90-cı illərdə sosializmin sabit görünən və əlverişli kimi anlanan iqtisadiyyatı birdən-birə çökəndə, əhali səfalətlə üz-üzə qaldı. Zirək tərpənmiş işbazlar iqtisadi xaosdan yararlanaraq, xeyli əmlakı ələ keçirə bilmiş, ucuz alıb baha sataraq, sürətlə milyonçu olmuşdular.
Yadımdadır, gənc qız idim, sadə ailənin qızıydım, səfalətin nəfəsi bizim ailəmizə də arabir toxunurdu. O zamanlar hər addımda göbələk kimi peyda olmuş bakaliyyə mağazalarındakı görünməmiş mallara heyranlıqla baxardım, hər şey gözəldi, dəbli idi, qiyməti astronomikdi, çeşidi coxdu, amma boş ciblə yalnız tamaşa edə bilərdim bunlara... Qıcıqlandıran o idi ki, mən bu malların heç birini ala bilməzdim, amma dükanlardakı alıcı sıxlığı, ovuc-ovuc piştaxtaya atılan pulların xışıltısı, neylon torbalara yığılan xarici mallar mənim bu kastaya aid olmadığıma və olmayacağıma aydın işarə edirdi. Dəbpərəst, əşyapərəst deyildim, amma hansı qız, qadın gözəl görünmək istəməz ki... Özü də gənc yaşlarında...
Amma evə çörək və ya un almaq daha zəruri idi, aclıq hər an qapımızı döyə bilərdi. Mən o yaşıma qədər aclıq görməmişdim, aclığın nə olduğunu bilmirdim, təsəvvürüm yox idi, məhsulların talonla alındığı dövr, uzun növbələr yaxşı yadımdadı, qıtlıq vardı, amma aclıq yoxdu, ən azından bazara gedib göyərti-tərəvəz alıb adi şorba bişirmək mümkündü. Amma 90-cılarda bəsit olduğu qədər də zəruri olan pul, əskinaslar adi bir kağız parçasına çevrilmişdi, aylıq maaşın cörəyə də çatmırdı, çünki sən maaşı alana qədər iqtisadiyyat daha da dərin uçuruma yuvarlanır, dağılırdı...
Qonşu ilə müştərək divardan gecələr qadın qışqırığı gələrdi: "Cəhənnəmə pulun yoxdur! Kişisən, get qazan! Evə pul gətir!!" Və səhər qonşu kişinin başını aşağı salaraq sürətlə pilləkəndən düşməsi... Sanki gecə qışqırıqlarından yaranan xəcaləti ört-basdır etmək istəyirdi...
Hiç yorum yok:
Yorum Gönder