30 Mayıs 2011 Pazartesi

Erix Mariya Remark


Erix Mariya Remark (1898 – 1970) – XX əsr görkəmli alman yazarı, alman ədəbiyyatının klassikidir.
1898-ci ildə Almaniyada doğulmuşdur. 1920-ci ildə “Xülyaların sığınacağı” ilk romanını çap etdirib, 1929-cu ildə işıq üzü görmüş “Qərb cəbhəsində dəyişilik yoxdur” romanı ilə tanınıb (həmin kitab yarım milyon nüsxədə satılmışdı).
Remark 1931-ci ildən İsveçrədə yaşayır, sonralar ABŞ-a köçüb Amerika vətəndaşlığını alır. Amerikada yaşayarkən, Remark ona dünya şöhrəti gətirmiş “Zəfər tağı” romanını yazır.
Remarkın əksər romanlarının mövzusu müharibə və onun insan taleyində roludur. Müəllifin özü 1914-18-ci illərdə müharibədə döyüşdüyü üçün müharibənin bütün dəhşətlərini görmüş, dadmış və həmin faciələri əsərlərində əks etdirmişdir.
Remark 1948-ci ildə İsveçrəyə qayıtmışdır. O, 1970-ci ildə vəfat etmişdir.
70-ci illərdə yazdığı kitablar onun xanımının təşəbbüsü ilə çap olunmuşdur.

Romanları:
Xülyaların sığınacağı (1920)
Qem (1923-1924)
Üfüqdə görünən stansiya (1927-1928)
Qərb cəbhəsində dəyişilik yoxdur (1929)
Qayıdış (1931)
Üç dost (1937)
Yaxınını sev (1929)
Zəfər tağı (1945)
Həyat qığılcımı (1952)
Yaşamaq və ölmək zamanı (1954)
Qara abidə (1956)
Lissabonda gecə (1961-1962)
Borc həyat (1961)
Doğma torpaqlar (1970)
Cənnətdə kölgələr (1971)

Erix Mariya Remark. Aforizmlər (çevirdi: Sima Ənnağı)

