində qış paltosu, şərf və içi tüklü çəkmələr var. İstənilən an aşağıdakı bahalı mənzillərdən bazarlıq etməyə gedən xidmətçi qadın, və ya boş şərab şüşələrini pilləkənə düzməyi sevən müsyö Riqo, və ya madam Lassalın özü çıxa bilərdi, madam çox tez yuxudan oyanır, yəqin indi oyaqdır, bütün mərtəbə onun səhər qəhvəsinin şirnikdirici ətri ilə dolmuşdur... Birdən madam Lassal mətbəx qapısını açıb pilləkəndə  qəribə qış geyimindəki İonatanı gördü? Amma indi axı avqust ayıdır, günəş adamı yandırır... O zaman İonatan madam Lassala nəsə izah etməliydi. Yalan deməliydi, amma nə desin? İonatanın indiki görünüşünə ağlabatan izah yoxdu. Elə biləcəklər ki, o dəli olub. Bəlkə də həqiqətən dəli olmuşdu.

Tərcüməm. Patrik Züskind. Qumru

 


İonatan Noeli yeknəsək həyatdan qoparan qəza - qumru əhvalatı baş verəndə, onun yaşı əllini keçmişdi, son iyirmi ilini o, tamamilə hadisələrsiz yaşamışdı, və ağlına da gətirmirdi ki, ölümdən başqa onun həyatında maraqlı nəsə baş verə. Bu cür həyatdan Noel  məmnun idi, o, hadisələrə nifrət edirdi, çünki bu zaman daxili tarazlıq pozulur və həyat hərc-mərcliklə dolurdu.

6 Haziran 2022 Pazartesi

Çarlz Bukovski. Faktotum



 "İnsana ümiddən başqa bir şey lazım deyil. Ümidini itirəndə, mərdliyini itirirsən, qolların yanına düşür. Xatırlayıram, Nyu-Orleanda  yaşayarkən, elə olurdu ki, bir neçə həftə ərzində yalnız iki ədəd ucuz  karamel ilə qidalanırdım ki, heç yerdə işləməyim və yazılarımı yazım. Bədbəxtlikdən, aclıq hissi yaradıcılığa dəstək olmur, əksinə, mane olur. İnsan ruhunun kökü mədəsindədir. Dahiyanə əsər yalnız ləzzətli bifşteks yeyib, üstündən bir pint əla viski içəndən sonra yaranır. Ucuz konfet yeməklə maraqlı heç nə yazmaq olmaz. Ac sənətkar haqqında mif ağ yalandır.  Və dərk edəndə ki, ətrafındakı hər şey  yalandır, müdrikləşirsən və çevrəndəki insanları doğrayıb tökməyə başlayırsan..."


Çevirdi: Sima