Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
25 Ocak 2019 Cuma
Günün əksi - 4
Mən çayxoram ☺ - təzə dəmlənmiş məxməri çaydan yaxşı nə ola bilər? Bəh-bəh. Çayı güllü fincana süzüb, içinə bir dilim sap-sarı limon atıb, dişləmə qəndlə içməyin ayrı ləzzəti var. Amma qış aylarında nəsə könlüm qara qəhvəyə meyl edir. Evdə bunun üçün xüsusi ədviyyatlar saxlayıram, özü də dəmlənən qəhvəni sevirəm. Tez-bazar hazır olan qəhvə surroqatlarını heç sevməm.
Qəhvə dəmləməyin özü bir ritualdır, məxməri çayın dəmlənməsi kimi. Çay dəsgahının da, qəhvə dəsgahının da ayrı aləmi var.
Qəhvəni xüsusi qabda - metal cəzvədə dəmləyirəm, içinə bir çimdik darçın, zəncəfil, bir qaşıq şəkər və 4-5 duz kristalı əlavə edirəm, deyirlər, duz qəhvənin ətrini daha da açır. Qəhvə dəmlənəndə, gərək gözdə-qulaqda olasan ki, qaynayıb daşmasın. Dəmlənən qəhvə özünü çox sakit aparır, qızır-qızır və birdən daşır. Ona görə dəmləmə anını pusmaq lazımdır - elə ki, qəhvə cəzvənin boğazında qalınlaşmağa başlayır, oddan götürürəm. Və xüsusi aldığım qəhvə fincanına töküb, dərin gecədə ləzzətlə içirəm. Nəsə məhz dərin, qara, soyuq qış gecəsində qəhvə içməyim gəlir.☺
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder