Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
20 Şubat 2010 Cumartesi
Ovucda bir parça günəş
Metro vaqonu işdən qayıdan, sifətləri gündəlik qayğılardan və əbədi yorğunluqdan tutqunlaşmış insanlarla doludur. Qara rəng dolub vaqona. Qara saçlar, papaqlar, gödəkçələr, paltolar, çəkmələr, çantalar... Nədənsə bizim insanlar qara rəngi çox sevirlər; yay-qış əyinlərindən qara libaslar əskik olmaz. Deyirlər ki, rəng – insan ruhunun güzgüsüdür. Sağlam ruh gözoxşayan, parlaq rəngləri seçir, xəstə ruh – bozu, qaranı. Biz xəstəyikmi? Ruhumuzmu xəstə, əqlimizmi xəstə...
Dayanacaqda vaqona 4-5 yaşlı, artıq peşəkar sayıla biləcək dilənçi uşaq mindi. Qız idi. Balaca bir qız. Əynində çirkli, rəngi bilinməyən nimdaş paltar, onun üstündən – ilmələri süzülmüş toxunma cemper, ayaqlarında palçığı qurumuş köhnə çəkmələr. Və səs. Cirkli əlləri ilə adamları itələyib keçən qızcığaz soyuqdan kallaşmış səslə “allah xatrinə, nolar, kömək edin...” deyirdi. Səsində nə xahiş, üzündə nə ümid vardı, qız sadəcə iş başında idi. Vaqonboyu gəzişərək, əksərən, kişilərə yaxınlaşır, burnunun altında könülsüz halda nəsə mızıldanırdı. Kimsə ona məhəl qoymurdu. Mənə elə gəldi ki, dilənçi qızın çirkdən qartmaq bağlamış üzünə təbəssüm, çöhrəsinə uşaq məsumluğu yaddır, heç vaxt da olmayıb. Bu uşaq elə qoca doğulub – ruhsuz, ümidsiz, sevgisiz bir qoca...
Bu vaqondan qazanc əldə etməyən qız (yəqin, ürəyində hamını lənətləyirmiş...) boş ovuclarını irəli uzadıb dayanmışdı. Artıq heç nə istəmirdi, heç kimdən heç nə gözləmirdi. Yalnız bu simic vaqondan tez düşüb başqasına minmək istəyirdi. Başqa arzusu yoxdu. Nə istəyə bilərdi ki? Nə arzulaya bilərdi? Bu qızın hər günü o birisindən heç nə ilə fərqlənmirdi, zorən həyatın çirkabına atılmış bu uşaq üçün sabah da, o birisi gün də, bir ay sonra da belə olacaqdı – yenə də metro vaqonları, yenə də laqeyd sərnişinlər, yenə də vaxtından əvvəl qocalmış, qaralmış deyingən ananın tənələri...
Dilənçi qız yenə hərəkət etdi, bu dəfə oturacaqlarda bir-birinə sıxılmış sərnişinlərə yanaşdı. Heç nə demədi. Susdu. Sadəcə çirkli ovuclarını açdı. Bu zaman kimsə cibindən bir narıncı portağal çıxarıb (bəlkə də öz uşağına aparırdı...) ehtiyatla dilənçi qızın ovcuna qoydu, sanki bir günəş doğdu, vaqona işıq saldı. Xırda barmaqlar portağalı bərk-bərk ovuca sıxdı. Qız gözlərini ovcundakı günəş parçasından çəkə bilmirdi, inanmırdı bu möcüzəyə... Portağalı burnuna tutub zərif şirin ətri içinə çəkdi, ayazdan çat-çat olmuş qansız, solğun dodaqları gülümsədi.
Tez vaqondan düşüb qaçdı.
Günəşi özüylə apardı.
Kaydol:
Kayıt Yorumları (Atom)
Özümə söz vermişəm, Bakıya gələndə mümkün olduğu qədər qara geyinməkdən yan gəzəcəm. Başqa bloqlarda da oxumuşam bakıdakıların daha çox qara geyindiyini. Yəqin hökumət hər şeyi qaraladıqca bizimkilər də qaraya bülənirlər.
YanıtlaSil