26 Aralık 2020 Cumartesi

COKER filminin ssenarisi. Tərcümə işim (davamı)

 

44.  Ananın mənzili. Mətbəx – səhər

İri planda iki həb görürük. Artur onları əzib yulaf sıyığının üstünə tökür.

ANA – Sevincim, bura gəl! Tomas Veyni telefizorda göstərirlər.

Artur bir neçə həb udur. Dərman qabının içinə baxır – boşdur. O döşəmədə əyləşmiş kürən pişiyə nəzər salır. Pişik ucadan mırıldayır, Artur onu müşahidə edir.

ANA – Tez ol! Gəl!

45.     Ananın yataq otağı, mənzil

Anasına yemək gətirən Artur otağa daxil olur. Ana əlini yellədir ki, Artur yatağa əyləşsin.

ANA – Ondan keçən həftə metroda baş vermiş qətllər haqqında soruşurlar.

COKER – Niyə məhz ondan soruşurlar?

Ana Arturun susmasına işarə edir. Artur onun yanında əyləşir və “Sabahın xeyir, Hotem” televiziya şousuna tamaşa edir.

TOMAS VEYN (TV ilə) -  Dediyim kimi, Cerri, hər üç gənc Wayne Investments-də işləyirdi, ən yaxşı mütəxəssislərdi. Yaxşı adam, gənc insan idilər.

Arturun üzündə kinayəli təbəssüm peyda olur – ekranda həmin üç gəncin fotoları nümayiş etdirilir.

TOMAS VEYN (TV ilə) – Mən onları şəxsən tanımasam da, bütün işçilər, indiki və keçmiş işçilərim – hamı bir ailə kimidir.

Bu sözlərdən Ana canlanır:

ANA – Eşitdin? Deyirdim axı. Biz bir ailəyik.

İri planda televizor: şəhərin qraffitiləri göstərilir. Mağaza vitrinlərində, reklam lövhələrində varlıların öldürülməsinə çağırışlar var.

APARICI (TV ilə) – Şəhərdə kütləvi etirazlar dalğası genişlənir. Və, deyəsən, az uğurlu insanlar qatillərin tərəfindədirlər.

TOMAS VEYN (TV ilə) – Bəli, bu utanc hissi verir. Bu səbəbə görə mən şəhərin merliyinə namizədliyimi irəli sürərdim. Hotem şəhəri yolunu azıb.

APARICI (TV ilə) – Siz namizədliyinizi irəli sürəcəksiniz?

TOMAS VEYN (TV ilə) (gülümsəyərək) – Şərh yoxdur...

Arturun anası həyəcanla ah çəkir.

APARICI (TV ilə) – Şahid iddia edir ki, qatil kloun maskasında və ya kloun qrimində idi – bu haqda fikriniz?

Artur irəli əyilib, maraqla dinləyir.

TOMAS VEYN (TV ilə) – Mənə aydındır ki, ancaq qorxaq adam belə bir soyuqqanlılıqla qətli törədə bilər! Maska arxasında gizlənən adam kimdirsə, daha uğurlu insanlara paxıllıq edir, və qorxaq olduğu üçün əsil simasını gizlədir. (Kameraya) Və nə qədər ki, bu paxıllıq bitməyəcək, həyatda uğur qazanmış bizlər, uğursuzlara həmişə kloun kimi baxacayıq.

46.      Komedi-klub, kulisarxası dəhliz – axşam.

Kamera dəhliz ilə asta-asta yeriyən Arturu izləyir.

Pərdə endirilmişdir və projektorların işığı pərdə üstündə qan kimi qırmızı rəngdə görünür.

Digər komik aktyorlar Artur onların yanından keçəndə, ona baxırlar.

İri planda Artur – digərlərinə gərginliklə baxır, tər muncuq kimi onun alnından üzüaşağı süzülür.

Artur pərdəyə, işığa yaxınlaşır, arxa cibindən köhnəlmiş bloknotunu çıxarır. Zala baxanda xeyli insan görür. Görür ki, Sofi kürsüyə əyləşir.

Qaranlıq dəhlizə qayıdan Artur nəfəsini dərir. Səhnədən aparıcının səsi eşidilir.

