14 Mart 2021 Pazar

Şeir dəftərçəmdən. S ə n s i z.

 


Sənsiz

Qurğuşun zaman ardımca sürünür,

Yetə bilmir,

Saatın caynaqları xatirələrimi qapır,

Unutdura bilmir,

Nə vaxtsa deyilmiş sözlərin dadı solub  sənsiz,

Barmaqların titrəyişi

Keçmişə çevrilib.

Başqa sözlər, başqa adamlar

Oyunları ilə qorxudur,

Sənsiz 

Xoşbəxtliyi yamsılamağa ehtiyac yoxdur.

Yenə soyuq zaman arxamca sürünür,

Yenə saat caynaqlarını irəli atır –

Sənsizlik ətrafa yayılır.

2010  

Nargis. Qar

 


Qapıcığın zirvəsində,

 Batabatın sinəsində durduğu kimi,

durmur ovuclarımda ...

Anamın saçlarında... qar...

Yağsınmı istəyirsən?

 Günəşi görürsənmi?

Qürübların rəngini...

Müharibə meydanında  axan qırmızının

ağrısını duyursanmı?

Hər zaman əsrarəngiz  deyil qırmızı...

Ölüm azadlıq...

Öpüşmək vüsal deyil...

Əcəli tanımayan körpənin baxışı kimi məsum,

vida edən sevgilinin öpüşü kimi, amansızdır gerçəklik...

Gedişlər hər zaman zəfərə aparmır...

3D xoşbəxtliklərin ağuşunda mürgüləyir

Ömür-ömür yol gedib yenə də geriləyir insan...

Karterin ruhu Stiksdən keçə biləcəkmi ?

Cəhənnəm qayıqçısının hıçqırıqları Surun səsini batıracaqmı?

Xəzrinin bıçaq kimi kəsdiyi gecələrdə

Divarların qucağına sığınan, o qadının

körpəsinin əllərini isitmək üçün doğacaqmı təkrar günəşlər?

Tanrı göy qurşağı rəngində bir gələcək hörəcəkmi fələyin kəndirindən...

“Gözəl günlər görəcəyikmi çocuqlar, günəşli günlər” ?

Yağacaqmı Afrikanın səhralarına yağmurlar?

Qulac-qulac saçlarını üzünə tökəcəkmi yamyaşıl söyüdlər...

Süd bəyazı bir qadın öpəcəkmi gecə rəngindəki Adamı?

Cadar-cadar olmuş dodaqlara yaraşacaqmı öpüşlər...

Dünyanın səsindəki yalnızlığı eşidirsənmi?

Hamısı tale, gerisi qədərdir...

İki  susuş arasında məsafə nə qədərdir?

Ədəbiyyat qəzeti, 30 dekabr, 2020

Günün əksi -5.

Birdən yadıma düşdü ki, bazara getməyi unutmuşam. Hava qaralmamış, bazara yollandım.

Soyuq havaya və hərdən üzlərə çırpılan narın quru qar dənələrinə baxmayaraq, bazar həmişəki kimi qaynayırdı. Limon satan mırıqdiş qarılar "Əsil Lənkəran limonu! Çay limonu!" səsləri ilə müştəriləri çağırırdılar. Digər meyvə-tərəvəzçilər isə soyuqdanmı, yorğunluqdanmı çiyinlərini sıxıb köhnə meyvə yeşiklərinin yanında dayanmışdılar. Kimisi də sınıq yeşiklərin üzərində əyləşərək, paslı vedrədə qaladığı öcağın yanından tərpənmirdi. Narıncı alov dilimləri vedrədən püskürərək, küləyin altında  yellənirdi.

Əli neylon torbalı alıçılar sağa-sola hərəkət edirdilər. Hər kəs ucuz və salamat meyvə-tərəvəz axtarırdı ki, alıb evinə yollansın. Mən alma və göyərti aldım, yaxınlıqda başıkəsik balqabaqları görəndə, gülmək tutdu - satıcı şəstlə nazik uzun bıçağın ülgücünü balqabağın boğazına qoyur və bir sərt hərəkətlə başını kəsirdi. Ona baxdığımı görüb:

- Gəl, bunları ucuz verirəm, apar, - dedi. - Hava soyuqdu, boranı plov bişir, əlindən gəlirsə, qutab da.

