21 Haziran 2014 Cumartesi

Kədər

Kədər
Gümüş tellərlə ürəyi tora bürüyür,
Qara döngələrdə xatirələr çürüyür,
Nədən özüm üçün uydurduğum nağıllar
Artıq təsəlli vermir,
Güzgüdəki əksim də
Könlümü həqiqətlə titrədir...
Ah, bu külək
Sıyırıb atardı illəri həyatımdan,
Silərdi yalnız ömür tozunu addımlarımdan,
Bilərdim,
Nə vaxtsa
Bir gün gələcək
Və güzgülərdən baxan “mən”im
Gülümsəyəcək...


Sima, 2014

11 Haziran 2014 Çarşamba

Gecə mahnısı


Ətəyi ulduzlarla dolu gecə
Şəhərin damlarına qonacaq,
Bir azdan
Buludlardan qopmuş külək
Yağış damlalarını
Özüylə uzaqlara aparacaq,
Şəhər ulduzlu gecədə
Öz xəyallarına ağlayacaq...

Sevgisiz ürəklər
Nə bilər
Ulduzun, yağışın dəyərini,
Nə bilər
Sözün kəsərliyini...

Xatirələr ürəkləri sancır,
Hər dəfə eyni söz
Fərqli məna daşıyır -
Axtarırsan sevgi qığılcımını
Bircə sözdə sən,
Lakin
Sevgisiz ürəklər
Nə bilər
Sözlərin dəyərini,
Nə bilər
Ürəyin nifrətini...

Sima

Əgər bacarsaydıq...


Biz birgə ola bilərdik,
əgər bacarsaydıq,
sevə bilərdik,
əgər ürəklərimizi açsaydıq -
hisslərimizə təslim olub,
atılsaydıq sevgi burulğanına -
üzərdik şirin titrək dalğalarda,
uçardıq kəpənəklər arasında-
əgər bacarsaydıq...

Sima