Bir neçə gün əvvəl xalqımız növbəti dəfə guya Respublika Gününü qeyd etdi. Böyük təəssüf və ürək ağrısıyla “guya” sözünü yazıram. Respublika Günü daha səmimi, böyük coşqu və sevgiylə keçirilməyə layiq bir gündü. Amma digər coşqulu hadisələrlə müqayisədə Respublika Günü uduzur sanki. Avrovizion-2011-də Azərbaycanı təmsil edən iştirakçıların qələbəsi necə vüsət və həyəcanla, coşqu və həvəslə qeyd edilmişdisə, Respublika Günü bir o qədər süst, hərəkətverici çarxları paslanmış araba kimi halsız, “xala, xətrin qalmasın” kimi başdansovdu keçdi sanki. Yanılıram bəlkə, amma özümün subyektiv təəssüratlarımdan qurtula bilmirəm…
Hardan hara gəldik… 93 il əvvəl Azərbaycan naminə, onun hər qarış torpağı naminə, hər insanının gələcəyini təmin etmək məqsədilə həyatını qurban verənlər beləmi dövləti xəyallarında qurmuşdular? Keçən əsrin əvvəllərində Demokratik Cümhuriyyət qurmaqla müsəlman Şərqində müasirliyə və ictimai şüurun inkişafına irəli nəhəng addım atıldığı halda, yüz il sonra, bizim əsrdə gerigalmış Afrika ölkələrinə tay olduq… Nədən bu deqradasiya baş verdi, nədən ali həqiqətlər - ədalət,vicdan, bərabərlik, qardaşlıq və azadlıq kimi insan mənəviyyatının daxili oxları bizim əsrdə qaralandı, kirləndi, darmadağın edildi? Nədən ictimai şüur ilk cücərtilərini qoruya bilmədi, kökündəcə quruyub soldu… Ali ideyaları əllərində bayraq edənlər sonradan totalitar dövlət-zindan qurdular və həmən başladılar azad fikri boğmağa, totalitar qəlibə sığmayan insanları sürgünlərdə çürütməyə … Beləcə zəiflədik, sındıq, cirlaşdıq…
İndi respublikamız cürük taxta pilləli saraya bənzəyir. Nə olsun ki, zahirən hər şey yaraşıqlı, təmtəraqlı görünür, çürük pillələrlə çoxmu qalxarsan? Hara gedərsən? Ona görə çürük pillələrin elə birincisində qalıb yuxarı addımlamağa risq etmirik. Mənasizdı. Saray tikiləndə, gərək hər hissəsi bir-birinə uyğun olsun…
İndi də deyirlər ki, Azərbaycan şah əsərdir. Canım-gözüm, nədən Amerika Vaşinqtonun, Fransa De Qollun, Böyük Britaniya kraliça Yelizavetanın şah əsəri sayılmır? Bu sadəlövh xaricilər öz dövlət rəhbərlərinin əziyyətini görmürlərmi? Axı onların prezidentləri (kralları) demokratik dövlət qurmuşlar, ən azından qanunlarla işləyən dövlət maşını, qanunlara tabe olan ictimaiyyat yaratmışlar. Biz isə cürük pilləli saray yaratdıq…
Ağlamaq istəyirəm… Axı mənim başqa vətənim, başqa ölkəm olmayacaq…
Sima Ənnağı, 2011
Hiç yorum yok:
Yorum Gönder