21 Haziran 2019 Cuma

Günün əksi - 7.

Картинки по запросу жизнь прошла

Yay günlərində işə tələsmək lazım gəlmir, bu səbəbdən səhər evdən rahat çıxıb, rahat-rahat piyada gedirəm. Xoşdur bu cür gəzinti - küçələrə dolan səs-küy, əli torbalı-zənbilli evdar qadınlar, uşaqları arxalarıyca dartan gənc analar, avtomobillər, binalar, buludlar, ağaclar, quşlar - hər şey, hər şey həyatla dolu.

Qarşıma bir yaşlı qadın çıxır. Bədəni, ayaqları, qolları, qaməti yaşlı olduğunu göstərir, qadın yaxınlaşdıqca, üzündəki qırışları və baxışlarını görürəm - baxışları da bədəni kimi yaşlanmış, qocalmış... Qadının əynində parlaq çəhrayı kofta, ətəyi dizlərindən xeyli yuxarıda olan cins yubka var. Muncuqlu yay başmaqlarını tap-tap-tap asfalta vuraraq, yanımdan keçib gedir.

Nə qədər tragizm vardı bu görünüşdə... Sanki yanımdan bir insan tarixçəsi sivişib gözdən itdi. Qadın çəhrayı koftası, qısaətəkli yubkası ilə yaşına, həyatına üsyan edirdi - bu, yaşanmamış qadınlığın, sevilməmiş qadının üsyanı idi, gerçəkliklə, amansız zaman dəyişmələriylə barızmazlığı idi, yoxsa qoca bədənə gömülmüş gənclik ruhu və sevgi aclığı çəhrayı kofta və qısa yubkada təzahür etməzdi...