21 Aralık 2020 Pazartesi

COKER (filmin ssenarisi, tərcümə)

Orijinal ssenari – Tod Fillips və Skot Silver

 

Bu əhvalatı Warner Bros.-un ənənəvi filmi kimi qəbul edirik. Qoçaq, bizə yaxın və qəribə-məzəli personajlar gerçək dünyada yaşayırlar. Hadisələr keçmişdə cərəyan etsə də, bu, filmdə heç vaxt qeyd edilmir. Tutaq ki, 1981-ci ildir. Çox narahat zamandır. Hotem şəhərində cinayətkarlıq rekordlar qırır. Şəhəri zibilçilərin 6 həftəlik tətili  iflic edib. “Kasıblar” və “varlılar” arasında fərq fiziki şəkildə duyulur. Arzular əlçatmazdır, onlar sayıqlama ideyasına çevrilir.

*

Tamamilə sınmış bir insanın gülüşü eşidilir.

1.      1. Səhiyyə şöbəsi, ofis. Səhər.

30 yaşlı Artur ön plandadır. Güclü gülüşdən onun gözləri yaşarır. O, halına nəzarət etməyə çalışır. Qara kirli saçları dolaşıqdır. Əynində nimdaş, rəngləri solğun, papaqlı narıncı gödəkçə var, boynundan  istifadədən nazilmiş köhnə boz şərf  sallanır. Ağzının kənarlarında az sezilən iki çapıq izi var. Və Artur sanki daim gülür...

Artur işi başından aşan sosial işçinin (50 yaşlı afro-amerikan qadın) qarşısında əyləşmişdir. Qadının darısqal və təmirsiz ofisi darısqal və təmirsiz binada yerləşir. Qadının qarşısında qovluqlar dağı ucalır. Qadın öz masası arxasında əyləşmişdir və Arturun sakitləşməsini gözləyir. Nəhayət, Artur gülməyi saxlayır. Dərindən nəfəs alıb, fasilə edir ki, gülüşünün bitdiyini təxmin etsin.

COKER – Günah məndədir, ya dünya dəli olur?

Gülüşə baxmayaraq, onun gözlərində əsil dərd var. Artur sınmışdır. Görünür, neçə gündür ki, yuxusuzdur.

SOSİAL İŞÇİ – Hər şey həqiqətən mürəkkəbdir. İnsanlar narahatdır, onlar çətin vəziyyətdədirlər. Hamı iş axtarır. Zibilyığanların tətili elə bil bitməyəcək. Çox çətin zəmanədir. Bəs siz necəsiniz? İşdə vəziyyət necədir? Əvvəlki kimi, işinizi bəyənirsinizmi?

COKER – Bəli! Demək istəyirəm ki, hər gün müxtəlif keçir, xoşuma gəlir. İnanmıram ki, nə vaxtsa ofisdə, yazı masası arxasında işləyə biləm... (pauzadan sonra) – İnciməyin...

Qadın gülümsəyir. Kağıza nəsə qeyd edir. Saata baxır – növbəti pasiyentin vaxtıdır.

S.İŞÇİ – Hələ də gündəlik yazırsınız?

COKER –  Hər gün.

S.İŞÇİ – Əla. Gündəliyi gətirmisiniz?

COKER – (mövzudan yayınaraq) – Bağışlayın. Nəyi gətirməliydim?

S.İŞÇİ  (hövsələsiz halda, artıq vaxtı yoxdur) – Artur, keçən dəfə tapşırmışdım ki, gələndə gündəliyinizi gətirəsiniz. Gətirmisiniz?

COKER – Bəli, mem.

S.İŞÇİ – Baxa bilərəm?

Artur könülsüz halda çantasından işlənmış bir bloknot çıxarır və qadına verir.

COKER – Bu yalnız gündəliyim deyil, ora mən zarafatları, maraqlı fikirləri, müşahidələrimi də yazıram. Axı sizə demişdim, komediya aktyoru, stend-ap komik olmaq istəyirəm.

Qadın, Arturu dinləmədən gündəliyi vərəqləyir.

S.İŞÇİ – Yox, deməmişdiniz.

