26 Aralık 2020 Cumartesi

COKER filminin ssenarisi, tərcümə işim (davamı)

 57.     Aşağı İst-Sayd, küçələr – gecə

Artur yaşadığı yerə gəlir, hər yer zibillə doludur.

Gecələr bu küçələr canlanır. Yeniyetmələrin hay-küylü dəstələri... Tində heç kimə dəyib toxunmayan əyyaş... Gecə qadınları küçədə... Artur həyəcan siqnalını eşidir.

Artur tinə dönərkən təcili yardım maşınını görür, maşın binanın qarşısında dayanıb. İşıqları yanıb sönür.

Narahat hislə Artur binaya tərəf qaçır.

58.     Küçə, çoxmənzilli bina – gecə

Küçədə bir neçə avara toplaşıb ki, həyat dramına tamaşa etsin. Açıq pəncərədən qışqırıqlar, gülüş və uca rəqs musiqisi eşidilir, haradasa əyləncə gecesi yaşanır.

Artur qaçaraq yaxınlaşanda görür ki, huşsuz anasını xərəkdə aparırlar, sanitar oksigen balonunu ananın üzünə sıxır.

Mülki geyimli iki detektiv onların arxasınca gedirlər.

Nizamsız bir səhnə. Artur toplaşan adamları itələyərək, anasına tərəf atılır. Arturun həkimlərə nə dediyini eşitmirik, sadəcə görürük ki, onlar başlarını tərpədir və Artur onlarla birgə təcili yardım maşınının arxa hissəsinə keçir.

59.      Şəhər xəstəxanası – təcili yardım şöbəsi, həyət (parkinq) – gecə

Artur təcili yardım maşınından giriş qapılarına baxır. Onlar bağlananda, o,  binadan çıxan Sofini görür. Artur Sofiyə arxa qapının kiçik pəncərəsindən baxır. Əlini yellədir ki, Sofi onu görsün.

Təcili yardım maşını yola düşür, Artur görür ki, iki detektiv Sofiyə yaxınlaşır.

Təcili yardım maşınının səsini eşidirik...

60.      Şəhər xəstəxanası, təcili yardım şöbəsi – gecə

Artur reanimasiyanın qapısı önündədir və yuxusuz ordinatorun (20 yaş) və tibb bacısının Arturun anasına necə yardım etdiyini müşahidə edir.

Artur hər tərəfdən qışqırıq və inilti səsini eşidir. Tibb bacısı ananın ağzına nazik borucuğu soxanda, Artur üzünü çevirir, baxa bilmir.

61.      Şəhər xəstəxanası, təcili yardım şöbəsi, həyət – gecə

Artur səs-küylü təcili yardım şöbəsinin həyətindəki skamyada əyləşib. O, sərin hava ilə nəfəs almaq istəyir, amma qəribə yer seçib bunun üçün. Artur xəstələrin və olənlərin şüşə qapılardan necə keçirildiyini müşahidə edir.

Qapilar daim açılıb bağlanır. Bu, səhnə boyu arxa planda daim təkrarlanır.

İki detektiv Arturun sakitliyini pozur. Onlar Hotem şəhərinin polisləridir – ağsaçlı Harriti (50 yaş) və onun köməkçisi Berk (30 yaş).

HARRİTİ – Mister Flek, narahat etdiyimə görə üzr istəyirəm, mən detektiv Harritiyəm, bu isə köməkçim detektiv Berkdir.

Artur aşağıdan yuxarı onlara baxır, susmuşdur.

HARRİTİ – Bizim sizə bir neçə sualımız vardı, amma siz evdə deyildiniz. Ona görə ananızla söhbət etməli olduq.

COKER – Deməli, bu sizin ucbatınızdandır?

HARRİTİ – Nə? Yooox... Biz sadəcə bir neçə sual verdik, isterika başlandı. Ananız yıxıldı və başı dəydi.

COKER – Mənə dedilər ki, insult olub.

HARRİTİ – Təəssüf edirik.

Artur gülməyə başlayır və dayana bilmir.

Polislər karıxırlar. Bilmirlər necə reaksiya versinlər. Onlar bir-birinə baxır.

BERK (karıxmış halda) – Sizi anlamıram, məgər bu gülməlidir?

