19 Mayıs 2017 Cuma

Ana və uşaq (esse)



İşdən çıxıb piyada metroya qədər getmək qərarına gəldi. Xeyli yoldu, düşünürdü ki, piyada gəzməklə, uğuldayan beynini bir az sakitləşdirə bilər. Şəhərin səs-küyü, avtomobil siqnalları, yolun kənarındakı taksi karvanlarından eşidilən sürücü şərhləri (“aaa canı yanmış özünü gör necə əsdirir... Qoyasan buna...) və bu kimi qıcıqlar gərilmiş sinirlərini sanki elə bu an qırıb tökəcəkdi.
Stansiyaya enib perronda dayandı. Yerin üstündəki kimi olmasa da, burada – yerin altında da müəyyən, özünə məxsus səs-küy vardı – qatarların uğultusu, sərnişin addımlarının parıltılı mərmər üzərində xışıltısı, cib telefonlarının cingiltisi... Elə bil hansısa xəyali bir dünyadaydı, və bu dünyaya kənardan, şüşə arxasından baxırdı sanki.

İşin sonu olduğu üçün qatarlar insanlarla dolu gəlirdi.