28 Aralık 2020 Pazartesi

"Coker" filminin ssenarisi. Tərcümə işim. Davamı

 

72. Veyn-Holl, əsas giriş – gecə

İki cangüdən Arturu var gücüylə binadan çölə atır, Artur yağışdan islanmış etirazçıların qarşısında yerə yıxılır. Telekameralar və foto-işıqlar Artura tuşlanır. Artur yıxıldığını səhnələşdirmək qərarına gəlir – publika qarşısında gah bir, gah o biri tərəfə mayallaq aşır, sonra dramatik bir təzim edir.

Etirazçılar dəli kimi bağıraraq, onu alqışlayırlar.

İslanmış saçlar... Əzilmiş burun...

Artur arxaya çevrilib görür  ki, cangüdənlər qayıdırlar. O, yağış seli altında meydan boyu qaçır. Yolu burulur, sürüşərək, qaçmağa davam edir – heç kim onu təqib etməsə də, qaçır. 

73.     Çoxmənzilli bina, dəhliz – gecə.

Artur Sofinin qapısını döyür, içəridən musiqi səsi eşidilir. Artur tamam islanıb, geyimi bədəninə yapışıb. Heç kim qapını açmır.

Artur yenə qapını döyür. Musiqi səsindən içəridə nə baş verdiyini eşitmək olmur. Artur qapını itələyir – qapı açıqdır.

74.      Sofinun mənzili, dəhliz – davamı

Artur Sofinin mənzilinə daxil olur, musiqi çox ucadan səslənir, mənzil zəif işıqlanır.

COKER – Sofi?!

Artur qaranlıq qonaq otağına daxil olur və Sofini divanda, hansısa bir oğlanın üstündə ani olaraq görür. Oğlan kölgəlikdə dayanan Arturu görür və dik atılır. Arxaya çevrilib baxan Sofi qışqırır.

75.      Çoxmənzilli binanın dəhlizi – gecə

Artur anasının mənzilinə tərəf sürətlə qaçır. Onun ardınca yarıçılpaq oğlan çıxır, şalvarını düymələyərək, nəsə qışqırır. Artur geriyə baxmadan qaçır və oğlanın nə dediyini eşitmir. Mənzilin qapısını tələsik açaraq, içəri daxil olur.

76.      Dövlət xəstəxanası, Arkhem – səhər

Artur darısqal kabinetdə əyləşib, pəncərə şüşəsindən pasiyentlərin səs-küyünə, qışqırıqlarına diqqət edir – kimsə əlil arabasına qandallanıb, kimsə başıbağlı halda xərəkdə uzanıb ki, lampaların parlaq işığı gözlərini qamaşdırmasın.

Arturun müşahidələrini klerk (40 yaşlı, sinəsindən İD vəsiqəsi sallanır) kəsir, klerk sənədlərlə dolu ağır köhnə yeşiyi gətirir və küt şappıltı ilə qutunu kirli masanın üzərinə qoyur.

KLERK – Bağışlayın ki, gec oldu. 10 ildən əvvəlki qeydlər zirzəmidə saxlanır, sən isə 30 il əvvəlki sənədləri istədin, ona görə xeyli axtarmalı oldum.

Artur minnətdarlıqla başını tərpədir.

KLERK – O qovluq burada olmalıdır, amma onu sənə verə bilmərəm.

Klerk yeşiyi açır, içində nəsə axtarır. Artur pəncərə şüşəsindən dəhlizə baxır.

COKER – Sənə sual verə bilərəm? Adam bura necə düşür? Bu adamlar cinayət törədiblər?

KLERK (sənədlərə baxaraq) – Bəziləri hə... Kimsə dəli olub, özünə və ətrafdakılara təhlükə yaradır. Kiminsə getməyə yeri yoxdu.

COKER (başını tərpədir, aşağı baxır) – Həəəə, bilirəm bu nə deməkdir... Bəzən mən də bilmirəm, nə edim... Elə bilirəm, daha dözə bilməyəcəm...

Klerk hələ də sənədlərlə məşğuldur.

KLERK – Hə, mən də bilmirəm bu zibillə nə edim. İndi də deyirlər ki, işçiləri ixtisar edəcəklər, biz onsuz da azıq, bundan sonra vəziyyətimiz lap pisləşəcək... Nə edim, bilmirəm...