APARICI (kadr arxasından) – Növbəti komik aktyor özünü Hotemin yerli sakini kimi təsvir edir. Uşaqlıqdan ona deyiblər ki, onun həyatda məqsədi “bu soyuq qaranlıq dünyaya sevinc və gülüş gətirməkdir”.... Hmmm... Hə, yaxşı.

Artur adamların gülüşünü eşidir.

APARICI (kadr arxasında) –  Gəlin, Artur Fleki salamlayaq!!

Bir neçə alqış səsi eşidilir.

Artur səhnəyə, projektorların altına çıxır, mikrofonu düzəldir, işıq elə parlaqdır ki, Artur qaranlıq auditoriyada heç kimi görmür, onun əlləri titrəyir. Köhnəlmiş bloknotu əlində tutan Artur dərindən nəfəs alır, qaranlığa baxır, ağzını açır ki, salamlaşsın...

Və... gülməyə başlayır. Onun gözləri geniş açılır. Aman allah, yox, indi yox... Arturun üzündə qorxu ifadəsi var, o gülməkdə davam edir. Camaat ona baxır.

Nəhayət, Artur özünü ələ alır.

COKER – (gülməyini saxlamağa çalışaraq) – Axşamınız xeyir... Salam (dərin nəfəs) Burada olmaq çox xoşdur (gülür) Uşaqlıqda mən məktəbə nifrət edirdim. Anam həmişə deyirdi ki (anasının səsini yamsılayır, gülə-gülə) Məktəbdən həzz al. Axı gələcəkdə sən işləməli olacaqsan (gülür) – İşləməyəcəm, anacan. Mən komik aktyor olacam!

Zalda ölü sakitlik var. Təkcə Artur gülməkdə davam edir...

47.      Komedi-Klub, küçə - gecə.

Artur və Sofi çıxışdan sonra, izdihamı yararaq, klubdan çıxırlar. Heç kim Artura tərəf baxmır, heç kim heç nə demir. Bəlkə, bir ya iki nəfər onun arxasınca gülür.

Zibil torbaları parlaq lövhələrlə dolu dar küçəni daha da darlaşdırmışdır.

Artur və Sofi dinməz halda gedirlər. Xəcalətli susqunluq.

COKER – Sən gülürdünmü? Səhnədən görmürdüm.

Sofi bilmir nə desin, susur. Siqaret yandırıb çəkir.

SOFİ (xətrə dəyməmək üçün) – Əlbəttə! Hə... Eşitmirdin?

COKER – Mən yalnız öz ürəyimin döyüntüsünü eşidirdim...

SOFİ – Əla idi. Mənə evdən çıxmaq lazım idi... Odur ki, minnətdaram... Bəs qalan dostlarına nə oldu?

COKER – Hansı dostlarıma?

SOFİ – Deməmişdin ki, dostların da gələcək?

COKER (dediyini unudub, bəraət qazanmaq istəyir) – Hə, onları dəvət etmək fikrindən keçdim. Artist istəyir ki, əsil tamaşaçının reaksiyasını görsün, məni sevməyən, tanımayan insanların... anlayırsan?

SOFİ (başını tərpədərək) – Hə. Anlayıram.

Artur gülümsəyir, ünsiyyətə sevinir. Onlar qəzet köşkünün yanından keçirlər. Stenddə Çin qəzetləri ilə yanaşı üç adamın qətli haqqında başlıqlarla dolu yerli qəzetlər var.

Artur dayanır, başlıqlara baxır.

İri plan – başlıqlar: “Metroda linç edən adam”... “Qatil Kloun azadlıqda?”...

SOFİ (başlıqları göstərərək) – Bu zibilə inanırsan?

COKER – Hə... Təsəvvür etmirəm, bu hadisə necə baş verə bilər...

SOFİ – Beş dollara mərc gəlirəm ki, o varlı gədələr buna layiqdirlər.

Artur Sofiyə tərəf dönür.

COKER – Elə düşünürsən?

SOFİ – Bir onların sifətlərinə bax. Gör necə özündən razıdırlar... Mən bu baxışları görmüşəm. Cəhənnəm olsunlar!

Sofi çırtma ilə siqareti kənara atır və irəli gedir.

SOFİ – Onları öldürmüş adam  qəhrəmandır. İndi Hotemdə əclafların sayı üç nəfər azalıb. Milyonu qalıb.

