22 Ocak 2013 Salı

“Sənin xətrinə min dəfə...”


Nəhayət ki, çoxdan oxumaq istədiyim, rəfdə küskün vəziyyətdə qalıb oxunmasını gözləyən kitaba vaxt ayırdım. Oxudum. Və oxuya sərf etdiyim iki günə zərrə qədər də heyifsilənmədim. Həqiqətən, bu kitabı oxumağa dəyərmiş. Süjet bir qədər hind filmlərini xatırlasa da (bir yerdə böyümüş iki oğlan, həyatın zərbələri nəticəsində yolları ayrılmış dostlar və sonda onların bir birinə doğma qardaş olması  faktı), “Çərpələng uçuranlar” həyəcanla dolu, nəfəskəsici dramatik bir romandır.
Xaled Xosseyni, əfqan mənşəli Amerika yazıçısı müasir dünya ədəbiyyatında öz layiqli yerini tutan əsər yazmağa nail olmuşdur. Səhifələri oxuduqca, gərginlik artır, hiss edirsən – bax, indi nəsə sarsıdıcı bir hadisə baş verəcək. Bu, daşlı-kəsəkli cığırla dağa çıxmaq kimidir: gedirsen, gedirsən, qəfildən ayağının altından çıxan bir daş səni silkələyərək daha diqqətli olmağa, hər addımını ehtiyatla ataraq, yeriməyə vadar edir.
Romanın əsas qəhrəmanları  Əmir və Həsəni anasızlıq birləşdirsə də, sosial mənşə, milliyyət, həyat tərzi ayırır. Həsən Əmirin dostu, həm də nökəridir, amma bu nökərlik dost xatirinə, saf dostluq naminə edilən xidmətdir, Həsənin Əmirə xidməti qardaşın qardaşa etdiyi kömək, olduğu dayaq kimi ürəkdən gələn bir addımdır, çünki bu münasibətin zəminində qardaş sevgisi durur.
Əmirin atası Baba Həsənin də atası imiş, bu fakt sonda açılır. Bu fakta qədər Əmir nədənsə Babanı Həsənə qısqanır; Əmirə elə gəlir ki, Baba onu sevmir, Həsənə meyl edir. Hərçənd Baba hər iki oğlunu sevir, sadəcə o görür ki, Əmir başqa tip uşaqdı – daha kövrək, həssas, ədəbiyyata meylli bir uşaq, amma ayıboğan Baba Əmiri comərd, mətin, əsil kişi kimi mübariz görmək istəyirdi.
Əsər boyu Əmir daim həyatın sərtlikləri ilə rastlaşır, sanki həyat onu çıxılmaz vəziyyətlərə salıb sarsıtmaqla onu möhkəmləndirmək, codlaşdırmaq istəyir. Əzazil Asəfin qarşısında özünü qorumaq və xilas olmaq üçün bir yerdə böyüdüyü, oynadığı, kitab oxuduğu, qardaşı saydığı  Həsəni  Əmir satır – “o mənim dostum deyil! Nökərimdir!”  - deyir. Əmirin əsil bir kişi kimi yetişməsi üçün çox hadisələr baş verməli olur, o, çox sınaqlardan üzüqara çıxır və özünün zəifliyini anlayaraq, illərlə vicdan əzabı çəkir.  
Həsən, zəif balaca nökər, sonadək mübarizə etməyə hazırdır və Əmiri qorumaq üçün öz şərəfini ayaqlar altına atmağa məcbur olur, lakin o, mükafat çərpələngi əlindən buraxmır, “sənin xətrinə min dəfə...” pıçıldayaraq, dostu naminə ölümə də hazır olduğunu göstərir.
Müəllif müharibənin Əfqanıstan torpağında törətdiyi faciələrdən ürək ağrısı ilə yazır. Uşaq çox, uşaqlıq az olan ölkədə müharibənin gətirdiyi xaosda ən böyük qurbanları uşaqlar verir. Kimsəsiz yetim uşaqları  yedizdirmək üçün yetimxana direktoru uşaqları bığıburma kişilərə satmağa məcburdu. Uşaq alverindən qazanan pulla direktor digər uşaqlara çörək alır, və hər kəs bilir ki, sabah başqa bir balaca qız ya oğlan əqidəsi pozğun insanların satın aldığı əyləncəsinə çevriləcək.
Uşaqlarını aclıqdan qurtarmaq üçün öz protezini satan əlil, zina etmiş qadınla kişinin futbol meydançasında daş-qalaq edilməsi, zorbazların qarşısında meymun kimi əzilib-büzülərək rəqs edən oğlan uşağı... Bunların hamısı sanki fantastik filmdən görüntülər, yad həyatın gerçək əksidir. İnanılmazdır ki, 2-3 saatlıq məsafədə, qonşu ölkədə tamam başqa həyatdır –20-ci əsrin müasir həyatı, Əfqanıstanda isə sanki zaman dayanmış, insanlar vəhşiləşmişlər. Bu, 25 ildən sonra Əmirin Əfqanıstanda gördükləridir.
Lakin bu görüntülərə qədər Əmir dəfələrlə özünü zəif, qorxaq oğlan kimi göstərir, axı Babanın sevgisinin qiyməti bahadır, Həsən də bu sevginin qurbanı olur. Vicdan əzabından qurtulmaq üçün Əmir Həsəni oğurluqda günahlandırır, Həsən Əmirin yalançı olduğunu bildirməmək üçün Babanın evini tərk edir. Adi, savadsız kasıb uşaq özünü üstün sayan Əmirə əsil insanlıq və nəciblik dərsi keçir və bununla da Əmrin vicdan əzablarını daha da dərinləşdirir.
Babanın bir sözü vardı: ən ağır günah oğurluqdur. Fərqi yoxdur, həyatını qorumaq üçün oğurluq edirsən, ya bir tikə çörəkdən ötrü. Yalançı – başqasının həqiqəti bilmək haqqını əlindən alır. Əsərdəki hadisələr sonradan göstərir ki, Babanın gizli günahları bilavasitə Əmirin həyatına təsir etməkdədir, əbəs yerə deyilmir ki, atanın mirası ilə onun yuyulmamış  günahları da sənindir...
Əmir  bu günahları necə yuyur? Romanı oxuyun və bir gəncin öz insanlıq borcunu yerinə yetirməsinə sevinin... 

Hiç yorum yok:

Yorum Gönder