Artur klerkə baxır, düşünür ki, klerk onu anlayır.

COKER – Keçən dəfə elə oldu ki, mən hirsimi başqalarından çıxdım. Elə bilirdim, bu hadisə məni narahat edəcək, amma etmədi...

Klerk ilk dəfə Arturun üzünə baxır.

KLERK – Nəyi nəzərdə tutursan?

COKER – Ətrafında hər şey uçuruma yuvarlananda, xoşbəxt olmağa çalışmaq çox çətindir.

KLERK – Qulaq as, mən adi işçiyəm, köməkçiyəm. Sənədləri doldururam, forma yazıram. Yəni bilmirəm nə deyim sənə... Bəlkə sən harasa müraciət edəsən – cürbəcür proqramlar var, ya xidmətlər...

COKER – Onları ixtisar ediblər.

Klerk başını tərpədir, nəhayət, axtardığını tapır.

KLERK (təəccüblə) – Tapdım, budur. Penni. Penni Flek.

Klerk saralmış vərəqlərlə dolu köhnə qovluğu yeşikdən çıxarır, yeşiyi yerə qoyur, öz masasının arxasında əyləşir.

COKER (öz-özünə) - Deməli, anam buranın pasiyenti imiş...

Klerk qovluğu açır.

KLERK (tələsik kağızlara göz gəzdirir) – Beləəə... Diaqnoz doktor Bencamin Stouner tərəfindən qoyulub. Pasiyent paranoidal psixozdan və şəxsiyyətin narsis pozuntusundan əziyyət çəkir. Öz uşağına təhlükəli olduğu təxmin edilmişdir.

Klerk ucadan oxumağı dayandırır, növbəti vərəqləri oxuduqda, gözlərini geniş açır. Artur klerkə baxır, onun sözünü gözləyir.

COKER – Nə var?

KLERK – Sən dedin ki, o sənin anandır?

Artur başını tərpədir.

KLERK (qovluğu bağlayır) – Bağışla, mən sənə, dediyim kimi, qovluğu verə bilmərəm. Xusüsi icazə lazımdır. Yoxsa problem yaşayaram. Bundan başqa, burada (qovluğu göstərir) pis şeylər çoxdu.

COKER – Mən öhdəsindən gələrəm. Özüm də dəfələrlə pis vəziyyətdə olmuşam.

KLERK qovluğu masanın üzərinə qoyur.

KLERK – Kömək edə bilmərəm. Əgər sənə buradakı qeydlər lazımdırsa, qoy anan gəlsin və pasiyent haqqında məlumatların açıqlanmasına izacəni imzalasın.

Artur bir anlıq fikrə gedir. Sonra qovluğu masanın üzərindən cəld götürür, klerk qovluğun o biri ucundan yapışır, hərəsi qovluğu öz tərəfinə çəkir.

Nəhayət, Artur klerki bərk itələyərək, qovluğu götürür və kabinetdən qaçır. Klerk bunu görür, amma heç nə etmir.

77.      Arkhem Dövlət xəstəxanasının dəhlizi – səhər

Artur dəhlizlə qaçır, bilmir ki, onu təqib edən yoxdu.

Tini dönüb  uzun dəhliz ilə qaçır. Pilləkənin qapısına çataraq, içəri daxil olur.

78.      Arkhem dövlət xəstəxanasının girəcəyi.

Artur pillələrlə aşağı qaçır və aşağıdakı meydançada dayanır. Boylanır ki, görsün təqib edən var ya yox.

İri planla  - Artur nəfəsini dərib, qovluğu açır.

Sənədləri vərəqləyir və klerkin dayandığı səhifəni tapır. Ürəyində oxuyur, oxuduqca 30 il əvvəl psixiatrik ekspertiza üçün dindirilən anasının səsini eşidir.

ANA – Oğlumu övladlığa götürməmişəm, o Tomas Veynin oğludur. Mən onun evində işləyirdim, demişdim də, onun evini yığışdırırdım. O həmişə mənə gülümsəyirdi.