Artur bir müddət onun yerişini müşahidə edir.

COKER (Sofinin arxasınca) – Ey, qəhvə istəyirsən?

SOFİ geri çevrilib gülümsəyir. Küçədəki zibil yığını arasında o, gözəl görünür.

Onların yanından təcili yardım maşını ötüb keçir, uca siqnal səsi eşidilir. Sofi nəsə deyir, Artur eşitmir. Sofi yoluna davam edir.

Artur onun arxasınca qaçır, ayağı zibil qutusunun tənəkə qapağına ilişir.

Cəng...cəng... Artur üzüüstə yıxılır.

Sofi geriyə boylanır, gülməyə başlayır. Artura kömək edə bilmir, amma gülüşünü də saxlamır. Axşam ərzində ilk dəfədir ki, gülür.

48.     “Tuz” Çin restoranı, masa – gecə

Masanın üzərində yarımçıq çin yeməkli boşqablar var. Artur və Sofi qarşı-qarşıya əyləşiblər, söhbət edirlər.

Zal doludur, parlaq işıqlanır, daha çox kazinoya bənzəyir. Əksəriyyət çinlilərdir. Çox səs-küy var.

SOFİ – Deyirəm sənə, idarə yolun o tərəfindədir. Vol-Strit, banklar, siyasətçilər. Onların hamısını öldürmək lazımdır. Hamısı cəhənnəm olsun!

Artur onun sözlərindən fikrə gedir.

COKER – Bilmirəm.

SOFİ – Nəyi bilmirsən?

COKER – Axı onların hamısı pis deyil. Məsələn, Tomas Veyni götürək, o qəhrəmandır...

SOFİ – Yox a... O hamıdan pisdir!

Artur karıxır.

COKER – Sofi, o yeganə adamdır ki, bu şəhəri xilas edə bilər.

SOFİ – Zarafat edirsən? O özünə vurğundur. Var-dövləti ilə öyünür. Halbuki bizim əksərimiz ev pulunu ödəyə bilmirik, uşaqlarımız ac qalır.

Artur başını tərpədir. Fikrə gedir.

COKER – Nə olub ki?

SOFİ – Nəyi deyirsən?

COKER – Sənin işin... bankda...

SOFİ – Hə... Mən ... mmmm....

ARTUR – Yəqin, bu haqda danışmaq olmaz.

SOFİ – Səni nə vaxtsa işdən qovublar?

Artur ani fikrə gedir.

COKER – Hər dəfə...

SOFİ - Nə vaxtsa həmin yeri yandırmaq istəmisən?

COKER (fikirli) – Hər dəfə.

SOFİ gülümsəyir.

SOFİ – Hə... Ora son illərdə mənim ilk yaxşı iş yerim idi, xoşuma gəlirdi. Səviyyəli işdi, ofisiant-filan deyildi. Saat doqquzdan beşə qədər işləyirdim, güzəştlər vardı. Uşağı olan qadın üçün bilirsən də bu nə deməkdir?

Artur sadəcə ona baxır, bilmir bu nə deməkdir. Sadəcə gülümsəyir.

SOFİ – Ancaq ilk gündən menecer üzümə gülümsəməyə başladı, daim qulağıma nəsə pıçıldayırdı, mənə toxunurdu... istəyirdi məni məcbur etsin ki, onunla yatım...

COKER (sözü kəsir) – Sən bunu etdin? Yatdın onunla?

SOFİ – Nə? Yooooox. Bu adam eşşəyin biridir. Axırda ondan bossa şikayət etdim, məni işdən çıxartdılar. İndisə... bilmirəm nə edim...

COKER – Düz etmisən. Dayan, nəyi deyirsən?

SOFİ – Hər şey yaxşı idi...Sanki gələcəyim vardı. Məqsədim... İndisə bilmirəm evin pulunu necə ödəyəcəm.

Artur gülməyə başlayır. Əli ilə ağzını tutur, gülməyini gizlətmək istəyir, amma gülüşünü saxlaya bilmir.

Sofi narahatdır. Kafedəki adamlar, qırmızı jiletli ofisiantlar, ofisiantların köməkçiləri – hamı çevrilib Artura baxır. Bəziləri ona gülür. Artur xəcalətlə üzünü pəncərəyə çevirir, öz əksini şüşədə görür, gülməkdən üzü qızarıb.

