18 Ocak 2022 Salı

Uşaqlığın ətri

 


Mesaj arxivimdən))

 alma versəm yeyərsənmi🍎

adını mənə deyərsənmi 😉

dostluq etmək istəsəm🌹

qəlbində yer edərsənmi☺️


Darıxanda, internetdə gəzişməyi sevirəm, bir də görürəm, nə vaxtsa qeydiyyat olunduğum kiflənmiş bir sosial şəbəkədəyəm, mesaj sandığı da dolub daşır. Maraqlı, məzəli, səviyyəli, ədəbi, bədii mesajları bir ara elə o sandıqda saxlayırdım, ara-bir oxuyub gülürdüm, kefim açılırdı. Kaş  naməlum insanların içdən gələn yaradıcılığını dəftərçəmə köçürəydim... Sosial şəbəkə  yenilənəndə, köhnə smslər yox olur, təəssüf.

Amma bəziləri qalır)).

17 Ocak 2022 Pazartesi

İgidlik dəftəri

 



Bu dəftərdə 27 sentyabrda başlanan Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın adları, rütbələri, hansı rayon, şəhər, qəsəbə və kəndə yola salınması əlyazma ilə qeyd edilib.

"Bu, bir məsciddən, bir bölgədən 1800-dən artıq şəhid yola salmış, hansı gün, hansı təcili tibbi yardım maşını ilə və kim aparıb deyə qeydlər edən Axund Nərimanın qeydləri olan dəftərdir".

https://sonxeber.az/244976/bu-deftere-sehidlerimizin-adlari-rutbeleri-yazilib...-fotolar


Allah cəmi şəhidlərə rəhmət eləsin.

10 Ocak 2022 Pazartesi

4. Show, don't tell!

İnternet insanın söz deməyə nə qədər ehtiyacı olduğunu aşkarladı. Az-çox savad sahibi olan kəslər sosial şəbəkələri öz həyat tarixçələri ilə doldurmuş və doldurdumağa davam edirlər. Hər kəs savadından, həyat fəlsəfəsindən, psixologiyasından asılı olaraq, forumlarda, bloqlarda, çatlarda özünə xoş olan qrupa üzv olaraq, dərdləşir, fikir bölüşməsi edir, öyrənir və ya vaxtını öldürür. Yazan çoxdu. Bu insanlar sadəcə ünsiyyət qıtlığını internetdə aradan qaldırırlar, yazarlıq sənətini öyrənməyə və ya peşəkar yazar olmağa can atmırlar.

Keçmişdə formalaşmış bir mif  insanları yazarlıq sənətindən hələ də uzaqlaşdırır. Bu mif, kitabın müqəddəs, ali bir əşya olduğunu, yazarın isə fitri istedadla doğulmuş, Allahın seçdiyi qeyri-adi şəxs qismində bu dünyaya gəldiyini insanların təsəvvüründə formalaşdırmış bir mifdir. İnsanlara elə gəlir ki, yazarlıq sənəti gendən, qandan, nə bilim, təhtəlşüurdan gələn bir qabiliyyətdir və ona bir peşə kimi yiyələnmək mümkün deyil. Və eşidəndə ki, yazarlıq sənətinə yiyələnmək olar, biləndə ki, müəyyən yazı texnikaları, mətnlə iş formaları mövcuddur – mat qalırlar. İnandırıcı görünmür onlara. Və yenə də şairə ya yazara qeyri-adi məxluq kimi, aşağıdan yuxarı baxırlar.