5 Ekim 2015 Pazartesi

Virtual ədəbi mətnlər silsiləsindən. Bilal. Dəli kişi

Bilalın "Dəli kişi" hekayəsini internetdə tapdım, oxudum və müəllifin icazəsi ilə bloqumda yerləşdirirəm.
*
Dəli kişi (hekayə)

Mənim heç zaman “dəli” sözündən xoşum  gəlməyib.  Səbəbini özüm də tam bilmirəm. Amma qəlbim bu sözü  həzm edə bilmir. Bu söz qulaqlarımı kəsir. Əsəbiləşdirir məni. Cinlədir. Nə bilim, incidir. Qabadır. Sanıram ki, çox iyrəncdir.  Ruhi xəstə,  əqli cəhətdən qüsurlu insanlara qarşı sanki bir ədəbsizlikdir bu söz. 
Sanki onların haqqını tapdalayır. Alçaldır. Təhqir edir. Mənə elə gəlir ki, bu sözlə cəmiyyət onları özündən ayırır, xətt çəkir üstlərindən, mağaralara qovur, tənhalığa sövq edir, cılızlaşdırır.
Elə dəlixana sözünün özü də.
Qədim əcdadlarımız  tənbəlliyin dərdindən hər sözün axırına bir “xana” kəlməsi atıb dilimizi yola veriblər. Kitabxana, toyxana, çayxana, xəstəxana, qəhbəxana, dəlixana...

(fikir verməyin, müəllif özüdə sizin kimi bir dəlidir)
*
Ona bu ayamanın kim tərəfindən, nə vaxt verildiyi məlum deyildi.  Yalnız uzun illər sonrası oğlundan dürüst adını öyrənə bilmişdim. O, mənim uşaqlıq dövrümün ən qorxulu yuxusu, ən dəhşətli kabusu, poltrqeysti, qulyabanısı, damdabacası, nə bilim, lap elə çupakabrası idi. Əbası hər zaman, hər fəsildə eyni, dəyişməz idi.  Əzik-üzük “ayradrom” papaq,  illərnən ütülənməmiş, yamaqlı, yuyulub-sərilməkdən  qısalmış şalvar, üstü ləkəli, ətəkləri  açıq, bir neçə düyməsi itmiş köynək.  Çəkmə əvəzinə rezin şəp-şəpi geyinərdi.  Xırda gözləri bir an belə dayanmadan kimisə axtarar,  soyuq küləkdən çatlamış dodaqları altında nə isə mızıldanardı. Mən heç zaman onun üzünü təraş edilmiş görmədim. O, bizim binayla üzbəüz binanın birinci mərtəbəsində yaşayırdı.  Səhər hələ dan yeri ağarmamış küçəyə çıxar, düz eyvanının qarşısında, bir neçə kubikdən tikilmiş daş skamyada əyləşərdi. Əlində həmişə qalın budaqdan yonulmuş çomaq olardı. Ara-bir çomağı qırağa qoyub, yoğun, qaralmış, qaba barmaqları ilə təsbeh çevirərdi.  Düzəltdiyi skamyası arxasında taxtadan hasara alınmış balaca bağçası var idi. Əgər buna bağ-bağça demək olarsa. Eni-uzunu dörd addımlıq olan yerdə yalnız bir söyüd ağacı vardı. Həmin ağaca  çox diqqətlə baxdıqda, ağaca bənzətmək olardı.  Çün ilk  baxışdan bu ağac adi taxta dirəyə bənzəyirdi. Dəli kişi  bu ağacın bütün budaqlarını  salofana, əsğiyə, parçaya bürümüşdü. Ağac kökündən ən uca yarpağına qədər bürünmüş, qurumuş mumiyaya bənzəyirdi. Dəli kişi onu qoruyurdu, sanki  donmaqdan, soyuqdan, quşların nəcisindən, insanların qəzəbindən,  uşaqların dəcəlindən, küləyin əcəlindən qoruyurdu o ağacı. Yatdığı otağın pəncərəsi çöl tərəfdən dəmir barmaqlarla hörülmüşdü.  Çox nadir hallarda, əsasən qış aylarında, çovğunlu, qarlı-boranlı, tozlu-torpaqlı,  tərs küləkli havalarda onun xırda gözləri həmin dəmir barmaqlar arasından  mumiya-ağacın keşiyini çəkirdi.