COKER – Demişdim.

Qadın cavab vermir, gündəliyi vərəqləməkdə davam edir.

S.İŞÇİ – Ah, bəli... Çünki ananız deyir ki, siz “insanlara sevinc və gülüş gətirməlisiniz”, elədir?

COKER – Elədir.

Gündəlikdə  yazılmış səhifələr görürük, bəzi yazılar səliqəli, bəzən səliqəsiz xətlə yazılıb; həmçinin porno-jurnallardan kəsilmiş şəkillər və bir neçə əl ilə çəkilmiş rəsmlər də vardır.

Arturun üzündən qəzəb hissi keçir. Görürük ki, o, əsəbi halda sağ qaşını qaşıyır. Özünü sakit saxlamağa çalışır. Qaşının yarısı yoxdur, deməli, Artur tez-tez belə edir.

COKER – Bilmirdim ki, siz bunları oxumaq istərsiniz.

Sosial işçi ona baxır, sonra gündəlikdə gördüyü nəsə onu fikrə qapdırır.

S.İŞÇİ – “Ümidvaram ki, mənim ölümümdə, həyatıma nisbətən daha böyük məna olacaqdır”.

Qadın Artura baxır, Artur da ona baxır, sonra kinayə ilə gülümsəsə də, bunu gülməli hesab etmir.

COKER – Mən, sadəcə...

S.İŞÇİ – Gündəliyi oxumağım sizi məyus edir?

COKER (bir qədər irəli əyilərək) – Yox, sadəcə yazdıqlarım yalnız mənə aiddir, anlayırsınızmı?

S.İŞÇİ – Anlayıram. Sadəcə əmin olmaq istəyirəm ki, siz bunun öhdəsindən gələcəksiniz.

Qadın gündəliyi Artura qaytarır. Artur gündəliyi dizləri üstə qoyur.

S.İŞÇİ – Ananız necədir? Özünü necə hiss edir?

COKER – Çox zaman pisdir, amma yaxşı günləri də olur. Mən indi onun yanındayam və bu ona böyük dəstəkdir. Onun həqiqətən mənə ehtiyacı var.

S.İŞÇİ – Görünür, siz evə qayıdandan bəri, o çox xəstələnir.

COKER (başını yelləyərək) – Bəli, yaxşı ki, mən evdəyəm. Sonuncu tutmadan sonra mən hospitalda yatanda, xəstəxanaya gəlmək anama çox çətin idi.

Qadın yenə saata baxır, artıq növbəti görüşə getməlidir.

S.İŞÇİ – Yaxşı. Yenə 2 həftədən sonra görüşərik?

Artur başını yelləyir, amma əyləşməkdə davam edir. Qadın ayağa qalxır ki, Artur çıxıb getsin.

S.İŞÇİ - Artur,  mən sizə nə iləsə kömək edə bilərəmmi? Növbəti pasiyent məni gözləyir.

Artur əyləşməkdə davam edir.

COKER – Bəli, bilmək istəyirdim, siz həkimdən xahiş edə bilərsiniz ki, dərmanların dozasını artırsın? Mənə elə gəlir ki, heç nə kömək etmir.

S.İŞÇİ (Arturun xəstəlik kartına baxaraq) – Bilirsiz hansı dərmanların?

Artur inkar işarəsilə başını tərpədir.

S.İŞÇİ – Yuxunuz varmı?

COKER (aldadır) – Az yatıram.

Qadın yenə də karta baxır.

S.İŞÇİ – Artur, siz 7 müxtəlif dərman qəbul edirsiniz. Onlardan sizə fayda olmalıdır.

Nəhayət, Artur ayağa qalxır. Rəngi solmuş narıncı gödəkçəsini düymələyir. Qadına baxır:

COKER – Mən özümü bu qədər pox kimi hiss etmək istəmirəm. 

2. Hotem şəhərində meydan. Mərkəz. “Kenninin musiqisi” dükanı

Meydan avtobillə doludur. Maşınlar fasiləsiz siqnal verir, piyadalar səkidə toplaşır. Nəhəng reklam lövhələri, böyük afişalar. Hər yerdə zibil dolu kisələr qalaqlanır. Şəhərin səs-küyü arasında biz şən və getdikcə artan bir melodiya çalan pianino səsini eşidirik.