COKER  (qəhqəhədən boğularaq) – Yoox... mən... məndə...

Arturun üzündən göz yaşları axır, o, yazılı kartlardan birini çıxarıb detektivə verir. Berk tələsik yazını oxuyur və şübhəli nəzərlə Artura baxır.

BERK – Okey. Dediyimiz kimi, sizə sualımız var.

HARRİTİ – Metrodakı qətllər haqqında.

Artur bir anlıq susur, gülüşü dayanır. Nəfəsini tutub saxlayır.

COKER – Mən bu haqda heç nə bilmirəm.

HARRİTİ – Bizim şahidimiz var. O, qatili belə təsvir edib – ağ kişi, 6 fut boy, kloun qrimində. Və ya kloun maskasında... Biz sizin bosla Ha-ha ofisində söhbət etdik, Mister Bon dedi ki, siz qətl günü işdə olmusunuz.

Nəfəsini tutub saxlayan Artur başı ilə “hə” deyir.

HARRİTİ (davam edir) – O həmçinin dedi ki, həmin gün sizi işdən qovub, çünki uşaq xəstəxanasına tapança gətirmişdiniz.

Artur yenidən qəhqəhə çəkir, onun gülüşü getdukcə güclənir. O, əli ilə ağzını tutur, başı ilə “yox” işarə edir. Üzü qıpqırmızıdır.

HARRİTİ – Deməli, sizi işdən çıxartmayıblar?

Artur yenə nəfəsini saxlayır, gülüşü azalır.

COKER – Tapançaya görə deyil. O rekvizit idi. Mənim çıxışımın bir hissəsi.

Artur daha gülmür.

BERK – O zaman niyə qovuldunuz?

ARTUR – Onlar dedilər ki, mən gülməli deyiləm. Təsəvvür edirsinizmi?

Detektivlər yenə baxışırlar.

Artur ayağa qalxır.

COKER -  İndisə, əgər etiraz etmirsinizsə, getməliyəm, anama baş çəkim...

Detektiv Berk Artura çox yaxınlaşır, kartoçka verir.

BERK – Sizə bir sual vermək olar? Sizin gülüşünüz əsil gülüşdür ya klounadanın bir hissəsidir?

COKER – Klounadanın?

BERK – Yəni, çıxışınızın bir hissəsidirmi?

COKER – Bəs siz necə düşünürsünüz?

Artur avtomat şüşə qapılara tərəf gedir. Lakin hərəkət ötürücüləri reaksiya vermir. Və Artur şüşə qapıya dəyib geri sıçrayır.

62.      Dəhliz, feldşer postu, şəhər xəstəxanası – gecə

Artur dəhlizlə gedir. Qəbul şöbəsi yoxsullarla və sığortası olmayanlarla doludur. İşi başından aşan həkimlər və tibb bacıları hamıya kömək etməyə çalışırlar.

Artur tibb bacısının postu yanında bir anlıq dayanır ki, onun diqqətini cəlb etsin.

COKER – Bağışlayın, bilmək istəyirəm, anam necədir?

Tibb bacılarından biri əsəbi halda Artura baxır.

TİBB BACISI - Ananızın adı nədir?

COKER – Penni Flek. Onu evə götürmək istəyirəm.

Gənc həkim onların söhbətini eşidir və əlində planşet, yaxınlaşır. Artur onu tanıyır.

HƏKİM – Mister Flek, ananız insult olub. Bu çox ciddi xəstəlikdir. Onu götürə bilməzsiniz. Ananız burada ən azı bir həftə qalmalıdır.

COKER – Anam bu qədər qalmaq istəməz. O, həkimləri və xəstəxanaları sevmir.

HƏKİM – Təəssüf, amma ananız buranı tərk edə bilməz.

COKER – Mən də xəstəxanaları sevmirəm.

Həkim başını tərpədir və planşetinə baxır.

HƏKİM – Mən sizinlə bir məsələ haqqında danışmaq istəyirəm. Biz ondan analizlər götürdük və orqanizmində güclü dərmanların izini aşkar etdik.

COKER – Yaxşı. Təşəkkür edirəm.

Artur getmək istəyir, Həkim davam edir.

