5 Ekim 2015 Pazartesi

Virtual ədəbi mətnlər silsiləsindən. Bilal. Dəli kişi

Bilalın "Dəli kişi" hekayəsini internetdə tapdım, oxudum və müəllifin icazəsi ilə bloqumda yerləşdirirəm.
*
Dəli kişi (hekayə)

Mənim heç zaman “dəli” sözündən xoşum  gəlməyib.  Səbəbini özüm də tam bilmirəm. Amma qəlbim bu sözü  həzm edə bilmir. Bu söz qulaqlarımı kəsir. Əsəbiləşdirir məni. Cinlədir. Nə bilim, incidir. Qabadır. Sanıram ki, çox iyrəncdir.  Ruhi xəstə,  əqli cəhətdən qüsurlu insanlara qarşı sanki bir ədəbsizlikdir bu söz. 
Sanki onların haqqını tapdalayır. Alçaldır. Təhqir edir. Mənə elə gəlir ki, bu sözlə cəmiyyət onları özündən ayırır, xətt çəkir üstlərindən, mağaralara qovur, tənhalığa sövq edir, cılızlaşdırır.
Elə dəlixana sözünün özü də.
Qədim əcdadlarımız  tənbəlliyin dərdindən hər sözün axırına bir “xana” kəlməsi atıb dilimizi yola veriblər. Kitabxana, toyxana, çayxana, xəstəxana, qəhbəxana, dəlixana...

(fikir verməyin, müəllif özüdə sizin kimi bir dəlidir)
*
Ona bu ayamanın kim tərəfindən, nə vaxt verildiyi məlum deyildi.  Yalnız uzun illər sonrası oğlundan dürüst adını öyrənə bilmişdim. O, mənim uşaqlıq dövrümün ən qorxulu yuxusu, ən dəhşətli kabusu, poltrqeysti, qulyabanısı, damdabacası, nə bilim, lap elə çupakabrası idi. Əbası hər zaman, hər fəsildə eyni, dəyişməz idi.  Əzik-üzük “ayradrom” papaq,  illərnən ütülənməmiş, yamaqlı, yuyulub-sərilməkdən  qısalmış şalvar, üstü ləkəli, ətəkləri  açıq, bir neçə düyməsi itmiş köynək.  Çəkmə əvəzinə rezin şəp-şəpi geyinərdi.  Xırda gözləri bir an belə dayanmadan kimisə axtarar,  soyuq küləkdən çatlamış dodaqları altında nə isə mızıldanardı. Mən heç zaman onun üzünü təraş edilmiş görmədim. O, bizim binayla üzbəüz binanın birinci mərtəbəsində yaşayırdı.  Səhər hələ dan yeri ağarmamış küçəyə çıxar, düz eyvanının qarşısında, bir neçə kubikdən tikilmiş daş skamyada əyləşərdi. Əlində həmişə qalın budaqdan yonulmuş çomaq olardı. Ara-bir çomağı qırağa qoyub, yoğun, qaralmış, qaba barmaqları ilə təsbeh çevirərdi.  Düzəltdiyi skamyası arxasında taxtadan hasara alınmış balaca bağçası var idi. Əgər buna bağ-bağça demək olarsa. Eni-uzunu dörd addımlıq olan yerdə yalnız bir söyüd ağacı vardı. Həmin ağaca  çox diqqətlə baxdıqda, ağaca bənzətmək olardı.  Çün ilk  baxışdan bu ağac adi taxta dirəyə bənzəyirdi. Dəli kişi  bu ağacın bütün budaqlarını  salofana, əsğiyə, parçaya bürümüşdü. Ağac kökündən ən uca yarpağına qədər bürünmüş, qurumuş mumiyaya bənzəyirdi. Dəli kişi onu qoruyurdu, sanki  donmaqdan, soyuqdan, quşların nəcisindən, insanların qəzəbindən,  uşaqların dəcəlindən, küləyin əcəlindən qoruyurdu o ağacı. Yatdığı otağın pəncərəsi çöl tərəfdən dəmir barmaqlarla hörülmüşdü.  Çox nadir hallarda, əsasən qış aylarında, çovğunlu, qarlı-boranlı, tozlu-torpaqlı,  tərs küləkli havalarda onun xırda gözləri həmin dəmir barmaqlar arasından  mumiya-ağacın keşiyini çəkirdi.

28 Ağustos 2015 Cuma

Rey Bredberi. Kitab yazma sənətində dzen (ixtisarla)


Həyat ağacına necə çıxmalı, özünə necə daş atmalı və yerə düşərkən, boynunu necə sındırmamalı və ruhdan necə düşməməli. Adı kitabın özündən uzun olan ön söz.
Bəzən mən, doqquz yaşımda olarkən, tələyə düşməmək və ələ keçməmək bacarığımı xatırlayıb, yaxşı mənada sarsılıram.
1929-cu ildə, 4-cü sinifdə oxuyan oğlan uşağı məktəb dostlarının istehzasına görə  necə oldu ki, Bak Rocersli komiksləri cırdı, bir ay sonra isə anladı ki, dostları geri qalmış adamlardı, və yenidən kolleksiya yığmağa başladı?
Bu güc və düşüncə hardan peyda olmuşdu? O zaman yaşadığım hansı həyəcanlar “mən sanki ölüyəm” demək cəsarətini verdi? Məni kim öldürürdü? Nədən iztirab çəkirəm? Və necə sağalım?
Şübhəsiz, bu suallara cavab vardı. Mən xəstəliyimi aşkar etdim: öz əllərimlə komiksləri çırdım. Sonra dərman tapdım – heç nəyi vecimə almadan yenidən kolleksiya yığmağa başladım.

Belə etdim. Və sağaldım. Müqavimət üçün gücü, həyatımı dəyişdirmək və hamı kimi olmamaq üçün iradəni hardan tapmışdım?

21 Ağustos 2015 Cuma

Kianu Rivz. Mənim dünyam


Kianu Rivz (Keanu Charles Reeves) – Kanada-Amerika aktyoru, kinorejissor, musiqiçi.

“Mən sizin dünyanızın bir hissəsi ola bilmərəm. 
Sizin dünyanızda ərlər arvadlarını fahişə kimi geyindirir, gizli qalmalı olan hər şeyi açıb göstərir. 
Sizin dünyanızda şərəf və ləyaqət hissi yoxdur, andlarınız da bir qəpiyə dəyməz. 
Sizin dünyanızda qadınlar uşaq istəmir, kişilər isə evlənmək. 
Gənclər ataların aldığı maşında özlərini xoşbəxt sanır, 
əlində bir az hakimiyyət olanlar isə qarşısındakı insanı vecsiz bilir. 
Sizin dünyanızda əli qədəhli adamların dilindən Tanrı kəlməsi düşmür, 
namus dəbdə deyil, təvazökarlıq qeybə çəkilmişdir. 
Sevgi unudulmuşdur, hamı yataq tərəfdaşı axtarır. 
İnsanlar avtomobillərinin nazını çəkir, onun təmirinə külli-miqdarda pul xərcləyir, amma özləri miskin gündədirlər. 
Oğlanlar gecə klublarında valideynin pulunu göyə sovurur, qızlarda bu axmaqlara aşıq olurlar. 
Sizin dünyanızda kişi və qadın fərqlənmir, seçimə  azad seçim donu geyindirilir, başqa yol seçənə isə “geriqalmış” damğası vurulur.

Mən öz yolumu seçirəm, heyif ki, məni anlaya biləcək insanı tapa bilmirəm…”