23 Aralık 2020 Çarşamba

"Coker" filminin ssenarisi (tərcümə işim, davamı)

 36.   Hotem şəhər xəstəxanasının vestibülü – bir qədər sonra

Artur xəstəxananın vestibülündəki telefon avtomatla danışır. O artıq öz geyimindədir, parik əlindədir, üzündə isə hələ də kloun qrimi var.

COKER (telefona) - Hoyt, icazə ver, izah edim…

HOYT (telefonda) – Hə, yaxşı olardı. De görüm, uşaq xəstəxanasına tapançanı niyə gətirmişdin?

COKER (telefona) - Bu rekvizitdir, çıxışımın bir hissəsi idi.

HOYT (telefonda) – Gopa basma! Klounlar tapança gəzdirmir. Rendal dedi ki, ötən həftə sən 38 kalibrli tapançanı ondan almaq istəmisən.


Artur duruxur.

COKER (telefona) – Bunu Rendal dedi?

HOYT (telefonda) – Mənə zəng edəndə, o yanımda idi. Artur, sən gicbəsərsən. Və yalançısan. İşdən qovuldun!

COKER (telefona) – Hoyt…

HOYT (telefonda) – Nə dediyimi təkrar et, Artur. Eşitmək istəyirəm.

COKER (telefona) – Nə deyim?

HOYT (telefonda) – De ki, “mən gicbəsərəm və işdən qovulmuşam”.

Artur qaşını qaşıyır.

COKER (telefona, alçaq səslə) – Mən gicbəsərəm… işdən qovuldum…

HOYT (telefonda) – Ucadan de.

COKER (telefona, ucadan) – Mən gicbəsərəm. İşdən qovuldum.

HOYT (telefonda) – Bəli. Qovuldun.

Çıqqıltı. Hoyt dəstəyi qoyur, Artur bunu eşidir.

1.     37. Metro vaqonu (hərəkətdə) – axşam

Artur vaqonda əyləşib, düşüncələr içindədir. Qrim hələ üzündədir, çantası Arturun yanındadır.

Vaqonda Arturdan başqa bir gənc qadın (30 yaşında) var, o, uzaqda əyləşib, kitab oxuyur.

Qatar dayanır, vaqona Vol-Stritdən (maliyyəçilər küçəsindən) üç gənc daxil olur. Onlar səs-küylüdür, sərxoşdurlar. Gənclərdən biri Makdonaldsın yağlı paketində qızardılmış kartof yeyir.

O, qadınla üzbəüz oturacağa özünü atır və qadına baxır. Digər gənclər bir-biri ilə mübahisə edirlər.

1-ci GƏNC – Sənə deyirəm, qız mənim telefon nömrəmi istəyirdi. Gərək orada qalaydıq.

Qatar yola düşür.

2-Cİ GƏNC – Yuxu görürsən e… O heç səninlə maraqlanmadı.

1-Cİ GƏNC – Dəlisən? Görmürdün, necə rəqs edirdik? Mənə aşıq olmuşdu, qardaş.

Gənc özü-özü ilə rəqs etməyə başlayır.

2-ci gənc qəhvəyi şüşədən bir qurtum alır.

2-Cİ GƏNC – Əşşi, o istəyirdi ki, tez səni başından etsin.

Artur gənclərin sərbəstliyindən və dostluğundan təsirlənərək, diqqətlə onları  müşahidə edir.

1-Cİ GƏNC  (üçüncüyə) – Rayan, mən dəliyə oxşayıram? Nə gördüyünü buna de.

Lakin üçüncü gənc dostlarına fikir vermir. O, qarşısındakı gənc qadına baxır.

3-CÜ GƏNC (qadına) – Ey, fri-kartof istəyirsən?

Gənc yağlı paketi qadına uzadır, istəyir ki, qadının diqqətini cəlb etsin. O biri gənclər bir-biri ilə baxışırlar. Artur onları müşahidə edir.

3-CÜ GƏNC – Allo, səninləyəm. Fri-kartof istəyirsənmi?

Qadın gözlərini qaldırır və nəzakətlə gülümsəyərək, başını inkarla tərpədir.

QADIN – Xeyr, təşəkkür edirəm.

