24 Şubat 2021 Çarşamba

Şeir dəftərçəmdən. Çiləli fevral

 


Çiləli fevral ayı gəldi, nə gəldi...

Gecələr ulayan külək

Şəhəri parçalayır,

Tək-tük işıqlı pəncərələr arxasında

Tənha insanlar dramlarını yaşayır,

Həyat burulğanında kimlərsə batır,

Uzaqlaşır,

Yenidən peyda olur.

Fənərlərin işığında sayrışan kölgələr

Sarı dumanda yox olur.

Xöşbəxt  kimsələr şirin yuxu dalğasında,

Xəbərləri yoxdu,

Kimlər gecələr ürəyini yamayır...


2010

Şeir dəftərçəmdən. Səni görmək istərəm

 


Səni

Qarşılaşdığım hər kəsdə, hər şeydə görmək istərəm,

Gözlərim darıxmaqdan yorulub.

İnsanlar mənasız sözlər kimi

Yadda qalmadan, ötüb keçir yanımdan.

Səni

Pöhrələnən budaqlarda, yaşıllaşan yarpaqlarda,

Dərilməyən çiçəklərdə gözləyirəm,

Bilinməyən dərinlikdə yallı gedən ulduzlarda axtarıram.

Səni

Oxunmayan mahnılarda,

Yazılmayan şeirlərdə, romanlarda gözləyirəm,

Səni

Qarşılaşdığım hər kəsdə, hər şeydə görmək istərəm,

Gözlərim darıxmaqdan yorulub...


2010

13 Şubat 2021 Cumartesi

Şərif Ağayardan bir cümləlik hekayə. Yelçəkən

 

Atamın gözləri də, qulaqları da tutulur, məndən yavaş-yavaş uzaqlaşıb səssiz-səmirsiz zülmətinə çəkilir, oğlum qulağında qulaqlıq baxışlarını smartfondan ayırmır, mən bu iki dünya arasında – ömrün yelçəkənində canımdakı yalquzaq üşütməsini dinləyə-dinləyə saç-saqqalımı ağartmaqla məşğulam.



kulis.az

2 Şubat 2021 Salı

Şeir dəftərçəmdən. Qarabağın uşaqları

 

Dağılmış ocaqda uşaq səsləri.

Bomba zərbələrindən

Torpaq titrəyir,

İnləyir,

Üsyan edir düşmənə.

Hər tərəf tüstü,

Ölüm gəzir saymazyana.

Uşaqlar

Babaların əkdiyi

Ağaclara sığınır,

Gizlənir güllələrdən.

Budaqlarda qızaran narların

Bağrı yarılmış,

Dişlərini qıcayır düşmənə.

Rədd ol!

Rədd ol bu torpaqdan!

İnsan karvanı dağları aşır,

Dağılmış yurddan məcburən qaçır.

Qucaqda ağlayan çağaların səsi

Ataların ürəyini dağıdır –

Hər yer və hər kəs

“Biz qayidacağıq, torpaq!!” – pıçıldayır...

2010