Günlərin bir günü həmin binada, beşinci mərtəbədə yaşayan bir kişi məndən ona siqaret almağımı ıstəyir. O zamanlar böyüklərin sözündən çıxmamaq hələ dəbdə idi. Biz futbol oynayırdıq. Qonşu məni səsləyib, “şipilkayla” bərkidilmiş pulu eyvandan mənə atdı. O saat yerimdən tərpəndim. Tez yaxınlıqdakı köşkdən bir qutu siqaret alıb ildırım sürəti ilə “bloka” girdim. Eşidəcəyim tərif mənə dəli kişini unutdurmuşdu. Yanından şütüyəndə fikirləşdim ki, qayıdan başı mənə dəyməz. Birdəki mən ona neyləmişəm ki, bir dəfə də olsun onu nə cinlətmişəm, nə də çomağını oğurlamağa can atmışam. Düşünürdüm ki, bu məqamlar onun yadında qalar. Qonşuya siqareti verib aşağı düşəndə, ikinci mərtəbənin şüşəsiz pəncərəsindən aşağı baxdım. Dəli kişi yerində yox idi. Sevindim, tələsik pilləkənləri iki-iki hoppanaraq aşağı düşdüm.  Amma, demə, dəli kişi məni qapısının arxasında gözləyirmiş. Qəfildən qapının arxasından göründü. Çomağıynan mənim belimi divara sıxıb, digər əli ilə gözlərimi basmağa başladı. Gözümü çıxartmaq istəyirmiş. Çox güclü idi. On bir-on iki yaşım olardı, ona müqavimət göstərmək gücündə deyildim. Diqqətlə kirli dırnaqlarına baxırdım. Barmaqları üfünət iyi verirdi. Macal tapıb əlindən çıxa bildim. Bərkdən qışqırdım. Qonşu qapıdan bir qadın çıxdı, o da qorxub çığırdı. Beşinci mərtəbədən səsə bayaq siqaret aldığım qonşu düşdü, məni dəli kişinin əlindən aldı. Doğrusu çox qorxmuşdum, bir neçə ay yolum dəli kişinin yanından keçərdisə, yolumu dəyişirdim. Yuxuda sayıqlayırdım. Gecələr məni soyuq tər basırdı. İndi düşünürəm ki, yaxşı ki, sarılıq tutmamışam.  Bir neçə dəfə başqa uşaqların onun əlindən qaçdığını görmüşdüm. Amma belə hisslər keçirəcəyimi gözləmirdim. Əlqərəz, sözün əsl mənasında dəli kişi məni sıçızdırmışdı. Amma adrenalin qəbulu kefimə təsir etmişdi. Dəli kişinin əlindən çıxandan sonra bilmirdim, ağlayım,  yoxsa gülüm.
     Bu üzdən dəli kişi bizim uşaqlıq illərimizin əyləncəsi idi. Dəli kişi  bizim planşetimiz, ayfonumuz, kompüterimiz idi.  Bəli, bu belə idi. Bu o dövrün, o zamanın reallığı, acı da olsa, həqiqəti  idi. Zatən o səbəbdən dəli kişi  bizə, bu məhlənin uşaqlarına nifrət edərdi. O, əslən bizə qənim kəsilmişdi. Sakitcə, dinməzcə öz yerində, skamyasında oturardı. Bir yaşlı insan  binanın girəcəyinə yaxınlaşardısa, dəli kişi susardı, heç bir reaksiya verməzdi. Amma di gəl ora bir uşaq girə, vay onun halına. Dəli kişi  onu ordan bacaya buraxmazdı. Birini boğar, o birisinin gözünü çıxartmağa cəhd edərdi.  Qarşı tərəf də borclu qalmazdı. Birisi dəli kişinin çomağını oğurlayar, digəri onun ağzını yamsılayar, kimisi ustünə daş atar, başqası ağacını yandırmağa cəhd göstərərdi.  Bir tərəfdən aclıq, arxa tərəfdən vətəndaş müharibəsi, o biri yandan Qarabağ, yiyəsizlik bu millətin uşaqlarına da təsirsiz ötüşməmişdi.  Erməni –Azərbaycanlıya, vəhşi məmləkətin, vəhşi sakinlərin vəhşi balaları isə  ruhi xəstə bir qocaya qarşı müharibə elan eləmişdilər.