Artur pəncərədən, küçədən keçən bir dəstə hay-küylü yeniyetməni görür, onlardan biri tini dönərkən, çevrilib baxır.

Həmin uşağın üzündə kloun maskası var, Arturun kloun qriminə oxşayır. Uşaqlar gözdən itir. Artur gözlərinə inanmır.

Hələ də gülərək, Artur Sofiyə tərəf çevrilir, sadəcə gözləyir ki, gülüş bitsin. Nəhayət, gülüş biitdikdə,

ARTUR (nəfəsini dərərək) – Bağışla... Bu xəstəlikdəndir...

SOFİ – Bilirəm.

Pauza.

SOFİ – Bu gülmək necə yaranıb?

COKER – Bilmirəm. Oxumuşam ki, insanlar kəllə-beyin zədəsi və ya başın zədələnməsi zamanı bu halı yaşayırlar. Anam dedyib ki, belə doğulmuşam. Gülmək üçün doğulmuşam...

SOFİ – Ona görə anan sənə “Sevincim” deyir?

COKER – Yəqin... Bu hal mən uşaq olanda başlayıb. Uşaqlar mənə gülürdülər, məni sevincli adlandırırdılar, pis mənada... Bir dəfə bezdim.. 10 yaşım olanda mən... mən... (gülümsəyir)

SOFİ – Nə?

COKER – Ülgüclə üzümdə təbəssüm kəsdim (çapıqları göstərəndə Sofi sarsılır) Yəni “Sevinc istəyirsiz? Bu da sizə sevinc!”

Artur aşağı baxır, gülümsəməkdə davam edir. Sofi onu müşahidə edir.

SOFİ – Özünü necə hiss edirsən?

COKER – Ömrüm boyu bu haqda düşünürəm...

Onlar sakitcə əyləşiblər. Səssizlikdir.

49.      Ananın mənzili, qonaq otağı – axşam

Artur anasının mənzilinə qapını açır, əlində restoran yeməyinin qalıqları olan paket var. O, qonaq otağında televizorun sayrışan mavi işığını görür, Mürrey Franklinin şousunun son sədalarını eşidir.

Artur qapını kilidləyir, yüksəklidə yerləşən qapı zəncirini bağlayır. Qaranlıq qonaq otağında yatan anasını görmək üçün dönüb baxır, pişik ananın yanındakı kürsüdə atılıb-düşür.

Artur, Mürreyin illərlə təkrar etdiyi xarakterik jesti müşahidə edir.

M.FRANKLİN (TV ilə) – kameraya baxaraq – Gecəniz xeyrə! Və yadda saxlayın – həyat belədir.

COKER  (sakitcə) – həyat belədir...

Artur, Don Ellis və onun caz orkestrinin çaldığı final melodiyanı dinləyir (Frenk Sinatranın “That,s life” mahnısının instrumental variantı səslənir).

Musiqi sədaları altında Artur anasına tərəf əyilir ki, onun nəfəs alıb-almadığını yoxlasın. O, ananın nəfəsini yanağında hiss edir. Anasını qolları arasına alıb, rəqs edirmiş kimi, onu yatağına aparır.

Artur otaqdan çıxanda... biz arxada qalırıq.

Televizordan hələ də musiqi səslənir. Artur qonaq otağına qayıdıb televizoru söndürür. Gödəkçəsini çıxarıb divanın üzərinə atır. Görür ki, gödəkçənin cibində nəsə var. Artur o nəsəni çıxarır. Bu, Tomas Veynə verməli olduğu zərfdir.

Artur bir müddət zərfə baxır, sonra ehtiyatla onu açıb məktubu oxuyur:

İri planda sözlər: “Əziz Tomas, bilmirəm daha hara müraciət edim...

Mənə sənin köməyin lazımdır...

Sənin oğlun var... bizim oğlumuz... Onun adı Arturdur”.

Artur oxumağı dayandırır və təkrar edir:

-         Sənin oğlun var...

Artur dönə-dönə bu sözləri oxuyur – Sənin oğlun var...

Çevirdi: Sima

Hiç yorum yok:

Yorum Gönder