Bir dəfə "New Time" jurnalının redaktoru Stiv Moss ən qısa hekayə müsabiqəsini keçirmək istədi. Lakin bu, dağınıq cümlələr deyil, 55 sözdən ibarət, süjetli, personajlı və qəfil sonlu mətnlər olmalıydı. Redaksiyaya o qədər hekayə göndərildi ki, onların ən yaxşıları "Dünyanın ən qısa hekayələri" kitabında toplandı.
*
Görüş (Nikol Vedl)
Telefon zəng çaldı.
- Allo, - qadın pıçıldadı.
- Viktoriya, mənəm. Gəl bu gün gecəyarısı görüşək.
- Yaxşı, əzizim.
- Xahiş edirəm, unutma, özünlə şampan götür.
- Gətirərəm, əzizim, mən bu gecə səninlə olmaq istəyirəm.
- Tələs, məni gözlətdirmə! - kişi dedi və dəstəyi asdı.
Qadın köksünü ötürüb gülümsədi:
- Görəsən, o qadın kimdi...
*
Gizlənqaç (Kurt Homan)
- 99, 100! Kim gizlənə bilmədisə, özündən küssün!
Gizlənənləri axtarmağı sevmirəm, amma bu mənə daha rahatdı. Qaranlıq otağa daxil olarkən, içəridə gizlənənlərə pıçıldayıram: "Gəlirəm haaa..."
Onlar gözləri ilə məni uzun dəhliz boyu ötürürlər, və divarlarda asılmış güzgülərdə mənim qara çuxalı bədənim, dəryazlı əlim əks olunur.
*
Bədbəxt (Den Endrüs)
Deyirlər, şərin sifəti yoxdur. Həqiqətən, kişinin üzündən heç bir hiss duyulmurdu. Bir damçı mütəəssirlik yoxdu onda, hərçənd ağrı dözülməzdi. Məgər o, gözlərimdəki dəhşəti, üzümdəki həyəcanı görmürmü? Kişi sakitşə, hətta deyərdim, peşəkarcasına çirkli işini görürdü, sonda dedi: "Hə, indi ağzınızı yaxalayın..."
*
Həlledici an (Tina Milbern)
Qız bağlanan həbsxana qapılarının səsini eşidirdi sanki.
Azadlıq tamam itirilmişdi, indi qızın taleyi özgə əllərindəydi, və bir daha o, sərbəst olmayacaqdı.
Qəfildən ağlına dəli fikir gəldi ki, buralardan qopub uzaqlara, lap uzaqlara uçsun. Amma bilirdi ki, bu mümkün deyil.
Qız təbəssümlə oğlana tərəf dönüb təkrar etdi:
- Hə, razıyam.
*
Yataq əhvalatı (Cefri Uitmor)
- Ehtiyatlı ol, qız, orda güllə var, - yataq otağına qayıdan kişi dedi.
Qız çarpayıya söykənmişdi.
- Bu sənin arvadın üçündür?
- Yox. Bu böyük risk olardı. Mən muzdlu qatil tutacam.
- Bəlkə muzdlu qatil mənəm?
Kişi acı-acı güldü:
- Kimin ağlına gələr ki, kişini öldürməyi qadına tapşırsın?
Qız dodaqlarını yalayıb tapançanı kişiyə tuşladı:
- Sənin arvadının...
*
Xəstəxanada (Barnabi Kondradeşe)
Qadın avtomobili dəli kimi sürürdü. Aman tanrım, təki vaxtında çatım...
Reanimasiya palatasından çıxan həkimin üzündən qadın hər şeyi anladı. Hönkürdü.
- Missis Allerton, siz özünüzü xoşbəxt saymalısız, - həkim dedi. - Onun son sözü belə idi: "Mən səni sevirəm, Meri"...
O, həkimə quru nəzər salıb üzünü çevirdi:
- Minnətdaram, - soyuq tərzdə Cudit cavab verdi.
*
Bağçada (Houp Ey Torres)
Qadın bağçada idi, bir də gördü ki, kişi ona tərəf qaçır.
- Tina! Mənim gülüm! Həyatımın mənası!
Nəhayət ki, o, bu sözləri dedi.
- O, Tom!
- Tina, mənim gülüm!
- O, Tom, mən də səni sevirəm!
Tom qadına yaxınlaşıb, onu kənara çəkdi və diz çökdü:
- Mənim gülüm! Sən mənim sevimli qızılgülümü ayaqlamısan!
bir qismi burada
http://sima-simacan.blogspot.com/2013/03/qsa-hekaylr.html#more
Çevirdi: Sima Ənnağı
Hiç yorum yok:
Yorum Gönder