30 Nisan 2022 Cumartesi

Mətnin dərkli oxusu



Dərkli oxu nədir və nə üçün əhəmiyyətlidir? Mətnlərin dərkli oxusu uşaqlıqdan öyrədilən və öyrənilən əhəmiyyətli bir bacarıqdır, təəssüf ki, hal-hazırda məktəblərdə buna fikir verilmir və öyrədilmir.

Dərkli oxu:

- nə üçün kitab (mətn) oxuduğumuzu anlamağa kömək edir.

- tənqidi təfəkkürü və anlamanı inkişaf etdirir.

- öyrənmədə ən əsas analitik alətlərdən hesab edilir.

- informasiya ilə dolub-daşan müasir dünyada yaşamağa kömək edir.  

Sadəcə kitab oxuyanla dərkli oxuyanın fərqinə baxaq:

Sadəcə oxuyan kitabı bir dəfə oxuyur, dərkli oxuyan - təkrar oxuyur, çünki mətn ona estetik zövqdən əlavə mənəvi, fəlsəfi, psixoloji nələrsə verir;

Sadəcə kitab oxuyan oxu zamanı dalğındır, dərkli oxuyan bütün diqqətini mətndə cəmləyir;

Sadəcə kitab oxuyan mətni olduğu kimi anlayır, dərkli oxuyan suallar verir, alt qatdakı mənanı anlamağa çalışır;

Sadəcə kitab oxuyan mətnin sintaksis xüsusiyyətlərinə fikir vermir, dərkli oxuyan isə mətnin leksikasına, sintaksisinə, quruluşuna və digər özəlliklərinə fikir verir;

Sadəcə kitab oxuyan vaxt öldürür, səthi oxuyur və oxuduğunu tez yaddan çıxarır, dərkli oxuyan isə mətndə dərin mənanı anlayır və o mənanı axtarır, kitabın məzmunu onun üçün əsil xəzinədir.

16 Nisan 2022 Cumartesi

Xanım İsmayılqızı. Sözgəlişi (aforizmlər)

Günah edərkən vicdan qaçqındır.

*

Düşəndə də əldən düşəsən, gözdən yox.

*

Əlimiz çatmayanlara doğru qaçarkən, əlimizdə olanları da itiririk.

*

Həyatımızın havasına oynaya-oynaya rəqqasa çevrilirik.

*

Dərinə gedəndə havasızlıqdan, dayazda olanda mənasızlıqdan boğuluruq.

*

Əl uzada bilmirsənsə, ayaqlarını yığışdır.

*

Sarsılan insan yaralı quşdan məkansızdır. Quş yerə çırpılar, insan  - içinə.

*

Üzümüzdən çox səsimiz özümüzə oxşayır.

*

Gözü doymayanın, ruhu acından ölər.

*

Azadlığın ən iyrənc formasını sərxoş adam yaşayır.

*

Adamlardan zəhərlənəndə, ürəyin bulanması uzun çəkir.

*

Xatirənin kölgəsində sərinlik yox...

*

Doğulandan ölənədək bir nəğmədir hər adam...

*

Hər şey görünmədiyi kimidir.

*

Yuxular Tanrının tapmacasıdır.

*

Bu "olmazlar" olmasa, olmaz olaylar olar.

Ədəbiyyat qəzeti, 9 aprel 2022.

11 Nisan 2022 Pazartesi

Şeir dəftərçəmdən. Sənə deyiləsi o qədər sözüm var

 


Sənə deyiləsi o qədər sözüm var –

Səhərəcən

Yorulmadan

Nəfəs-nəfəsə

Dərdləşərdim...

Dibçəkdə gül açmış  

Ətirşahla danışıram, səni düşünərək.

Yağış yağanda,

Külək əsəndə,

Ekranda gündəlik hadisələr

Bir-birini əvəzləyəndə

Səni bölüşürəm,

Sənlə bölüşürəm.

Darıxmağımda,

Oxuduqlarımda,

Görüb-eşitdiklərimidə sən varsan.

Günlərimi bir ovuca yığıb

Sənə gətirirəm -

Ağrılıdır sənsizlik.


Sima