     Ara günlər hərbi hospitalın həyətinə enən helikopter, Qarabağdan yaralı əsgərləri  gətirərdi.  Adətən öncə yaralıları boşaldar, sonda meyitləri çıxardardılar.  Meyitləri boşaldanda  bir neçə uşaq qaçıb sanitarlara kömək göstərməyə can atardı. Meyitlərin yarısı əlsiz, ayaqsız, gözsüz, başsız idi. Qan iyi, insan sidiyi qoxardı helikopterin içindən. Canlı olaraq ölümün üzünə  baxmaq da bir əyləncə idi.  Sonradan o uşaqların kimisi sarılıq keçirtmiş, kimisi əsəb xəstəliyi tutmuşdu.
Bizdən cəmi-cümlətanı otuzca  kilometr aralı olan hələ kasıb, götü genəlməyən Bakıda isə kimisi “oturmayan - ermənidi” deyər, kimisi Heydəri çağırar, kimisi vətəni satardı.  Biz isə hospitalın həyətindən qayıdıb top qovardıq. Axşamlar növbədə çörək davası edərdik, Van-Damdan, Brüs Lidən,Ceki Çandan danışardıq.
     İsti, tərli, boğanaq yay günlərindən biri başa çatmaq üzrə idi. Artıq günəş batmışdı. Dənizdən əsən mülayim meh tərli bədənlərimizi sığalladıqca, ruhumuza bir rahatlıq gətirirdi. Top qovmaqdan yorulmuş, əldən düşmüş bir dəstə məhəllə uşağı  hələ sovetdən qalma, taxtadan düzəldilmiş sınıq-salxaq skamyada uzanmışdı. Nəzərlər, fikirlər  axşamı  şən və məzəynən başa vurmaq üçün dəli kişiyə yönəlmişdi.
     Dəli kişi özü də artıq narahat idi. Məhəllədə inanılmaz süküt vardı. Hamı kulminasiya anının yaxınlaşdığını anlayırdı. Sanki indi nə isə baş verməli idi, nə isə olacaq idi. Dəli kişinin çomağını oğurlamaq, ələ keçirtmək böyük hünər tələb edirdi. Bu çomağı əldə edən o saat nüfuz, avtoritet sahibi olurdu. Dəli kişi bu neçə illər davam edən müharibədə öz  çomağını cəsarətlə, dəqiq və sərrast atmağı öyrənmişdi. Neçə-neçə oğlanların belində bu çomaq qanlı iz buraxmışdı, başında çapıq qoymuşdu. Yüz kilometrlərlə uzaqda  Erməni-Azərbaycanlı müharibəsi ilə bərabər bu balaca məhəllənin də öz mini müharibəsi davam edirdi. Bu müharibə də itkilər verir, qaliblər qazanırdı.