79.      İstintaq otağı, Arkhem dövlət xəstəxanası – günorta

(keçmişdən)

Penni Flek (20 yaşlı) doktor Bencamin Stounerin (50 yaş) qarşısında, istintaqlar aparılan balaca qaranlıq otaqda əyləşmişdir. Pəncərələr müdafiə ekranları ilə örtülüdür. Penni siqaret sümürür, onun üzündə göy ləkələr var, burnu və ağzı əzilib.

Doktor Stouner Penninin işinə (sənədlərə) baxır – bu, indi Arturun əlindəki qovluqdur.

DOKTOR – Penni, bu haqda əvvəl danışmışdıq. Sən onu övladlığa götürmüsən. Bütün sənədlərimiz var.

Penni susur, yalnız gülümsəyir, sanki bir sirrə malikdir. Siqaret tüstüsünü buraxır.

Doktor qovluğu araşdırır, 3 yaşlı Arturun bədəninin ağ-qara kriminal fotolarını götürür.

DOKTOR – Sən dayanıb baxırdın ki, aşnalarından biri övladlığa götürdüyün uşağa necə əzab verir. O dəfələrlə uşağı döyüb. Səni də.

Penni doktora dəli kimi baxır.

ANA – O nə mənə, nə də uşağıma toxunub. Olar mən gedim, xəstəxanaları sevmirəm.

Doktor Stouner fotoları Penninin qarşısına düzür. Penni siqaret çəkməyə davam edir və fotolara baxır.

Fotolarda Arturun gömgöy bədəni... kirli çarpayısı... radiatora bağlanmış ip qırığı görünür.

Artur bu ağ-qara fotolara baxır və cavan anasını eşidir.

ANA – Onun ağladığını heç vaxt eşitməmişəm. O həmişə elə sevincli, şən uşaq olub ki...

DOKTOR – Penni, uşağı sənin kirli mənzilində tapıblar, ac-susuz halda, özü də onu radiatora iplə bağlayıblar, onun bədənində xeyli döyülmə izləri vardı, başından ağır travma almışdı.

Artur bunları oxuduqda/eşitdikdə, gözünü qovluqdan çəkir, sanki Penniyə tərəf çevrilərək onun reaksiyasına baxır – elə bil Artur gənc anasıyladır.

Artur görür ki, Penni bir qədər irəli əyilib, diqqətlə doktora baxır.

ANA – Bu yalandır. Mənim evim çox kirli deyildi. Evimi səliqəli saxlayıram.

Artur anasına baxır.

DOKTOR – Bəs oğlunuz barədə nə deyə bilərsiniz?

Penni bir an düşünür, siqareti tüstülədir.

ANA – Mən şadam ki, onu  tanımışam.

Artur anasının siqaret tüstülətməsinə baxır, sonra siqaret tüstüsü duman kimi onun gözləri qarşısını tutur.

80.      Məktəb meydançası, küçə - günorta

Artur sürətli addımlarla uşaq meydançasına yaxınlaşır. Görür ki, Sofi digər analarla söhbət edir, Cici isə turniklərdə uşaqlarla oynayır.

Sofi Arturu görür və ona tərəf gedir, hələ də gecə olanlardan narahatdır.

SOFİ – De görüm, bu nə idi? Sən istədiyin vaxt mənim evimə gələ bilməzsən!

Artur Sofinin qəzəbindən karıxır.

COKER – Gözlə, Sofi, biz bundan keçməliyik... Ona görə buradayam.

SOFİ – Nə deyirsən? Nədən keçməliyik?

COKER – Bilmirəm. Demək istəyirəm ki, heç vaxt qadınla yaxınlıq etməmişəm, bu mənim üçün ilkdir...

SOFİ – Artur, mən səninlə sadəcə xoş davranırdım, çünki sənə yazığım gəlirdi... Mənim görüşdüyüm kişi var.

COKER – Sənin kimin var? Kimin? Sən necə qadınsan! Kim belə edir?

Bəzi analar onlara tərəf baxırlar.

SOFİ – Çıx get. Mən bunu müzakirə etməyəcəm.

COKER (qışqırır) – Niyə müzakirə etməyək?

Cici Sofinin yanına qaçıb gəlir ki, görsün, nə baş verir.

SOFİ (qızına tərəf) -  Get dostlarınla oyna, əzizim. Burada böyüklər söhbət edir.

Artur Ciciyə yuxarıdan aşağı baxır.