• Həyat möcüzədir, amma onun özü möcüzə yaratmır.
• Ürəyində bir dünya yoxsa, heç bir dünyanın dəyəri olmaz.
• Həyat barmaqlar arasından süzülüb keçir. Ən dəyərli nemət əllərində olanda, onu dərk etmirsən və yalnız itirəndən sonra anlayırsan. O zaman özünə yazığın gəlir və taleyindən şikayətlənirsən.
• Bəlkə müharibələr ona görə təkrar-təkrar başlanır ki, bir insan başqasının iztirablarını heç vaxt tam anlamır.
• Hakimiyyət həmişə, həmişə eynidir: onun bir qramı kifayətdir ki, insanı qəddar etsin.
• Ah, sevgi - uçuruma aparan məşəldir; yalnız uçuruma düşən an məşəl sevginin dərinliyini işıqlandırır.
• İnsanın həyatı yeganə sevgi üçün çox uzunmüddətlidir.
• Pul insanı xoşbəxt etmir, lakin onu yaxşı sakitləşdirir.
• Heysiyyətə toxunan həqiqət həmişə kobud və dözülməzdir.
• Bəşəriyyət dəyərli sənət əsərləri yaratmişdır, lakin sənətkarların hamısına doyunca çörək verə bilməmişdir.
• Yalnız bədbəxt insan bilir xoşbəxtlik nədir...
• Əxlaq – bəşəriyyətin uydurmasıdır, həyat təcrübəsinin nəticəsi deyil.
• Təvazökarlıq və təmiz vicdan yalnız romanlarda qiymətini alır.
• Qəribə işdir. Ən təbii şeylər insana xəcalət verir, əclaflıq isə - heç vaxt.
• Qorxusuzluq – gəncliyin ən yaxşı yaraşığıdır.
• Suyun altında üzən adama yalnız bir şey lazımdır – suyun üzünə çıxmaq. Balıqların rəngi onu maraqlandırmır.
• İnsan nə qədər bəsitdirsə, özü haqqında bir o qədər yüksək fikirdədir. Tərəddüdlər və dözüm yalnız əsil mədəni insana xasdır. Məhz ona görə elə insan hər dəfə məhv olur. Əbəbi sizif əməyi. İnsan varlığının ən mürəkkəb tənliyi.
• Əgər insanın yaşı yetmişi haqlayıbsa, o, həyatının az hissəsi ilə risq edir...
• Tez-tez təkrarlanan nə varsa, daha ağrıtmır.
• Bəzən kədər - ən ülvi xoşbəxtlikdir.
• Əlbəttə, diktatorlar dəli olmur. Amma ağıllı da olmurlar.
• Gündüz qorxusu sanki ağlabatandır, gecə qorxusu sonsuzdur.
• İnsan özünün böyük əməllərində görkəmlidir – sənətdə, sevgidə, axmaqlıqda, nifrətdə, eqoizmdə və hətta özünü qurban verməkdə. Lakin bizim dünyaya orta miqdarda mərhəmət çatışmır.
• Yaxşı yaddaş dostluğun əsası, sevginin məhvidir.
• Mədəniyyətin tarixi – onu yaradanların iztirablarının tarixidir.
• Həyat – sentimental əxlaq qaydalarından daha böyükdür.
• Öləndə, qeyri-adi dərəcədə mühüm insan olursan, sağ ikən, kimsə səninlə maraqlanmır.
• Yaşamaq – başqaları üçün yaşamaq deməkdir. Hamımız bir-birimizdən qidalanırıq. Qoy hərdən mərhəmət nuru saçsın... O nurdan imtina etməyək. Çətinliklər içində yaşayan insana mərhəmət qüvvət verir.
• Hakimiyyət - dünyada ən yoluxucu xəstəlikdir.
• Sevgi - xoşbəxtliyin ən kövrək növüdür.
• Nifrət və xatirələr ağrı kimi insanın sınmış “Mən”ini məhv edə bilər.
• Olur ki, yüzlərlə adam ölür, heç nə hiss etmirsən; olur ki, bir nəfər ölür, səni onunla çox şey bağlamasa da, sanki minlərlə insanı itirmisən...
• Nəyəsə könüldən inananda, əzablar o qədər də əziyyətli olmur.
• Bəli, biz beləyik! Öz hisslərimizdən qorxuruq. Hisslər yarananda isə özümüzü yalançı sayırıq.
• Müharibə zamanı insanların xoşbəxtlik haqqında təsəvvürləri qida ilə bağlıdır.
• ...sadə şeylər aldatmır: istilik, su, başın üstündə dam, çörək, sakitlik və öz bədəninə etibar...
• Sevərkən, əvvəllər bilmədiyin qorxular yaranır.
• Nəyi bağışlamaq olmaz? Müharibədən sonra o qədər şeyi bağışlamaq lazım olacaq ki... və bağışlanması mümkün olmayacaq! Bütöv həyat çatmaz buna...
• Kilsə - əsrlər boyu tab gətirmiş yeganə diktaturadır.
• Gecə hər kəs olduğu kimi deyil, olmalı olduğu kimidir.
