Ekspress qəzeti üçün hazırlayan İradə Cəlilova
1-Kimdir Güntay Gəncalp?
Güney Azərbaycan doğumlu türkdür Güntay Gəncalp. Dünyaya baxışım türk kimliyim üzərində köklənmişdir. Türk dili, türk kimliyi dünyagörüşümdə öncəlik daşımaqdadır. Çünkü Arximedin anlatdığı kimi bir dayanaq nöqtəsi olmalıdır. Mənim dayanaq nöqtəm də tük dilidir, türk kimliyidir. Bunu dünya bilgilərindən təcrid olmuşluq anlamında söyləmirəm. Mən Doğu və Batı ədəbiyatını, fəlsəfəsini və tarixini sürəkli oxuyan biriyəm. Türk dili İranda sıxışdırıldığı üçün onu qorumaq mənim intelektimin tarixi vəzifəsidir deyə düşünürəm. Bu günə qədər çap olan romanlarım, tərcümə kitablarım, fərqli mövzularda məqalələrim ümumən Güney Azərbaycanda və İranda yaşayan türklüyün tarixi pozisiyasını anlatmağa, gələcək hədəflərini açıqlamağa həsr olunmuşdur.
2- Güney Azərbaycanda dünyaya göz açmısınız. O illəri, uşaqlıq illərinizi, doğulduğunuz yeri necə xatırlayırsınız?
O illəri heç unutmuram. Yazmaqda olduğum son romanım o illərə həsr olmaqdadır. O illərin yadda qalanları da olur, unudulanları da. İnsan öz yaddaşını axtaranda, yadda qalanları incələyəndə unudulmuş olanlar da, sanki yuxu kimi xatırlanmağa başlayır. Geriyə doğru bir səfərdi əski günləri incələmə. Şüuraltında ilişib qalanları şüura daşımaq yaradıcılığın sirli tərəflərini dərinləşdirər. Hər yazıçı mütləq öz keçmiş günlərindən bəzi parçalar, yazdığı əsərə yüklər. Ya da yaşadığı olayları başqa bir zamanda və məkanda yenidən incələmək istər. Yazıçılıq əməlində bu, qaçınılmazdır. Hansısa baş vermiş olayı bir personajın timsalında yenidən canlandırmaq yazarlıq sənətində sıx rastlanan bir işdir. Bu baxımdan Güney Azərbaycanda keçən həyatım bütün yönləri ilə mənim çox dəyərli xəzinəmdir. Uşaqlığım orda keçmiş. Ora qədər mənim üçün əziz olan bir yer yoxdur. Çünkü uşaqlıqda xəyalla gerçəkliyin sınırlarının bəlli olmadığı dönəmlər olur. Adam gördüyü yuxuları elə bilir ki, gerçək həyatda yaşamış. Ya da gerçəklikdə gördüklərini, sanki yuxuda görmüş kimi sanır. Varlıq çox sirli və sehirli görünür. Ona görə də uşaqlıq çağları çox önəmlidir hər kəs üçün. Demək olar ki, mən dünyanın çox yerlərini gəzmişəm. Amerika, Avropa ölkələri, Azərbaycan, Türkiyə. Ancaq Kəndimiz qədər heç bir yer mənim üçün sevimli olmamışdır. Sanki kəndimizin yağmuları, yaşıllıqları, bulaqları hər yerinkindən fərqli olmuşdur. Ona görə də İranda rejim dəyişər və nisbi demokratiya gələrsə, öz yurduma dönmək istəyirəm. Öz yurdumda öldüyümdə atamın-anamın yanında gömülmək istərdim. Atalarımız, analarımız bunu çox doğru demişlər:
“Gəzməyə qərib ölkə
Ölməyə vətən yaxşı”
İnsan uzaqlarda vətənin nə olduğunu bütün zərrələri ilə dərk edir. Öz ölkəmiz azad olmalı, inkişaf etməlidir ki, anlamsız bu mühacirət həyatına son verilsin. Daha sonrakı nəsillər bu acıları yaşamasınlar.