COKER  – Cici, getmə, sən bunu eşitməlisən. Sənin anan pis adamdır. O qəhbədir, əgər iki kişi ilə eyni anda görüşürsə... Ona inanma, o sənin də ürəyini qıracaq.

Artur dönüb gedərkən, arxasınca Cicinin ağladığını eşidir. Onun özü də göz yaşlarını güclə saxlayır.

Sofi Arturun arxasınca qaçaraq, onun əlindən tutur. Artur ona tərəf çevrilir, sanki bu an qadını vuracaq.

COKER – Niyə məndə heç vaxt heç nə alınmır?

Sofi var gücüylə Artura sillə ilişdirir, sonra çıxıb gedir.

İri planla Artur. Qəhqəhə çəkir...

81.      Ananın mənzili, qonaq otağı – gecə.

Artur əsəbi halda otaqda gəzişir, qapını taqqıltı ilə vurub açır. Başını yana əyərək, burnunun altında nəsə mızıldanır, sanki başında baş verən hansısa hadisədə iştirak edir. Arxa planda televizorda xəbərlər gedir.

Veyn qülləsi qarşısındakı etirazlardan kadrlar... Etiraz edənlər kloun maskalarındadır...

Aparıcının səsi: “Bir neçə həftə ərzində davam edən qəzəb və narazılıq, deyəsən, partlayışa yaxındır. Kloun kimi geyinmiş etirazçılar dəstəsi bü gün  Veyn qülləsi qarşısına çıxdılar”.

Artur bunu eşitcək, dayanır və ekrana tərəf çevrilir.

Kamera televizoradır. Etirazçılar Veyn qülləsinin qarşısındadırlar.

1-Cİ ETİRAZÇI (TV ilə) – Görəcəksiz, gələn cümə axşamı meriya qarşısında nə olacaq. Biz bu dəfə orada yığışacağıq.

Artur divanın kənarında əyləşib, ekrana tərəf əyilir – sanki gördüklərinin gerçək olduğuna inanmaq istəyir.

2-Cİ ETİRAZÇI (TV ilə) (sözü kəsir, kameraya bağırır) – varlıları ............(söyüş), KİVlər ..........(söyüş), zənciləri ...........(söyüş), ağları ..........(söyüş), hamını ............... (söyüş)

Söyüşlər “piiiiiiiiiii” səsi ilə batırılır.

Artur şaşqın vəziyyətdə əyləşib.

82. Ananın mənzili, qonaq otağı – səhər

Günəş işığı pəncərədən içəri vurur.

Telefon zəng çalır. Artur gözlərini açır. Kürən pişik onun sinəsində əyləşib və sahibinə baxır.

Artur nəhayət ki, bir qədər yatmışdır. O hələ də yataqda uzanmış vəziyyətdə qalır. Telefon xeyli zəng çalır, sonra avtomat-cavabçı cavab verir.

TV-DƏN QIZ (telefonda) – Bu məlumat Artur Flek üçündür. Adım Şirli Vudsdur. Mürrey Franklinin şousunda işləyirəm.

Artur səsi dinləyərək, yataqda əyləşir. Pişik onun sinəsindən yerə tullanır. Artur eşitdiklərinə inana bilmir.

TV-DƏN QIZ (telefonda) – Bilmirəm, xəbəriniz varmı, amma Mürrey şouda sizin çıxışınızdan bir epizodu göstərib və çox maraqlı...

Artur dəstəyi götürür.

COKER (telefona)  - Kimsiniz?

TV-DƏN QIZ – Salam, mən Şirli Vudsam, Mürrey Franklinin şousundan. Danışan Arturdur?

COKER (telefona) – Bəli.

Artur ayaqları yanında mırıldayan pişiyə baxır və onu təpikləyir.

TV-DƏN QIZ (telefonla) – Salam, Artur. Bayaq dediyim kimi, biz sizin çıxışınızla əlaqəli xeyli telefon zəngləri aldıq, hamı sizə heyrandır. Mürrey sizi qonaq qismində şousuna dəvət edir. Sizə hansı gün rahatdır?

COKER – Mürrey istəyir ki, mən onun qonağı olum?

TV-DƏN QIZ (telefonla) – Bəli. Əladır, deyilmi? Siz öz çıxışlarınızdan birini ona göstərə bilərsinizmi? Nə deyirsiniz?