Mən tini dönüb xırda dükanlar tərəfə getdim. Əlimdə bir neçə dolu neylon torbası vardı. Ya fikrim yayındı, ya əlim boşaldı, bir də gördüm qarşıdan gələn kişi barmağını palçıqlı yola tuşlayaraq, "Düşdü, düşdü!" - dedi. Baxdım ki, torbalardan birini əlimdən yerə salmışam. 

Əyilib götürdüm. Böyrümdəki dükandan kassa qarşısında əyləşmiş bir kişi:

-Ay xanım! Xanım! - mənə əl etdi. Duruxdum. Məni tanıyır? Xeyir ola məni çağırır?

- Gəl, - əlindəki böyük bir neylon torbanı mənə göstərdi, - gəl, əlindəkiləri buna yığ.

Dükana daxil oldum, xırda torbaları böyük torbaya yerləşdirdim; düzü, bazar adamından belə bir jesti gözləmirdim.

- Mənim ürəyim belə şeyləri götürmür, - dükançı dedi. - Gördüm, torba əlindən düşdü, dözmədim...

Təşəkkür edib dükandan çıxdım. Düşündüm ki, bazar adamı, köntöy, təhsilsiz hesab etdiyim adamların da "ponyatkası" olurmuş...

😍😍😍

Hacər Fərhadi (İran) Məsiağa Məhəmmədinin tərcüməsində

 

***
İçimdən bitib bu ağac
İçimdən bitib bu ağac.
Külək olsan,
əllərimi anlayarsan,
damarlarımı dinləyərsən.
İçimdən bitib bu ağac.
Külək olsan, keçərsən.
Qar olsan...
***
Sən məni tapmırsan
Bir göyərçin
yuva qurub
saçlarımda.
Bir hörümçək
tor bağlayıb
ağzımın üstündə.
Sən məni tapmırsan,
və yavaşca
ötüb keçirsən.

Ədəbiyyat qəzeti, 20 fevral, 2021

13 Mart 2021 Cumartesi

Günün əksi - 4. Virtual Tanrı.

 


Feysbukda gəzişərkən, təsadüfən “Tanrı” adlanan şəxsi bloqu aşkar etdim, səhifənin sahibi Tanrının adından istifadəçilərlə yazışır))) Özü də maraqlı insandır fikirlərinə görə, düzdür, təxminən 2 ildir ki, heç nə yazmır, yəqin bəndələrindən daha mühüm işləri var)))

Tanrının yerləşdirdiyi fikirlərdən:

- "Bəndələrin yerdədir, sən göydə nə gəzirsən" söhbəti edən o şairi gözləyirəm... Ona kim göydə olduğumu deyib ki? Yanlış məlumatdır…

- Bu qәdәr boş adamları niyә yaratmışam, bilmirәm.

- Әziz kişi cinsindәn olan bәndәlәrim, qadınları anlamağa çalışmayın, mәn yaratmış olsam da, çox vaxt mәn dә onları anlamıram.

- Sevdiklәrinizә sevdiyinizi söylәyin, 1 saat sonra onları sizdәn, ya da sizi onlardan ala bilәrәm.

- Günahlarınızı yazan mәlәyә kağız çatdıra bilmirәm, nә işlәrlә mәşğulsunuz?!

- Arada öz yaratdıqlarıma baxıb, özümlә mәzәlәnirәm...

- Arada elә dualar edirsiniz gülmәkdәn halsız düşürәm...

- Azәrbaycanda yaşayan bәndәlәrimә ucuz qiymәtә cәnnәt kampaniyası başladacağam. Sıravi şәxslәrә aid olacaq, mәmurlar özünü dürtmәsin, onlar üçün yaxşı paz hazırlamışam...

"Tanrı" akkauntu, FB.

8 Mart 2021 Pazartesi

Şeir dəftərçəmdən. Gəl, keçmişi xatırlamayaq

 


Gəl, keçmişi xatırlamayaq,

Göydə əylənən buludlara baxaq,

Qəfil yağan yağışın altında

Qaçışaq,

Əl-ələ tutaraq,

Qoy yusun sürətli damlalar

Ürəkdəki incikliyi...

Dilimləyib çörəyi

Ağzımız yana-yana yeyək,

Zarafat edək,

İçdən qəhqəhə çəkək

Və anlayaq ki,

Məhv olmamışıq...

 

2009