16 Aralık 2018 Pazar

Kilkələr

Картинки по запросу килька

90-cı illərdə Mehmanın 12 yaşı olardı. 
Ata-anası məktəbdə müəllim işləyirdi. Sosializm quruluşu dağılırdı, xeyli insanın taleyində möhtəşəm mənfi dəyişikliklər baş verirdi. Mehmanın ziyalı valideynləri çörək pulu qazanmaq, ailəni aclıqdan qorumaq üçün gecələr də işləyirdilər. Ana hansısa sex üçün bazar zənbilləri, yataq ağları tikirdi, ata köhnə "Moskviçi" ilə taksi sürücüsü işləyirdi, xəcalətdən (amandı, şagirdlər görməsin) maşını şəhərin elə yerində saxlayırdı ki, kimsə onun sürücülük etdiyini bilməsin.
Mehman ata-anasının nə qədər əziyyət çəkdiyini görürdü. Yuxusuzluqdan və yorğunluqdan atanın gözlərinin altı qaralmış, üzünün qırışları artmışdı. Anası da sanki 10 il qocalmışdı. Amma Mehman ata-anasının dilindən şikayət, giley eşitmirdi. Bəlkə də öz aralarında nəsə danışıb bölüşürdülər, amma Mehmanın yanında heç vaxt heç nəyi müzakirə etməzdilər.
Mehmanın 12 yaşı vardı, özünü böyük oğlan sayırdı. Kasıbçılığın nə olduğunu yaxşı bilirdi. Bəzən şam yeməyi bir tikə boz çörəkdən və soğançadan ibarət olurdu. Bir qaşıq günəbaxan yağında qovrulmuş sarı-qızılı soğanla dolu tavanı ana süfrəyə verəndə, hamı əlindəki çörəyi tavaya batırıb yeyərdi, şam yeməyinin sonuna qədər heç kim başını qaldırıb baxmaz, hamı susardı...
Mehman dostu Əli ilə səhər tezdən limana gedərdi, balaca gəmiləri gözləyərdi. Hər səhər limanda dənizçilər kilkə balığı satardılar. Balıq az, alıcı çox olardı, bəzən alverçilər adi adamlara kilkə almağa imkan vermirdilər - eləcə  kilkəni tonla alıb aparır, məyus və ac alıcıları veclərinə də almırdılar. Amma bəzən bir neçə adam alverçiləri qabaqlaya bilirdi,  cibindəki pul 3-5 kilo kilkə almağa çatardı.  Mehman aldığı boz, sürüşkən kilkələri neylon torbaya doldurub, sevincək halda evə qayıdırdı, bəlkə də mamontu ovlamış ibtidai insanın sevinci bu qədər olmazdı...
Barmaq boyda kilkə balığı böyük bir sərvətə çevrilmişdi. Kim kilkə ala bilsəydi, evində  bir neçə gün bayram olurdu - kilkədən kotlet, şorba bişirirdilər, kilkəni qızardırdılar, kilkəni ocaqda şişə çəkirdilər və bu çəlimsiz, 5-10 qramlıq əti olan balıq dünyanın ən ləziz neməti idi ac adamlar üçün...

Hiç yorum yok:

Yorum Gönder