22 Aralık 2020 Salı

"Coker" filminin ssenarisi. Tərcümə işim (davamı)

 


1.      16. Döngə, Ha-ha ofisi yaxınlığında – günorta.

Biz sizinlə döngənin uzaq sonundayıq, yolun  yarısında,  zibil konteynerinin yanında Arturu görürük, o hələ də yarıgeyinmişdir. Bizim görə bildiyimiz yalnız Arturun nəyisə və ya kimisə qəzəblə təpikləməsidir.

Heç nə eşitmirik. Və anlamırıq ki, orada kimi belə böyük güclə döyür.

Bəlkə pişikdir… karton qutudur… bomjdur… Bilmirik. Artur sadəcə qəzəbini çıxarmaqda davam edir.

17.      Şəhər avtobusu (hərəkətdə) – axşamtərəfi

İş gününün sonudur. Artur həmişəki kimi avtobusun arxa hissəsində əyləşib, gənc bir cütlüyün bir-birinə necə nazlanıb-sataşdığını müşahidə edir.

18.      Hotem, Aşağı İst-Sayd – axşam

Artur zibillə dolu küçələrlə evə qayıdır. Səkilərdə hələ də zibil qalaqlanır, hava tüstüdən daha da qatıdır.

Artur Rendalın verdiyi kağız zərfi aparır.

19.     Vestibül, çoxmənzilli bina – axşam

Artur poçt qutusunu yoxlayır. Qutu boşdur.

20.      Lift, çoxmənzilli bina

Artur liftə daxil olur, qapı bağlananda o, ayağını qapının arasına qoyur. Qapı yenidən açılır.

Zəng səsi. Artur baxır  - kimsə gəlirmi, bəlkə Sofidir. O gözləyir… ümid edir.

Qapı yenidən bağlanmağa başlayır və Artur yenə ayağını qapının arasına qoyur. 

Zəng səsi.

21.     Ananın mənzili, hamam otağı – gecə

Artur anasına vanna qəbul etməkdə kömək edir, ehtiyatla onun saçlarını şampunla yuyur.

ANA – Məktubu verəndə, nə dedi?

COKER – İmkan vermədilər ki, onu görüm. Amma dedilər ki, məktubu çatdıracaqlar.

ANA – Yaxşı ki, vəd etdilər. O ancaq yaxşılarla işləyir. Görərsən, tezliklə cavab alacam.

Artur  plastic qaba su yığır.

COKER – Yuxarı bax.

Ana başını arxaya  çəkir, Artur onun saçlarını qaba yığdığı suyla yaxalayır.

COKER - Bu məktublar sənin üçün niyə elə vacibdir, anacan? O nə etməlidir?

ANA – O bizə kömək edəcək.

COKER – Nəynən bizə kömək edəcək?

ANA – Bizi buradan götürəcək… məni bu yerdən və… və bu dəhşətli adamlardan götürüb aparacaq.

COKER – Sən 30 il əvvəl işləmisən. Nə bilirsən ki, sənə kömək edəcək?

Ana oğluna qınaqla baxır.

ANA – Çünki Tomas Veyn yaxşı insandır. Bilsə ki, mən necə yaşayıram.. buranı görsə… ürəyi bulanar. Bilmirəm sənə necə izah edim.

Artur başını tərpədir. Əsəbidir, amma mübahisə etmək istəmir. Sonra ayağa qalxır ki, dəsmalı gətirsin.

COKER – İstəmirəm ki, pula görə narahat olasan. Hamı mənə deyir ki, mən böyük klublarda çıxışlara hazıram. Bu sadəcə zaman məsələsidir.

Anasını dəsmala bürüyür.

ANA – Sevincim, sən nə bilirsən ki, alınacaq?

COKER – Nəyi deyirsən?

ANA – Komik aktyor axı gülməli olmalıdır…

22.      Ananın yataq otağı, mənzil – dərin gecə

Arturun anası yatağında möhkəm yuxuya gedib. Onun yanında yarımçıq qalmış yemək var.

23.      Qonaq otağı. Ananın mənzili

Artur divanda əyləşib. Televizor işləyir, amma səssizdir.

Artur 38 kalibrli tapançanı əlində tutub. O əvvəllər heç vaxt əlinə silah almayıb, indi özünü narahat hiss edir.

Artur tapançanı televizora tuşlayır. Əli azacıq əsir.. Sonra pişiyi hədəfə alır… Sonra lüləni başına tutur…

Diqqətlə tapançanın dəstəyinə baxır… baraban… silindr… Təsadüfən tətiyə basır və BAMMM!

Artur dik atılır. Lənət şeytana! Həyəcanla ətrafa göz gəzdirir… əlləri əsir.

Güllə divarı deşib.

ANA – (güllə səsindən oyanıb) – Sevincim, o nədi elə?

COKER – Nə?

Artur televizorun səsini ucaldır. Çox ucaldır. Hələ də tüstülənən tapançanı divan yastıqlarının altında gizlədir.