İzdihamlı küçənin o biri tərəfində, müsiqi dükanının yanında Arturu görürük. O, kədərli avara-kloun geyimindədir. Bu onun işidir. Geyimi nimdaşdır,  üzündə tündrəngli qrim, böyük burun görünür, ağzı ağ rənglə haşiyələnib,  kənarları aşağı əyilib.

Arturun əllərində yazılı plakat var: “Hər şey təcili satılmalıdır!” Mağazanın üstündəki bannerdə “Biznesi bağlayırıq” sözləri yazılıb. Arturun arxasında bir qoca kişi pianino çalır. Artur və qoca alıcıların diqqətini cəlb etmək üçün oradadırlar.

Artur musiqi sədası altında balaca Çarli Çaplin kimi hərəkət edir. Lakin insanların çoxu əhəmiyyət vermədən yan keçirlər. Bəziləri səhvən Artura dəyirlər.

Artur 5 yeniyetmədən ibarət bir qrup görür, 15 yaşından böyük olmayan uşaqlar Artura tərəf gəlirlər. Artur onların yolundan çəkilir. Arturu görən uşaqlar ucadan gülürlər, ona sataşmağa başlayırlar.

Artur onlara fikir vermir, öz işini yaxşı yerinə yetirməyə və ləyaqətini qorumağa çalışır. Plakatı əlində tutaraq, rəqs etməkdə davam edir. Uşaqlardan biri plakatı Arturun əlindən təpiklə vurub yerə atır.

1-Cİ YENİYETMƏ – Gəl mənimkini əm, kloun!

Digər uşaqlar gülürlər. Artur dinmir, əyilib plakatı yerdən götürmək istəyir, bu zaman başqa bir oğlan arxadan Arturun yanına bir təpik vurur.

2-Cİ YENİYETMƏ – Uuuuupppsss!

Artur üzü üstə səkiyə yıxılır. Qəribə olsa da, piano çalan qoca daha da ruhlanır, uşaqlar isə daha ucadan gülürlər. Uşaqlardan biri plakatı götürüb qaçır, digər uşaqlar da, hərəkətli avtomobillərin arasından sivrilərək, onun arxasınca qaçırlar.

Artur ayağa qalxır və uşaqları təqib edir ki, plakatı geri alsın. Bir taksi az qalır onu vursun, növbəti an Artur başqa bir taksinin qarşısından yayınıb kənara keçir, taksi yolda dayanır, Artur qaçmağa davam edir. Adamlar dönüb ona baxırlar – küçədə qaçan kloun, yəqin bu, nəsə bir zarafatdır.

3. Tin, Hotemin döngəsi – davam

5 oğlan adamla dolu küçədə hələ də klounu gülərək ələ salırlar. Son saniyədə onlar qəfildən sağa, döngəyə dönürlər.

Artur nəhəng qırmızı çəkmələri ilə sürüşüb yıxılaraq, sürətlə döngədən yan keçir, qalxıb uşaqların dalınca qaçır. Uşaqların irəlidə qaçdığını görür.

Tap! Hardansa klounun üzünə zərbə dəyir. O yerə yıxılır. Uşaqlardan biri döngədə dayanmış avtomobillərin arasında gizlənərək, Arturu plakatla vurur, plakat zərbədən iki yerə bölünür.

Digər uşaqlar Artura yaxınlaşırlar. Artur plakatı götürmək üçün əlini irəli uzadır. Uşaqlar onu təpikləyirlər. Bu cox ağır mənzərədir. Küçədə heç  kim dayanmır və kömək etmir.

İri planda – yerdəki klounun üzü. Onun üzündən axan tər qrimi yayır. Kloun bildiməsə də, ağrı hiss edir. O, döyüldüyünə susqunluqla dözür.

Klounun üzündə uyğunsuz narazı ifadə vardır.

