16 Aralık 2018 Pazar

Yolka (hekayə)

Картинки по запросу ветка `елка

Fatimə yenə də gözünü qapıya zilləmişdi, atasını gözləyirdi. Atası söz vermişdi ki, gələndə ona yolka gətirəcək. Əvvəllər evdə sintetik yolka bəzədilərdi, Fatimə anası ilə birgə parıltılı plastik oyuncaqları həmin yolkadan asar, atası da kənarda əyləşib yolka bəzəmə prosesini müşahidə edərdi. Bir gün ana dedi ki, dekabrın axırına az qalıb, bəlkə yolkanı quraq?
Yolka söhbəti şam yeməyindən sonra açılmışdı. Ata Fatiməyə tərəf dönüb soruşdu:
- Hə, qızım, nə deyirsən, yolkanı quraq?
- Əlbəttə! - Fatimə sevincək əl çaldı. Yolka! Yolka qurulacaq, otağa xüsusi gözəllik verəcəkdi! Gecə isə Şaxta Baba yolkanın altında hədiyyə gizlədəcəkdi!
Ata gülümsədi. Özünün uşaqlıq xatirələrindən danışdı, o zamanlar hər evdə yolka qurmazdılar. Yolkalar baha idi, az satılırdı.  Amma atanın atası həmişə əsil yolka alıb gətirərdi. Sonra uşaqlar yolkadan konfet, qoz, peçenye, kağız qarcıqlar asardılar. Yolkanın ətri evə dolardı...
Ata elə maraqla danışırdı ki, Fatimə də əsil yolka istədi.
- O yolka üçün oyuncaqlarımız yoxdu, - ana dedi.
- Eybi yox, oyuncaqsız olsun, atacan, yolka alarsan?
Ata vəd etdi. Həmin gündən Fatimə hər gün yolkanı gözlədi, amma ata evə yolkasız gəlirdi. Gileylənirdi ki, yaxşı yolkalar yoxdu, ya da hamısını alırlar, ataya yolka qalmır.


Artıq dekabr ayının 30-u idi, yolka hələ də yoxdu. Anası Fatiməyə təklif etdi ki, gəl köhnə yolkamızı quraq. Fatimə küsüb razılaşmırdı. Atam söz verib! Yolka alacaq!
Fatimənin qulağı səsdə idi, atasını addımlarından tanıyırdı. Gözləyirdi.
Ana şam yeməyini hazırlamışdı, ana-bala gözlərini pəncərəyə zilləyib oturmuşdular. Səssizlikdi. Lap uzaqlarda uşaqların partlatdıqları pistonların səsi eşidilirdi. Fatimənin gözləri yumulurdu, amma yatağına getmirdi, yolkasını görmək istəyirdi.
Ata şəhərin dükanlarını gəzib yolka axtarırdı. Gec idi, dükanlar bağlanırdı, yolkaların hamısı satılmışdı. Ata tanımadığı bir döngəyə döndü. Və qarşına çıxan dükanın vitrininə ümidsiz nəzər saldı, inanmırdı ki, bu balaca dükanda yolka ola. Amma vitrində balaca bir yolka vardı! Əsil yolka! Başında da qırmızı ulduz!
Satıcı qız yun gödəkçəsini əyninə geyib, dükanı bağlamağa hazırlaşırdı. Ata özünü dükana atdı: "Bu yolkanı alıram!" - dedi.
- Yolka satılmır, - satıcı qız cavab verdi.
- Xahiş edirəm, yolkanı satın! Qızım üçün!
- Bəs biz yolkasız qalırıq axı! - Satıcı qız duruxdu, sonra nə düşündüsə, yolkanı vitrindən götürüb ulduz qarışıq qutuya qoydu, ata qutunu bağrına basıb evə tələsdi.
Evə gələn kimi, qarşısına qaçan ana və qız qutunu tez açdılar, evə şaxtalı, buzlu iynələrin ətri doldu, ata üşümüz barmaqları ilə yolkanı qutudan çıxartdı, qırmızı ulduzu yolkanın başına sancıb Fatiməyə verdi. Fatimə sevinclə üzünü yolka budaqlarına sıxdı...
...15 il keçsə də, o yolka ən gözəl yolka idi...

Hiç yorum yok:

Yorum Gönder