Artur telefon dəstəyini yerinə qoyur.

83. Şəhər xəstəxanası, xəstəxana palatası (ümumi) – səhər.

Artur ümumi xəstəxana palatasına daxil olur, anası buradadır. Artur xırıldayan qoca qadının yanından keçib pəncərə önündəki yataqda anasını görür.  Artur  çarpayıları ayıran göy pərdəni çəkir ki, anası ilə təkbətək qalsın, çarpayının kənarında əyləşir. Oğlunu görən Penni gülümsəyir, lakin özü hələ də hərəkətsizdir. Artur anasına tərəf əyilir və qəzəbli alçaq səslə deyir.

COKER – Ana, yadındadı, demişdin ki, Tanrı mənə bu gülüşü bəxş edib ki, mən bu alçaq dünyaya gülüş və sevinc gətirəm...

Ana karıxmlş halda Artura baxır.

COKER – Hə! Tanrı deyildi. Ya sən idin, ya da sənin aşnalarından biri. Buna necə imkan verdin? Sən necə bir qadınsan? Sən necə anasan?

Ana üzünü kənara çevirir.

COKER – Əsil adım nədir?

Ananın bədəni əsəbdən əsir.

COKER – Bilirəm, məni övladlığa götürmüsən. Adım nədir? Mən kiməm?

Ana Artura baxır, söz deməyə çalışır.

ANA – Ss-e-v-i-n-ccc-i-mm...

COKER (sözünü kəsir, çımxıraraq) – Sevincim... Mən bu əclaf həyatımda sevincin nə olduğunu bilmədim.

Artur ananın yastıqlarından birini götürür.

COKER – Bilirsən, gülməli olan nədir? Bilirsən, məni nə güldürür? (daha yaxın əyilərək) Əvvəllər elə bilirdim ki, həyatım faciədir, amma indi anlayıram ki, murdar komediyadır.

84.  Göy pərdə, xəstəxana palatası (ümumi)

Göy pərdə arxasından biz yalnız Arturun ayaqlarını görürük. Kamera asta sürətlə geri çəkilərək, baş verənləri arxada qoyur. Alqışlar eşidilir.

85.  Ananın evi, qonaq otağı – gecə

Artur Mürrey Franklinin şousunun video-yazısını öyrənir (studiyada tamaşaçılar Mürreyi alqışlayır), Artur bloknotunda qeydlər edir.

Artur qonaqların səhnəyə necə çıxdığına fikir verir... qonaqlar Mürreyi necə alqışlayırlar... necə əyləşirlər... ayaqlarını çarpaz edirlər ya yox... Artur bu qonaqlar kimi davranmaq istəyir.

Televizorun üstündə əyləşmiş kürən pişik Arturu müşahidə edir.

Artur praktikaya başlayır – səhnəyə çıxırmış kimi, qonaq otağına daxil olur, gülümsəyərək, “tamaşaçılara” əl edir... Mürreyin əlini sıxır... sanki gödəkçəsinin düymələrini açaraq, əyləşir. Yenə gülümsəyib cibindən köhnəlmiş bloknotunu çıxardır.

COKER – Mürrey, zarafat eşitmək istəyirsənmi?

Mürreyin “cavabını” gözləyir, başını  tərpədir və bloknotunu açır.

COKER (bloknotdan oxuyur) – Tuk-tuk.

Arturun ayaqları yanında əyləşmiş pişik Artura baxır. Artur əvvəlcə ayaqlarını çarpazlaşdırır, sonra düzləşdirir. Deyəsən, narahatdır.

Artur pişiyə baxır və deyir.

COKER (başını tərpədir, məyus halda) – Hə, bilmirəm ayaqlarımı necə qoyum. Belə də, belə də təbii görünmür.

Artur divandan qalxır, “studiyaya” gəlişini təkrarlayır. Yenə “tamaşaçılara” əl edir. Mürreyin əlini sıxır... əyləşir  və ayaqlarını çarpazlaşdırır.

COKER – Mürrey, dəvət etdiyin üçün minnətdaram. Bunun necə də əhəmiyyətli olduğunu ifadə edə bilmirəm, bütün həyatımın xəyalı idi. Sizin üçün bir zarafatım var.

Artur yenə ayağa qalxır və pişiyə baxır.

