Nəhayət ki, çoxdan oxumaq istədiyim, rəfdə küskün vəziyyətdə
qalıb oxunmasını gözləyən kitaba vaxt ayırdım. Oxudum. Və oxuya sərf etdiyim
iki günə zərrə qədər də heyifsilənmədim. Həqiqətən, bu kitabı oxumağa dəyərmiş.
Süjet bir qədər hind filmlərini xatırlasa da (bir yerdə böyümüş iki oğlan, həyatın
zərbələri nəticəsində yolları ayrılmış dostlar və sonda onların bir birinə doğma
qardaş olması faktı), “Çərpələng
uçuranlar” həyəcanla dolu, nəfəskəsici dramatik bir romandır.
Xaled Xosseyni, əfqan mənşəli Amerika yazıçısı müasir dünya ədəbiyyatında
öz layiqli yerini tutan əsər yazmağa nail olmuşdur. Səhifələri oxuduqca, gərginlik
artır, hiss edirsən – bax, indi nəsə sarsıdıcı bir hadisə baş verəcək. Bu,
daşlı-kəsəkli cığırla dağa çıxmaq kimidir: gedirsen, gedirsən, qəfildən
ayağının altından çıxan bir daş səni silkələyərək daha diqqətli olmağa, hər
addımını ehtiyatla ataraq, yeriməyə vadar edir.