• Sevgi iztirablarına fəlsəfə ilə qalib gəlmək olmaz – başqa qadının köməyi ilə qalib gəlmək olar.
• Bəlkə də ölümün adı başqadır. Axı biz ölümü yalnız bir tərəfdən görürük. Bəlkə ölüm bizimlə Tanrı arasında olan mükəmməl sevgidir.
• Həyat yaxşı da olsa, pis də olsa, həyatdır, bunu həyatınla risq edərkən anlayırsan.
• Pis xatirələrdə yaxşı cəhət var: onlar göstərir ki, indi sən xoşbəxtsən, halbuki bir saniyə əvvəl buna inanmırdın.
• Azadlıqdan məhrum olan an dünyanın nə qədər gözəl olduğunu anlayırsan.
• Qorxu və isterika içində olarkən, insanlar istənilən çağırışa səs verirlər, təki onları harasa çağıran adam kütləyə söz versin ki, məsuliyyəti öz üzərinə götürür.
• Nifrət insan ürəyini yandıran sirkə kimidir, fərq etməz – nifrət edən sənsən, ya da başqasının nifrətinə tuş gəlmisən.
• Zaman – zəif ölüm cövhəridir.
• Bilirəm ki, öləcəm. Bunu səndən yaxşı bilirəm. Ona görə sənin üçün nizamsız səs yığını kimi görünənlər, mənim üçün həm fəryaddır, həm sevinc; sənin üçün adi gündür, mənim üçün - xoşbəxtlikвшк, tale hədiyyəsidir.
• Həyat çoxyelkənli qayıq kimidir, istənilən an çevrilə bilər.
• Nəyisə dərk etmək üçün insan ağrını, faciəni, səfilliyi, ölümün yaxınlığını yaşamalıdır.
• Yalnız həlak olanların müharibədən danışmağa haqqı var, onlar sona qədər gediblər. Lakin onları əbədi susdurmuşlar.
• Ümid, insandan daha ağır ölür.
• Keçmiş çox uzaqda olduğu üçün daha cazibəli görünür.
• Nə baş verirsə - ürəyinizə salmayın. Dünyada vacib olanlar uzun müddətli deyil.
• Dünyada nə varsa, hamısının əksi var: bunsuz o, mövcud ola bilməz – işıq kölgəsiz, həqiqət yalansız, xəyal gerçəkliksiz ola bilmədiyi kimi – bütün bu anlayışlar bir biri ilə sıx bağlıdır, həm də ayrılmazdır.
• Kişi ilə yatmaq, onu adıyla çağırmaqdan asandır.
• Bir insan digərinə bir damla sıcaqlıqdan başqa nə verə bilər? Və bundan böyük ənam nə ola bilər?
• Sevgisiz insan məzuniyyətdə olan ölüdür – bir neçə tarix, sənə heç nə deməyən ad.
• Qadın sevgidən ağıllanır, kişi başını itirir.
• Sevgini dostluqla ləkələmirlər. Son – sondur.
• Heç bir insan keçmişdə sevdiyin insan qədər yad ola bilməz.
• Yalnız yaşamağa dəyən hər şeyini itirmiş adam azaddır.
• Qəribədir ki, insan sevəndə ölə bilər.
• Sevgiyə izahlar lazım deyil. Sevgiyə əməllər gərək.
• Pulla həll edilən hər şey ucuz başa gəlir.
• Deyə bilərsən ki, mən səni atmışam. Xeyli misal gətirərsən buna. Və inanarsan dediklərinə... Və ən qədim məhkəmə - təbiət qarşısında haqlı olarsan.
• İnsanı heç yerdə heç nə gözləmir. Gərək hər şeyi özünlə gətirəsən.
• Tənhalıq həyatın qanunudur. O nə pisdir, nə yaxşı. Onun haqqında çox danışırlar. İnsan həmişə tənhadır, heç vaxt tənha deyil...
• İnsan xəyallarında böyükdür, onların gerçəkləşməsində zəif. Bu, insanın bədbəxtliyidir, həm də cazibəsi.
• Çox darıxanda, heç nəyi anlamayanda, düşünürəm ki, yaşamaq istəyəndə ölmək yaxşıdır, nəinki ölmək istədiyin vaxta qədər yaşamaq.
• Mən macəralara və sevgiyə qarşı deyiləm. Yolumuzda bizə azacıq mərhəmət göstərənlərə qarşı deyiləm. Bəlkə bir az onlara qarşıyam... Çünki biz götürürük, amma qarşılıq vermirik.
• Kim tez-tez geriyə dönüb baxirsa, asanlıqla büdrəyib yıxıla bilər.
• Qaranlıqda deyilmiş sözlər həqiqət ola bilərmi? Əsil sözlər üçün parlaq işıq lazım.
• Əxlaq – zəiflərin uydurması, uğursuz insanların iniltisidir.
• Gözlənti insanın ruhunu məhv edir.
• Həqiqətləri ucadan deyəndə, onlar necə də yazıq görünür...
• Sevgi başqa sözdür. Bu söz az deyir. Bu söz çayda bir damla, ağacda bir yarpaq kimidir. Daha böyükdür...