     Qəfildən uşaqlardan biri bağın arxa tərəfindən düz dəli kişinin qarşısına hoppandı. Onun qabağında oynamağa başladı. Skamyada oturan uşaqlara canlanma gəldi, qışqırıq, fit, söyüş, gülüş səsləri məhəlləni bürüdü. Şou başlamışdı. Dəli kişi  bir anlıq çaşdı, gözləmirdi, sanki dondu və o saat bir anı belə gecikdirmədən çomağını balaca düşməninə tərəf atdı. Amma təəssüf, bu dəfə dəli kişinin əli büdrəmişdi və balaca düşmən çomağın üzərindən çevik tullandı, çomaq isə fırlanaraq  toy-yas mərasimləri üçün nəzərdə tutulmuş tikilinin divarına dəyib yerə düşdü. Uşaqlardan biri cəld onu götürərək,  sanki qalib kimi, sanki Roma  qladiatoru kimi, tez tikilinin üzərinə dırmaşıb sevincdən boğaz damarları şişənə kimi hayqırdı. Dəli kişi məğlub durumda idi. Silahsız, çomaqsız,  sözlərini ifadə etməyi belə bacarmayan ruhi xəstəni vəhşi uşaqlar dairəyə almışdılar. O zamanlar biz uşaqlar bütün bəlaların ermənilər tərəfindən gəldiyinə tam inanmışdıq. Gah ermənilər “turbo” saqqıızına donuz dırnağı atır( azərbaycanlıların çoxala bilməməsi üçün), gah Kürə kimya tökürdülər. Kimsə də demişdi ki, dəli kişi erməni əsirliyində olub, onu orda döyüb dəli eləyiblər. Biz də buna inanmışdıq. Baxmayaraq ki,  o hələ bu müharibə başlamazdan çox-çox əvvəl bu məhəllədə məskən salmışdı. Nə isə, əlqərəz, indi həmin o qoca, ruhi xəstə kişi, erməni əsirliyindən çıxıb, öz məmləkətində  öz millətinə  əsir düşmüşdü. Sonluğun nə ilə bitəcəyini heç kim anlamırdı. Heç kim gözləmirdi. Dəli kişi anlaşılmaz sözlər deyir, əllərini yelləyir, sanki yalvarırmış kimi belini əyirdi. Bunu görən uşaqlar sanki daha da vəhşiləşmişdilər, sanki daha da qızışırdılar. Kimsə onun papağını əli ilə başından vurub yerə saldı. Başladılar papaqla futbol oynamağa.  Sonra bezib, çomağını ona verirlərmiş kimi uzadır, dəli kişi əlini uzatdıqda, bir-birlərinə ötürürdülər.  Və ən nəhayət, uşaqlardan birisi çomağı sındırdı və atdı dəli kişinin üzərinə. Qəhqəhə, gülüş, fit, səs-küy, qışqırıq səsləri aləmi bürüdü.  Zəifi əzmək, onunla məzələnmək və bundan həzz almaq, orqazma gəlmək, eyforiyaya düşmək, nirvanaya çatmaq.  Ən məşhur insan xisləti özünü göstərmişdi.
     Bayaqdan bütün baş verənləri dinməz-sakitcə izləyən məhəllə sakinləri  artıq araya girməyin vaxtı olduğunu deyəsən anlamışdılar. Sakinlərin bəziləri baş verənləri öz eyvanından, digərləri isə elə qıraqdaca izləyirdilər. Tükürpədici tamaşanın sonu yaxınlaşırdı, kimsə özündə cürət tapıb özünü bu dairənin içinə atıb tamaşanı bitirməli idi. Bu kəs isə elə dəli kişinin özü oldu.
     Dəli kişi bütün bədəni ilə dizləri üstə yerə çöküb, aylarla qırxılmayan, tük basmış başını yerə döyərək insana xas olmayan səslə qışqırmağa başladı. Bu insan səsi deyildi,  hər hansı heyvana da məxsus səsə oxşamırdı. Bu nə qışqırtı idi, nə də hayqırtı. Dəli kişi sanki lap bərkdən, daha ucadan qışqıraraq boğazında genəlmiş damarlarını partladıb onu dairəyə alan uşaqları öz qanına qəltan etmək istəyirdi. Dəli kişi hönkürtü ilə ağlayırdı, başından gələn qan onun göz yaşlarına, ağız suyuna, burun firtığına qarışmışdı. Onun başından axan qan asfalt qatının içində ilişib qalmış xırda çay daşlarını qara rəngə boyamışdı. Tamaşaçıların hamısı, uşaqlar içi qarışıq, donub qalmışdılar. Əslində bu bir qəlbin mübarizəsi, müqaviməti, inqilabı idi. O səs, o qışqırıq, o qan,  xəstə bir insanın bütün ətrafda baş verənlərə - müharibəyə,  yiyəsizliyə, dərəbəyçiliyə, vicdansızlığa, insafsızlığa, insansızlığa, cəmiyyətə, zamana, dövlətə, bəşəriyyətə yönəlmiş bir inqilabı, mübarizəsi idi. O səs ağır qurğuşun tək qulaqlarımıza sırğa olmuşdu. O səs Allah tərəfindən əqli alınmış bir insanın kökündən xəstə olan bir cəmiyyətə yönəlmiş şilləsi idi. O səs,  xəstə insan bir kənara, sağlama belə hörmət bəsləməyən, bir-birinin ətini didib yeməyə hazır olan, zəifi bas, güclüyə baş əy ənənəsi ilə uşaqlarını böyüdən debil, manyak, əslən vəhşi olan insan toplumuna yönəlmiş bir yumruq idi. O  səs bayaqdan ətrafda baş verən hadisəyə apatik baxan qonşuların üzünə tüpürülmüş lopa tüpürcək, götlərinə dəymiş təpik idi.  O  səs ta bu günəcən qulağımda cingilti verir, uşaqlığımı bu günümlə nazik sim  kimi birləşdirir.