4. Şəhər avtobusu (yola düşür) – axşamçağı

Artur sərnişinlə dolu avtobusun arxa tərəfinə keçir, axsaya-axsaya addımlasa da, başını dik tutub.

Üzündəki qrim yuyulub, kloun geyimi və əşyalar Arturun çiynindən asılmış böyük bazar torbasındadır. Üzünün bəzi yerlərində yağlı ağ boya ləkələri hələ də görünür.

Artur avtobusun arxa hissəsində boş yer tapır. Anasının dizləri üstündə əyləşmiş, sifəti ağlamaqdan şişmiş 4 yaşlı kədərli bir qız görür. Qızın anası irəli baxır, lakin kürəyindən hiss edilir ki, ana qəzəblidir. Artur görür ki, qız kədərlə dolu gözləriylə düz ona baxır. Artur bilmir haraya baxsın, özünü utancaq və balaca oğlan kimi hiss edir. Kloun kimi gülümsəyərək, o, qızla oynamağa başlayır, üzünü əlləriylə gah bağlayır, gah açır. Qız Artura baxır və sıxın-sıxın gülməyə başlayır.

ANA (Artuta tərəf dönüb əsəbi halda) – Uşağıma qəmiş olma.

COKER – Qəmiş olmuram... mən sadəcə...

ANA (onun sözünü kəsir) – Sadəcə  əl çək!

Qəfildən Artur ucadan qəhqəhə çəkməyə başlayır. O, ağzını tutur, gülməyini saxlamaq istəyir, başını yellədir, gülüş bir anlıq sakitləşir, sonra daha da güclənir. Arturun gözləri kədərlidir. Elə görünür ki, gülüş ona ağrı verir.

Sərnişinlər Artura baxırlar. Balaca qız sanki yenidən ağlamaq istəyir.

ANA – Elə bilirsiz, gülməlidir?

Artur inkarla başını tərpədir, lakin gülməyini saxlaya bilmir. Cibindən balaca bir kart çıxarıb qadına verir. Kartda yazılmışdır – “Bağışlayın ki, gülürəm. Arxada daha çox məlumat var”.

Qadın kartı çevirib bu sözləri görür: “Bu patologiyadır, əhvala uyğun olmayan kəskin gülüşü yaradır. Bu hal müəyyən nevroloji pozuntularda, baş beynin travmalarında yaranır”.

Qadın sona qədər oxumur (lakin siz kadrı dayandırsanız, mətni oxuya bilərsiniz). O, əsəbi halda başını yelləyir və kartı yerə atır.

Artur daha yüksəkdən gülür. Onun üzündən göz yaşları axır. Özünə əlavə diqqət cəlb etməmək üçün narıncı gödəkçənin papağını başına çəkir, ağzını nimdaş şərfi ilə örtür ki, gülüş səsi azalsın.

Artur avtobusun pəncərəsindən görünən şəhərə baxır...

5. Aşağı İst-Sayd, küçələr, Hotem – axşam.

Avtobus uzaqlaşır. Günəş demək olar ki, batıb.

Artur yavaş-yavaş zibillə dolu küçələrdən keçir. Səkilər zibil topaları ilə doludur, hava tüstüdən qatılaşmışdır, ətraf yüngül duman içindədir. Küçələr yoxsullar, qocalar və evsiz adamlarla doludur. Qadınlar sınıq arabalardakı uşaqlarıyla keçib gedirlər; evsizlər metronun yerdəki barmaqlıqları üzərində yatırlar, küçələrdə sahibsiz itlər dolaşır... Artur burada azsaylı ağdərililərdəndir.

Artur ucqar bir aptekə gedir, aptekin arxasındakı tində iki əyyaş dalaşır, daha doğrusu, biri digərini döyür. Artur hamı kimi onlara fikir vermir. Burada heç nə heç kimin vecinə deyil.

6. Çoxmərtəbəli binanın vestibülü – axşam.

Nə vatxa yaraşıqlı bir bina olmuş, indi isə zibilxanaya çevrilmiş binanın təmirsiz vestibülü. Artur  poçt qutusunu yoxlayır. Əlində, içində dərman olan balaca ağ paket vardır. Poçt qutusu boşdur.