O biri oğlanlar gülməkdən partlayırlar. Üçüncü gənc başını tərpədir və kartofları bir-bir qadına atmağa başlayır.

3-CÜ GƏNC – Əminsən? Kartof çox dadlıdır.

Qadın üzünü kitaba sarı daha aşağı endirir.

2-Cİ GƏNC – Onu rədd etmə. O səninlə elə mülayim davranır ki.

Kartof dilimlərindən biri qadının saçlarında ilişir. Qadın Artura baxır ki, görsün, o nə edəcək, və ya nə deyəcək.

Artur sadəcə əyləşib, həyəcan keçirir. Əmin deyil ki, nəsə etmək lazımdır, və ümumən, nəsə etmək istəyirmi…

Və qəfildən Arturu dəli gülmək tutur. O, əlləri ilə ağzını tutur. Gənclər bir-biri ilə baxışırlar – bu kloun nəyə gülür?

1-Cİ GƏNC – Ay gicbəsər, nəyə gülürsən?

Oğlanların başının qarışıq olduğunu görən qadın, Artura baxa-baxa vaqondan tələsik çıxır.

3-CÜ GƏNC – (qadının arxasınca) – Həyasız!

Artur daha ucadan gülür. Gənclər, vaqonun uzaq hissəsində tək əyləşmiş Artura tərəf baxırlar.

Artur görür ki, gənclər ona necə diqqətlə baxırlar. Metro vaqonu yellənir, işıqlar yanıb-sönür…

Gənclərdən biri zümzümə edərək, Artura tərəf gedir.

1-Cİ GƏNC (oxuyur) –

                           Gülməli deyilmi?

                               Biz cütükmü?

                  Buradayam, yerdə dayanmışam,

                             Sən isə uçursan,

 .                         Klounları göndərin.

Digər gənclər də yerindən qalxıb, onun arxasınca gəlirlər. Gənc Arturun yanında özünü oturacağa atır, əlini onun çiyninə qoyur.

COKER (başını tərpədərək, gülməkdən boğulur) – xahiş edirəm… etməyin…

1-Cİ GƏNC (zümzümə etməkdə davam edir)

                                    Məgər bu əla deyil?

                                         Razı deyilsən?

                                  Kimsə ətrafda vurnuxur,

                                  Kimsə yerindən tərpənmir.

Artur yerindən qalxmaq istəyir, amma gənc onu aşağı dartır.

1-Cİ GƏNC (oxuyur) – Klounlar hanı? Orada klounlar olmalıdırlar...

Gənc mahnını oxuyub qurtaranda, Arturun gülüşü də sakitləşir.

Gənclərdən biri Arturun yanında əyləşir. İndi Artur iki gənc arasında sıxılmışdır.

2-Cİ GƏNC – Hə, dostum, de görək, gülməli nə vardı, hə?

COKER – Heç nə. Mən...

Artur çantasına girir ki, oradan kartlardan birini çıxartsın, üçüncü gənc  bunu görür, çantanı Arturdan qoparmaq istəyir. Artur çantanı özünə tərəf dartır.

COKER – Orda əşyalarım var. Başqa heç nə yoxdur...

Gənc çantanı Arturun əlindən qoparır.

3-CÜ GƏNC – İndi deyəcəm, burda nə var, axmaq.

Artur gənclərin arasında dayanıb, çantanı geri almaq istəyir.

3-CÜ GƏNC – Çantanı istəyirsən? Götür!

Artur əlini irəli uzadanda, gənc çantanı başı üstündən dostlarından birinə atır.

Kostyumlu üç  gənc çantanı bir-birinə ataraq əylənirlər.

Qatarın parlaq işıqları yanıb-sönür, təbil səsinə oxşayan ritmik səsin müşayiəti ilə Klounlar haqqında mahnını eşidirik.

Artur  var-gücü ilə çantanı tutmaq istəyir. Qəfildən  ŞAP!! – Oğlanlardan biri Arturun sifətinə şillə vurur. Artur azsürətli çəkilişdəki kimi yerə yıxılır. Burnundan qan açılır. Artur ayağa qalxmaq istəyir, lakin ayaqları qatlanır və yenidən yıxılır.

