Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
30 Mayıs 2011 Pazartesi
Erix Mariya Remark
Erix Mariya Remark (1898 – 1970) – XX əsr görkəmli alman yazarı, alman ədəbiyyatının klassikidir.
1898-ci ildə Almaniyada doğulmuşdur. 1920-ci ildə “Xülyaların sığınacağı” ilk romanını çap etdirib, 1929-cu ildə işıq üzü görmüş “Qərb cəbhəsində dəyişilik yoxdur” romanı ilə tanınıb (həmin kitab yarım milyon nüsxədə satılmışdı).
Remark 1931-ci ildən İsveçrədə yaşayır, sonralar ABŞ-a köçüb Amerika vətəndaşlığını alır. Amerikada yaşayarkən, Remark ona dünya şöhrəti gətirmiş “Zəfər tağı” romanını yazır.
Remarkın əksər romanlarının mövzusu müharibə və onun insan taleyində roludur. Müəllifin özü 1914-18-ci illərdə müharibədə döyüşdüyü üçün müharibənin bütün dəhşətlərini görmüş, dadmış və həmin faciələri əsərlərində əks etdirmişdir.
Remark 1948-ci ildə İsveçrəyə qayıtmışdır. O, 1970-ci ildə vəfat etmişdir.
70-ci illərdə yazdığı kitablar onun xanımının təşəbbüsü ilə çap olunmuşdur.
Romanları:
Xülyaların sığınacağı (1920)
Qem (1923-1924)
Üfüqdə görünən stansiya (1927-1928)
Qərb cəbhəsində dəyişilik yoxdur (1929)
Qayıdış (1931)
Üç dost (1937)
Yaxınını sev (1929)
Zəfər tağı (1945)
Həyat qığılcımı (1952)
Yaşamaq və ölmək zamanı (1954)
Qara abidə (1956)
Lissabonda gecə (1961-1962)
Borc həyat (1961)
Doğma torpaqlar (1970)
Cənnətdə kölgələr (1971)
Erix Mariya Remark. Aforizmlər (çevirdi: Sima Ənnağı)
• Həyat möcüzədir, amma onun özü möcüzə yaratmır.
• Ürəyində bir dünya yoxsa, heç bir dünyanın dəyəri olmaz.
• Həyat barmaqlar arasından süzülüb keçir. Ən dəyərli nemət əllərində olanda, onu dərk etmirsən və yalnız itirəndən sonra anlayırsan. O zaman özünə yazığın gəlir və taleyindən şikayətlənirsən.
• Bəlkə müharibələr ona görə təkrar-təkrar başlanır ki, bir insan başqasının iztirablarını heç vaxt tam anlamır.
• Hakimiyyət həmişə, həmişə eynidir: onun bir qramı kifayətdir ki, insanı qəddar etsin.
• Ah, sevgi - uçuruma aparan məşəldir; yalnız uçuruma düşən an məşəl sevginin dərinliyini işıqlandırır.
• İnsanın həyatı yeganə sevgi üçün çox uzunmüddətlidir.
• Pul insanı xoşbəxt etmir, lakin onu yaxşı sakitləşdirir.
• Heysiyyətə toxunan həqiqət həmişə kobud və dözülməzdir.
• Bəşəriyyət dəyərli sənət əsərləri yaratmişdır, lakin sənətkarların hamısına doyunca çörək verə bilməmişdir.
• Yalnız bədbəxt insan bilir xoşbəxtlik nədir...
• Əxlaq – bəşəriyyətin uydurmasıdır, həyat təcrübəsinin nəticəsi deyil.
• Təvazökarlıq və təmiz vicdan yalnız romanlarda qiymətini alır.
• Qəribə işdir. Ən təbii şeylər insana xəcalət verir, əclaflıq isə - heç vaxt.
• Qorxusuzluq – gəncliyin ən yaxşı yaraşığıdır.
• Suyun altında üzən adama yalnız bir şey lazımdır – suyun üzünə çıxmaq. Balıqların rəngi onu maraqlandırmır.
