(Almaniyada
yaşayan müasir rus yazıçısı)
***
Eskalator
yavaş sürətlə sürünürdü, traktor kimi uğuldayırdı, zorla cırıldayırdı,
taqqıldayırdı, silkələnirdi. Gözlərini bağlasaydın, elə bilərdin ki, elekrtik
qatarının mühərrikli vaqonunda gedirsən. Amma elekrik qatarından fərqli
olaraq, uzağa deyil, aşağı gedirsən. Adamlar bir-birinə yaxın dayanmışdılar, hərəsi
öz pilləsində. Kimsə kitab oxuyurdu, kimsə burnunun altında donquldanırdı, kimsə alma, konfet yeyirdi, buterbrod və ya
yavan çörək gəvələyirdi, kimsə göz qapaqlarını endirib, sürahıdan tutaraq, və ya qonşusunun çiyninə dirənərək, ayaq üstə
mürgüləyirdi. Zəif yayılan lampa işığında onların üzləri nimdaş paltar kimi əzik və bozumtul görünürdü.
Kafel divarlar boyu sarı və mavi işıqlar əks olunurdu.
Pit əsəbi halda
siqaret çəkirdi. O bilirdi ki, bu qədər adamın olduğu yerdə, üstəlik metro
eskalatorunda siqaret çəkmək ən azından nəzakətsizlikdir, amma özüylə
bacarmırdı. Mədəsi ətrafında yaranaraq bütün bədəninə mürəkkəb ləkəsi kimi
yayılan qorxu hissi Pitin əlinə-ayağına sancılan qarışqalar kimi idi, və hər
cür dolaşıq, iyrənc fikirlər beyninə girirdi. İtirə biləcəyi işi haqqında,
çünki rəis son layihədən narazı qalıb. Pia ilə münasibətlər haqqında, çünki qız
özünü Pitə aşıq kimi göstərsə də, bütün günü internet-çatlarda yad kişilərlə
söhbətləşir. Yox, elə deyil, Pia
haqqında belə düşünmək olmaz, ayıbdır...
Eskalator
haqqında... bu nə eskalatordur belə, niyə bu qədər uzundur? Sanki sonsuzdur.
Avtobusla getsəydik, yaxşı olardı.
Pia
çantasında eşələnirdi, kosmetika qabını axtarırdı. Ya dodaqlarını boyamaq istəyirdi,
ya gözlərinə qələm çəkmək. Nəsə etməliydi, təki ətrafdakı sərnişinlər kimi
solgun görünməsin. Səbirsizlikdən qız hətta tərlədi.
- Pit, necə
də dərin metrodur. Havam çatmır... – Qız çantasından kağız dəsmal çıxarıb gözlərindən
axmış tuşu sildi. – Mən özümü dövşan yuvasına düşən Alisa kimi hiss edirəm.
- Dovşan
yuvasının nə dəxli?
- Mənə elə gəlir...
sanki Yer kürəsini dəlib keçəcəyik... Və yəqin Amerikada peyda olacağıq...
- Səfehləmə,
- Pit gülümsündü. – Mənim Alisam... Düz deyirsən, yaman boğuq hava var burda.
Bu normaldır, metroda, yerin altinda həmişə hava azdır. Nəsə sən çox solğunsan.
Dərindən nəfəs al. Başın gicəllənmir ki?
- Bir az...
Eybi yox. Qorxulu heç nə yoxdu.
Nəsə bu
eskalator birtəhərdir a...
“Sürahının
üstünə çamadan qoymaq qadağandır”, - onların başı üstündəki işıq lövhəsində al-qırmızı
yazı göründü. Bu elə əcayib idi ki, Pit və Pia gülməkdən özlərini güclə
saxladılar. Çamadan nədi? Hansı çamadan?
- Bilirsən,
- Pia dedi, - bir İsrail çimərliyində belə bir yazı asılıb: “Ayılarla çimərliyə
gəlmək qadağandır”.
