3 Şubat 2022 Perşembe

5. Mətnin sirləri

Mətnin əvvəlində, giriş hissəsində oxucuda maraq oyatmaq üçün bəzən kilometrlərlə izah verilir. Əslində bu, yasaqdır. Oxucunu qaçırmaq, mətndən uzaqlaşdırmaqdır bu.

Yazar Yuri Koval deyirdi ki, elə yazmaq lazımdır ki, hər sözü öpmək istəyəsən. Hər sözü demirəm, hər cümləni demirəm, heç olmasa hər səhifəni öpmək arzusunu yarada bilsək 😊... Bu da o deməkdir ki, hər növbəti cümlə ya əhvalatı inkişaf etdirir, ya da oxucunun mətni daha dərin anlamasına xidmət edir. Bütün diqqət hadisəyə köklənsə, qələmin ucundan çıxan mətn də oxucuya maraqlı gəlir. Hər yeni cümlə ilə yazar oxucunu irəli aparır.

Mətndə artıq olan və ya fikrin ifadəsi üçün yanlış seçilmiş sözlər mətnin düşmənidir. Sadə və konkret yazmağa çalışın. Göstərmək üçün  fellərdən istifadə edin, hərəkət bildirən sözlər mətnə dinamika verir.

Mətnin meyarları:

-          - Sadə dildə yazın, amma bu sadəlik mənaya xələl gətirməməlidir;

-          - Yazanda dayanmayın, qoy şüur və söz axını sizi tamam qərq etsin;

-          - Acı bağırsaq kimi uzanan darıxdırıcı mətnin əvəzinə, qısa və dinamik, enerji, hərəkət dolu mətn yazmaq daha maraqlıdır.

Rəssam insanı rənglərlə, vizual şəkildə təsvir edir. Rəsm əsərini seyr edərkən, qəhrəman haqqında müəyyən bir fikir yaranır. Bəsit desəm, tünd rənglərlə, sərt xətlərlə zalımlar, yumşaq xətlərlə, göz oxşayan rənglərlə yaxşı insanlar təsvir edilir, biz məlumatı portretdən gözlə, baxmaqla alırıq.

Yazıçının “rəngləri” isə sözlərdir, o, sözlərlə qəhrəmanı elə təsvir edir ki, biz mətni oxuyub xəyalımızda qəhrəmanın obrazını, görüntüsünü canlandırırıq. Burada yazarın söz seçmək, sözü yerində işlətmək, ana dilinin zənginliyini tətbiq etmək bacarığı özünü tam göstərir. Mahir yazarlar 2-3 hədəfli sözlə qəhrəmanı təsvir edə bilir: “Başları bədənlərindən böyük olan əyriqıç, nöqtəgözlü, eyni üzlü uşaqlar” (Afaq Məsud).

Qəhrəmanı, necə deyərlər, nöqtə-vergülünə kimi dəqiq və ya ibarəli göstərmək, epitetlərdən, müqayisələrdən gen-bol istifadə etmək personaja ancaq ziyan vurur, onu darıxdırıcı, və ya təlxək kimi ala-bəzək edir. Qəhrəmanın təsvirində nəsə uydurmağa ehtiyac yoxdu - əsil qəhrəmanlar, koloritli tipajlar ətrafımızdadır, onlara məxsus 2-3 detalı əsərin qəhrəmanına “geyindirməklə” canlı bir personajı yaratmaq olar.

Qəhrəman davranışı, əməlləri ilə özünü təsdiq etməlidir. Sözlə nə qədər onun vicdanlı olduğunu mətndə yazsaq da, əgər o, davranışı ilə bunu sübut etmirsə, deməli, əsərin qəhrəmanı kimi elə əvvəldən ölü, maraqsız doğulub. Oxucu özü qəhrəmanın kimliyini təyin etməlidir, yazar hər şeyi (elə qəhrəmanı da) çeynənmiş şəkildə təklif etməməlidir. Qoy qəhrəman kələ-kötürlü həyat yolu getsin, yanılsın, aldatsın, aldansın və doğruları bilsin. Ütülənmış, ideal qəhrəman heç kimə maraqlı deyil, çünki əsəri oxuyan adamın özü də ideal deyil və olmayacaqdır. Gerçək həyat hekayələri, həyatın çətinliklərini ram edə bilmiş gerçək qəhrəman oxucunu mətnə cəlb edən məqamlardır.

Oxucu, oxuduğu mətn ilə öz həyatını uzlaşdırır, və əgər əsərdəki hadisələr, qəhrəmanın davranışı oxucu üçün aydın, anlaşılandırsa, əsəri son cümləsinədək oxuyacaq. Oxucu mətndə, qəhrəmanda öz həyatının, özünün izini görmək istəyir. Xatırlayıram, məktəbdə oxuyarkən, Lermontovun “Dövrümüzün qəhrəmanı” əsərini keçirdik, Peçorin məni çox əsəbiləşdirirdi, halbuki sinifdəki oğlanlar Peçorin kimi olmaq istəyirdilər. O zaman mən yeniyetmə ağlımla bu istəyi anlamırdım, axı Peçorin kimi arvadbaz, nə istədiyini bilməyən qəhrəman necə kiminsə xoşuna gələ bilər? Amma oğlanların gözündə Peçorin alicənab, mərd, söz altında qalmayan birisi idi, əsil kişi nümunəsiydi.

Qəhrəmanı nitqi ilə, işlətdiyi sözlərlə də təsvir etmək olar, nitq – insanı gözəl xarakterizə edən vasitədir. Mədəni, savadlı insan tam cümlələrlə, aydın danışır, savadsız adam qırıq-kəsik cümlələrlə, ədatla, sözdən çox jestlərlə danışır, özünü “mən də varam” deyə təsdiqlətmək üçün elmi sözləri uyğunsuz yerdə işlədir. Bir dəfə bazarda nəsə alırdım, mal satanın da çənəsi söhbətə qızışmışdı, məni eşitmirdi. Gözləməkdən yorulub, onu ucadan çağırdım, mənə dedi ki, “nolub, bir intuisiyan olsun...” 😊.

Parlaq, məzəli, maraqlı, dərin mənalı replikalar qəhrəmanın tarixçəsini cilalayır, mətni daha rəngarəng, oxunaqlı edir. Burada ədəbiyyatın həqiqətən söz sənəti olduğu sübut olunur...

Hiç yorum yok:

Yorum Gönder