• İnsan nə qədər bəsitdirsə, özü haqqında bir o qədər yüksək fikirdədir. Tərəddüdlər və dözüm yalnız əsil mədəni insana xasdır. Məhz ona görə elə insan hər dəfə məhv olur. Əbəbi sizif əməyi. İnsan varlığının ən mürəkkəb tənliyi.
• Əgər insanın yaşı yetmişi haqlayıbsa, o, həyatının az hissəsi ilə risq edir...
• Tez-tez təkrarlanan nə varsa, daha ağrıtmır.
• Bəzən kədər - ən ülvi xoşbəxtlikdir.
• Əlbəttə, diktatorlar dəli olmur. Amma ağıllı da olmurlar.
• Gündüz qorxusu sanki ağlabatandır, gecə qorxusu sonsuzdur.
• İnsan özünün böyük əməllərində görkəmlidir – sənətdə, sevgidə, axmaqlıqda, nifrətdə, eqoizmdə və hətta özünü qurban verməkdə. Lakin bizim dünyaya orta miqdarda mərhəmət çatışmır.
• Yaxşı yaddaş dostluğun əsası, sevginin məhvidir.
• Mədəniyyətin tarixi – onu yaradanların iztirablarının tarixidir.
• Həyat – sentimental əxlaq qaydalarından daha böyükdür.
• Öləndə, qeyri-adi dərəcədə mühüm insan olursan, sağ ikən, kimsə səninlə maraqlanmır.
• Yaşamaq – başqaları üçün yaşamaq deməkdir. Hamımız bir-birimizdən qidalanırıq. Qoy hərdən mərhəmət nuru saçsın... O nurdan imtina etməyək. Çətinliklər içində yaşayan insana mərhəmət qüvvət verir.
• Hakimiyyət - dünyada ən yoluxucu xəstəlikdir.
• Sevgi - xoşbəxtliyin ən kövrək növüdür.
• Nifrət və xatirələr ağrı kimi insanın sınmış “Mən”ini məhv edə bilər.
• Olur ki, yüzlərlə adam ölür, heç nə hiss etmirsən; olur ki, bir nəfər ölür, səni onunla çox şey bağlamasa da, sanki minlərlə insanı itirmisən...
• Nəyəsə könüldən inananda, əzablar o qədər də əziyyətli olmur.
• Bəli, biz beləyik! Öz hisslərimizdən qorxuruq. Hisslər yarananda isə özümüzü yalançı sayırıq.
• Müharibə zamanı insanların xoşbəxtlik haqqında təsəvvürləri qida ilə bağlıdır.
• ...sadə şeylər aldatmır: istilik, su, başın üstündə dam, çörək, sakitlik və öz bədəninə etibar...
• Sevərkən, əvvəllər bilmədiyin qorxular yaranır.
• Nəyi bağışlamaq olmaz? Müharibədən sonra o qədər şeyi bağışlamaq lazım olacaq ki... və bağışlanması mümkün olmayacaq! Bütöv həyat çatmaz buna...
• Kilsə - əsrlər boyu tab gətirmiş yeganə diktaturadır.
• Gecə hər kəs olduğu kimi deyil, olmalı olduğu kimidir.
• Sevgi iztirablarına fəlsəfə ilə qalib gəlmək olmaz – başqa qadının köməyi ilə qalib gəlmək olar.
• Bəlkə də ölümün adı başqadır. Axı biz ölümü yalnız bir tərəfdən görürük. Bəlkə ölüm bizimlə Tanrı arasında olan mükəmməl sevgidir.
• Həyat yaxşı da olsa, pis də olsa, həyatdır, bunu həyatınla risq edərkən anlayırsan.
• Pis xatirələrdə yaxşı cəhət var: onlar göstərir ki, indi sən xoşbəxtsən, halbuki bir saniyə əvvəl buna inanmırdın.
• Azadlıqdan məhrum olan an dünyanın nə qədər gözəl olduğunu anlayırsan.
• Qorxu və isterika içində olarkən, insanlar istənilən çağırışa səs verirlər, təki onları harasa çağıran adam kütləyə söz versin ki, məsuliyyəti öz üzərinə götürür.