1-Cİ GƏNC – Qımıldama, əclaf!

Üçüncü gənc Arturu təpikləməyə başlayır, dostları da ona qoşulurlar. Arturu hər tərəfdən dövrəyə alıb vəhşicəsinə döyürlər.

Musiqinin səsi artır.

BAMMM! İşıq yenə sönür. Və qəfildən oğlanlardan biri dayanır, yerə yıxılır. O, ölmüşdür. Qan damcıları divara sıçrayır...

(səhnə Klounlar mahnısı ilə davam edir)

BAM! BAM! İkinci oğlan yerə yıxılır.

Kamera Arturu göstərir. O, gözlərini geniş açaraq, yerdə uzanıb. Əlində tüstülənən tapança var. Nə törətdiyini görür.

Üçüncü gənc yerindən qopub vaqonları bir-birindən ayıran qapıya tərəf qaçır.

Artur onun arxasınca atılır və həmən dayanır. Geri qayıdıb çantasını və pariki götürür. Əlləri adrenalindən əsim-əsim əsir.

Qatar dayanacağa yaxınlaşır.

Artur iki cəsəd arasında qalan çantasını qaldırır, hər yer qan içindədir.

Vaqonun qapıları çırıltı ilə açılır, Artur elə dayanır ki, üçüncü oğlanın necə qaçdığını görsün.

Oğlan qaçıb gedir.

2.      38. Metro platforması

Platforma boşdur, üçüncü gənc pilləkənə tərəf qaçır. Artur onu təqib edir. Qatar uzaqlaşır.

Gənc pilləkənlə qalxır, bilmir ki, Artur düz onun arxasındadır.

BAM! Üçüncü gənc də yıxılır və pilləkənlə aşağı yuvarlanır. Artur cəsədə yaxınlaşır və bütün güllələri ona caxır – Bam! Bam!

Klounlar haqqında manhı bitdikdə, Artur sonuncu dəfə atəş açır.

BAM! Daha patron qalmayıb.

3.      39. Küçələr, meydanlar, Robinzon parkı – gecə

Artur metrodan çıxıb izdihamlı küçə ilə var gücüylə qaçır; avtomobillərin səsi eşidilir.

Mümkün qədər sürətlə, zibil topaları yanından qaçaraq, Artur kiçik bir parka tərəf tez dönür və qaranlıqda gözdən itir.

4.      40. İctimai ayaqyolu, Robinzon parkı – gecə

Artur ayaqyoluna qaçıb daxil olur və qapını kilidləyir. Nə baş verdiyini dərk etdikdə, ürəyi bulanır və o, kirli unitaza qusur.

Hər şey bitdikdə, əli ilə ağzını silir, tapançanı kəmərindən çıxarır, ətrafa boylanır, tapançanı tullamaq üçün yer axtarır.

Əl-üzyuyanın altında, boruları örtən və divardan sallanan paslanmış dəmir barmaqlıq var.

Artur güzgüdə özünü görür. Əlində tapança dayanıbdır.

O, yavaşca tapançanı başına yaxınlaşdırır və tətiyi basır.

Çıqqıltı. Tapança boşdur.   Arturun üzündən tər axır.

Artur dizi üstə dayanıb, barmaqlığı divardan ayırır və tapançanı ora atır. Sonra barmaqlığı yerinə qaytarır.

Artur ayağa qalxır, suyu açıb ağzını yaxalayır. Güzgüdə özünün yayılmış əksinə baxır və tərli üzündən kloun qrimini yumağa başlayır.

COKER – Salam. Gülməyi sevirsən?

Yağlı ağ boya onun üzündən süzülüb tökülür.

COKER – Yadındadı, demişdim sənə, mən stend-ap komikəm? (yenidən) Salam. Necəsən?

5.      41. Çoxmənzilli bina, vestibül – bir qədər sonra

Artur inamlı addımlarla binaya daxil olur. Lifti gözləməyə vaxtı yoxdur, pilləkənlə yuxarı qaçır.

6.      42. Dəhliz, çoxmənzilli bina.