3. “Mənim qəbrimin üstünə fars dilində deyil, türkcə yazdır”
qardaşınızın bu sözləri həyata keçirildi, bəs bu sözlərin sizin həyatınızda nə kimi rolu oldu?
Böyük rolu olmuş. Mən bu sözlərin çağrışdırdığı məna üçün həyatımı həsr etmişəm. Zehni imkanlarımı səfərbər etmişəm. Əski çağlardan günümüzə qədər bizdə məzarların üstü farsca yazılmışdır. Hətta Azərbaycan Respublikasında olan Şah İsmayılın dədələri Şeyx Cüneyd və Şeyx Heydərin də məzarlarının üstü farsca yazılmış. Məzarların üstünün türkçə yazılması çox önəmlidir. İranda Pəhləvilər zamanında buna izn verməzdilər. İndi də çətindir. Ancaq çətin də olsa, hər kəs ölülərinin məzar daşlarını türkçə yazdırmalıdır. Keçən ay anam rəhmətə getdi. Gedib görə bilmədim. Telefonda son kərə mənə “Oğlum, səni son dəfə olaraq görüb öləsydim yaxşı olardı. Əlvida mən artıq danışa bilmirəm” dedi. Mənim kimi idealist gənclərin həyatı acılarla dolu olur. Despot rejimlərin yasaqları, təqibləri. Ancaq nə yazıq ki, bu acıları bizlər tək özümüz çəkmirik. Analarımız da çəkir. 14 il idi anamı görmürdüm. Anam bu şəkildə rəhmətə getdi. İndi anamın məzarının üstündə mənim bu şeir parçamı yazmışlar:
“Qəbrimin üstünə gələcək olsan
Yüksələn tüstünü görəcək olsan
Bilmiş ol, həsrətin canımı yaxmış
Gəl mənim yanıma, öləcək olsan”
Bu şeir parçasını qardaşlarımdan xahiş etdim ki, anamın məzar daşına yazsınlar. Bu dördlükdə keçən gerçəkdən də mənim arzumdur. Öldüyümdə anamın qəbrində dəfn olmaq istəyirəm. Mən yurdumda ikən, anam ölsəydi, bu qədər yalnızlıq hiss etməzdim. Ancaq anamın ölümü unudulmur. Böyük bir bədbəxtlik üzərimə çökmüş sanki. Kimsəsizlik duyğusu. Canım sıxıldığında anamı arardım. Bilirdim ki, güclü bir insan var ona dayana bilərəm. Ancaq indi o, yoxdur, torpağın altındadır. Və torpağın üstündə uzaqlarda yaşamaq mənim üçün çox dadsız və acı. Çox böyük güvən qaynağıdır analarımız. Bunun necə bir güvən qaynağı olduğunu anlada bilmərəm. Çünkü bu, anadılan bir şey deyil, yaşanılan gerçəklikdir. Yəni demək istəyirəm ki, şəriətin istibdadı ölkəmizi elə vurmuş ki, analarımızı da gedib ölərkən görə bilmirik. Islam ölkələrini qorxunc despotizm bürümüşdür. Hər tərəf qaranlıq.
4..Müsahibələrinizi oxudum, bildiyim qədəriylə acılarla dolu bir həyat yolunuz olub...