HƏKİM – Dərmanlardan biri perfenazindir. Çox güclü neyroleptikdir. Əgər o dərman mütəmadi qəbul edilsə, və qəfildən kəsilsə, insulta səbəb ola bilər. Siz onda hansısa əlamətləri sezmisinizmi?

COKER – Əlamətlər?

HƏKİM – Bəli, məsələn, ürəkbulanma, təşviş, hallüsinasiyalar.

Artur inkarla başını tərpədir.

HƏKİM – Bilmirsiz, ananız nə qədər müddətdir ki, bu dərmanları qəbul edir?

Artur yenə də inkarla başını tərpədir, həkimə tərəf əyilir.

COKER – Bu əlamətlərdən hansı yenidən özünü göstərə bilər?

63.      Xəstəxana palatası, təcili yardım şöbəsi – gecə

İri planla televizor – Mürrey Franklin monoloqunun ortasında:

M.FRANKLİN (TV ilə) – Beləliklə, kiçik oğluma, o qədər də ağıllı olmayan Tommiyə deyirəm ki, (zalda gülüş) zibil tətili hələ də davam edir. O isə deyir, zarafat etmirəm ha, Tommi deyir – bəs biz zibili hara ataq?

Mürrey Franklin öz zarafatına gülür. Studiyanın auditoriyası ona əl çalır və gülür.

Artur da gülür, o, anasının yatağında əyləşib, ana hələ də huşsuz haldadır – xəstələrlə dolu intensiv terapiya kabinetində. Göy arakəsmələr kabineti kiçik hissələrə bölür. Artur divarda yuxarıdan asılmış televizorda baş verənləri müşahidə edir, gülərək, anasına nəzər salır - ətraf inilti, insanların əzablı səsi və nəfəsi ilə doludur.

Artur yenə də televizora baxır.

M.FRANKLİN (TV ilə) – Və, nəhayət, hamı elə fikirləşir ki, mənim işimin öhdəsindən asan gələ bilərlər, biz bu video-yazını Hotemin Komedi-Klubundan almışıq. Bu gənc elə bilir ki, həmişə gülmək - gülməlidir. Baxın bir bu cokerə.

İri planla televizor. Aşağı keyfiyyətli video-yazı. Arturun stend-up çıxışı. Artur səhnədə mikrofonun yanında dayanıb qəhqəhə çəkir.

Artur televizorda özünə baxır, çənəsi sallanır...

COKER (TV ilə) (gülməyini saxlamağa cəhd edir) – Axşamınız xeyir... Salam.. Burada olmaq əladır (gülür) Uşaqlıqda mən məktəbə nifrət edirdim. Anam həmişə deyirdi ki (anasını yamsılayır) – məktəbdən həzz al. Gələcəkdə işləməli olacaqsan (gülür) İşləməyəcəm, anacan... Mən komik aktyor olacam!

Mürrey Franklin gülməyini saxlayaraq, başını tərpədir.

M.FRANKLİN (TV ilə) – Ananın sözünə qulaq asmaq lazım idi.

Studiyada hamı qəhqəhə çəkir.

Kamera Arturu göstərir – o, ayağa qalxıb televizora tərəf  yuxudaymış kimi, gedir.

M.FRANKLİN (TV ilə) – Berni, birini də göstər. Biz buna baxmalıyıq. Bu oğlanı sevirəm.

COKER (TV ilə) – Maraqlıdır ki, uşaq olanda hamıya deyirdim ki, komik aktyor olacam, hamı mənə gülürdü (qollarını yana açır) Amma indi heç kim gülmür!

Ölü sakitlik. Heç kim gülmür. Hətta onun özü.

İri olanla Mürrey Franklin – başını tərpədir.

M.FRANKLİN (TV ilə) – Hə, dostum, sən elə indi də elə deyə bilərsən!

Auditoriya qəhqəhə çəkir.

Kamera  hamının  ələ saldığı Arturu göstərir.

Artur stulu televizorun altına çəkir, qəzəb içində stula qalxıb televizoru divardan çıxartmaq istəyir, amma  TV möhkəm bərkidilib. Qəfildən stul çevrilir, Artur bütün ağırlığı ilə döşəməyə yıxılır.

Çevirdi - Sima

Hiç yorum yok:

Yorum Gönder