Artur öz mərtəbəsinə çatdıqda, öz mənzilinə tərəf dönmək əvəzinə Sofinin mənzilinə tərəf gedir, onun qapısı önündə dayanır. Təngnəfəsdir.

Qapını döyür.

Artur addım səslərini eşidir. Əzilmiş vərəqi tələsik cibindən çıxarır.

Qapının gözlüyü qaralıb işıqlanır. Artur qapı cəftəsinin səsini eşidir. Sofi qapını yarıya qədər açır. Artur başını aşağı salıb.

COKER – Salam. Gülməyi sevirsən?

SOFİ – Nə?

COKER (nəfəs alaraq) – Yadındadı, sənə demişdim ki, stend-ap komik aktyoram. Hə, gələn cümə axşamı çıxışım olacaq və dostlarımı dəvət edirəm... düşündüm, bəlkə sən də gəlib baxmaq istəyərsən...

O, əlini irəli uzadır ki, vərəqi Sofiyə versin. Sofi qapını geniş açır və Artur görür ki, qadının gözləri qızarıb.

COKER – Nə olub, ağlamısan? Niyə ağlayırsan?

SOFİ – Bu gün  mənim pis günüm idi.

COKER – Bağışla... Mən...

SOFİ – Eybi yox. Sən haradan biləsən ki...

COKER – Nə olub ki?

SOFİ – Məni bankdan... işdən azad etdilər.

Artur dərindən nəfəs alır və heç nə anlamadan gülümsəyir. Ümid edir ki, onu gülmək tutmayacaq.

COKER – Nə üçün?

SOFİ – Çünki... bilmirəm... Zibilə düşmüşəm. Bilmirəm nə edim.

Sofi ağlamağa başlayır. Artur hərəkətsizdir. Sadəcə qapıda dayanıb.

COKER – Yaxşı... Bütün məlumat bu vərəqdədir.

Artur getmək istəyir, sonra Sofiyə tərəf dönür.

COKER – Bilirsən, deyirlər ki, gülüş ən yaxşı dərmandır.

Sofi gözlərini silir və zorla gülümsəməyə çalışır.

SOFİ – Doğrudan belə deyirlər?

Artur “bəli” deyə başını tərpədir və anasının mənzilinə gedir.

7.      43. Səhiyyə şöbəsi, ofis – səhər

Artur  yenə də birinci səhnədəki sosial işçinin qarşısında əyləşmişdir. Həmən kasıbyana ofis. Qadın əsəbi halda diqqətlə Artura baxır.

SOSİAL İŞÇİ – Artur, keçən dəfə bu haqda danişmışdıq. Görüşə gələndə gündəliyinizi gətirməlisiniz.

COKER – Mən ümid edirdim ki, gündəliyimi oxumayacaqsınız.

S.İŞÇİ – Siz dediniz ki, bu sizi narahat etmir.

COKER – Yalan dedim. Narahat edir.

S.İŞÇİ – Narahat edən nədir?

COKER – Gündəliyimdə mənə məxsus fikirlərimi yazıram. Orada həm də komediya materialı var, hesab edirəm ki, siz onu görməməlisiniz.

Qadın Artura baxır, başını tərpədir – araşdırmağa həvəsi yoxdur.

S.İŞÇİ – Artur, sizə pis xəbərim var.

Artur maraqla qadına baxır.

S.İŞÇİ – Bizə ayrılan maliyyəni azaldıblar. Gələn həftədən ofislərimiz bağlanır.

Artur ətrafa baxır, divarın yanında yığılmış böyük qutuları görür.

COKER – Bəs biz harada görüşəcəyik?

S.İŞÇİ – Daha görüşməyəcəyik. Şəhər hamının maliyyəsini kəsib, həmçinin sosial təminat sistemində.

Artur başını yellədir, eşitdiyi xəbərə neqativ münasibət hiss etmir.

COKER – Okey.

S.İŞÇİ – Onlar sizin kimi insanları düşünmür. Biz gücsüzük, onların isə heç nə vecinə deyil.

Artur ani fikrə gedir, sonra ağlına bir fikir gəlir.

COKER – Bəs mən dərmanlarımı necə alacam?

Çevirdi: Sima

Hiç yorum yok:

Yorum Gönder