İslam ölkələri fərqli düşüncələri gördüyü yerdə söndürər. Bütün tarix boyu belə olmuşdur. Harda aydınlıq görülmüşsə söndürülmüşdür. Öldürülmüşdür. Orta məktəbi İranda oxudum. Universitetə girdim. Hər gənc kimi inkişaf etmək arzularım var idi. Toplumda özümə sosial status qazanma istəklərim var idi. Hamısını əlimdən aldılar. Düşdüm yollara. Hara gedəcəyimi bilmirdim. Yollar aparacaq hara? Buraxmışdım talehimi yollara. Ömür də çox qısa, bir də gördüm ki, 40 yaşı keçmişəm və heç bir yerdə tutunacağım yox. Minlərlə insan mənim kimi ömürlərini belə yaşamışlar. İslam rejimi təbiəti etibarı ilə cinayətkar rejimdir. İnsanların mutlu olmasını istəməz. Fərdiyyətə inanmaz. Dekart “Düşünürəm öylə isə, varam” deyir. Müsəlman isə, “İmam düşünür öylə isə, varam” deyir. Ona görə də İslam ölkələrində istibdadla həmahəng olan ilkələrin dışında düşünmək yoxdur, yasaqdır.çünkü fərdiyət yoxdur. İnsana bir fərd kimi baxılmır bu tarixdə, sürünün bir üzvü kimi baxılır. Sürünün də yönətim şəkli şəriət olaraq bəlli edilmiş. Bu despot şəriət rejiminin özünün bir mutluluq anlayışı var. Bunun xaricində olanları boğar. Şərq ona görə də yüz illərdir qaranlığa gömülmüş. Din siyasətə müdaxilə etdikcə belə olacaq. Din fərdi bir mövzudur, ictimai işlərə qatılmamalıdır, qatılanda din cinayət törədir. Bəlkə 1400 il öncəki ibtidai durum bunu qəbul edə bilərdi. Ancaq indiki mürəkkəb vəziyyət qəbul etməz. İnsan ağlına üstünlük verilməlidir və iman kimi müqəddəs mövzular siyasətə alət olmamalıdır. İnsanların imanlarını hökumət işlərinə qarışdırmaq cinayətdir. Ona görə də İslam ölkələrinin iqtidarları cinayətkardılar. İndi Qəzzafinin etdiyi cinayətlər açıqlanır. Ancaq islam ölkələrindəki oyanış sevindiricidir. Ərəb ölkələri Türkiyəni örnək alırlar. Atatürk, Anadolunu Osmanlının sərt qaranlığından və şəriət düzənindən azad etmişdir. Bu baxımdan İslam ölkələri gömüldükləri qaranlıqdan qurtulmaq üçün Türkiyəni örnək alırlar. Çünkü Türkiyə də müsəlman bir ölkə. Ancaq Osmanlı qaranlığını özləyən olsa da, din iqtidar işlərinə qarışmır. Azərbaycanda da o şəkildədir. İranda yaşayan xalqların da tək örnəyi bu baxımdan Atatürkdür. Atatürk dühası İslam ölkələrini gömüldükləri dini istibdad qaranlığından xilas etmədikcə mənim kimi fərqli düşünən insanların həyatları hər zaman dini istibdad qaranlığına yem ediləcəkdir. Düşünən gənc adamlar zindanlarda çürüyəcək, sürgünlərdə yaşayacaqlar.
5- “İçim burxulmuş, dünyam dağılmışdı bu acı xəbərdən.” Sizi bu vəziyyətə salan xəbər nə idi?
Bu xəbərlərin sayıhesabı yoxdur ki. Urmu gölü qurudulur. Bundan daha acı bir xəbər olurmu? Səid Muğanlı, Məhsa Mhedili kimi tanıdığım yazar və şair, aydın düşüncəli dostlarım tutuqlanıb həbs edilirlər, anam rəhmətə gedir, qardaşım rəhmətə gedir və mən də uzaqlarda... Həyatımızı acılarla doldurmuş dini despotizm.
