9 Mayıs 2014 Cuma

Con Maverik (1978). Eskalatorda iki nəfər

(Almaniyada yaşayan müasir rus yazıçısı)
***
Eskalator yavaş sürətlə sürünürdü, traktor kimi uğuldayırdı, zorla cırıldayırdı, taqqıldayırdı, silkələnirdi. Gözlərini bağlasaydın, elə bilərdin ki, elekrtik qatarının mühərrikli vaqonunda gedirsən. Amma elekrik qatarından fərqli olaraq,  uzağa deyil, aşağı  gedirsən.  Adamlar bir-birinə yaxın dayanmışdılar, hərəsi öz pilləsində. Kimsə kitab oxuyurdu, kimsə burnunun altında donquldanırdı,  kimsə alma, konfet yeyirdi, buterbrod və ya yavan çörək gəvələyirdi, kimsə göz qapaqlarını endirib, sürahıdan tutaraq,  və ya qonşusunun çiyninə dirənərək, ayaq üstə mürgüləyirdi. Zəif yayılan lampa işığında onların üzləri  nimdaş paltar kimi əzik və bozumtul görünürdü. Kafel divarlar boyu sarı və mavi işıqlar əks olunurdu.

7 Mayıs 2014 Çarşamba

Səhərdən – gecəyə

Yağış burda azacaq,
Dənizin güzgüsü sınacaq,
Qağayıların fəryadından
Biganə daş şəhər oyanacaq
Bu səhər. 

Narın nəm qum günəşdən
Asta-asta qızıllanacaq,
Dalğalar gecədən sahilə düşən
Naməlum ləpirləri yalayacaq
Günorta.

Yenə dəniz pıçıldayacaq,
Yenə quşlar nizamsız uçacaq,
Sahil gözləyəcək qonağını,
Dinləyəcək onun kədərli mahnılarını
Bu axşam.

Gecə isə məxmər çətiriylə
Hamını qoynuna alacaq,
Və şəhərin rədd etdiyi insana da
Verəcək soyuq sığınacaq....

Sima, 2014

6 Mayıs 2014 Salı

Qısa hekayələr - 2

Bir dəfə "New Time"  jurnalının redaktoru Stiv Moss ən qısa hekayə müsabiqəsini keçirmək istədi. Lakin bu, dağınıq cümlələr deyil, 55 sözdən ibarət, süjetli, personajlı və qəfil sonlu mətnlər olmalıydı. Redaksiyaya o qədər hekayə göndərildi ki, onların ən yaxşıları "Dünyanın ən qısa hekayələri" kitabında toplandı.
*
Görüş (Nikol Vedl)
Telefon zəng çaldı.
- Allo, - qadın pıçıldadı.
- Viktoriya, mənəm. Gəl bu gün gecəyarısı görüşək.
- Yaxşı, əzizim.
- Xahiş edirəm, unutma, özünlə şampan götür.
- Gətirərəm, əzizim, mən bu gecə səninlə olmaq istəyirəm.
- Tələs, məni gözlətdirmə! - kişi dedi və dəstəyi asdı.
Qadın köksünü ötürüb gülümsədi:
- Görəsən, o qadın kimdi...
*
Gizlənqaç (Kurt Homan)
- 99, 100! Kim gizlənə bilmədisə, özündən küssün!
Gizlənənləri axtarmağı sevmirəm, amma bu mənə daha rahatdı. Qaranlıq otağa daxil olarkən, içəridə gizlənənlərə pıçıldayıram: "Gəlirəm haaa..."
Onlar gözləri ilə məni uzun dəhliz boyu ötürürlər, və divarlarda asılmış güzgülərdə mənim qara çuxalı bədənim, dəryazlı əlim əks olunur.
*
Bədbəxt (Den Endrüs)
Deyirlər, şərin sifəti yoxdur. Həqiqətən, kişinin üzündən heç bir hiss duyulmurdu. Bir damçı mütəəssirlik yoxdu onda, hərçənd ağrı dözülməzdi. Məgər o, gözlərimdəki dəhşəti, üzümdəki həyəcanı görmürmü? Kişi sakitşə, hətta deyərdim, peşəkarcasına çirkli işini görürdü, sonda dedi: "Hə, indi ağzınızı yaxalayın..."

Gümüşü (şeir)

Sakit zülmətlik içində
Qarşına bir daxma çıxsa,
Onun çirkli pəncərəsindən
Içəri baxsan,
Gümüş bir qövs görərsən -
Göy qurşağı sanki.
Gecələr bu qövs daxmada gizlənir,
Gündüzlər
Bağçadakı
Alma ağacının budaqlarında yellənir,
Günəşin altında rəngbərəng bərq vuraraq
Saralmış otları dinləyir...