3 Şubat 2022 Perşembe

5. Mətnin sirləri

Mətnin əvvəlində, giriş hissəsində oxucuda maraq oyatmaq üçün bəzən kilometrlərlə izah verilir. Əslində bu, yasaqdır. Oxucunu qaçırmaq, mətndən uzaqlaşdırmaqdır bu.

Yazar Yuri Koval deyirdi ki, elə yazmaq lazımdır ki, hər sözü öpmək istəyəsən. Hər sözü demirəm, hər cümləni demirəm, heç olmasa hər səhifəni öpmək arzusunu yarada bilsək 😊... Bu da o deməkdir ki, hər növbəti cümlə ya əhvalatı inkişaf etdirir, ya da oxucunun mətni daha dərin anlamasına xidmət edir. Bütün diqqət hadisəyə köklənsə, qələmin ucundan çıxan mətn də oxucuya maraqlı gəlir. Hər yeni cümlə ilə yazar oxucunu irəli aparır.

Mətndə artıq olan və ya fikrin ifadəsi üçün yanlış seçilmiş sözlər mətnin düşmənidir. Sadə və konkret yazmağa çalışın. Göstərmək üçün  fellərdən istifadə edin, hərəkət bildirən sözlər mətnə dinamika verir.

2 Şubat 2022 Çarşamba

Sevinc Elsevərdən bir şeir

 ***

Ancaq dan ulduzunu görməkçün

şirin yuxudan qalxmaz adam,

bizim əsrdə

adamın əti tökülər.

Danışmaz bu barədə

heç bir yerdə.

Amma erkən yol alan,

bir tikə çörəkdən ötrü qaranlıqdan işə yollanan

əlləri cibində

ayaqları ayaqqabılarında donan birinə

hədiyyədir dan ulduzunun şöləsi,

təsəllidir,

sevincdir,

bəhanədir yaşamağı sevməyə...

yetər ki, ən çətin günlərdə də

göy üzünü yaddan çıxartmasın adam.



"Ədəbiyyat qəzeti", 29 yanvar, 2022.



Poeziya irsimizdən. Mikayıl Müşfiq.

 Gecə düşüncəsi

*

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,

Ay bir  sərxoş göz kimi, ulduzlar yaraşıqlı.

Bunları seyr edərkən

Bir az fikrə gedərkən

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,

Mənə öylə gəldi ki,

Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,

Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...