6. Və qürbətdəsiniz...İçinizdə olan vətən həsrəti , Azərbaycana olan məhəbbətini necə izah edərsiniz?
Burda yazıb yaratmam üçün bir əngl yoxdur. Mənim üçün indiki durumda vətən dildən ibarətdir. Dilimizin gəlişməsinə öz istedadım çərçivəsində yardımçı olmaq, ana dilimdə düşünmək və yazmaq əsas gördüyüm işdir. Mənə görə vətən sözünün maddi və mənəvi olaraq iki söykənəcəyi var. Maddi söykənəcəyi torpaq və mənəvi söykənəcəyi dildir. Maddi vətəndən uzaq olduğum qədər mənəvi vətənə sıxca sarılmışdır ruhum və milli vicdanım. Ona görə də yazdıqlarım Güney Azərbaycanda və Azərbaycan Respublikasında çap olur. Bu günə qədər 8 kitabım Bakıda və 3 kitabım Tehranda çap olmuş. Tehranda 2 və Bakıda 1 kitabım da qarşımızdakı günlərdə çap olacaq. Kitablarımın vətənimdə çap olması mənim üçün çox önəmli. Ölkəmin kitabxanalarında arşivləşsin qalsın istəyirəm. Dünyada, yalnız yazılan əsərlər qalır. Qalan şeyrlər unudulub yox olur. Öz dilimizdə yazmalıyıq. Yalnız öz dilimizdə.
7. Bu gün Güney Azərbaycanda baş verən hadisələrə olan fikirlərizi bilmək istərdim..
Güney Azərbaycanda baş verən olaylarla bağlı çoxlu yazılarım var. Dərin tarixi kökləri var bu olayların. Ancaq özət olaraq sualınıza cavab verməyə çalışacağam. Güney Azərbaycanda milli ruh oyanmışdır. Mənim ana dilimdə yazdıqlarım, mənim kimi yazanlar da bu milli oyanışın nəticəsidir. Əskidən farsca yazardıq. Ancaq indi türkçə yazmaq milli zərurət kimi ortaya çıxmışdır. Güney Azərbaycanda baş verən olayları zahiri və batini olaraq iki yöndə incələməkdə yarar var. Zahiri incələmə üçün gözümüzün önündə baş verən olaylara baxmaq lazımdır. Xalqın milli iradəsinin sərgilənməsidir bu. Gənc adamlar qorxmadan çıxıb bu dini despot rejimdən milli haqlarımızı istəyirlər. Batini incələmək üçün gərək güney Azərbaycanda ortaya çıxmış ədəbi, fəlsəfi əsərlərin dərinliyini inələyəsiniz. Çünkü gələcək tarixi olaylar bu mənıviyat üzərində qurulacaq. 1789-cu ildə Fransada böyük burjua inqilabı gerçəkləşdiyində Volter ölmüşdü. Ancaq devrilən kral açıqca dedi ki, məni devirən Volter oldu. Gerçəkdən də Volterin əsərlərini oxuyan fransızlar aydınlanırdılar. Hər bir hərəkətin aydınlatıcı gücü və enerjisi olmazsa, uzağa gedə bilməz. Ona görə də güney Azərbaycanda güclü intibah və aydınlanma hərəkətinə də şahid olmaqdayıq. Əgər Axundov ana dilimizdə əsərlərini yazmasaydı, 1918-də Rəsulzadə və arxadaşları milli dövlət qura bilməzdilər. Əslində günümüzdə müstəqil Azərbaycanın əsasını Axundov, Həsənbəy Zərdabi, Abasqulu Bakıxanov kimi aydınlarımız qoydular. Çünkü istiqlal məfkurəsi öncə dildə və düşüncədə ortaya çıxar. Ana dilimizə Quzey Azərbaycanda 19-cu əsrin sonlarına doğru verilən dəyər orda bağımsız dövlətin ortaya çıxmasına zəmin yaratdı. İndi də Güney Azərbaycanda eyni hadisə gerçəkləşməkdədir. Güney Azərbaycanda ana dilimizdə yazan hər kəs gələcəkdəki qurtuluş kitabımızı yazmaqdadır. Bu üzdən də Güney Azərbaycanda devrimci bir ruh var. Qurucu, yaradan və istibdadı, faşizmi devirməkdə qərarlı olan ədəbi axım var. Mən özümü bu ədəbi axımın bir parçası kimi sayıram. Son romanım “Yağız qarışqalar” bizim qurtuluş kitabımız olsun istərdim. Bu romanımı Günyedə oxuyan hər kəs bu fikirdədir. Bu romanın Bakıda çap olmuşdur, sizlər də oxuya bilərsiniz.