ANA – Səsi deyirəm! Eşitdinmi?

Artur  divardakı deşiyə hər tərəfdən baxır. Arxa planda səs-küy və televizorun səsi eşidilir.

COKER – Müharibə haqqında köhnə filmə baxiram!

ANA – Səsini azalt!

Artur anasının yanına gedir.

24.      Ananın yataq otağı. Qapı astanası

Artur qaranlıq yataq otağındakı anasına baxır – ananın oturmuş halda bədəni sezilir.

ANA – Elə bərk səs idi.

COKER – Bilirəm. Orada amerikalılar yaponlara təslim olurdular.

Artur anasına yaxınlaşıb alnından öpür.

COKER – (yumşaq səslə) – Bağışla, indi səsi azaldaram.

25.      Mətbəx, ananın mənzili – dərin gecə

Artur gündəliyinə nəsə yazır və mızıldanır.

COKER – Niyə Rendal demədi ki, tapançada güllə var? Axı o mənim dostumdur… Bu bəxt ki, məndə var, özümü öldürə bilərdim… (pauza) Özümü öldürə bilərdim…

Son sətir iri planda – Artur “bilərdim” sözünü pozub, “öldürməliyəm” yazır.

COKER – Özümü öldürməliyəm.

Artur iri planda göstərilir – yenə də nəsə pozub yazır…

COKER (ucadan) – Mən özümü öldürməliyəm.

26.      Küçə, Aşağı İst-Sayt – səhər

Qəhrəmanın gözü ilə biz onun yaşadığı uçuq-sökük binanı küçənin əks tərəfindən görürük. Artur yaşadığı binanı müşahidə edir. Bir qədər uzaqda yük maşını dayanıb. Artur narıncı gödəkçəsinin papağını başına çəkir. Kimisə gözləyir.

İndi görürük ki, Sofi qızı Cici ilə binadan cıxır. Sofi bu dəfə daha ciddi tərzdə geyinmişdir.

Artur onların arxasınca gedir.

27.      Dövlət məktəbi – səhər

Sofi Cicini məktəbə yola salır. Artur hələ də onları təqib edir.

28.      Metronun yerüstü platforması – səhər

Sofi platformada gözləyir. Siqaret yandırıb çəkir.

Biz görürük ki, Artur polad dayağın arxasında gizlənərək Sofini uzaqdan izləyir.

29.      Metroda – səhər

Artur iki metro vaqonunun arasında, pəncərə önündə dayanıb, qonşu vaqonda kitab oxuyan Sofini müşahidə edir.

Qatar dayanır. Sofi vaqondan düşür - Artur da onun arxasınca.

30.  Küçə, Yuxarı İst-Sayd – səhər

Hotem şəhərinin daha xoş hissəsi. Artur Sofini təqib edir, görür ki, o, Hotemin Birinci Milli bankına daxil olur və mühafizəçini salamlayır. Sofi burada işləyir.

Artur müşahidə edir və gözləyir.

31.  Hotemin Birinci Milli bankı – bir qədər sonra

Orta səviyyədən olan iri bank. Sofi üç bank kassirlərindən biridir.

Artur papağı çıxarır, Sofinin pəncərəsinə yaxınlaşmazdan əvvəl dərindən nəfəs alır. Sofi gözlərini aşağı dikib, siyirmədə nəsə axtarır.

Artur daha dərin nəfəs alır.

COKER – Salam. Hesab açmaq istəyirəm.

Sofi gözlərini qaldırır.

SOFİ (təəccüblə) – Aaa…Siz burda neynirsiz?

COKER – Ooo, salam-salam. Necə də qəribədir… (pauza edir ki, görsün, güləcək ya yox) Bilmirdim ki, bankda işləyirsən.

SOFİ – Mənə  uyğun yer deyil?

Kinayəni hiss etməyən Artur başını tərpədir. Ətrafa baxır.

COKER – Əla yerdir. Sən bir bura bax da.

Sofi gülür. Artur bir qədər tərəddüd içində qalır, ətrafa baxır ki, görsün, Sofini güldürən nədir. Sonra anlayır ki, Sofi onun sözünə gülürmüş.

COKER – Mən stend-ap komik aktyoruyam.

SOFİ – Doğrudan? Heç bilmirdim.

COKER – Bəli. Bilirsən, mənim həmişə maraqlı müşahidələrim olur. Həmişə mənim başqa tərəfimə fikir ver, o zaman məna yaranır.

SOFİ – Əla. Beləliklə, sizə hansı köməyi edə bilərəm?

COKER – Ötən həftə anama salam göndərmişdin. Salamını çatdırdım. Anam sevindi.

Onların söhbətini filialın müdiri (50 yaşlı, ağır bədənli ağ kişi) kəsir, arxadan Sofiyə yaxınlaşır.

FİLİALIN MÜDİRİ – Hər şey qaydasındadır?

Müdir ağır əlini Sofinin çiyninə qoyur. Sofi diksinir.

SOFİ – Hər şey yaxşıdır, mister Slotnik.

