26 Aralık 2016 Pazartesi

"Mətbəx yazıları" silsiləsindən

Nə vaxtdan bəri mətbəxdə oturub  yazılarımla, noutbuk və internetlə təkbətək qalmağı sevmişəm. Yəqin bu, kiçik, yığcam məkanları sevməkdən irəli gəlir, düşünürəm. Nəhəng zalları, gepgeniş otaqları, ucu-bucağı bilinməyən dar dəhlizləri sevmədim heç  vaxt. Elə yerlərdə özümü narahat, yolunu azmış bir qarışqa kimi hiss edirəm nədənsə...

Mətbəx – adi, standart ölçülü və standart avadanlıqlı bir yerdir. Bişirilən yeməklərin, danışılan söhbətlərin, sınan qab-qacağın izləri hopub divarlara sanki. İldə bir neçə dəfə tavandan döşəməyə qədər sürtülüb təmizlənər, dezinfeksiya edilər,  hər həftə də əsaslı yuyular.

Əvvəllər mətbəxin tavanından sanki süd hopmuş şüşə plafon asılmışdı, plafonun altında gizlənən lampa mətbəxə utanırmış kimi zəif işıq saçırdı. “Bu nədi axı, bu nə işıqdı, heç nə görmürəm...” – deyinərdim bəzən, amma lampa və plafon illərlə dəyişməz şəkildə yuxarıdan sallanırdı. Onlar sallanmaqda, mən deyinməkdə zaman-zaman...