26 Aralık 2020 Cumartesi

"Coker" filminin ssenarisi, tərcümə işim (davamı)

 64.     Kafe, şəhər xəstəxanası –səhər erkən

Artur plastik padnosla gedir, padnosda bir cüt bişmiş yumurta və qəhvə var.

Artur başını aşağı salıb ki, kimsə onun üzünü görməsin. Kafedə ondan başqa bir neçə gənc həkim və tibb bacısı, bir qrup sanitar var, onlar masaların arxasında əyləmişlər.

Artur uzaq küncdə, hamıdan kənarda əyləşir. Masada qoyulmuş bulvar qəzetini görür, onu götürür ki, tənhalığına rəng qatsın.

Kamera qəzetin birinci səhifəsini göstərir: “Tomas Veyn merliyə namizəddir”, aşağıda onun fotosu var – Tomas Veyn arvadı ilə (50 yaşında) birgə izdihama əl edir, balaca Brüs valideynlərinin qarşısında dayanıb düz obyektivə baxır, baxışlarında nəhəng izdihamdan qorxu hissi var.

Alt başlıqda: “Etiraz aksiyası bu gün axşam Veyn Hollun açılışında baş tutacaqdır”.

Artur ailə fotosuna baxır... sonra fotonu qəzetdən cırıb götürür.

GƏNC HƏKİM (arxa planda) – Bağışlayın ki, sizi narahat edirəm, bizim mübahisəmizə aydınlıq gətirə bilərsinizmi?

Kamera Arturu göstərir – Artur, aşağıdan yuxarı baxır.

Bir gənc həkim və iki tibb bacısı Artura yaxınlaşırlar. Kamera onların yalnız bədənlərini göstərir.

COKER – Bağışlayın, nə dediniz?

GƏNC HƏKİM – Siz Mürrey Franklinin dünənki şousunda göstərilən adamsınız?

Artur tibb bacılarının gülüşünü eşidir.

COKER – Yox, mən deyildim.

1-Cİ T/BACISI – Yox, siz idiniz. Siz həmin komik aktyorsunuz.

GƏNC HƏKİM – Amma sən gülməli deyildin. Bir dənə də gülməli zarafat etmədin.

Tibb bacıları gülür.

COKER – Başa düşmürəm, nə deyirsiniz...

GƏNC HƏKİM – O adam dəqiq sən idin. Verilişdə gülməyini saxlaya bilmirdin. Mürrey yaxşıca sənin payını verdi.

Yenə gülüş. Artur aşağıdan yuxarı onlara baxır.

COKER – Sənin yerində olsaydım, bu masadan uzaq durardım, çünki getməsən, boğazından asılmış steteskop ilə səni boğaram.

1.                                                                                                65. Konsert zalı, Veyn-Holl – axşam.

Artur izdihamlı küçə ilə teatr binasına tərəf gedir. Hava qaralır. Səmada qara buludlar toplanır.

Binaya girişdə etiraz edənlərdən ibarət dəstəni görən Artur dayanır.

Veyn-Holl polad arakəsmələr ilə əhatə edilmişdir. Kütlədəkiı insanların əksəriyyəti kloun maskalarındadır. Bir neçə əldəqayırma plakat var: Hamımız klounuq; Varlılara ölüm!.... “Mister Veyn, mən məgər klounam?”

İzdihamla ağ mərmər bina arasında polis və mühafizəçilərdən ibarət müdafiə xətti var.

Artur bir an etirazı müşahidə edir, sonra küçə ilə gedir.

Yağış yağmağa başlayır.

66.      Veyn-Holl, əsas giriş – gecə

Maskalı bir etirazçı ilə iki polis arasında dava başlanır. Hamı cuşa gələrək, yağış seli altında arakəsmələri yarıb binaya can atır. Polislər və mühafizəçilər müqavimət göstərirlər.

Bu xaosda biz ani olaraq Arturu görürük, o, nəzərə çarpmadan sivrilib binaya daxil olur.

67.      Vestibül, Veyn-Holl – axşam

Artur çoxsəviyyəli böyük və geniş və tamamilə boş vestibüldən keçir, tamaşa artıq başlanıb, mühafizəçilər isə polislərə kömək üçün binanı tərk ediblər. Artur heyrətlə büllur çıl-çıraqlara, parıltıya, mərmər döşəməyə baxır. O, heç vaxt belə təmtəraq görməyib.

68.     Teatrın tamaşaçı zalı, Veyn-Holl – axşam

Artur tamaşaçı zalının arxa divarı ilə qaranlıqdan keçir, publika arasında Tomas Veyni axtarır.

Artur ekranda Çarli Çaplinin “Yeni zəmanə” filmini görür, Hotem şəhərinin filarmoniya orkestri filmi musiqi ilə müşayiət edir.

Gözübağlı avara diyirçəkli konki ilə univermaqda hərəkət edir (filmdən kadr).

Artur divarboyu gedir. Tamaşaçılar gülürlər, məzəli səhnələrdə orkestr şən melodiya çalır. Artur Tomas Veyni qaranlıqda tapa bilmir.

Artur növbəti keçidə keçir, dayanır ki, bir az filmə baxsın, və kimsə ona toxunur.