7. Həmin binanın lifti

Artur çırıldayan liftə minir. İçəri alaqaranlıqdır, liftin divarları qraffiti ilə doludur. Qapı bağlananda, səs eşidilir.

SOFİ – Dayanın!!

Artur şəstlə ayağını liftin qapısı arasına qoyur ki, qapı bağlanmasın... o, romantik  ruhlu bir insandır.

Sofi Dümon (20 yaşdan böyük), gözləri yorğundur, əlində ağır ərzaq torbaları vardır. O, Cici, 5 yaşlı qızı ilə birgə liftə daxil olur.

SOFİ – Təşəkkür! (izah edir) Sizə aiddir, çünki burada hər şey bərbaddır.

Artur başını tərpədir “təşəkkür” və nəfəsini tutur ki, gülməsin.

O görür ki, Cici liftin kirli tutacağını dili ilə yalayır.

SOFİ – Ananız necədir?

Artur dərindən nəfəs alır, Sofi ilə danışmaq rahat deyil. Artur dərmanlı ağ paketi qaldırıb göstərir.

COKER – Hər gün belədir. Əlimdən gələni edirəm ki, anamı sağaldım. Dərman almışam. Şam yeməyindən sonra verəcəm.

SOFİ (nəzakətlə gülümsəyir) – Onun bəxti gətirib ki, siz varsınız.

Artur minnətdarlıqla gülümsəyir və yenidən Ciciyə baxır. Sofi nəhayət qızının nə etdiyini görür, onu tutmaq istəyir, amma əlləri məşğuldur. Sofi qızını itələyir.

SOFİ – Aman allah! Cici, etmə! Sənə neçə dəfə demişəm! (Artura) Bu bina necə də dəhşətlidir, deyilmi?

Artur başını tərpədir... bilmir nə desin, amma aydındır ki, Sofi ilə söhbətə davam etmək istəyir. Qapılar açılır. Onlar liftdən çıxırlar.

SOFİ – Ananıza salamımı yetirin!

Sofi və Cici dəhlizlə əks istiqamətdə gedirlər. Artur bir müddət  dayanıb qalır. Ürəyi sürətlə döyünür.

COKER  (Sofinin arxasınca) – Ey, Sofi!

Sofi dönüb baxır.

COKER – Salamınızı anama çatdıraram.

Sofi gülümsəyir, sanki “hə, hə, mən elə bunu dedim” demək istəyir.

8.  Ananın mənzili – axşam.

Köhnə bir mənzil, nimdaş xalça. İçəridə təzə bir şey yoxdur, lakin hər şey səliqəlidir.

Artur qapını bağlayır və ona söykənir, donub qalır. Mırıltı eşidilir. Artur aşağı baxır və qoca kürən pişiyi görür. Pişik Arturun ayaqlarına sürtünür.

ANA (kadr arxasında) – Sevincim, poçtu yoxladın?

COKER  - Hə, anacan, heç nə yoxdur.

ANA – Yaxşı baxdın? Bəzən başın üstündə olmur.

Artur yenə aşağı baxır və görür ki, pişik yoxdur.

COKER – Hə, ana, yaxşı baxmışam. Başım da yerindədir. Şam yeməyi hazırlayacam, yaxşı?

Artur əlindəki paketi açır və dərmanları masanın üzərinə tökür. Narıncı dərman qabları üzərində yazılar görürük – “Artur Flek”, dərmanların adları: temazepam... perfenazin... axenelzin... amiitriptilin... benzedrin... diazepam...meprobamat...

Artur bir həb temazepam və bir həb meprobamat götürüb əzir və yeməyin üzərinə səpir. Sonra digər dərman qablarından götürdüyü bir ovuc həbi udur. Aşağı baxır, kürən pişiyi görüb gülümsəyir. Pişik aşağıdan yuxarı Artura baxır.

9. Ananın yataq otağı – gecə

Artur yeməyi anasına gətirir. Penni (70 yaşlı) yataqdadır. Televizorda yerli xəbərlər göstərilir. Artur yeməyi anasının qarşısına qoyur. Var gücü ilə bədən ağrısını büruzə verməməyə çalışır, lakin ana onsuz da heç nə sezmir.