8.. Bu hadisələri öz əsərlərizdə əks etdirə bilirsinizmi?
Bu hadislərin ən az iki növ əksi olmalıdır. Olayların gündəlik təhlili,siyasi təhlili. Bu mövzuda çoxlu yazılarım var. Bir də bu olayların fəlsəfi və bədii açıqlanmasıdır. Bu, çox çətindir və geniş bilgi birikimi gərəkdirir. Bu səviyədə olayları tarixilik ölçüsündə açıqlamam üçün bir neçə roman yazmışam. Bakıda çap olmuş “Yüksəl Birol”, “Sezənin sevgisi”, “Yağız qarışqalar” kimi romanlarım bu doğrultuda yazılmışdır. “Səməd Behrəngi”, “Tahirə Qürt-ül Eyn” kimi şeirlə yazılmış pyeslərim də bu yöndədir. Bunun ötəsində bir də mən ədəbi tənqidlə məşğul oluram. Klasik ədəbiyatımız, modern ədəbiyatımız üzərinə bir çox dəyərləndirmələr yazmışam. Özəlliklə Hüseyn cavid yaradıcılığı üzərinə bir neçə yazılarım var.
9. Güntay bəy, Güneydəki problemlərin kökündə nə durur? Bu problemləri aradan qaldırmaq üçün nə etmək lazımdır?
Güneydəki problemin kökündə iqtidarı ələ keçirmiş farsların ədalətsiz davranmaları və türkləri bu bölgədən yox etmə istəkləri durmaqdadır. Bu yolda dini də bir vasitə kimi istifadə etmləri daha da çətin durum yaratmışdır. Din adına edilən zülmlər dinin də dəyərini ortadan qaldırdı. Din pis şey deyil. Ancaq fars faşizmi dini öz pis amacına alət etdiyindən din də zərər görmüşdür. İnsanların mənəvi dəyərlərini dini istibdad ortadan qaldırmışdır. Bir yandan da Güney Azərbaycanda və İranda türklərin sayı artmışdır. Təsəvvür ediniz ki, Pişəvəri zamanında bütün Güney Azərbaycanın əhalisi 4.5 milyon idi. İndi Güney Azərbayacnda 15 və İran genəlində 25 milyondan artıq əhali yaşamaqdadır. Kəmiyyətə görə keyfiyyət də dəyişmişdir. Hər kəsin yazıb oxuması var. Şəhər həyatı genişlənmişdir. Əskidən tək Təbriz şəhəri siyasi olayların mərkəzi ola bilirdi. Ancaq indi Ərdəbil, Urmu, Zəngan, Marağa kimi şəhərlərin hər biri əhalisinin artan sayına görə siyasi-mədəni olayların mərkəzi ola biləcək durumdadır. Ən önəmlisi isə, qloballaşma dalğası İranı da vurmaqdadır. Qloballaşma asimilə olan millətlərin yararınadır. Hakim despot rejimlərin uydurub xalqların beyninə soxduqları yalançı ideologiyları ifşa edir. Biz də türklər olaraq bu imkanlardan yararlanırıq. İndi Suriyədə despotizm çökmək üzrədir. Ondan sonra sıra İrana gələcək. İran da demokratikləşmək zorunda buraxılacaq. Yəni demokratiya xaricdən idxal ediləcək. Çünkü İranın tarixi və sosial şərtləri demokratiya üçün heç bir zaman uyğun olmamışdır. İndiki Tehran mollaları başlarına bomba yağanda sıçan dəliyini satın alacaqlar. Əgər Fransanın Cümhurbaşqanı “İranın saldırqanlığının qarşısı alınmalıdır” deyirsə, burda çox ciddi şeylər var. Tehran mollaları Sarkozinin bu açıqlamasını məsxərə edə bilərlər. Ancaq bilməlidirlər ki, Sarkozi və ya Ərdoğan həm də NATOnun sözcülərdirlər. Fransa və Türkiyə tək başlarına edə bilməslər də NATO edər. Necə ki, NATOnun etdiklərinə şahid oluruq. İranın NATO ilə savaşacaq hərbi gücü yoxdur, bu gurlamalarına baxmayın. Bu baxımdan Güney Azərbaycan problemi İrandakı ümumi promlemlərlə əlaqədar olmaqla birlikdə həm də ən yaxın zamanda uluslar arası problemə dönüşəcək. Burada təbii ki, ən əsas bizim milli iradəmiz, milli gücümüz son sözü deyəcək.