- Onlar isə
gəlir, və özləri ilə ayıları gətirirlər, - Pit gülümsündü. – Bir ingilis tələbə
öz universitetinin rektorinu məhkəməyə verib, nə var-nə var, hansısa köhnə qanuna görə hər bazar günü tələbələrə
bir çarp pivə verilməlidir. Rektor da məhkəməyə
müraciət edib ki, başqa köhnə qanuna görə tələbələrin hər birinin silahı
olmalıdır...
Pia güldü.
“Gülmək
qadağandır”, - növbəti lövhə ciddi şəkildə xəbərdarlıq etdi. Pit günahkarmış
kimi əllərini yellədi:
- Biz
adamlara mane oluruq.
- Kimə?
- Hamıya.
Görürsən də, bizdən başqa heç kim gülmür.
Pia təşviş
içində ətrafa boylandı. Bütün sərnişinlər ciddi görünürdülər, onların gözləri
qarşıdan görünən işıqlı lövhələrə dikilmişdi. İtaətkar, laqeyd baxışlar.
“Oxumaq
qadağandır”, - yarıqaranlıqdan üçüncü
lövhə - aşındırıcı-sarı yazı – göründü,
və qiraətsevərlər əllərindəki qəzetləri qatladılar, kitabları çantalara dürtdülər,
noutları bağladılar.
Lənətə gəlmiş
eskalator nə vaxt qurtaracaq?
“Siqaret çəkmək
qadağandır”.
Pit alçaq səslə
söyüş söyüb siqareti barmaqlarında əzdi.
- Lənət
şeytana... Həmişəki kimi...
- Metroda
siqaret çəkməyə icazə vermirlər.
- Metro... Sən
dəqiq bilirsən ki, bura metrodur? Hansı stansiyada mindik, xatırlayırsan? Mən – yox... Elə bil
dumandayam, hər şey dağınıq görünür... Sahildəki bina da elə qəribədir. Sahildə
heç bir metro yoxdur... Zarafat edirəm... Hər şey qaydasındadır. Yarım saatdan
sonra evdəyik.
- Pit,
qorxuram, - Oğlanın əlindən yapışan Pia dedi. – Burdan getmək istəyirəm, - O,
Pitə qorxmuş balaca qızın gözləriylə
baxırdı. – Nə vaxt axı aşağı çatacayıq? Orda, aşağıda, qatarlar gedir, düzdür?
- Hə, balaca
qız, sakit ol.
Pit qızı bərk-bərk qucaqladı, özünə sıxdı, Pianın nazik nəm koftasından bədəninin istisini duydu. Yox,
istisini yox, qızmar hərarətini.
“Qucaqlaşmaq
qadağandır”.
Pit və Pia dəhşət
içində bir-birindən qopdular.
- Sən əminsən
ki, biz bu yazılara fikir verməliyik? – Pia acizanə soruşdu. – Onlara fikir
verməsək, nə olacaq ki? Hə? Heç olmasa
indi? Heç olmasa bir dəfə? Sadəcə əməl etməyək – vəssalam?
Pit başını
buladı:
- Yox,
balaca. Olmaz. O yazılar ona görədir ki, hamı oxusun və əməl etsin. Nə
yazılıbsa – qanundur, qanunlara isə əməl etmək lazımdır.
- Amma
Pit...
“Danışmaq
qadağandır”, – növbəti yazı onların üzərinə yırtici canavar kimi çımxırdı, iri yaşıl hərflər parladı. Pit və Pia donub
qaldılar. Onların dodaqları sanki ərinmiş qurğuşunla doldu, kip qapandı, dilləri
boğazlarına yapışdı. Ətrafa sakitlik çökdü, sanki külək yatdı, nə bir hənirti
eşidildi, nə bir nəfəs... yalnız aşağı enən eskalator aramla cırıldayır,
taqqıldayırdı.
“Nəfəs almaq
qadağandır”.
Onlar kədərlə
bir-birinə baxdılar... və öldülər.
Eskalator
hamar, projektorların parlaq işığı ilə dolmuş platformaya dirənirdi.
Platformada dayanmış qəssab əlindəki iri bıçaqla cəmdəkləri şaqqalayıb yük
vaqonuna yığırdı.
Çevirdi: Sima
www.proza.ru
Hiç yorum yok:
Yorum Gönder