ANA – O, yəqin, mənim məktublarımı almır.

Artur yatağın yanındakı kürsüyə əyləşir.

COKER – O məşğul insandır, anacan.

ANA – Mənim üçün də məşğuldur? Onun ailəsində 12 il işləmişəm. Həmişə də mənə qarşı yaxşı olub. Cavab yazmaq onun üçün ən asan işdir.

COKER – Anacan, yeməyini ye. Sən yeməlisən.

ANA – Sənə də yemək lazımdır. Gör, necə arıqsan...

Artur bir söz deməyə macal tapmamış, anası barmağını televizora tərəf tuşlayır.

ANA – Gündən-günə pis xəbərlərin sayı artır. Başqa bir şey yoxdu.

COKER – Bəlkə televizora az baxasan?

ANA (fikir vermədən) – O, Hotemin yeganə ümid yeridir. Əla mer olacaq. Elə deyirlər.

COKER (şən) – Kim deyir? Kimlə danışmısan?

ANA – Xəbərlərdə deyilir.

COKER – Bəsdi, ana. O heç namizədliyini irəli sürmür. Mer olmaq Tomas Veynin nəyinə gərəkdir? Biznesmen kimi daha çox fayda verər.

ANA – O, bu şəhərin və hər bir sakinin qayğısını çəkir. Ona görə inana bilmirəm ki, mənə cavab yazmır.

COKER – Cavab verəcək. İndisə ye.

Artur anasını yedizdirir.

COKER – Bu gün özünü necə hiss edirsən?

ANA – Bilmirəm. Görmürsən, gecələr daha pis oluram?

COKER (anasına sataşır) -  Bəlkə, Aya görədir. Bəlkə, sən...qülyabanısan?

Artur canavar kimi astadan ulayır. Ana gülür.

ANA – Heç gülməli deyil.

Artur, anasının necə yediyinə baxır.

ANA – Hər halda bu gün ona yeni bir məktub yazdım. Daha yaxşısını. İstəyirəm ki, məktubu düz ona çatdırasan.

COKER – Nə? Niyə?

ANA – Ola bilər ki, poçtalyon məktublarımı tullayır. Biz ona Milad bayramında çaypulu verməliydik.

COKER – Poçtalyona kim çaypulu verir ki?

ANA – Bəzi insanlar. Varlı adamlar, misalçün.

Artur tabe olaraq köks ötürür.

COKER – Yaxşı. Sabah onun ofisinə zəng edərəm.

Artur anasının yanında uzanır.

İri planda televizor – “Mürrey Franklinin şousu”na giriş səslənir və diktor iştirak edən ulduzların və Mürrey Franklinin adını çəkir.

DİKTOR (televizorda) – Bu, Mürrey Franklin ilə birbaşa yayımdır! Bu gün Mürreyin qonaqları kimdir? Sandra Vinger, yumorçu Skip Bayron və Yeldon & Chantel-in musiqiçiləri! Həmişə olduğu kimi, Don Ellis və onun caz orkestri! İndisə birbaşa – Mürrey Franklin!

Artur və anası şouya baxırlar, bu onların ənənəsidir.

10.     Qonaq otağı, ananın mənzili – gecə.

Gecədir. Ana bərk yuxuya gedib. Artur qonaq otağında təkdir, bura onun yataq yeridir. Artur yata bilmir. Köhnə bloknotunu açır. “Zarafatlar” səhifəsini tapir və yazmağa başlayır…

İri plan: Arturun əli asta-asta yazır: “Ruhi xəstəliklərdə ən ağır…”

Kamera Arturu göstərir – o bir anlıq fikrə getmişdir. Sonra ağlına gələn fikirdən gülür.

Yenə iri plan sözlərə:  indi Artur sürətlə yazır – “….odur ki, insanlar gözləyir ki, siz özünüzü elə aparacaqsınız ki, sanki onlar yoxdur”.