COKER – Hə, haqlısan, ayaqları çarpaz etmək lazım deyil.

Artur yenə əyləşir və ayaqlarını bu dəfə çarpazlaşdırmır.

86.  Qəbiristanlıq – axşamçağı

Ümumi plan – ucsuz-bucaqsız məzarlar və boz başdaşları arasında tənha fiqur. Burada yalnız kasıbları və atılmışları dəfn edirlər. Artur anasının məzarı yanındadır. Artur başını aşağı əyib, üzünü əlləri ilə qapayıb, bədəni titrəyir. O, pas rəngli, nimdaş bir kostyumdadır. Onun arxasında iki detektiv dayanmışdır.

Günəş tədricən qüruba enir.

İri planda – Arturun əlləri ilə gizlətdiyi üzü. O, gülür... amma bilmək olmur xəstəliyindən gülür, ya həqiqətən gülür.

87.  Yol, Potters-Fild qəbiristanlığı – axşamçağı

Artur anasının məzarından çəkilir və detektivlər Harriti və Berkə yaxınlaşır. Detektivlər Arturu nişansız avtomobilin qapısı yanında gözləyirlər. Arturun üzü hələ də qırmızıdır, gözləri yaşla doludur.

COKER (gözlərini silərək, qəzəblə) – Siz gərək bura gəlməyəydiniz. Bu düzgün deyil.

HARRİTİ – Biz başsağlığı vermək üçün buradayıq. Təəssüf edirik.

BERK – Bəli, bu çox acıdır...

Artur susqun halda detektivlərə baxır. Pauza...

BERK – Bəs başqaları hanı?

COKER – Anamla həmişə tək olmuşuq.

Artur bir anlıq susur, getmək istəyir.

BERK (qışqırır) – Biz sizi Mürrey Franklinin şousunda görmüşük.

COKER – Görmüsünüz?

HARRİTİ – Bəli. Eşitdim ki, orada çıxış etmisiniz, indi həmin çıxışın video-yazısı məndədir.

BERK – Bircə onu deyə bilmirəm ki, gülməli olmaq istəyirsiniz ya yox.

COKER – Hə... düşünürəm siz zarafatı anlamamısınız.

HARRİTİ – Bura baxın, biz bəzi məqamları aydınlaşdırmaq istəyirik. Xəstəxana müdiri ilə söhbət etdik.

COKER (cəld) - Hansı xəstəxananın?

BERK – Uşaq xəstəxanasının. Siz işdən qovulduğunuz gün. Müdir dedi ki, tapança saxtaya oxşamırdı, ağır idi, elə bil əsil tapançaydı. Sizə bir neçə sualımız olacaq.

COKER – Mən indicə anamı dəfn etmişəm.

Detektivlər bir-biriylə baxışırlar. Harriti cibindən bir kart çıxarıb Artura verir.

HARRİTİ – Sabah danışa bilərik. Siz səhər polis bölməsinə gəlməlisiniz.

COKER (aşağı baxaraq, kartı oxuyur) – Yaxşı. Təşəkkür edirəm ki, gəlmisiniz.

BERK – Əlbəttə.

COKER – Bu bir zarafat idi...

Musiqi altında alqışlar eşidirik.

88.  Ananın mənzili, vanna otağı – ertəsi gün

Artur vanna otağında əl-üzyuyanın üzərinə əyilib. Pasrəngli şalvar və “Biter” yazılı ağ qısaqol idman köynəyi getib. “Coker” kloun maskası kirli güzgünün yanında asılıb. Radiodan uca musiqi səsi eşidilir.

Artur başını qaldırır, saçlarını yaşıl boya ilə rəngləyib, “Mister Cinqlz” kloun pariki kimi. Lakin saçlarını yaxşı boyaya bilmədiyinə görə, başında həm yaşıl, həm də öz rəngində saçları var.

İndi Artur üzünə yağlı ağ boya sürtür. Musiqi altında rəqs edir, fırlanır, budlarını hərəkət etdirir və güzgünün yanında asılmış maskanı yamsılayır... Özü özünü təkrar edir.

Uca musiqi səsi altında qapının döyüldüyünü Artur eşitmir. Sadəcə qrimlənir və rəqs edir.

Yenə qapı döyülür. Artur aptek şkafını açıb paslı qayçını götürür və radionu söndürür.