10.. Yaşadığın ölkədə Azərbaycan diasporunun vəziyyəti necədir? Quzeyi tanıda bilirmi diasporamız?
Demokratiyası, iqtisadiyatı güclü olmayan, insan haqlarına sayqı duymayan bir ölkənin diasporluğunu etmək çətin işdir. Azərbaycan diaspora fəaliyətini gücləndirmək üçün daxildə böyük reformlara və inqilabi xüsusiyət daşıyan reformlara getməlidir. Azərbaycan gündən günə zənginləşir. Burada ədalətli gəlir dağılımı olmalı. Geniş ölçüdə demokratiya və insan haqları olmalıdır. Azərbaycan Şərqin qaranlıq girdabından özünü qurtarmalıdır. Belə bir ölkə üçün diasporalıq etmək asan olar. İsrail və yunan diasporluğunun asanlığı da bu üzdəndir. Yəni bir amil İsrailin və Yunanın demokratik ölkə olmalarıdır. İkinci amil sərmayə məsləsidir. Sərmayə olmayan yerdə bu iş olmaz. Avropada yaşayan Azərbaycanlıların əlində sərmayə yoxdur. Çünkü yeni gəlmişlər. Hələ bu ölkəyə adaptə olmamışlar. Ikinci və üçüncü nəsl əgər asimilə olmazsa, özlərini bir yerə yetirsələr diaspora fəlaiyəti edə bilərlər. Bizim diaspora fəaliyətimiz deyə Qərbdə bir şey yoxdur. Olması da çətindir. Məsələn Qərbdə olan təşkilatların içində ikinci nəslə mənsub olan bir tək adam tapa bilməzsiniz. Biz tez asimilə oluruq. Asimilə olmamaq üçün milli bir inanc olmalıdır. Ermənilərdə olduğu kimi. Bu inanc bəlli davranış biçimi doğurur. Bizdə də bu inanc yoxdur. Biz şiəyik. Şiə bir fars inanışıdır. İranda bu qədər sürətlə farslaşmanın da səbəbi budur. Bütün İran tarixində şiə fars milliyətçiliyinə xidmət etmiş. Səfəvi dövlətinin quruluşundan günümüzə qədər. İranda dini istibdad şiənin içini boşaltmışdır. Yeni bir məzhəb doğa bilər. Ya da şiə özü reformizə edilə bilər. Səfəvilər bizi çox sərt biçimdə farslara təslim etmişlər. Hər bir əməlin arxasında bir inanc durmalıdır. İrandan gələn türklər ordakı xatirləri ilə gəlirlər. O xatirlər də fars milliyətçiliyinin təlimləridir. Yəni ibtidai, orta məktəb və universitetlərdə farsca oxumuşlar. Bunlar Qərbin mədəni dalğaları qarşısında dirənə bilməzlər ki. Yox olub gedirlər. Çünkü uşaqlarına verə biləcək mədəni, dil və inanc mirasları yoxdur. Ordan gələnlər zatən dillərində yazıb oxuya bilmir, düşünə bilmirlər. Uşaqlarına da bu sınıq-salxaq dili öyrədə bilərlər. Farsizə olmuş bu dillə uşaqda böyük milli ideallar yaratmaq olmaz. Ona görə də mənim Azərbaycan diasporluğunu güvənim yoxdur. Elə bir hadisə Qərbdə yoxdur.
11..Sizin fikrinizcə 55 milyon Azərbaycan türkü dünyada öz sözünü hasnı səviyyədə deyə bilir?
