3 Mart 2017 Cuma

Könül Arifdən bir şeir. PENCƏK


Bir qadın vardı -
Havalıydı.
Axşamlar oğrun-oğrun
Zəmidəki müqəvvaya
Yemək aparırdı.
Demə,
müqəvvanın çiyninə
İtkin oğlunun pencəyi salınmışdı.

Qadını görcək zəmidəki qarğalar
Qoynuna sıxıb yavrularını
Elə hey
Üzüyuxarı baxırdı.
Ağlayırdı qarğalar qadına,
Qarğa dilində ağlayırdı...

Sükut edirdi sünbüllər hər axşamçağı,
Qucurdu zəmi torpağı
Sinəsinə düşüb unudulan
Əzik-üzük buğdaları...

Ötürürdü küləklər bir-birinə,
Öpürdü küləklər cümlə-cümlə
Ana laylasını:
"Bu tikəni də ye, balam,
Ye ki, rahat yatasan.
Ağlayır, bax, qarğalar -
hamısı da acdı ha,
Ye! Qalmasın onlara...".

Hiç yorum yok:

Yorum Gönder