31 Aralık 2020 Perşembe

2020 - son günün əksi. Yeni tarix

Ziddiyyətli, qayğılı 2020-ci  ili  beləcə yekunlaşdırırıq, hə-hə, hə-hə deyə-deyə, ilin son günü də yetişdi.

İlin əvvəlində bütün dünyaya sızan öldürücü virusa dair məlumatlar gəldi, mart ayından "Evdə qal!" çağırışı altında ölkəmizdə karantin elan edildi, yeni şəraitə, yeni həyat tərzinə uyğunlaşmalı olduq. Üzümüzdəki tibbi maskalar baharın dadını çıxartmağı əngəllədi, ağaclar bizsiz yarpaqladı, meyvələr bizsiz yetişdi - nə onların ətrini duyduq, nə baharın təravətini.

Yay aylarında karantin tədbirlərinin müddətinin uzadıldığını biıləndə, xeyli deyindik - axı yayı dənizsiz, günəşsiz, yaysız təsəvvür etmirdik! Amma nəinki təsəvvür etməli, hətta yayı yaysız yaşamalı olduq, yenə də evdə qaldıq. Yay da beləcə  həyatımızdan duyumsuz ötüşdü.

Sonra payız gəldi, nə gəldi, necə gəldi! 27 sentyabr bütün xalqımızı təlatümləndirdi, coşdurdu. Əsgərlər ön cəbhədə, sivillər virtual dünyada düşmənlə mübarizəyə qalxdılar. Çox möhtəşəm anlar yaşadıq! 44 gün ərzində şanlı əsgərlərimiz erməni terrorçuları və qəsbkarları ilə aslanlar kimi savaşdı, onları it kimi torpaqlarımızdan qovaraq, darmadağın etdi! Hər an sosial şəbəkələri monitorinq etdik, cəbhədən yeniliklər gözlədik, illərlə baxmadığımız yerli kanallara gömüldük ki, Ordumuzun irəliləyişlərini bilək və sevinək! Ağdərə, Zəngilan, Şuşa azad olanda hamı bu əzəmətli qələbədən hönkür-hönkür ağladı. İnanılmaz hisslər keçirdik! Cəsarəti ilə möhtəşəm olan fakt bütün dünyanı QARABAĞ - AZƏRBAYCANDIR! - deməyə məcbur etdi. Bələkdə doğma yurdu tərk etmiş körpələr, 30 il sonra öz qanı-canı hesabına həmin yurdu düşməndən təmizlədi. Gözümüzün önündə Azərbaycan əsgərinin şücaəti yeni tarix yazdı!

Bəzən sel yağışlı, bəzən günəşli qış günlərində Azərbaycanın öz ərazisini bərpa etdiyini, yeni sərhədlərin qurulduğunu gördük və görməkdə davam edirik.

2020-ci il beləcə bizi həm sarsıtdı, həm sevindirdi; həm şaşırtdı, həm kədərləndirdi...

Şəhidlər verdik. Gənc qızlar sevgilisiz, körpələr atasız, analar oğulsuz qaldı. Torpaq qanla alınar. Bu bir amansız gerçəklikdir. Allah cəmi şəhidlərə rəhmət eləsin. Onların hamısının qarşısında mənəvi və insani borcumuz var - düşünürəm, hər birimiz çevrəmizdəki şəhid ailəsinə, və ya qaziyə maddi və mənəvi dəstək ola bilərik, bu, bizim edə biləcəyimizin çox az hissəsidir.

31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günüdür. Xudafərin körpüsü uğrunda döyüşləri Arazın o tayından İran azərbaycanlıları canlı-canlı müşahidə etmiş, əsgərlərimizi alqışlar və mahnı ilə dəstəkləmişlər. O taydan bu taya bir-birlərinə qışqırmışlar:

Azərbaycan var olsun!

İstəməyən kor olsun!

Digər ölkələrdə yaşayan azərbaycanlılar cəbhəyə əməli kömək göstərmişlər. Bütün bunlar həmrəyliyin bariz nümunəsi deyilmi?

Yaşasın Azərbaycan əsgəri!

Yaşasın Azərbaycan!

Hiç yorum yok:

Yorum Gönder