     Nəhayət, dəli kişinin oğlu işdən qayıdarkən, bu mənzəri görüb dairəyə girdi. Hamı donub qalmışdı. Qonşulardan bir-ikisi  oğlanla köməkləşib kişini ayağa qaldırdılar. Oğul atasının papağını yerdən götürüb çırpdı, təmizlədi, atasının başına qoydu. Atasının əlini boynuna atıb belindən ehmalca yapışaraq evlərinə sarı sürüdü. Dəli kişi sanki ölü idi. Qanı quruyub üzünün yarısını örtmüşdü. Əlləri əsirdi. Dodaqları titrəyirdi. Tüklü çənəsinin altından tüpürcək sallanırdı. Hamı buz heykəl kimi onların arxasınca baxırdı. Artıq hava qaralmışdı. İsti, boğanaq, tərli, ağcaqanadlarla  bol yay gecəsi bitməkdə idi. O hadisədən sonra dəli kişi bir müddət öz yerində görünmədi. Sanki qeybə çəkildi. Sanki onu yad planetlilər bir gecədə aparmışdılar.
* 
     Mülayim aprel günlərindən biri idi. Mən artıq tələbə idim. Elə avtobusdan düşüb təzəcə məhləyə girmişdim. Məhlədə qəribə bir sükut vardı.  Qulaq batırıcı sakitlik. Belə sakitlik adətən qəbirstanlıqda olur. Xeyr-şər evinin qapısı açıq idi. Qapının yuxarısındakı qaz  borusuna qara yaylıq bağlamışdılar. Anladım ki, dünyasını dəyişən yaşlı adamdır. Paslanmış dəmir qapının önündə söhbət edən bir-iki kişiynən salamlaşıb içəri keçdim.  İçəridə adam az idi. Molla nə isə danışırdı. Keçib bir qıraqdan  məhlə uşağının yanında əyləşdim. Başımı  qaldırıb molla tərəfə  baxanda, gördüm mollanın başı üzərində, rəngi qaçmış, toz basmış  xalçada dəli kişinin ”ramkaya” salınmış  şəkli.  Dəli kişi arxası göy səma fonunda  qəribə baxışnan hüzürdə oturanları seyr edirdi. Mənə elə gəldi ki, o düz mənə baxırdı. Dəli kişi bu günə kimi təmiz yadımdan çıxmışdı. Uşaqlıq illəri geridə qalmışdı. Başım qarışmışdı.  Estafet indi cavanlığın əlində idi. Cavanlıq da məni  boynuna mindirib sürətlə şütüyürdü.  Kim isə çay gətirdi.  Qarşıma açıq sarı rəngdə, nəlbəkidə bərkimiş xalva qoydu.  Qaynar çaydan qalxan buxar  əcaib formalar yaradıb qarşımda oturan yaşlı kişinin siqaretinin tüstüsünə qovuşub qeybə çəkildi. Ətrafıma göz gəzdirdim.  Dəli kişinin ölümü məclisdə oturanların heç vecinə də deyildi.  Adətən cavan insan öləndə,  süni də olsa, üzlərinə kədər maskası taxırlar. Bu dəfə maskaya ehtiyac yox idi. Yağlı plovdan yemiş məclis əhli öz kefində idi.  Cavanlar maşından, telefondan, qızlardan, lotulardan, yaşlılar siyasətdən, hökumətdən, lap qocalar da pensiyanın azlığından danışırdılar. Molla artıq susmuşdu.  Çayım soyumuşdu.  Yerimdən qalxıb dəli kişinin oğluna yaxın oturdum.  Salamlaşıb başsağlığı verdim.  Qonşular gic-gic suallar verirdi, o da atası haqda danışırdı.
