26 Aralık 2016 Pazartesi

"Mətbəx yazıları" silsiləsindən

Nə vaxtdan bəri mətbəxdə oturub  yazılarımla, noutbuk və internetlə təkbətək qalmağı sevmişəm. Yəqin bu, kiçik, yığcam məkanları sevməkdən irəli gəlir, düşünürəm. Nəhəng zalları, gepgeniş otaqları, ucu-bucağı bilinməyən dar dəhlizləri sevmədim heç  vaxt. Elə yerlərdə özümü narahat, yolunu azmış bir qarışqa kimi hiss edirəm nədənsə...

Mətbəx – adi, standart ölçülü və standart avadanlıqlı bir yerdir. Bişirilən yeməklərin, danışılan söhbətlərin, sınan qab-qacağın izləri hopub divarlara sanki. İldə bir neçə dəfə tavandan döşəməyə qədər sürtülüb təmizlənər, dezinfeksiya edilər,  hər həftə də əsaslı yuyular.

Əvvəllər mətbəxin tavanından sanki süd hopmuş şüşə plafon asılmışdı, plafonun altında gizlənən lampa mətbəxə utanırmış kimi zəif işıq saçırdı. “Bu nədi axı, bu nə işıqdı, heç nə görmürəm...” – deyinərdim bəzən, amma lampa və plafon illərlə dəyişməz şəkildə yuxarıdan sallanırdı. Onlar sallanmaqda, mən deyinməkdə zaman-zaman...


Bir gün lampaya nə oldusa, közərdi-közərdi və söndü. Sanki illərlə tanıdığım nəsə öldü. Dərin axşam vaxtı olduğundan dükana qaçıb lampa almaq mümkün deyildi. Həmin gecə mətbəx qaranlığa qərq oldu, ora girib-çıxanlar  tələsik oranı tərk edirdilər, sanki yubansaydılar, qaranlıq küncdən, və ya şkafların altından əcayib nəsə çıxıb dişləyəcəkdi.

Səhər lampa alındı, süd rəngli plafon isə tamam çıxarıldı. “Lazım deyil bu, qoy təkcə lampa olsun, onsuz da sənə işıq lazımdır, plafonsuz daha gur işıq olar” – dedilər və lampanı yetim kimi tavanda təklənmiş patrona keçirtdilər.

Təzə lampanın gur işığının ləzzətini ancaq axşam, hava qaralandan sonra duydum. Ah, bu nə gözəl bir mənzərə idi! Gur işıq mətbəxin sürtülməkdən rəngi solmuş divarlarına, ağ qaz peçinə, pəmcərədən asılmış güllü pərdəyə, soyuducuya, şkaflara necə rəng qatmışdı, yaraşıqlandırmışdı! Ətrafa göz gəzdirdim, sanki mətbəxi ilk dəfəydi görürdüm. Bəli, bura mənim sığınacağım, xəyallar qurub yazacağım yer idi.


Gecəni gözlədim. Hamı yatandan sonra noutbukumu qoltuğuma vurub mətbəxə gəldim.  Tavandan axan işıq, qaz peçinin yanan iki gözünün xışıltısı, şişkinböyürlü çaydan məni intizarla gözləyirdi. Öncə mətbəx masasını bəzi əşyalardan – içində böyrünü günə verirmiş kimi yumrulanan əncir mürəbbəsi ilə dolu (bəzən əncir, su altında üzən balıqları xatırladan zoğal mürəbbəsi ilə əvəzlənir) mürəbbə qabından, noğullu-qəndli qənddandan, dibində 2 qırıq pecenye qalmış masquradan – azad edib, amandı, noutbukum su çəkməsin deyə, masaya 3-4 qat qəzet sərib noutbuku ehtiyatla onun üzərinə qoyuram, qapağını açıb internet varmı-yoxmu – yoxlayıram və... xəyallar dünyasına atılıram. Nə xoş bir duyğu! Nə böyük bir məmnunluq! Mən, internet və mətbəx...

Hiç yorum yok:

Yorum Gönder