 

11.     Veyn Qülləsi, küçə, Midtaun – səhər

Artur poladdan və şüşədən tikilmiş qorxunc qülləyə baxır, onun fonunda Artur elə balaca görünür ki… Arturun əlində anasının məktubu vardır. Girişdən şirkətin korporasiya ştabına işçilər daxil olub-çıxırlar.

Artur nəhəng şüşə qapılardan keçərək içəri daxil olur.

12.      Qəbul otağı, Veyn Enterprayzis, 25-ci mərtəbə - səhər

Artur liftdən çıxaraq qeydiyyatın ağ mərmər dayağına elə yaxınlaşır ki, sanki burada işləyir.

COKER – Salam. Mister Tomas Veynə şəxsi məktub var.

KATİBƏ – Okey. Onu mənə verin.

COKER – Çox vacib məktubdur. Əmin olmalıyam ki, məktub ona çatacaq.

KATİBƏ – Ooo, onda özünüz verin.

Artur kabinetə tərəf gedir.

KATİBƏ – Zarafat etdim. Məktubu burada qoyun.

COKER – Ooo, yaxşı… bilirsiz, anam Veynin ailəsində 12 il işləyib. Onların evini idarə edib.

Bir neçə iş adamı səbirsizliklə Arturun arxasında dayanıb gözləyirlər, onların görüşləri vardır.

KATİBƏ – Əla. Məktubu mənə verin, başqa variant yoxdur. İndisə, zəhmət olmasa, kənara çəkilin.

COKER – Mister Veyn anamı tanıyır. Bəlkə ona zəng edəsiniz? Deyin ki, buradayam.

KATİBƏ – Tomas Veyn iş dalınca gedib.

Artur məyusdur.

COKER – Yaxşı. Heç olmasa, sizin adınızı bilmək olarmı?… Bilim ki, məktubu kimə vermişəm.

Artur qəfildən qəbul otağı ilə digər köməkçi ofislərin arasındakı şüşə arakəsmədən bir dəstə kişini görür, Tomas Veyn (60 yaşlı)  onların arasındadır – gündən yanmış sifətli, boyalanmış qapqara saçlı.

COKER – Dayanın, axı bu, odur (şüşə arakəsməyə yaxınlaşıb qışqırır) – Mister Veyn! Mister Veyn!

Artur şüşəni döyəcləyir. Kişilər onu görmədən yola davam edirlər.

KATİBƏ – Ser, xahiş edirəm, bəsdir. Ser!!

Artur şüşəni vurmaqda davam edir.

13.     Veyn qülləsi. Mərkəzi giriş – səhər.

Şüşə qapılar geniş açılır, Arturu zorla küçəyə atırlar. Onun başı üstündə iki yekəpər mühafizəçi dayanıb.

Anasının məktubu hələ də Arturun əlindədir. O, özünü elə göstərir ki, çıxıb getməyə hazırdır, lakin son anda yenidən qapıya tərəf qaçır. Mühafizəçilər onun qollarından bərk-bərk tutub saxlayırlar.

14.     Ha-ha ofisi, geyinmə otağı – günorta

İstedadların sifarişi üzrə kiçik agentliyin darısqal geyinmə otağı. Artur agenlikdə işləyir. Agentlik bayramlar və digər tədbirlər üçün klounları, fokusçuları, striptiz qızlarını “icarəyə” verir.

Artur köynəyini çıxaranda, ağrıdan üz-gözünü turşudur. Onun bədəni təpiklərdən gömgöydür.

RENDAL – Hər şey qaydasındadır?

Artur çevrilib ona baxır. Rendal (50 yaşlı) sanki hər şeyi bilən böyük ayıdır, yaxınlıqda dayanıb. Rendal bayramlarda klounluq edir. Kloun geyiminin yarısı artıq onun əynindədir.

RENDAL – Eşitdim ki, səni döyüblər. Lənətə gəlmiş vəhşilər.

COKER – Sadəcə bir dəstə uşaq idi. Nahaq yerə onları təqib etdim, gərək vecimə almazdım.

Rendal öz şkafını açır.

RENDAL – Bu nəsə bir dəlilikdir. Onlara imkan versən, dünyanı dağıdarlar.