• Nifrət insan ürəyini yandıran sirkə kimidir, fərq etməz – nifrət edən sənsən, ya da başqasının nifrətinə tuş gəlmisən.
• Zaman – zəif ölüm cövhəridir.
• Bilirəm ki, öləcəm. Bunu səndən yaxşı bilirəm. Ona görə sənin üçün nizamsız səs yığını kimi görünənlər, mənim üçün həm fəryaddır, həm sevinc; sənin üçün adi gündür, mənim üçün - xoşbəxtlikвшк, tale hədiyyəsidir.
• Həyat çoxyelkənli qayıq kimidir, istənilən an çevrilə bilər.
• Nəyisə dərk etmək üçün insan ağrını, faciəni, səfilliyi, ölümün yaxınlığını yaşamalıdır.
• Yalnız həlak olanların müharibədən danışmağa haqqı var, onlar sona qədər gediblər. Lakin onları əbədi susdurmuşlar.
• Ümid, insandan daha ağır ölür.
• Keçmiş çox uzaqda olduğu üçün daha cazibəli görünür.
• Nə baş verirsə - ürəyinizə salmayın. Dünyada vacib olanlar uzun müddətli deyil.
• Dünyada nə varsa, hamısının əksi var: bunsuz o, mövcud ola bilməz – işıq kölgəsiz, həqiqət yalansız, xəyal gerçəkliksiz ola bilmədiyi kimi – bütün bu anlayışlar bir biri ilə sıx bağlıdır, həm də ayrılmazdır.
• Kişi ilə yatmaq, onu adıyla çağırmaqdan asandır.
• Bir insan digərinə bir damla sıcaqlıqdan başqa nə verə bilər? Və bundan böyük ənam nə ola bilər?
• Sevgisiz insan məzuniyyətdə olan ölüdür – bir neçə tarix, sənə heç nə deməyən ad.
• Qadın sevgidən ağıllanır, kişi başını itirir.
• Sevgini dostluqla ləkələmirlər. Son – sondur.
• Heç bir insan keçmişdə sevdiyin insan qədər yad ola bilməz.
• Yalnız yaşamağa dəyən hər şeyini itirmiş adam azaddır.
• Qəribədir ki, insan sevəndə ölə bilər.
• Sevgiyə izahlar lazım deyil. Sevgiyə əməllər gərək.
• Pulla həll edilən hər şey ucuz başa gəlir.
• Deyə bilərsən ki, mən səni atmışam. Xeyli misal gətirərsən buna. Və inanarsan dediklərinə... Və ən qədim məhkəmə - təbiət qarşısında haqlı olarsan.
• İnsanı heç yerdə heç nə gözləmir. Gərək hər şeyi özünlə gətirəsən.
• Tənhalıq həyatın qanunudur. O nə pisdir, nə yaxşı. Onun haqqında çox danışırlar. İnsan həmişə tənhadır, heç vaxt tənha deyil...
• İnsan xəyallarında böyükdür, onların gerçəkləşməsində zəif. Bu, insanın bədbəxtliyidir, həm də cazibəsi.
• Çox darıxanda, heç nəyi anlamayanda, düşünürəm ki, yaşamaq istəyəndə ölmək yaxşıdır, nəinki ölmək istədiyin vaxta qədər yaşamaq.
• Mən macəralara və sevgiyə qarşı deyiləm. Yolumuzda bizə azacıq mərhəmət göstərənlərə qarşı deyiləm. Bəlkə bir az onlara qarşıyam... Çünki biz götürürük, amma qarşılıq vermirik.
• Kim tez-tez geriyə dönüb baxirsa, asanlıqla büdrəyib yıxıla bilər.
• Qaranlıqda deyilmiş sözlər həqiqət ola bilərmi? Əsil sözlər üçün parlaq işıq lazım.
• Əxlaq – zəiflərin uydurması, uğursuz insanların iniltisidir.
• Gözlənti insanın ruhunu məhv edir.
• Həqiqətləri ucadan deyəndə, onlar necə də yazıq görünür...
• Sevgi başqa sözdür. Bu söz az deyir. Bu söz çayda bir damla, ağacda bir yarpaq kimidir. Daha böyükdür...
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder