26 Aralık 2020 Cumartesi

"COKER" filminin ssenarisi, tərcümə işim (davamı)

                                                                                      50 Ananın yatağı, mənzil –səhər erkən

Artur kürsüdə, ananın otağında əyləşib, onun necə yatdığına baxır. Artur gecəni yatmayıb. Həmin geyimdədir. Əlində məktub var.

Pəncərə arxasında günəş doğur, otağın qaranlığını dağıdır. Kürən pişik Arturun ayaqları yanında əyləşərək, aşağıdan yuxarı ona baxır, lakin Arturun gözü anasındadır.

Artur bir müddət də belə oturur, anasının yuxudan oyanmasını səbirsizliklə gözləyir, qəfildən özünü kürsüyə çırparaq, var gücüylə bağırmağa başlayır.

Ana diksinib oyanır, yuxulu halda ətrafa baxır, şaşqındır.

Artur görür ki, pişik otaqdan qaçıb gedir.

ANA – Nədir, saat neçədir?

Artur cavab vermir.

ANA – Nə olub? Yenə özün-özünə zülm edirsən?

Arturun əlində məktub var.

COKER – Bu nədir? Niyə heç vaxt bu haqda mənə bir söz deməmisən?

ANA – Bu.. mənim məktubumdur? Mənim məktubumdur, sevincim?

COKER – Sən bunu mənə niyə deməmisən, anacan?

ANA – Sən dedin ki, məktubu vermisən. Məktublarımı oxumağa sənin ixtiyarın yoxdu. Sən kimsən ki?

COKER  (səsini qaldıraraq, həyəcanla) – Deməli, mən Tomas Veynin oğluyam! Niyə bunu məndən gizlətmisən?

Ana yavaşca yatağında dikəlir.

ANA – Bəsdir qışqırdın. Ölməyimi istəyirsən? Məni infarkt edəcəksən!

ANA vanna otağına gedir.

COKER (ananın arxasınca qışqırır) – Mən qışqırmıram! Sadəcə həyəcanlıyam. Sözlərin doğrudurmu? Tomas Veyn necə mənim atam ola bilər?

ANA (qapı arxasından) – Sən sakit olmayana qədər, səninlə danışmayacam!

Artur bir dəqiqəlik əyləşir, sonra ayağa qalxıb vanna otağının qapısına tərəf gedir. Anası ilə bağlı qapıdan danışır.

COKER  (səsini azaldaraq, sakit olmağa çalışır) – Okey, anacan. İndi necədir, yaxşıdır? Xahiş edirəm, danış mənimlə!

Artur daha yaxın əyilir, başını qapıya söykəyir.

COKER – Xahiş edirəm...

ANA – Artur, o qeyri-adi adamdır. Bizim münasibətlərimiz vardı. O zaman mən çox gözəl idim. Bir-birimizə aşiq olmuşduq.

Artur qapı önündə dayanaraq, dinləyir. Gözlərini yumur, eşitdikləri onun üçün çox əhəmiyyətlidir.

ANA – Onun arvadı hər şeyi görürdü. İlk gündən bizi qısqanırdı. Sonra da məni işdən çıxartdı. Bilmirdim ki, hamiləyəm (ağlayır) Heç vaxt ona ya kimsəyə demədim. Çünki... bilsəydilər, Tomas haqqında, mənim və sənin haqqında nələr deyəcəkdilər...

COKER (gözü yumulu, başı qapıya söykənmiş halda) – Nə deyəcəkdilər ki, anacan?

ANA – Deyəcəkdilər ki, mən gəzəyənəm, Tomas isə şorgözdür... Sənə də bicbala deyəcəkdilər.

Qəfildən  qapı açılır, Artur üzü üstə vanna otağına yıxılır.

1.     51. Okeankənarı, Atraksionlar parkı – səhər

Artur hoppanan addımlarla taxta döşənmiş çığırla Ha-ha ofisinə gedir.

Onun arxasında əjdahaların skeleti kimi, taxtadan köhnə atraksionlar və nəhəng polad Panorama çarxı görünür. Okeanın sahilə çırpılan dalğalarının, qağayıların səsi eşidilir.

2.      52. Ha-ha ofisi, geyinmə otağı – səhər.

Artur geyinmə otağına daxil olur, yarıçılpaq Rendalı görür (qırmızı burun, enli şalvar, nəhəng çəkmələr, pariksiz). Rendal Harri, iki başqa kloun və fokusçu ilə kiçik masa arxasında əyləşib. Onlar Arturu başları ilə salamlayırlar, kimsə əlini yellədir. İş yoldaşları Arturu  əndrabadi adam hesab edirlər.

HARİ – Ey, Art, eşitdim, başına iş gəlib, təəssüf...

RENDAL – Hə, Hoyt ədalətsiz davrandı.

Artur düz Rendalın gözlərinin içinə baxır, başını astaca yellədir və şkafına tərəf gedir. Oradakı əşyaları çıxarıb, bütün kloun vəsaitini köhnə qəhvəyi bazar çantasına yığır. İş yoldaşlarının onun arxasınca danışdığını, güldüyünü eşidir.

1-Cİ KLOUN – Doğrudanmı uşaq xəstəxanasında tapança çıxartdın? Onu niyə ora aparmışdın ki?

Artur cavab vermir, əşyaları yığır – hava şarları ilə dolu paket, sehirli çubuq, fokus üçün güllər...

2-Cİ KLOUN – Yo, mən eşitmişəm ki, tapançanı çıxarıb kovboylar kimi barmağında firladıb.

Klounlar gülür. Artur, onlara baxmadan deyir:

COKER – Oyuncaq tapança idi. Mən onu çıxartmamışdım, özü cibimdən düşdü.

FOKUSÇU – O sənin çıxışının bir hissəsi idi? Oxumağını bəyənməsələr, özünü vuracaqdın?

Yenə qəhqəhə.

2-Cİ KLOUN - Mən elə bilirdim ki, Cinqls-kloun yaxşı oğlandı, davakar deyil.

Artur dönüb onlara baxır, Rendala işarə edir:

COKER – Bunu Rendaldan niyə soruşmursan? Bu onun fikri idi.

HARİ (Rendala) – Sən nə zamandan rekvizit kimi tapançadan istifadə edirsən?

RENDAL – Nə? Mən... Artur, nə sayıqlayırsan? (dostlarına) Görünür, axmaq gülüşü beyninə təsir edir.

Hamı gülür, söhbət edirlər. Artur susur. Çantasını yığıb şkafın qapısını örtür.

3.      53. Ha-ha ofisi, döngə - Atraksionlar parkı – səhər

Artur arxa qapıdan  çıxır, qəhvəyi çantası qoltuğu altındadır, xiyabanla aşağı gedir.

Bu zaman onun arxasında Rendal peyda olur və yarıgeyinmiş halda Arturun dalınca qaçır.

RENDAL  - Art, dayan!

Artura çatdıqda, Rendalın qırmızı burnu düşür, amma o, elə təngnəfəsdir ki, heç nə görmür.

RENDAL – İndi dediyin nə idi?

COKER – Nə?

RENDAL – Niyə elə dedin? Niyə dedin ki, mənim fikrimdi.

Artur sadəcə Rendala baxır. Onun yerə düşüb fırlanan plastik qırmızı burnunu görür.

COKER - ...................

RENDAL – Başa düşmürsən metroda baş verənlər nə deməkdi, bu zarafat deyil e. Bütün qəzetlərin birinci səhifəsində kloun maskası var. Bir azdan polislər bizə gələcək.

COKER – Mənim heç nədən xəbərim yoxdu.

RENDAL (yaxın əyilərək, alçaq səslə) – Art, bilirsən ki, dostunam. Mən bu zibil haqqında heç kimə deməyəcəm. İnanıram ki, tapançanı yox etmisən. O, mənə qayıtmamalıdır, anladın?

COKER – Rendal, mən heç kimi vurmamışam. O qatil mən deyiləm. Mənim buna vaxtım yoxdur... Getməliyəm, vacib işim var.

Artur çevrilir ki, çıxıb getsin.

RENDAL – Sən yəqin bilirsən ki, onlar maska satırlar.

COKER -  Nə?

RENDAL – Onlar sənin kloun maskandan satırlar, qatilin cizgilərinə uyğun maskalardı... Düşündüm ki...

COKER – Sən nədən danışırsan?

RENDAL – Şəhər sakinlərindən çoxu sənin etdiyinə sevinir, əgər bunu sən etmisənsə...

COKER – Rendal, burnun...

RENDAL – Nə?

Rendal əlini üzünə toxundurur, görür ki, kloun burnu yoxdu. Artur pilləkənlə aşağı diyirlənən burnu göstərir. Rendal burnun dalınca tələsir, külək burnu irəli aparır.

4.      54. Metro qatarı (hərəkətdə) – kənd yeri, Hotem şəhərindən kənarda, ertəsi gün

İri planla qəzetin birinci səhifəsində klounun təsviri və başlıq: Qatil-kloun hələ də azadlıqdadır!

Alt-başlıq: “Varlılara ölüm – yeni hərəkatdır?”

Artur bloknotunun səhifəsinə baxır – Tomas Veynin jurnaldan kəsdiyi fotosunu vərəqə yapışdırıb.

Artur pəncərədə öz əksinə baxır, əli ilə saçlarını yana darayır, Tomas Veyn kimi.... Bəlkə də, oxşarlıq vardır...

Daha geniş görüntü – qatarda əsasən biznesmenlər və bir neçə iş qadını var, onlar işdən sonra evə qayıdırlar, əksərinin əlində qatil kloun haqqında qəzet var. Qatil-klounun təsviri vaqonda ləkə kimi sürətlə keçir. Boş yer yoxdur. Yalnız bir yer var, o da Arturun yanında.

5.      55. Taksi (hərəkətdə), şəhərkənarı, günorta

Taksinin arxa oturacağından Artur şəhərkənarı yerə, ağaclara, yaşıl ota, mavi səmaya, açıq yerlərə baxır. Günəş qüruba enir. Hər yer qızılı şüalara bürünür. Heç yerdə zibil yoxdur.

6.      56. Veynin mülkü, evin qarşısındakı otluq – axşamçağı

Artur  həbsxana barmaqlıqları kimi mülkü əhatə edən qorxunc dəmir naxışlı hasar boyu gedir. Qəhvəyi çanta onun qoltuğundadır. Böyük malikanə təpədə yerləşir, ərazi həmişəyaşıl bitkilərlə doludur. Artur əsas giriş yerini axtarır və 8 yaşlı bir oğlanı görür. Oğlan gizləndiyi ağacların arasından Artura baxır.

Artur dayanır. Uşaq da ağacın arxasında dayanır.

Artur yoluna davam edir və əsas darvazaya çatır. O, çantasında nəsə axtarır və oradan sehirli çubuğu çıxardır, onu elə qaldırır ki, oğlan çubuğu görsün.

Oğlan ağacın arxasından çıxıb yaxınlaşır.

Artur çantanı yerə qoyur, əlindəki cubuğu darvazanın qıfılı üzərində fırladır, sanki ovsunlayır.

Uşaq hasara tərəf gedir, üzü sanki mələkdir.

Artur gözləyir ki, uşaq yaxınlaşsın, sonra əlini hasardan içəri salıb uşağa sehirli çubuğu verir.

Oğlan çubuğu götürür, çubuq onun əlində yumşalır, indi onu yelləmək olar – oğlan təəccüblənərək, gülür. Sonra çubuğu Artura qaytarır.

Oğlan Arturun üzünü yaxından görür, onun gülümsəyən çapıqlı üzünə diqqətlə baxır.

Artur çubuğu yenidən düzləşdirir və əlini hasardan içəri salır ki, uşaq yenə çubuğu götürsün.

Və yenə çubuq uşağın əlində yumşalır, o gülür və çubuğu qaytarır.

Artur çubuğa baxır, guya onu sındırıblar, bir an donub qalır... və...

Ta-dam! Çubuğun ucunda bir dəstə gül peyda olur. Artur gülümsəyib, çiçəkli çubuğu uşağa verir. Uşaq onu götürür, Arturun üzündəki çapıqlara yenidən baxır. Əlini hasardan çıxarıb barmağıyla Arturun üzünə toxunur.

Artur utancaq halda gözlərini yumur, amma ona xoşdur, anasından başqa heç kim ona toxunmayıb.  Artur gülümsəyir, bu zaman arxa planda kişi səsi eşidilir.

ALFRED (qışqıraraq, yüngül ingilis aksenti ilə) – Brüs! Orada neynirsən? O adamdan kənara çəkil!

Balaca oğlan əlini çəkir, dönüb qaçır. Artur başını qaldırıb saçı tökülmüş yorğun Alfred Pennivortu (50 yaş) görür, Alfred Artura tərəf qaçır.

Artur ayağa qalxır.

ALFRED – Siz kimsiniz? Nə istəyirsiniz?

Balaca Brüs qaçaraq, Alfredin ayaqları arxasında gizlənir.

COKER – Adım Arturdur. Mister Veyni görmək istəyirəm.

ALFRED (sözünü kəsərək) – Sizin onun oğlu ilə danışmağa ixtiyarınız yoxdur. Bu gülləri niyə verdiniz?

Alfred uşaqdan çubuğu alır.

COKER – İstədim uşaq gülümsəsin.

Alfred çubuğu Artura qaytarır.

ALFRED – Gülməli heç nə yoxdu. Bəlkə polis çağırım?

COKER – Yox, xahiş edirəm... Anamın adı Penni Flekdir. O burada işləyib... uzun illər əvvəl... Mister Veynə deyə bilərsiniz ki, onu görməliyəm?

ALFRED (bənizi ağarır) – Siz Penninin oğlusunuz?

COKER – Onu taniyırdınız?

Alfred susur.

Artur üzünü hasara yaxınlaşdırır və pıçıltı ilə elə deyir ki, uşaq eşitməsin.

COKER – Siz ört-basdır etməyin. Əminəm ki, olanları biləndə, missis Veyn çox sarsılmışdı...

ALFRED – Heç nə olmayıb! Ananız xəstədir!

COKER – Yox, mənə imkan verin mister Veynlə danışım.

Alfred Artura tərəf əyilir, o, Arturun halına acıyır.

ALFRED -  Xahiş edirəm, çıxın gedin, özünüzü axmaq vəziyyətə salmayın.

COKER – Tomas Veyn – mənim atamdır!

Alfred Artura baxır və qəhqəhə çəkir.

Artur əlini hasardan içəri salıb, onun boğazından yapışır ki boğsun. Bu an balaca Brüsü görür. Brüs, dəhşətdən geniş açılmış gözləriylə ona baxır.

Artur Alfredi buraxır. Və var gücüylə küçə ilə qaçır, Veynin malikanəsindən uzaqlaşır, əlində sehirli çubuq var, çantası isə geridə qalıb.


Çevirdi Sima

Hiç yorum yok:

Yorum Gönder