Müdir aşağı əyilib Sofinin qulağına nəsə pıçıldayır. Artur şüşə arxasından onları müşahidə edir.

SOFİ (başını tərpədərək) – Yox, o… O hesabın açılması ilə maraqlanır.

FİLİALIN MÜDİRİ (Artura) – Əla. O zaman formanı doldurun. Blanklar sizin arxanızdalı stenddədir.

Müdir bunları deyənə qədər Sofi Artura baxır və gözləri ilə işarə edir ki, “az qala bəlaya düşəcəkdim”.

COKER  (özünü sındırmadan) – Okey. Təşəkkür edirəm, ser. Siz də sağ olun, miss.

Coker blanklar qoyulmuş stendə yaxınlaşır. Bir dəqiqəyədək orada eşələnir. Formanı doldurmağa başlayır.

COKER – Pasportumu unutmuşam. Tezliklə qayıdacam. Təşəkkür.

Artur dalğın halda bankdan çıxır.

32.  Hotemin Komedi-Klubu, gecə

Artur qaranlıq, adamla dolu klubun mərkəzində əyləşib.

Kimsə burada görüşür, kimsə dostlarıyla gəlib. Hamı bura gəlib ki, stend-ap komiklərin çıxışlarına baxsın.

Artur tək-tənha, kiçik masa arxasında əyləşib. Səhnədə baş verənləri müşahidə edir.

Səhnədəki aktyor aləmi qatıb. Bütün zal gülür, onu alqışlayır. Hamı, Arturdan başqa – o sadəcə müşahidə edir, öyrənir, bloknotunda qeydlər yazır.

33.  Hotemin Komedi-Klubu – gecə.

Adamlar klubdan dar bir küçəyə çıxırlar, küçə sari-qırmızı işıqlı lövhələrlə doludur. Artur tək çıxır, əlində bloknot var. O, klubun girişində yapışdırılmış reklam vərəqini görür.

İri planda vərəq: “Açıq mikrofon gecəsi. Cümə axşamları, saat 22-də”.

Artur vərəqi divardan qoparır.

34.  Ha-ha ofisi, geyinmə otağı – günorta

Artur şkafındakı kiçik güzgüyə baxa-baxa  “Mister Cinqlz” klounu kimi qrimlənir. Onun arxasında, xırda masa ətrafında bir neçə kloun Artura fikir vermədən nahar edir.

Qəfildən Artur donub qalır, və bir müddət güzgüdə özünə baxır. Ağzının kənarındakı iki balaca çapığı görür – onlar dodaqlarında təbəssüm yaradır. Artur şəhadət barmağı ilə ağzının kənarlarını aşağı əyir ki, təbəssüm narazı ifadəyə çevrilsin.

Sonra Artur ağzını əvvəlki vəziyyətə qaytarır, yenidən təbəssüm peyda olur. Yenə və yenə… Yuxarı-aşağı… yuxarı-aşağı.. Arturun üzü canlı tragediya/komediya maskası kimidir.

Sonra Artur barmaqları ilə  təbəssümü kənara elə dartır ki, gözləri yaşarır.

Arxa fonda Arturun oxuduğu mahnı səslənir.

COKER – (növbəti səhnədən öncə) – oxuyur - if you're happy and you know it / and you really want to show it, if / you're happy and you know it clap your hands.

Əgər xoşbəxtsənsə, və bunu bilirsən,

Həqiqətən bunu göstərmək istəyirsən,

Əgər xoşbəxtsənsə və bunu bilirsən,

O zaman əl çal!

35.  Hotem uşaq dövlət xəstəxanası, palata – axşam

“Mister Cinqlz” tərzli kloun geyiminin üstündən nəhəng  ölçülü ağ xalat geyinmiş Artur xəstə uşaqlar üçün çıxış edir. Bir neçə tibb bacısı və həkim də onun tamaşasına baxırlar.

Artur ağ kloun qrimindədir, qırmızı boyalı ağzı qara rənglə haşiyələnmişdir, onun başında qıvrımsaçlı köhnəlmiş yaşıl   parik vardır. Artur ukulele (balaca Havay gitarası) çalır və mahnı oxuyur.

COKER – Xoşbəxtsənsə və bunu bilirsənsə, ayaqlarını yerə vur!

Artur uşaqlarla birgə ayaqlarını tappıldadır və oxuyur.

COKER - Xoşbəxtsənsə və bunu bilirsənsə, ayaqlarını yerə vur!

Əgər xoşbəxtsənsə, və bunu bilirsən,

Həqiqətən bunu göstərmək istəyirsən,

Əgər xoşbəxtsənsə və bunu bilirsən,

Ayaqlarını yerə vur!

Mahnı bitəndə, uşaqlar və tibb bacıları əl çalırlar.

Artur dərin  və bir qədər məzəli təzim edir, tapança şalvarından sürüşüb yerə düşür.

Hamı dayanıb ona baxır.

Hiç yorum yok:

Yorum Gönder