89.  Giriş qapısı, ananın mənzili – günorta

Coker qapının qıfılını açır, təhlükəsizlik zəncirini açmadan, qapını az qədər aralayır - əvvəl Rendalı, sonra Harini görür. Zənciri çıxarıb qapını açır. Rendal və Hari onun yarımçıq qrimli üzünə, nəm yaşıl saçlarına baxırlar.

HARİ – Ey, Artur, necəsən? Təzə iş tapmısan?

Coker inkarla başını yellədir, kənara addım atır ki, kişilər içəri keçsin. Qayçını möhkəmcə əlində tutub sıxır.

RENDAL – Onda sən meriya binası qarşısındakı mitinqə hazırlaşırsan. Düzdür? Eşitdim ki, orada aləm bir-birinə dəyəcək.

COKER – Mitinq bu gündür?

Rendal ona baxıb gülür.

RENDAL - Hə də. Kloun qrimi nəyinə lazımdır?

Coker qapını bağlayır, zənciri asır.

COKER – Anam vəfat edib.

RENDAL (başını tərpədir) – Hə, eşitmişik. Ona görə buradayıq. Düşündük, bəlkə bizimlə gedib bir az içərsən?

Coker cavab vermir.

HARİ – Səni narahat etmək istəmirdik. Rendal düsündü ki, biz gəlib başsağlığı verməliyik.

RENDAL – Bəli, biz axı bir ailəyik. Gərək birgə olaq.

COKER zənnlə Rendala baxır.

COKER – İndi uygunsuz vaxtdır. Mən məşğulam.

HARİ – Hə, əlbəttə. Problem deyil. Başqa vaxta qalsın.

Hari çevrilir ki, getsin. Rendal dayanıb nəsə demək istəyir.

RENDAL – Hə. Onda başqa vaxt. Ey...

Rendal Artura tərəf addım atır.

RENDAL – Qulaq as, polislər ofisə gəlmişdilər. Bütün klounlarla danışdılar. Metrodakı qətllər haqqında.

HARİ (tələsik) – Mənimlə danışmayıblar.

RENDAL  (Hariyə çımxıraraq) – Çünki şübhəli şəxs orta boylu idi. Qətli cırtdanboylu törətsəydi, sən artıq türmədə idin (Cokerə) – Hər halda, Hoyt dedi ki, onlar məni axtarırlar, bilmək istəyirəm, sən polislərə nə demisən... Bizim sözümüz üst-üstə düşməlidir. Sən axı dostumsan.

Artur qəfildən qayçını Rendalın boynuna çox dərindən sancır. Qan fışqırır. Rendal bağırır. Şokdan Hari geri büdrəyir.

HARİ (qışqırır) – Bu nədi! Bu nədi!

Artur qayçını çıxarıb Rendalın gözünə soxur, iyrənc bir səs eşidilir. Arxa fonda Hari bağırır.

Rendal kor-koranə əl atır, ağrıdan bağırır, üzü tamam qana bulaşıb.

Coker Rendalı başından tutub, içində tüğyan edən qəzəblə onun başını divara çırpır. Yenə və yenə. Nəhayət, Artur Rendalı buraxır, o, yerə yıxılır. Artur divara söykənir, təngnəfəsdir və divarboyu aşağı sürüşür.

Artur küncdə qorxudan əsən Harini görür.

COKER – (nəfəsini dərərək) - Bu gün axşam məni televizorda göstərəcəklər. Buna inanırsan?

Hari qıımıldamır, tərpənmir.

COKER – Hari, hər şey qaydasındadır. Gedə bilərsən.

Hari arxa-arxaya qapıya gedir. Artur ağır-ağır nəfəs alaraq, bir müddət yerində qalır. Rendalın üzündən qanı silir.

HARİ – Ey...Art?

Artur dönüb Harini qapıda görür. Hari yuxarıdakı zənciri göstərir. Harının zəncirə əli çatmır.

Coker başını tərpədib zənciri açmaq üçün ayağa qalxır, Harının yanından keçərkən, onun hələ də titrədiyini görür. Coker zənciri və qapını açır, Harı dəhlizlə var gücüylə qaçıb uzaqlaşır.


Çevirdi - Sima

Hiç yorum yok:

Yorum Gönder