Artur gözlərini qaldırıb Tomas Veynin cangüdənlərindən birini görür. Tomas Veyn zaldan çıxır. Ekranda cavan qız avaranı yıxılmaqdan qoruyur.

69.     Veyn-Hollun vestibülü

Artur tamaşaçı zalının qapısından boylanır və kişi ayaqyolusuna gedən Tomas Veyni görür. İki cangüdən qapının yanında dayanır.

Artur yenə zala baxır, küncdə süpürgə və dikinə qoyulmuş xəkəndaz görür.

70.      Kişi ayaqyolusunun qarşısındakı dəhliz – Veyn-Holl, bir neçə saniyə sonra

Artur başını aşağı salaraq, dəhlizi süpürür, orkestrin çaldığı melodiyanı eşidir və cangüdənlərin ayaqları yanında musiqi ilə həmahəng döşəməni süpürür, tanınmış avara kloun Emmet Kelli kimi.

Narazı cangüdənlər bir qədər kənara çəkilirlər və Arturun içəri daxil olduğunu görmürlər.

71.      Kişi ayaqyolusu, Veyn- Holl

Artur ayaqyoluna daxil olur, burada döşəmə ağ-qara mərmərlə döşənib, hər yer zəngin bəzədilib. İçəridə Tomas Veyndən başqa kimsə yoxdur. O, ayaqyolunun uzaq yerində öz “işini” görür.

Artur dərindən nəfəs alıb Veynə yaxınlaşır. Bir qədər gözləyir ki, Tomas Veyn işini qurtarsın. Arturun əlində süpürgə və xəkəndaz var.

TOMAS VEYN (geri baxır, əsəbi halda) – Nə istəyirsən?

COKER – Mən? Hə... Yooo... Mən...

TOMAS VEYN (səbirsiz) – Sənə bura lazımdır ya nəsə başqa?

Tomas Veyn şalvarının qabağını bağlayır.  

COKER – Ata... Bu mənəm...

Tomas Veyn onu eşitmir, pissuara su axıdır. Əl-üzyuyana tərəf gedir.

TOMAS VEYN – Bağışla, nə dedin?

Artur onun arxasınca gedir.

COKER – Adım Arturdur. Penni Flek – mənim anamdır. Bilirəm ki, haqqımda heç nə bilmirsiniz, mənə sizdən heç nə lazım deyil... Bəlkə sadəcə qucaqlamaq...

Artur gülümsəyir, çox emosional andır onun üçün. Tomas Veyn ona dəli kimi baxır.

TOMAS VEYN – Aman allah... Sən dünən evimə gələn gəncsən?

Artur sevincək başını yellədir.

COKER – Bəli. Amma məni içəri buraxmadılar. İmkan vermədilər sizi görüm. Ona görə bura gəldim.  Bizim bir-birimizə o qədər deyiləsi sözümüz var ki...

Tomas Veyn gülür və qızıl kranı açır.

TOMAS VEYN – Mən sənin atan deyiləm. Sən nədən danışırsan?

COKER – Haradan bilirsiniz?

Tomas Veyn əllərini yuyur, Artura baxmır.

TOMAS VEYN – Birincisi, səni oğulluğa götürüblər. Mən heç vaxt... ananla yaxınlıq etməmişəm. Məndən nə istəyirsən? Pul?

COKER – Necə? Məni oğulluğa götürməyiblər.

Tomas əllərini qurulayır.

TOMAS VEYN – Anan sənə deməyib? Anan səni bizdə işləməzdən əvvəl oğulluğa götürüb. Sonra onu həbs etdilər, sənin 4 yaşın vardı o zaman, və Arkhem xəstəxanasına göndərdilər. O dəlidir.

Artur gülümsəməyə başlayır, hiss edir ki, bir azdan qəhqəhə çəkəcək.

COKER – Yox, mən buna inanmıram.

Tomas əllərini qurulayıb Cokerə tərəf dönür – tonu çox ciddidir.

TOMAS VEYN – İnanmırsan özün bilərsən (yaxınlaşır) Əgər nə vaxtsa bir də evimə gəlsən, ya oğlumla danışsan, ya nə vaxtsa sənin haqqında eşitsəm... mən...

Artur qəhqəhə çəkməyə başlayır, Tomasın düz üzünə gülür.

TOMAS VEYN – Mənə gülürsən?

Artur elə qəhqəhə çəkir ki, cavab verə bilmir.

Tomas var gücüylə Arturu mərmər divara itələyir, bir əli ilə onun boynundan tutur. Artur daha ucadan gülür, süpürgə və xəkəndaz onun əlindən yerə düşür.

TOMAS VEYN  (bağırır) –  Burda gülməli nə var??

Tomas Veynin cangüdənləri qapını zərbə ilə açıb içəri daxil olurlar, Görəndə ki, Tomas Arturu divara sıxıb, dayanırlar.

COKER  (gülməkdən boğularaq, başını tərpətməyə çalışır) – Yox, yoooxxx... Mən... Mənim...

TOMAS VEYN (səsini qaldıraraq) – Bu nədir, səninçün zatafatdır?

Tomas Veyn Arturun üzünə o biri ilə sillə vurur, Arturun burnundan qan açılır.

Çevirdi - Sima

Hiç yorum yok:

Yorum Gönder