11 Mayıs 2019 Cumartesi

Günün əksi - 6.

Картинки по запросу пишем рассказ
Bu arada FB-də yazı fleşmobu təşkil etmək istədim. Özüm rusdilli FB məkanında keçirilən bir neçə yazarlıq (yazı sənəti) marafonunda iştirak etmişdim, bağlı yazar qruplarında iştirakçıların hamısı müəyyən mövzularda yazır, bir-birlərinin mətnlərini oxuyur, şərh edirdilər. Konstruktiv təhlil də vardı, tənqid isə yoxdu. Moderatorlar yazı sənətinə qədəm qoymuşlarla təcrübəli, peşəkar mətnçiləri heç nə ilə bir-birindən fərqləndirmirdilər, əsas meyar - yazılan mətn idi. Buna görə tənqid, mənfi şərhlər yasaqlanmışdı.

Çox gözəl ab-hava vardı bu marafonlarda. Virtual yazarlar sanki doğmalaşmışdı, hərəmiz bir ölkədən qatılmışdıq, marafonçular arasında Rusiyada, Azərbaycanda, İspaniya, Yunanıstanda, Fransada, Polşada, Macarıstanda yaşayanlar vardı, amma bizim hamımızı bir həvəs - yazmaq, mətn yaratmaq və bunun bir xoş nəticəsi kimi həyatımıza rəng qatmaq idi. Üstəlik, özgüvən də artırdı ☺
İştirak etdiyim marafonlardan ruhlanaraq, mən də yazı fleşmobu təşkil etmək coşqusu ilə FB-dəki səhifəmdə elan yerləşdirdim, iş haqqında müəyyən məlumat verdim. Güman edirdim ki, tez bir zamanda arzu edənlərdən ibarət fleşmob qrupu yarada biləcəm və başlayacağıq...

Lakin, təəssüf ki, bi ideyam gerçəkləşmədi, maraq doğurmadı. Ya mətn yazanların hamısı artıq öyrənmə limitinə çatmışdılar və öyrəniləsi və bölüşəcəyi heç nələri qalmamışdı, ya da mənim təqdimatım çiy və uğursuz idi. Hər halda, ikinci fikri üstün tuturam :)

Yazı marafonları, fleşmobları nə üçün səmərəli və lazımlıdır?

Nə qədər yazı yazsaq da, mətn tərtib etsək də, bəzən düşüncə və duyğu çərçivələrimizi genişləndirməyə ehtiyac yaranır. Həyat dinamikdir, mətnlər də həyatdan qaynaqlandığı üçün dinamik olmalı, yeniləşməlidir. İştirak etdiyim qruplarda ilk mətnini həmin marafonda yazanlar da vardı, bir neçə kitab nəşr etdirmiş müəlliflər də, amma hamı yeni nəsə öyrənməyə çalışırdı, çünki hər kəsin yeni nəfəsə, yeni baxışa, yeni ruhsal vəziyyətə, hələlik görmədiyi yeni üfüqlərə ehtiyacı vardı.
Bizim yazi sosiumunda isə bu ehtiyac hələ yaranmamışdır, düşünürəm.