     Demə, dəli kişinin əsl adı Murad imiş. Kökləri  Qərbi Azərbaycandan imiş. Beş qardaş olublar. Murad sonbeşik idi. Murad tam sağlam uşaq kimi doğulub. Məktəbə gedib. Ağıllı, dərrakəli olub. Anasını-atasını çox istəyirmiş. Atası fermer olub. Murad atasına çox köməklik edibmiş. Hər işində əl tuturmuş. Amma Muradın on yaşı olanda anası ağır xəstəlikdən dünyasının dəyişir. Muradın dərdi yerə-göyə sığmır. Ana deyib dururmuş.  Torpaq soyuqdur. İnsan tez yaddan çıxır. Amma Muradın ürək ağrısı soyumurmuş. Uşaq bir gün evdən qaçır anasının qəbri üstə.  Bir xeylam hönkür çəkib ağlayır. Tam qüvvədən düşür,  elə anasının qəbri  üstündəcə yatır. Ayılanda isə görür gecə düşüb.  Ətrafda heç kim yox, qaranlıq qəbirstanlıq,  çaqqallar ulaşır. Muradı səhər qardaşları kənd əhliylə birlikdə qəbirstanlıqda anasının qəbrinə sığınmış tapırlar. Murad qorxudan bütün gecəni  yatmayıbmış. Uşağı tapanda  rəngi dümağ imiş.  Murad o gecədən sonra daha danışmadı. Ağlını itirmışdı.
     Sonralar qonşular danışırdı ki, Muradın arvadını aldadıb ona alıblar. Yazıq arvad heç bilmirdi, kimə onu verirlər. Görəndə isə artıq gec idi. Deyirdilər ki, Muradın cavaqlıqda tutması yox idi. Qocaldıqca, aqressiv olmuşdu. Bir də görürsən, heç nədən baltanı götürüb cumurmuş evdəkilərin  üstünə. Oğlu, ya qardaşı onu sakitləşdirib baltanı əlindən alırmış. Oğlu danışırdı ki, qonşulardan, qohum-əqrəbadan utanıb onu heç bir xüsusi müalicə mərkəzinə göndərmirdilər. Birdən kimsə deyər ki, atasını dəlixanaya basıb. Eləcə Muradın otağından bütün mebeli götürüb, divarları matrasla döşəyib, yatmaq üçün bir çarpayı saxlamışdılar. Pəncərəsinə də dəmir barmaqlar qaynaq etmişdilər. Bir neçə dəfə gecə it hürəndə,  Murad pəncərəni qırıb  əli qanlı-qanlı qaçıbmış küçəyə.
     Muradın həkimlərə,  xüsusi müalicəyə  ehtiyacı olduğu bir zamanda, onu o pirdən bu pirə, bir falçıdan digərinə,  şarlatandan-fırladana sürüyüb axırda əldən-həvəsdən  düşüb birtəhər evləndirmişdilər.  Deyirlər, onun  ailəsi köç eliyəndə, Murad bərk əsəbiləşir və qaçıb gedir anasının qəbrinin keşiyini çəkməyə. Bir-neçə gün evə gəlmir, elə oradaca qalır. Sonda birtəhər onu dilə gətirə bilirlər. Amma Murad qəbrin yanında bitən söyüd ağacının budağını və bir ovuc torpağı özü ilə götürür. Onun hər tərəfdən hasara aldığı bağçasında, salofana, əsgi-üsgüyə büküb qoruduğu ağac həmin budaq idi. Həmin bir ovuc torpaqda əkilmış budaq.