22 Mayıs 2011 Pazar

Bir gün


Bir gün
Inanıram buna -
Dünya yalanlardan azad olacaq,
Insanlar
Ürəklərini dinləməyi bacaracaq,
Sadəcə sevəcək – oyun oynamadan,
Güləcək səmimi qəlbdən,
Və cani-könüldən
Usanmadan
“mən xoşbəxtəm” deyə biləcək...

Bir gün
Inanıram buna –
Yalanlardan azad olmuş ürəklər
Sevdiyi insanların gözlərinə baxıb,
“səni sevirəm” deyə biləcək.

Və inanacaq öz sözlərinə.

8 Mayıs 2011 Pazar

Stokholmdakı Beynəlxalq Ədəbiyyat Festivalında Eluca Atalı ilə görüş

2011-ci ildə Botkyrka bələdiyyəsinin vasitəsi ilə Stokholmda Beynəlxalq Ədəbiyyat Festivalı və kitab nümayişi keçirmişdir. Bu beynəlxalq tədbir 5 mayda başlayıb 3 gün davam etmişdir. Tədbir Stokholmun Hallunda məntəqəsində yerləşən Xalq Evində düzənlənmişdir. Burda İsveçdə fəaliyyət göstərən nəşriyyatlar öz çap məhsullarını nümayiş etdirib satır, ayrı-ayrı yazıçıların təqdimatını keçirirdilər. Üç gün ərəfəsində keçirilən tədbirin üçüncü günündə əvvəcədən elan olunduğu kimi soydaşımız yazıçı Eluca Atalıya da türk dilli xalqların yazarı kimi xüsusi vaxt ayrılmışdır. 8 kitab müəllifi olan Eluca xanım öz əsərlərini oxuyub və oxuculara imzalı kitablarını payladı.

Qeyd edək ki, isveçlilər və başqa dillərdə yazan yazarların bəziləri və nəşriyyat məsulları onunla təkrar görüşmək arzusunda olduqlarını bildirib, ondan əlaqə ünvanların almışdırlar. Bunu da artırmalıyıq ki, görüşdə azərbaycanlılarla yanaşı, Türkiyə türkləri, Kərkük türkləri, Güney Azərbaycan və Orta Asiya türklərinin görüşdə iştirak etmələri orda olanları daha çox marağa salmışdır.



Təfsilatı ilə buradan oxuyun: http://az.azadtribun.net/index.php?option=com_content&view=article&id=341:stokholmdak-beynlxalq-dbiyyat-festivalnda-eluca-atal-il-goerue&catid=34:xbrlr&Itemid=55

Sevgi nədir?


Sevgi nədir?
həzzdən
içində uçuşan kəpənəklərdir,
ovcundakı bir parça günəşdir...
Bəlkə
sevgi
gecələr
evləri yatmağa qoymayan Aydır,
həsrətlə barmaqlarına toxunan
titrək dodaqlardır,
bəlkə
əllərinin ətri,
nəfəsinin dadı,
gözlərinin nağılıdır...
Bəlkə də
ürəklərdə məskən salmış,
qucağını bizə açmış,
doğmalaşmış
Tanrıdır...

Sima, yanvar, 2011

4 Mayıs 2011 Çarşamba

Mini-şeirlər


*
Elə xoşbəxtəm ki,
Səsini eşidən kimi
Hər dəfə
Nəfəsim daralır...
*
Təkliyi
Bir dilim quru çörək kimi
Gəmirirəm,
Tükənmir...
*
Boğucu duyğular
Içimə hopanda
Sözlər
Ürəyimin fəryadında
Sınır...
*
Gözlərimi yumuram
Ki,
Ürəyimi sıxan
Buxovlar açılsın...
*
Səni şeirə çevirmək,
Rəsmini sözlərlə çəkmək
Istərəm.
Sözlər sənə yovuşmur...
*
Şeir yazmaq –
Səssiz otaqda
Bir küncə çəkilib
Özün-özünlə
Danışmaq kimidir...

Sima, 2009