55 milyon olub olmadığımızı bilmirəm. Ancaq qəti bilirəm ki, 35 milyon olarıq. 35 milyon da az deyil. Bunun üçün İranda yaşayan Azərbaycan türkləri öz milli müqəddəratlarını çözməlidirlər. Ana dillərində oxumalı. Siyası iradələri olmalıdır. Öz torpaqlarındakı maddi nemətdən özləri yararlanmalıdır. Bu gün Güney Azərbaycanda yoxsulluq var, ancaq İran rejimi milyarlar dolar Suriyə dikatorunu qorumaq üçün bu ölkəyə təmənnasız yardım edir. Bu paralar bizim xalqın. Suriyədən bizə nə? Suriyədə xalq azadlıq istəyir, İran dini despotu orda da xalqın azadlığını boğmaq üçün para göndərir. Biz öz müqəddəratımızı təyin edəcək gücdə olsaq, belə şeylər olmaz. Farslar getsinlər kiminlə əməkdaşlıq edirlər etsinlər, bizi ilgiləndirməz.
İkinci də budur ki, biz bir mədəni inqilab gerçəkləşdirmələyik. Öz milli kimliyimizə iman gətirməliyik və bunu da milli dilimizdəki elmi, fəlsəfi yaradıclıqla, tərcümələrlə gerçəkləşdirə bilərik. Bunlar olmazsa, bizim sayımız 55 deyil 100 milyon olsun, nə önəmi ola bilər? Bu kəmiyyəti bir keyfiyyət çatısı altında birləşdirmədikçə heç bir təsiri olmaz. Bizim tariximiz keyfiyətsiz tarixdir. Ona-buna mədəni hamballıq etmişlərin tarixidir türk tarixi. Osmanlı 600 il ərəb hamballığı etdi, Qəznəvi, Səfəvi, Qacar və digərləri fars hamballığı etdi. Öz dillərini sevmədilər. İndi o dövləti quranların nəvələri farsın, ərəbin zindanında. Bu tarixə qarşı düşüncədə üsyan etməliyik. Bu qaranlıq və özümsüz tarixə qarşı. Mühafizəkar millətçilərin dediyi kimi Türk-İslam tarixi heç də aydın bir tarix deyil. Qaranlıq tarixdir. Atatürk bu qaranlğı devirdi. Ancaq İran mühitində də devrilməlidir. Tariximizdən müsbət mənada dərs alacaq heç bir şeyimiz yox. Könüllü köləlik tarixidir. 1000 il dünyanı idarə elə, ancaq bir tək cild kitab miras buraxma! Belə tarixmi olur? Hər millət öz tarixi mirasının varisidir. Bu günümüzün suçlusu 1000 il bu ölkələri idarə edib öz dilini və millətini sevməyən siyasi iqtidarlarımız. Bu tarixlə hesablaşmalıyıq. Türkiyədə osmanlıcılar, Azərbaycanda səfəvicilər yenidən bizim qafamızı qaranlığa gömmək istəyirlər. Biz modern bir həyat və gələcək üçün zehni və yaradıcılıq gücümüzü səfərbər etməliyik. Modern milliyətçilik tarixi milliyətçiliyin yerinə oturmalıdır. Keçən əsrin əvvəllərində Anadoluda, Kırımda, Azərbaycanda türk aydınlarının düşündükləri kimi. Azərbaycan bayrağında əks olunan rənglərin fəlsəfəsi ilə söylərsək, türk kimliyi əsasında çağdaşlaşmalıyıq və çağdaş türk zehniyəti ilə dini dəyərləndirib açıqlamalıyıq. Ərəbə, farsa dini planda köləliyə son verməliyik. Türk kimi müsəlman olmalıyıq. Azərbaycanın uzun vədədə qurtuluşu və cəhalətdən arınıb modern ölkə olması, ancaq bu şəkildə gerçəkləşə bilər.
Müsahibəni apardı: İradə Cəlilova
Hiç yorum yok:
Yorum Gönder