COKER (başını tərpədir) – Anam deyir ki, bizim zəmanəmizdə insanlarda empatiya azdır.

RENDAL – Empatiya nədir?

COKER – “başqa insanların hisslərini anlamaq, həmhiss olmaq”

RENDAL – Simpatiya kimi?

COKER – Yəqin… amma bir az fərqli.

Rendal yaxınlaşır, Artura qəhvəyi kağız zərf verir.

Artur zərfin içinə baxır. Tapançadır… 38 kalibrli qısalüləli tapança. Artur karıxmış halda Rendala baxır.

RENDAL – Götür. Mənim bir neçə tapançam var. Sən gərək özünü müdafiə edəsən, dost. İndi psixlərin sayı yaman artıb.

Artur ona baxır.

RENDAL (yavaş səslə) – Bu 38-ci kalibrdir. Əgər nə vaxtsa ondan istifadə etmək lazım gəlsə, peşman olmazsan. Onu vaxtında çıxartmaq kifayətdir.

COKER – Amma…. mənim pulum…  pulum yoxdur, Rendal.

RENDAL – Eybi yox, boş ver. Sonra hesablaşarıq. Sən dostumsan axı.

Artur gülümsəyir.

RENDAL (gedərkən) – Amma onu  mən verməmişəm ha… Yaxşı?

Artur başını tərpədir. Qəhvəyi kağız zərfi şkafına qoyur. Tələsmədən geyinməyə başlayır – gözü bir çantaya sataşır.  Harri (30 yaş), çırtdanboy kloun pəncərədən başını geyinmə otağına salır.

HARRİ – Artur, Hoyt səni kabinetinə çağırır.

COKER – Niyə?

HARRİ – Bilmirəm.

15.      Direksiya, Ha-ha istedad – günorta

Yarıgeyinmiş Artur darısqal kabinetə daxil olur. Onun bossu Hoyt Von (60 yaşlı) metal masa arxasında əyləşmişdir. Ofis tamam tör-töküntüdür, qəzetlər və qovluqlar masa üzərinə dağılıb. Nəhəng külqabı siqaret kötüyü ilə doludur. Divarda tamam yazılıb-pozulmuş bron təqvimi var.

COKER – Salam, Hoyt. Harri dedi, məni görmək istəyirsən?

HOYT (gözlərini qaldırmadan) – Karyeran necədir, hə? Artıq tanınmış stend-up komik olmusan?

COKER – Hələ yox. Heç çıxış etməmişəm. Material üzərində işləyirəm.

Hoyt ona baxır, siqaretini sümürür. Artur yaxınlaşıb əyləşmək istəyir.

HOYT – Yox, oturma. Sözüm tez olacaq.

Artur yerində donub qalır.

HOYT – Qulaq as, Artur, xoşuma gəlirsən. Burdakı uşaqlar elə bilir ki, sən xəstəsən, amma mən  səni bəyənirəm. Heç bilmirəm niyə… sən əcaibsən. (pauza) Yəqin səbəb sənin gic gülməyindədir. Hər dəfə gülüşün məni dəli edir. Öldürür…

Nə cavab verəcəyini bilməyən Artur sadəcə başını tərpədir.

HOYT – Səndən yenə şikayət var. Artıq bu, məni əsəbiləşdirir.

Artur dərindən nəfəs alır, qaşını qaşıyır.

HOYT – Kenninin musiqisi. Bazar günü. Oğlan dedi ki, sən yox oldun. Plakatı qaytarmamısan.

COKER – Mənə hücum ediblər. Demişdim axı.

HOYT – Plakata görə? Cəfəngiyyatdır. Bunda məna yoxdur… sadəcə plakatı qaytar. Oğlan biznesini bağlayır.

Tak! Qəfildən Artur başını divara çırpır.

HOYT (sarsılmış) – Ey!

Tak! Tak! Artur başını dəfələrlə divara çırpır, divarın suvağı qopub tökülür.

HOYT – Artur, bu nədi!

COKER (gərgin səslə) – Plakat yoxdu.

Artur Hoyta baxır, üzündən qan süzülür.

Tərcümə: Sima

Hiç yorum yok:

Yorum Gönder