     Yasdan çıxıb paslanmış qapının yanında duruxdum. Düzü, çox sarsılmışdım. Əgər siqaret çəkən olsaydım, mütləq bir siqaret yandırıb fikrə dalardım. Amma siqaretsiz də beynimdə fikir burulğanı tüğyan edirdi. Qulaqlarım qızarmışdı. Elə bilirdim qızdırmam var. Bir anlıq balaca Muradı nəm torpağa qısılmış gördüm. Başdaşı əvəzinə qoyulmuş kubik, həmin kubikə düyünlə bağlanmış qırmızı yaylıq,  süni güllər, təzə qəbri əhatəyə almış kol-kos - hamısı canlandı gözlərim qarşısında. Bir anlıq başım gicəlləndi, ürəyim bulandı,  dəmir qapının arxasına keçib qaytarmaqdan özümü güclə saxladım. Arxaya keçib yasxananın tualetində soyuq su ilə əl-üzümü yudum. Bir az özümə gəlmişdim.  Muradın ölümü mənə təsirsiz ötüşmədi. Belə baxanda o nə mənim yaxınım, nə də qohumum idi. Və mən bu insanın həyatdan köçməsinə o dərəcədə kədərlənməli deyildim. Amma yalnız mən bilirdim ki, bu gün Muradla birlikdə mənim uşaqlığımı da torpağa basdırmışdılar. O, onsuz da boz olan uşaqlığımın son xatırəsi, axır nəfəsi idi. İnsan yaşa dolduqca, onu uşaqlığıyla birləşdirən yalnız nazik tellər qalır. O tellər xatirələrdən və həmin xatirələrdə baş rolda olan insanlardan ibarətdir. O insanlar yox olduqca isə, tellər qırılır. Uşaqlıq əldən gedir. İnsana isə ancaq soyuq  reallıq və həmin soyuq dayanacaqda ölüm qatarını gözləmək qalır. Uşaqlığından bir addım irəli atlamış, artıq ölümünə bir addım irəliləmiş olur. Bir də ki, Murada qarşı etdiklərimiz məni içəridən boğurdu. Sanki indicə əlimə yekə samuray qılıncı alıb balaca, iri gözlü pişik balasını tikə-tikə doğrayıb itlərə yedizdirmişdim. Yox, dəli kişi ilə Murad arasında fərq  çox idi. Muradı adi qadın, ana dünyaya gətirmişdi. Normal uşaq kimi, ağlı başında, əqli cəhətdən qüsursuz. Amma dəli kişini əri tərəfindən döyülən, qaynana tərəfdən didilən, qonşu tərəfdən minilən, cəmiyyət tərəfdən zorlanan azərbaycan adlı bir qadın doğmuşdu. Özü də ilk dəfədən yox, bir neçə dəfə qız uşağını abort elətdirəndən sonra doğmuşdur.  Doğub, tez-tələsik göbəyini kəsib qanlı-qanlı atmışdır küçəyə. Özü kimi dəlilərin arasına. Dəlixanada yaşamağa məhkum olunmuşların məmləkətinə. Bu anda “Parfümer” filmindəki səhnə yadıma düşdü. Qadın piştaxtanın arxasında balıq təmizləyərkən doğuş sancısı onu yaxalayır. O elə oradaca doğub ayağıyla körpəni piştaxtanın altındakı zibilliyə itələyir. Kəsilmiş qanlı balıq başları, balıq içalatı, balıq pulcuqları, üfunət, nəcis və yeni doğulmuş körpə. Dəhşətli səhnədir.
     Yenə ürəyim bulandı. Bu dəfə artıq özümü saxlaya bilməyib elə yerimdəcə  tualetin qapısı qarşısına qaytardım. Başımı qaldıranda dəli kişinin balaca nəvəsi, yasxananın künc divarına sıxılıb iri gözləri ilə məni güdürdü. Bir vaxtlar babası məni yuxularımda güdürmüş kimi.

P.S: Ölümündən bir neçə ay sonra Muradın bağçasını  sökdülər. Ağacı da  kəsib tulladılar. Bağçanın yerinə bir maşın kubik töküb eyvanı artırdılar. Muradın pəncərəsındən dəmir barmaqları çıxartdılar, taxta pəncərəni plastiklə əvəz etdilər. Deyilənlərə  görə oğlu borca-xərcə girib atası üçün iki metrəlik qara mərmərdən başdaşı da qoydurmuşdu. Başdaşının üstündə iki sətir şeir yazdırıb, altından  “oğlundan yadigar” sözlərini döydürmüşdü.

Hiç yorum yok:

Yorum Gönder